“Yaradanın dəstəyini həmişə
hiss etmişəm”
Bəşər tarixində qadir insan əlləri neçə-neçə möcüzələrin
müəllifi olmuşdur. Nadir memarlıq üslubunda ucaldılmış binalar,
əlvan boyalarla çəkilmiş canlı
tablolar, məharətlə
yonulmuş heykəltəraşlıq
nümunələri tamaşaçıları
ovsunlamış, onlara
yüksək estetik zövq vermişdir. Lakin insan üzərində aparılan cərrahi əməliyyatlar daha da heyrətamizdir.
Azərbaycan Plastik Cərrahiyyə
Assosiasiyasının sədri,
Beynəlxalq Plastik Cərrahiyyə Konfederasiyası
İdarə Heyətinin
üzvü, respublikamızda
bu sahənin mahir bilicisi Vaqif Qələndər haqqında söhbət açarkən bu hissləri keçirdim. Sözün həqiqi mənasında, ailələrə gözəllik
bəxş edən istedadlı həkim Vaqif Qələndərin əməliyyatları heyrətamizdir.
Söhbət zamanı insanların
çöhrəsində olan
qüsurlar barədə
məlumat verir, onların aradan qaldırılması üsullarından
danışırdı. Onların əməliyyatdan əvvəl
və sonrakı şəkillərinə baxırıq.
Bu şəkillərə baxanda insan gözlərinə
inanmaq istəmir.
Burada gözəl sima göz önündə canlanır. Azərbaycanlı alim-cərrahın elmi-tədqiqat işlərini
təcrübədə necə
məharətlə həyata
keçirdiyi aydın
görünür. Anadangəlmə və sonradan qazanılmış üz,
bədənin hər hansı hissəsinin deformasiyası Vaqif Qələndər tərəfindən
bacarıqla aradan qaldırılır, həyata
keçirilir. İstedadlı alim ağrı ilə mübarizə, üz nahiyəsində genişhəcmli və mürəkkəb cərrahiyyə
əməliyyatları aparmaq
sahəsində axtarışlarını
inamla davam etdirir. Onun əməli fəaliyyəti
dünyanın bir çox ölkələrində
bu sahədə çalışan alimlərin
də diqqətini cəlb edir. Tanınmış cərrah öz
həmkarları arasında
həmişə sayılıb-seçilir.
Mötəbər məclislərə də dəvət edilir. Yaxın keçmişin söhbətidir.
Onun qardaş Türkiyədə
qopmuş qol üzərində keçirdiyi
əməliyyat böyük
sensasiya doğurdu.
Türkiyə mətbuatı keçirilən
bu nadir əməliyyatı
dəyərləndirərək, öz səhifələrində
ona böyük məqalə həsr etdi. Yeri gəlmişkən, Türkiyənin bu sahə üzrə çalışan alimləri
Vaqif Qələndərin
əməli fəaliyyətilə
maraqlanır. Həmyerlimizin
rəhbərlik etdiyi klinikanın iş təcrübəsini öyrənir.
Söhbət zamanı
Vaqif Qələndər
bunları dedi:
- Plastik və rekonstruktiv cərrahiyyə
dünyada dəbdə
olan yüksək səviyyədə inkişaf
etmiş sahədir. Bu çox geniş
sahədir və plastik, rekonstruktiv və mikrocərrahiyyədən
ibarətdir. Respublikamızda da səhiyyənin bu sahəsinin çox yüksək səviyyədə inkişaf
etdiyini görürük.
Bu mənada bir
elm sahəsinin inkişaf
etməsinin meyarları
o sahədə peşəkar
mütəxəssislərin olması, onların gördüyü işlərin,
apardığı əməliyyatların
nüfuzlu beynəlxalq
konfranslarda dəyərləndirilməsi,
həmçinin ölkədə
elmi konfransların keçirilməsidir. Buna əsasən deyə bilərəm ki, plastik və rekonstruktiv cərrahiyyə
Azərbaycanda dünya
standartlarına uyğun
səviyyədə inkişafını
tapıb. Azərbaycan Plastik
Cərrahiyyə Assosiasiyasının
təşkilatçılığı ilə keçən ilin mayında respublikamızda III Beynəlxalq
Plastik Cərrahiyyə
Konfransı keçirildi.
Bu konfransa Türkiyə,
Almaniya, Fransa, İngiltərə, Avstraliya,
İran, Rusiya və s. ölkələrdən
tanınmış tibb
alimləri, mütəxəssislər
dəvət olunmuşdular.
Məqsəd respublikada plastik
cərrahiyyənin inkişafı,
ölkəmizdə və
dünyada aparılan əməliyyatların yeni
üsullarının birgə
təqdimatı və
qiymətləndirilməsi idi.
Tədbirin yüksək səviyyədə
keçməsi təşkilat
komitəsinin sədri
kimi məni çox fərəhləndirdi.
Biz Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının illik konfranslarına dəvət
olunuruq. Axırıncı konfrans keçən ilin sentyabrında Braziliyada reallaşdı.
Tədbirin gedişində
son iki il
müddətində müxtəlif
ölkələrdə keçirilən
konfransların elmi və sosial səviyyəsi, özəllikləri
qeyd olundu, 6 ölkə müsbət istiqamətdə dəyərləndirildi.
Azərbaycanın bu altılığa
düşməsi məni
çox sevindirdi.
Beynəlxalq Plastik Estetik Cərrahiyyə Cəmiyyətinin
rəsmi orqanı olan “İSAPS NEWS” jurnalında
bizim haqqımızda,
Azərbaycan Tibb Universiteti barədə çox gözəl məqalə çap edildi. Qürurla deyə bilərəm
ki, estetik cərrahiyyənin vətəni
sayılan Braziliyanın
bir çox klinikalarında mənim metodlarımla əməliyyat
aparılır. Bu göstərir ki, respublikamızda plastik və rekonstruktiv cərrahiyyə sahəsində
çox yüksək
səviyyədə addımlar
atılır və dünya standartlarına uyğun inkişaf var.
- Həkim, ətrafımızda,
yəni küçədə,
hər hansı məclisdə özünüz
müşahidə etdiyiniz,
imkanı olmayan xəstələrə münasibətiniz…
- İnsanlar həyatını
və sağlamlığını
bizə etibar edirlər. Elə xəstələr olur ki, maddi
vəziyyəti yaxşı
olmur. Klinikamızda onlara böyük
güzəşt edilir.
Bəzən elə ağır
durumlu insanlar müraciət edir, təmənnasız əməliyyat
edirəm. Yaxşı yadıma
düşdü. Yolu keçərkən
ağzını əlləri
ilə örtən xəstə diqqətimi cəlb etdi. O qardaşı ilə küçədə siqaret
satırdı. Gördüm ki, onun dili
o qədər böyükdür
ki, ağzını aça bilmir. Dilin lekmfaklaması adlı xəstəlik onu hövsələdən çıxarıb.
Valideynləri ilə maraqlandım,
o biri qardaşı qaçaraq anasını yanıma gətirdi. Dedim, niyə uşağı əməliyyat
etdirmirsiniz? Cavabında:
heç kəs eləmir, imkanımız yoxdur. Həmin xəstəni əməliyyat
etdim. Dil ağızın içərisinə yerləşdi.
Bunlar mənə həyatda enerji verən hadisələrdir. Elə şey
var ki, onu
maddiyyatla almaq olmur. Həyatda bunları zəhmətimlə
qazanmışam. Koloboma deyilən
bir xəstəlik mövcuddur. Yəni,
üst göz qapağının anadangəlmə
qüsuru… Əməliyyat etdiyim xəstənin
üst göz qapağının çox
böyük hissəsi,
demək olar ki, anadangəlmə yox idi. Gözlər
tamamilə yumulmurdu.
Bu hətta korluğa
gətirib çıxarır.
Uşağın üst göz
qapağı rekonstruksiya
olundu, göz qapağı bərpa olundu. Heydər Əliyev Fondundan
göndərilmiş xəstənin
10 yaşında olarkən
gözlərinə kislota
tökülmüşdü. Göz qapaqlarında böyük
problem yaranmışdı. Xəstə 16 il
idi ki, gözlərini
gecə yuma bilmirdi. Göz qapaqlarının üstünə nəm əski qoyub mürgüləyirdi. Onun ayaq
dərisindən toxuma
rekonstruksiya olunaraq əməliyyat olundu.
Göz qapaqları əvvəlki vəziyyətini aldı.
Bunu sözlə izah etmək çox çətindir. Onun anasının keçirdiyi hisslər, sevincli anlar bizi çox kövrəltdi. Çünki oğlu sanki yenidən həyata qayıdıb, gecələr yuxuya həsrət qalmayacaqdı. Klinikamıza Saatlı rayonundan bir xəstə gətirmişdilər. 21 illik övlad həsrəti ilə yaşayan körpənin ana bətnində ayağına göbək ciyəsi dolaşdığından limfastaz olmuşdu. Çox xəstəxanalar gəzmişdi, cavab bir idi: ayaq kəsilməlidir. Əməliyyatla şişi götürdüm. Ayaq xilas olundu. Siz valideynlərin sevincini görəydiniz.
Bakı Elm Festivalında çıxış edərkən bu əməliyyat barədə danışdım. AMEA-nın prezidenti, akademik Akif Əlizadə çox təəccübləndi. İnanmırdı, bu cür unikal əməliyyat bizim ölkəmizdə baş tutub.
- Vaqif həkim, uğurlar çoxdur, uğursuz əməliyyatlar necə…
- Həyatda uğursuzluğu Ulu Tanrı məndən uzaq edib. Zənnimcə, hər sahənin mükəmməl bilicisi, mütəxəssisi olmalıdır. Yaxşı cərrah üçün təcrübəmdən deyirəm, həyatda heç bir problem yoxdur. Hər dəfə əməliyyat otağına daxil olanda Ulu Tanrının əllərini həmişə kürəyimdə hiss etmişəm. O hiss ilə əməliyyat keçirmişəm. Həmişə başımın üstündə Allahım, sinəmin altında vicdanım durub.
İstedadlı plastik-cərrah Vaqif Qələndər öz elmi-tədqiqat işlərini və əmək fəaliyyətini uğurla davam etdirir, insanları gözəlləşdirmək, onların sağlamlığını möhkəmləndirmək sahəsində apardığı elmi axtarışlarını daha da genişləndirir.
Şövkət
Hüseynova,
H. B. Zərdabi
mükafatı laureatı
Zaman.-2015.-2 aprel.-S.9.