Öz ölkələrindən Azərbaycana
pənah gətirən molokanlar (2)
Əvvəli ötən sayımızda
Novasaratovka kəndi. Rus çariçası
II Yekatrinanın Saratovdan
sürgün etdiyi molokanların bir hissəsi Gədəbəy
rayonunda məskunlaşıb.
Bu təriqətin
nümayəndələrinin molokan adlandırılması
onların orucluq vaxtı süd içməkləri ilə
əlaqədardır. Molokanklar özləri isə
bu adı “mənəvi südlə qidalanmaq” kimi izah edirlər. Bununla yanaşı, molokanların fikrincə, oruc müəyyən vaxt müddətində deyil, insanın özünü günahkar
olduğu və nəfsinin ağlına üstün gəldiyini
hiss etdikdə tutulmalıdır.
Molokanların inancına görə
orucluqda yemək və içməkdən
tamamilə imtina olunmalıdır. Onlar
qidalanmada donuz əti və pulsuz balıqdan başqa, bütün ərzaqlardan istifadə edirlər.
İllər ötdükcə molokanlar
da öz aralarında müəyyən
qruplara bölünüb. Onlar ümumi,
daimi və qərarsızlar olaraq üç qrupa ayrılıblar. Müasir dövrümüzdə
molokanlar ardıcıllarını
daha sürətli şəkildə itirməyə
başlayıblar. Bunu hətta
molokanların özləri
də etiraf edirlər.
Sayı azalan molokanlar
Hal-hazırda Azərbaycanda
molokanların qeydiyyata
alınmış 11 dini
icması fəaliyyət
göstərir. Onlardan 150 nəfərə yaxını Bakıda və 100 nəfərə
yaxını isə Sumqayıtda məskunlaşıb.
Üzvlərinin sayı 10 nəfərdən
çox olmayan qalan icmalar Şamaxı,
Qaradağ, Xızı,
İsmayıllı rayonlarında
fəaliyyət göstərir.
Həmin
rayonlarda qeydiyyatdan keçməmiş bir neçə icma mövcuddur.
Bütün icmalarda, əsasən yaşlı adamlardan ibarət olan üzvlərin qeydiyyatı
aparılır. Gənclər və uşaqlar
adətən icmaya gəlmədikləri üçün
onlar qeydiyyata alınmır. İcmanın üzvləri yalnız rus millətinə mənsubdurlar. Onlar missionerliklə
məşğul olmurlar,
icmanın üzvlərinin
sayı isə ildən-ilə azalır.
Hazırda sözügedən icmada qanunvericilik pozuntusu müşahidə
olunmayıb.
Qeyd edək
ki, bu icmalar
heç bir dini mərkəzdə birləşəməyib və
hər icma müstəqil şəkildə
fəaliyyət göstərir. Bununla bərabər,
Bakı icması ilə Stavropol diyarının
molokan icmaları arasında sıx əlaqə saxlanılır.
Pul gəlirləri çox azdır və öz üzvlərinə maddi yardım göstərməyə, ibadət
evlərinin saxlanılmasına
sərf olunur.
Molokanlar daha çox İsmayıllı rayonunun
İvanovka kəndində
vaxtilə Rusiyadan bu diyara köçüb
gəlmiş molokanlar
nəslinin davamçıları
yaşayır. Burada iki əsrə
yaxındır məskunlaşan
molokan xristianları bu kənddə azərbaycanlılarla birlikdə,
əminamanlıq şəraitində
yaşayırlar. Molokanların sözlərinə görə,
burada “Sobraniye” adlandırılan kilsə
pravoslav kilsələrindən
fərqlidir. Belə ki,
bu kilsələrdə
divarlarda ikona və bəzəkli təsvirlərə rast gəlmək mümkün
deyil. Buna səbəb müasir molokanların əcdadlarının
ikonanı qəbul etməmələri olub.
Molokanların sayının azalmasında
Qarabağ müharibəsinin
də rolu olub. Belə ki,
1991-ci ildə Sovet İttifaqının dağılması
və qonşu Ermənistanla müharibənin
yaratdığı iqtisadi
tənəzzül illərində
onlarla molokan ailəsi daha yaxşı iş və şərait ardınca gedərək, İvanovkanı tərk edib. Üzvlərinin sayının az
olması səbəbindən
bir çox icmaların bağlanması
meyli müşahidə
edilir. Azərbaycanda təxmini hesablamalara
görə molokan icmalarının bütün
üzvlərinin ümumi
sayı 500 nəfərə
qədərdir. Hal-hazırda
Azərbaycanın Bakı,
Quba, Sumqayıt, İsmayıllı və Gədəbəy bölgələrində
məskunlaşıblar.
Qanunla qorunan azadlıqlar
Bildiyiniz kimi, Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millətlərin, etnik qrup və dini azlıqların birgə yaşaması dözümlülük prinsipi əsasında müəyyənləşdirilib. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.
Konstitusiyanın sözügedən maddəsində də aydın şəkildə göstərilib ki, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malikdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 3-cü maddəsində Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabər olduğu göstərilib. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir”. Bununla belə, Azərbaycan Respublikasında heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərinə və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır. Azərbaycanda yaşayan bütün digər azlıqlarla yanaşı molokanların da hüquqları qanunla qorunur və onların azad və sərbəst yaşamaları üçün hər cür şərait yaradılıb. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki dini sabitliyi qorumaq, həmçinin dini ayrı-seçkilik yaranmasının qarşısını almaq, münaqişələrin səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meyilli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin zərərsizləşdirilməsi, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil etmək və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə ni hazırladı: Xəyalə Sadıqova
Zaman.-2015.-31 mart.-S.13.