Tolerantlıq - İslamın insana yanaşma prinsipidir

 

 

“Nə qədər ağır da olsa, bu həqiqəti etiraf etməliyik. Hələ ondan başlayım ki, son illərdə tez-tez eşitdiyimradikal İslam” ifadəsi məni çox üzür, ağır yaralayır.

 

İslamın mülayimi, radikalı yoxdur, bircə İslam var: sevgi dini, yardımlaşma, əldən tutma, başqalarına xeyir vermə təlimi. Son zamanlar adını eşitdiyimiz bəzi cərəyanların İslamın mahiyyətinə heç bir əlaqəsi yoxdur. Yuxarıda Qurani-Kərimin “dində məcburiyyət yoxdur” həqiqətini xatırlatdıq, bəs onda bunların elədiyinə nə ad verək? Adamı tuturlar və kəlmeyi-şəhadət gətirməsini tələb edirlər. Qəbul eləmədiyi təqdirdə də başına gələnləri başa salırlar. O da can qorxusu ilə kəlmeyi-şəhadət oxuyur. Belə təbliğat olmaz. İslam bu yanaşmanı kökündən rədd edir. Bədənin yönəldiyi, qəlbin arxa çevirdiyi dinin sənə heç bir faydası olmaz. Bunların elədiyi din sevgisi deyil, din düşmənçiliyidir. Allah-Təala insana dəyər verib, onu yer üzündə Özünün xəlifəsi olaraq yaradıb. Ona görə də insanı cəzalandırmağın, ən ağır halda öldürməyin də bir ədəbi olmalıdır. Deməyə söz tapmıram, bunlar insanı qoyun kimi yerə yatırıb başını kəsirlər”.

 

- Ağa, tolerantlıq mövzusu bu gün dünyanın ən çox danışılan, mübahisə obyektinə çevrilmiş məsələlərindən biridir.  Bu mövzuda bizdə vəziyyət necədir? Bir müsəlman və türk xalqı olaraq bizim məsələyə baxışımız necə dəyərləndirilə bilər?

 

- Bəri başdan onu deyim ki, tolerantlıq deyilən yanaşma tərzi fərqli anlayışları, dünyagörüşünü, düşüncü sistemini anlamağa çalışmaq və onunla uzlaşma yolları aramaqdır. Allaha çox şükürlür olsun ki, biz bu dinin mənsublarıyıq, müsəlmanıq.  Sizin tolerantlıq, qarşı tərəfi anlamaq cəhdi dediyiniz yanaşma bu dinin ruhunda, mahiyyətindədir.  “Dində məcburiiyət yoxdurbuyurur Allah-Təala. Daha bundan aydın, bundan parlaq hansı nümunə göstərmək olar ki?! Əgər sən kiməsə nəyisə qəbul etdirmək istəyirsənsə, daha doğrusu, onun zərərdən qurtulub xeyir tərəfinə keçməsini arzulayırsansa, bircə yolun var: Dediyini yaşayaraq, sevdirərək təbliğ etmək. Bu gün çoxlarının yaşadığı problemin altında da elə bu xəta yatır: deyilənlə yaşananın bir-birinə uyğun olmaması. Halbuki, Quran bu mövzudada bizə işıq tutur, doğru yolu göstərir: “Eləmədiklərinizi söyləməyin!”.

 

- Ağa, Azərbaycan müxtəlif xalqların bir arada yaşadığı və bu mövzuda dünyanın ən zəngin ölkələrindən biridir. Müxtəlif dillər, dinlər, adət-ənənələr bir-biri ilə çox asanlıqla uzlaşa, yola gedə bilirlər.

 

- Söylədiyiniz bu məqam , həqiqətən də, ürəkaçan mənzərədir. Yəni istər milli düşüncə, istərsə də dinin verdiyi əxlaq baxımından bizim nə qədər tolerant olduğumuz ortadadır. Hazırda Azərbaycanda müsəlmanlarla yanaşı, xristian, yəhudi dinlərinin mənsubları da bərabərhüquqlu vətəndaşlar kimi yaşayır, bütün vətəndaşlıq hüquqlarından yararlanır və dininin rituallarını yerinə yetirirlər. Amma bizimlə müharibə aparan bədnam qonşularımız isə öz ölkələrində  başqa xalqların yaşamasına belə imkan vermirlər. Dünənə qədər dünyanın müxtəlif qitələrində soyqırım keçirən dövlətlər indi sevgi, səmimiyyət tolerantlıq mahnıları oxuyurlar. Bizimtariximizin qəhrəmanlıq mərhələləri az olmayıb, amma kimsə iddia edə bilməz ki, nə zamansa harasada soyqırım keçirmişik.

 

- Bu gün Suriyada adını qoymağa çətinlik çəkdiyimiz müharibə gedir və nə qədər üzücü olsa da o müharibəyə bizim gənclərimizin  qatıldığı bildirilir.

 

- Bəli, nə qədər ağır da olsa, bu həqiqəti etiraf etməliyik. Hələ ondan başlayım ki, son illərdə tez-tez eşitdiyimradikal İslam” ifadəsi məni çox üzür, ağır yaralayır. İslamın mülayimi, radikalı yoxdur, bircə İslam var: sevgi dini, yardımlaşma, əldən tutma, başqalarına xeyir vermə təlimi. Son zamanlar adını eşitdiyimiz bəzi cərəyanların İslamın mahiyyətinə heç bir əlaqəsi yoxdur. Yuxarıda Qurani-Kərimin “dində məcburiyyət yoxdur” həqiqətini xatırlatdıq, bəs onda bunların elədiyinə nə ad verək? Adamı tuturlar və kəlmeyi-şəhadət gətirməsini tələb edirlər. Qəbul eləmədiyi təqdirdə də başına gələnləri başa salırlar. O da can qorxusu ilə kəlmeyi-şəhadət oxuyur. Belə təbliğat olmaz. İslam bu yanaşmanı kökündən rədd edir. Bədənin yönəldiyi, qəlbin arxa çevirdiyi dinin sənə heç bir faydası olmaz. Bunların elədiyi din sevgisi deyil, din düşmənçiliyidir. Allah-Təala insana dəyər verib, onu yer üzündə Özünün xəlifəsi olaraq yaradıb. Ona görə də insanı cəzalandırmağın, ən ağır halda öldürməyin də bir ədəbi olmalıdır. Deməyə söz tapmıram, bunlar insanı qoyun kimi yerə yatırıb başını kəsirlər. Dünyaya yayılan bu kadrlar gerçəklərdən xəbərsiz olan insanları İslama düşmənçilik ruhunda yetişdirir. Halbuki, bu dinin Peyğəmbəri (s.ə.s.) üstünə kül atan qarının xəstələndiyini eşidəndə ona baş çəkməyə gedir. Tarixdən başqa bir epizodu xatırlatmaq istəyirəm: İslam ordusu düşmən üzərinə yürüşə çıxanda Mədinədə yaşayan bir yəhudi müsəlmanlardan birinin yaxasından yapışır və deyir ki, sən gedib mühaibədə ölsən, mənim borcumu kim qaytaracaq?  Rəsulullah (s.ə.s.) məsələ ilə maraqlanır və öyrənir ki, o müsəlanın yəhudiyə həqiqətən də borcu var. Peyğəmbərimiz o müsəlmanı cərgədən çıxarır və buyurur ki, əvvəlcə yəhudinin borcunu ödəsin, sonra yetişə biləcəksə, gəlib qoşuna qatılsın. Ədalətə baxırsınızmı? İslam dini bu dini rəhbər özünə rəhbər seçən bütün dövlətlərdən tələb edir ki, o sərhədlər içində yaşayan qeyri din mənsublarını düşmənçilik etmədiyi müddətcə qorusun.

 

- Klassik ədəbiyyatımız da bu tərbiyənin könüllərə hakim olması istiqamətində az ış görməyib.

 

- Doğru deyirsiniz. İstər Nizami olsun, istər Sədi Şirazi, istər Mövlana, istər Füzuli.., hamısında ana xətt kimi diqqəti çəkən bir həqiqət var: Yaradılanı Yaradan üçün sevmək. İnsan Allahın gözəl bir əsəridir. Bütün kainatı kiçildə bilsən, insan alınar; insanı böyüdə bilsən, kainat olar. Yəni hər insan kiçildilmiş kainatdır. İnsan kainatın rüşeymidir. Görün Allah-Təala insanaböyük dəyər verib. Günəşi, ayı, ulduzları, dənizləri, göy üzündə buludu, otu, ağacı, heyvanları insanın istifadəsinə verib. Bu qədər dəyərli bir varlığa xor baxmaq, onu aşağılamaq, əlbəttə, onun Sahibinə xoş getməz. Bir həqiqəti də vurğulayaq ki, İslam irqçiliyi şiddətlə rədd edir. Dinimizə görə irqçilik şeytandandır, yəni ilk irqçi “məni oddan, Adəmi torpaqdan yaratdın. Mən ondan üstünəm” deyə Allah-Təalaya üsyan edən şeytandır. İrqçilik duyğusu ilə yaşayan həqiqi müsəlman ola bilməz, çünki şeytanın yolundadır. Bu həqiqəti də xatırlayaq: Allah qatında ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən heç bir üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir, yəni Allah-Təalanın mərhəmətindən mərhum olmaq qorxusu ilə hər cür günahdan uzaq olmaqladır, nəfsin və şeytanın vəsvəsələrini ayaqlar altına alıb tapdalaya bilməklədir.

 

- Ağa tolerant düşüncənin tərbiyə halına gətirilməsi üçün, sizcə, hansı tədbirlər görülməlidir?

 

- İslam ən gözəl əxlaqdır. Bu əxlaqı insan üçün Allahımız seçib, yəni zamanından, məkanından asılı olmayaraq haqlının, doğrunun üz tutacağı ən xeyirli ünvan Qurandır, sevimli Peyğəmbərimizin (s.ə.s.) bizə miras buraxdığı həyatıdır. Başqa yerdə həqiqət axtaran zərərdən başqa bir şey tapmaz. Bu gün “bizdən deyilsən deyə ölməlisən” azğınlığı ilə baş kəsənlər kimin aqibətinin necə olacağını bilə bilməzlər. Tarixdə çox düşündürücü nümunələr var. Bu mövzuda düşünəndə hər zaman Həmzə (r.a.) kimi möhtəşəm bir insanı şəhid edən, şəhib etməklə də özünü saxlaya bilməyib onun mübarək cəsədini parçalayan, əzalarını kəsən, sinəsini yarıb ürəyini çıxaran Vəhşinin yaşadıqları ağlıma gəlir. Məlumdur ki, bu qədər günahlarına rəğmən bağışlanır. Sevimli Peyğəmbərimiz ona sifariş göndərib İslama girməsini və müsəlmanlar arasına qatılmasını istəyir. Başqa yolu qalmayan Vəhşi bu çağırışı qəbul edir və müsəlmanlar cərgəsina qatılır. Əgər məsələyə adi insan gözü ilə baxsan, həzm ediləcək deyil. Amma Vəhşinin əfvi Allahdan (c.c.) gəlirsə və bu əfvi Peyğəmbər elan edirsə, daha sənə, mənə danışmaq haqqı verilməyib. Məsələyə bu cür yanaşmalısan ki, həqiqəti görə biləsən. Vəhşinin sonrakı aqibəti bir nağıl kimidir. Bilir ki, Rəsulullah hər dəfə onu görəndə istər-istəməz Həzrəti Həmzəni xatırlayır. Ona görə də həmiş məsciddə lap arxa, qaranlıq bir yerdə durardı ki, görünməsin. Ən böyük arzusu da o idi ki, Rəsulullah bircə dəfə də olsa təbəssüm dolu baxışlarını onun üzündə dolandırsın. Amma nəsib olmadı. Rəsulullah Haqqın rəhmətinə qovuşanda səhabələr arasında ən çox üzülənlərdən biri Vəhşi oldu, çünki istədiyini ala bilməmişdi. Sonralar Müseyləmə adında bir yalançı özünü peyğəmbər elan edəndə Həmzə anladı ki, onun üçün mühüm bir vəzifə meydana çıxıb. “Mənim Peyğəmbərimdən sonra peyğəmbər gəlməyəcək” deyərək yerindən qalxır, Həzrəti Həmzəni şəhid elədiyi nizəni götürüb yola düşür, həmin yalançını öldürür və əlləri qanlı halda üzünü göylərə tutub: “İndi məni bağışladınmı, ey Allahın Peyğəmbəri?” deyə fəryad edir.

 

Bir məqama toxunmaq istəyirəm. Dinlər arasında ən mühüm fərq nədir, bilirsinizmi? - Allah anlayışı. Ən doğru Allah anlayışını Quranda görürük. Allah özünü Quranda bizə bildirir. Bizim bildiyimiz Allahın mərhəməti qəzəbini keçmişdir. Allah-Təala Özu bu həqiqəti bizə bildirir. Bildirir ki, tövbə edənin günahlarını bağışlayır.

 

Söhbətimizi belə yekunlaşdıra bilərik ki, tolerantlıq - İslamın insana yanaşma prinsipidir.

 

- Səmimi və maraqlı söhbət üçün təşəkkür edirik.

 

- Sağ olun.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Əli Çərkəzoğlu

 

Zaman.-2015.-1 may.-S.13.