31 Mart soyqırımı qurbanları
bölgələrdə də anılıb
Quba
Tarixdə heç vaxt heç nə unudulmur. Düz 97 il əvvəl
- 1918-ci il 31 mart tarixində erməni daşnaklarının azərbaycanlılara
qarşı törətdiyi vəhşiliklərin
unudulmadığı kimi. Bakı da daxil olmaqla
Göyçay, Şamaxı, Quba qəzalarında dəhşətli
şəkildə törədilən vəhşilikər XXI əsrdən
keçmişə ayna tutan faktları ortaya qoyur. Bunun bariz
nümunəsi kimi 2007-ci il aprel ayında
Quba şəhər stadionunun genişləndirilməsi
zamanı aşkara çıxan kütləvi
soyqırımı məzarlığıdır. Hər il, xüsusilə 31 mart günü Quba kütləvi
soyqırımı məzarlığı izdihamla
müşahidə olunur. Tarixin ibrət dərsi
olaraq anım günü insanlığın faciəsi olaraq
yaddaşları təzələyir. Onu da bildirək ki,
bu soyqırımı nəticəsində körpə, qoca,
cavan, qadın, kişilər işgəncələrə məruz
qalıb, etnik xalqlar, ləzgilər, tatlar, dağ yəhudiləri,
xınalıqlılar, avarlar öldürülüblər. Azərbaycanlıların
qan yaddaşı olaraq da tarix qarşısında məsuliyyətimizi
dünya ictimaiyyətinə
tanıtmağımızda bizim üçün əsaslı
dəlillərdən biri kimi qiymətləndirilir.
Bu il də 97-ci ildönümü ərəfəsində
rayon rəhbərliyi, idarə-müəssisə rəhbərləri,
rayon ictimaiyyəti mütəşəkkil formada kütləvi
məzarlığı ziyarət ediblər. Bundan
əlavə, qonşu rayonlardan Qusar, Xaçmaz, Siyəzən
rayonlarından da müxtəlif idarə-müəssisələrlə
yanaşı, gənclər də iştirak ediblər. Paytaxt rayonları - Xətai, Binəqədi
rayonlarından əlavə respublikamızın digər
rayonları Zərdabdan da ziyarətçilər olub. Quba Soyqırımı Memorial kompleksindən verilən
məlumata görə, günün sonuna kimi təxminən
(iyirmi min) 20 000 ziyarətçinin olduğu bildirilir.
Tarixə şahidlik edən kütləvi məzarlığı
ziyarət edənlərə, o vaxtı baş vermiş hadisələrin
tarixi haqqında da məlumat verilərək ətraflı
izahlar verilib.
Məlumat lövhələrində də Azərbaycan,
rus, ingilis dillərində tarixi məlumatlar yer alıb. Quba Soyqırımı Memorial Kompleksində də
müasir texnoloji vasitələrlə o illəri göz
önünə gətirən dəlillərlə ziyarətçilərə
məlumatlar verilib.
Zaqatala
Zaqatalada 31 Mart soyqırımı qurbanlarının
xatirəsi ehtiramla yad edilib. İlk öncə tədbir
iştirakçıları “azərbaycanlıların
soyqırımı” xatirə kompleksini ziyarət ediblər.
Daha sonra çıxış edənlər azərbaycanlılara
qarşı aparılan soyqırımı siyasətinin
xronologiyasını ətraflı təhlil edib, ilkin məskunlaşma
arealı dəqiq bilinməyən, hər yerə səpələnən,
yalnız bəd əməllər hesabına bir yerə cəmləşən
ermənilərin “böyük ermənistan” yaratmaq iddiaları
haqqında danışıblar. Erməni millətçilərinin
xalqımıza qarşı apardıqları
soyqırımı və təcavüzkar siyasətinin iki
yüz ildən artıq tarixi olduğunu qeyd edən
iştirakçılar onu da əlavə ediblər ki, ötən
əsrin əvvəllərində xalqımıza qarşı
yürüdülən bu siyasət nəticəsində azərbaycanlıların
öz əzəli torpaqları olan İrəvan, Göyçə
və Zəngəzuru itirdiklərini xüsusi
vurğulayıblar.
Mingəçevir
31 mart -
Azərbaycanlıların Soyqırımı Günü ilə
bağlı Mingəçevir şəhərində icra
strukturlarının, hüquq- mühafizə
orqanlarının rəhbərləri, idarə-müəssisə
və təşkilatların kollektivləri, təhsil, səhiyyə
və mədəniyyət ocaqlarının nümayəndələri
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidə kompleksinin önünə əklil
və tər güllər düzüblər. Şəhid
soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Müəllimlər
İnstitutu Mingəçevir filialında adıçəkilən
institutla İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə “Tarixin qan yaddaşı” adlı tədbir
keçirilib. Əvvəlcə,
soyqırımı ilə bağlı film nümayiş
olunub. Tədbiri giriş sözü ilə açan
Şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini İlham
İsmayılov erməni millətçilərinin zaman-zaman Azərbaycan
torpaqlarında törətdikləri qanlı cinayətləri
yada salıb: Böyük ermənistan yaratmaq kimi sərsəm
xülya ilə yaşayan daşnak törtöküntüləri
təkcə 1918-ci ilin mart qırğınları zamanı on
minlərlə azərbaycanlını qəddarcasına qətlə
yetiriblər. Kənd və şəhərlərimizi
viran qoyaraq tarixi abidələrimizi məhv ediblər. Təəssüf ki, sovet hakimiyyəti illərində
də imperiya rəhbərlərini ələ almağı
bacaran ermənilər məkrli siyasətlərini davam etdirərək
soydaşlarımızı bir neçə dəfə
deportasiyaya məruz qoyublar”.
Şirvan
Şirvan Şəhər Mərkəzi Kitabxanada 31 mart -
Azərbaycanlıların Soyqırımı Günü ilə
əlaqədar “Tarixin qanlı səhifələri”
mövzusunda mühazirə keçirildi. Tədbirdə
müəllimlər, məktəblilər, mədəniyyət
işçiləri iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan MKS-nin direktoru İltifat Nəbiyev dedi ki, Azərbaycan
xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən
bəri öz hüquqi qiymətini almamış 31 Mart
soyqırımı tarixin qanlı səhifələrindən
biridir: “Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur,
Naxçıvan, Lənkəran
və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata
keçirilən soyqırımı siyasəti nəticəsində
dinc əhali kütləvi şəkildə qətlə
yetirilib, insanlar diri-diri yandırılıb və milli mədəniyyət
abidələri dağıdılıb məhv edilib. Təkcə
1918-ci il martın 30-da gecə saatlarında Bakıda başlanan kütləvi
qırğınlar zamanı 20 minə yaxın günahsız
insan, o cümlədən çoxlu sayda qoca, uşaq, qadın
öldürülüb. Martın 31-də erməni
daşnakları Şamaxı qəzasının 53 kəndində
8027 azərbaycanlını, o cümlədən 2560 nəfəri
qadın, 1277 uşağı qətlə yetirib”. Natiqlər daha sonra bildirdilər ki,
ermənilər həmçinin Lənkəran, Muğan,
Dağlıq Qarabağ bölgəsində minlərlə kənd
yandırıb və 10 minlərlə insanı qətlə
yetiriblər. Tədbirdə “31 mart Azərbaycanlıların
Soyqırımı Günüdür” başlıqlı sərgi
nümayiş etdirilib.
Ağstafa
Martın 31-də Ağstafa rayonunda qan
yaddaşımızda dərin iz buraxmış 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar tədbir
keçirilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə Heydər Əliyev Muzey-Mərkəzinin binasında
keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti
başçısının müavinləri, şöbə
müdirləri, rayonun hüquq-mühafizə orqanları, icra
strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin
nümayəndələri iştirak ediblər. Tədbirdə
çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Ramiz Tatarov
bunları deyib: “31 Mart soyqırımına uluöndər Heydər
Əliyev tərəfindən gerçək hüquqi-siyasi
qiymət verilib”.
Gəncə
Gəncə şəhərində də 31 Mart
soyqırımı qurbanlarının xatirəsi
anılıb.
Bu münasibətlə Şəhidlər
Xiyabanında təşkil olunan anım tədbirində izdiham
yaşanıb. Tədbirdə
soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik
sükutla yad edilib. Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
Məşəl Abidə Kompleksi önünə əklil
qoyub. Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib. Mərasimdə
31 Mart soyqırımı qurbanlarının ruhuna dualar oxunub və
Allahdan rəhmət dilənib.
Gəncə
Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev 97 il
öncə erməni daşnakları tərəfindən
xalqımızın başına gətirilən müsibətlərdən
söz açıb: “Azərbaycanlılara qarşı iki əsr
davam edən soyqırımı siyasəti
düşünülmüş şəkildə həyata
keçirilib. Erməni silahlıları
bolşeviklərin köməyi ilə azərbaycanlıların
yaşadıqları məhəllələrə qəflətən
basqınlar edib, əhalini qətlə yetiriblər. 1998-ci
il martın 26-da Prezident Heydər Əliyev
“Azərbaycanlıların soyqırımı haqqında” Fərman
imzalayıb. Həmin gündən başlayaraq,
31 mart tarixi Azərbaycanlıların Soyqırımı
Günü kimi qeyd olunur”.
Tədbirdə Gəncə Dövlət Dram
Teatrının aktyorları “31 mart - Azərbaycanlıların
Soyqırımı Günü”nə həsr olunmuş
kompozisiya nümayiş etdiriblər. Anım mərasimi Azərbaycan
torpaqlarının azadlığı və suverenliyi
uğrunda canından keçən şəhidlərin qəbirlərini
ziyarətlə yekunlaşıb.
İsmayıllı
İsmayıllı rayonunda “Soyqırımı” abidəsi
önündə 31 mart-Azərbaycanlıların
Soyqırımı Gününə həsr olunan tədbir
keçirilib. Rayon İcra Hakimiyyətinin təşəbbüsü
və təşkilatçılığı ilə
“Soyqırımı” abidəsinə yüzlərlə insan
yürüş edib. Abidə önünə
Rayon İcra Hakimiyyəti adından əklil qoyulub. Tədbiri
giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Rövşən
Ağayev soyqırımı zamanı tökülən
qanların yerdə qalmayacağından, Prezident İlham
Əliyevin rəhbərliyi ilə torpaqlarımızın
bütövləşəcəyindən,
işğalçılardan tam təmizlənəcəyindən,
beynəlxalq aləmin Qarabağ hadisələrinə biganə
yanaşmağına baxmayaraq, qüdrətli Azərbaycan
ordusunun böyük qələbəyə
çatacağından danışıb. Sonra
soyqrımı qurbanlarının xatirəsi birdəqiqəlik
sükutla yad edilib.
Zərdab
31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar Zərdab
rayonunda silsilə tədbirlər keçirilib. Anım mərasimində
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab
Lütvəli Babayev geniş nitq söyləyib: “XIX əsrin əvvəllərindən
başlayaraq, kütləvi və məqsədli şəkildə
Cənubi Qafqaza köçürülən ermənilər
soydaşlarımızın yaşadıqları minlərlə
yaşayış məntəqələrini viran edib, bir
milyondan artıq soydaşımızı soyqırımına
məruz qoyublar. Ermənilərin “Böyük
ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi
yolunda atdıqları addımlar azərbaycanlılara
qarşı kütləvi qətllərin və
soyqırımı aktlarının reallaşması ilə nəticələnib.
Bu qanlı tarix qısa fasilələrlə
bütün 20-ci əsr boyu dönə-dönə təkrarlanıb.
İndi o qanlı tarixdən 97 il
ötür. 1918-ci ilin martında Bakıda və
Azərbaycanın digər bölgələrində həyata
keçirilən dəhşətli soyqırımı
aktı ermənilərin Qafqazda məskunlaşması
üçün bir açar oldu. Onlar bu vəhşi
əməlləri ilə bir növ bu bölgədə
yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni
olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini
reallaşdırıblar”.
Qəbələ
Qəbələdə də 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edənlər iki yüz ilə yaxın bir dövrdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımıları tariximizin faciəli səhifəsi kimi qiymətləndiriblər. Tədbir iştirakçıları erməni millətçilərinin azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətini pisləyərək, dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verilməsi və ikili münasibətlərə son qoyulması fikirlərini səsləndiriblər.
Şəki
Şəki Şəhər 10 saylı Tam Orta Məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş yığıncaq keçirilib. Tədbirdə Şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyin tarix müəllimi, Əməkdar müəllim Bəşarət Yusifov məruzə ilə çıxış edərək, 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, eləcə də Azərbaycanın bir neçə bölgəsində ermənilərin törətdikləri soyqırımınından danışıb.
Oğuz
Oğuz Rayon İcra Hakimiyyətində 31 mart - Azərbaycanlıların Soyqımı Günü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər mənfur ermənilərin öz havadarları ilə birgə xalqımızın başına gətirdikləri müsibətlərdən danışıblar. Bildiriblər ki, rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.
Amil Tağıyev, Ruslan Abdulov, Coşqun Mövlamov, Esmira Hidayətova, Vüqar Nəbiyev, Babək Əskər, Valeh Hüseynov, Pərviz Əliyev
Zaman.-2015.-1 aprel.-S.7.