“Haqdan, ədalətdən çox yazma, Kərəm
Haqdan yazanlara dəli deyirlər”
Şair Kərəm
Kürqıraxlı əməkdaşımız Nicat
İntiqama öz kitabı ilə bağlı məlumat verərkən.
Bu müsahibəyə müxtəlif formalarda giriş
vermək olar.
Amma düşünürəm ki, Azərbaycan
xalqının hörmətli ziyalılarının, söz
adamlarının müsahibim - şair Kərəm
Kürqıraxlı haqqında dedikləri fikirlər onun bir
şair və insan olaraq kimliyini izah edəcək. Mərhum
akademik Budaq Budaqov onun haqqında yazırdı: “Kərəm
Kürqıraxlı ömrünü şeirə, sənətə
həsr edib: söz sənətinin çətin, yoxuşlu
zirvələrini birnəfəsə çıxmağı
bacarır”. Xalq şairi Məmməd Aslan: “Kərəm
Kürqıraxlının şeiri birbaşa ürəyə
xitab edir və necə deyərlər, ürəyə toxunur”.
Şair Kərəm Kürqıraxlı ilə
müsahibəm bir neçə saat davam etdi və həmin
müddət ərzində o dəfələrlə kövrəldi. Əmin oldum ki, bu qədər
kövrək, həssas adamın xalqın dilində əzbər
olan şeirlər yazması tam normaldır:
Özün
xansan, özgə soltan, xan gəzmə
Dərmana
tuş olsan, sağlam can gəzmə.
Kürqıraxlı,
ucuz şöhrət-şan gəzmə,
Ən böyük mükafat el verdiyidi.
- Kərəm müəllim, may ayının 6-da 65 yaşınız tamam
olur. Xalq şairi Zəlimxan Yaqubun Sizin
haqqınızda qələmə aldığı yazıdan
belə başa düşdüm ki, anadan şair
doğulsanız da, ədəbi ictimaiyyətə gəliş
yolunuz çox dolanbac olub.
-Uşaqlıqdan
şeiri, sənəti çox sevmişəm, həddindən
artıq sevmişəm. Amma 10-cu sinfi bitirəndən
sonra bu arzularım puç oldu. Mənim qardaşım
yoxdur, atam dedi “oğul, sən elə bir fakültədə
oxumalısan ki, bitirəndən sonra kənddə
yaşamalısan, kənddə işləməlisən. O
vaxtı Bakıya gəlmək də problem idi, hamı təsərrüfat
işləri ilə məşğul idi. Ona
görə də mən sənədlərimi Kənd Təsərrüfatı
İnstitutuna verəsi oldum. Gəncədə
də yazı-pozu ilə məşğul olurdum, istedad məndən,
mən də ədəbiyyatdan əl çəkmirdim. İnstitutu qurtarandan sonra başladım təsərrüfat
işlərinə. 20-25 il bu sahədə
çalışdım. Mən deyərdim ki, bu
illər mənim ədəbi fəaliyyətimə
böyük zərbə vurdu. Həmin illəri
qaynar ədəbi mühitin içərisində keçirsəydim,
çox işlər görmək olardı. İnanın, elə vaxtlar olub ki, yazdığım
şeirləri gizlətməli olmuşam. Çünki
gedib katibə xəbər verirdilər ki, pambığı
“sofka” aparır, amma Kərəm şeir yazır. Amma mənlik deyildi bu - Allahın vergisi idi. Təb gəlirdi, yazırdım. Özüm tanınmasam da şeirlərim dillər əzbəri
idi. Bir gün Aşıq Əhliman gəlib mənə
dedi ki, Zəlimxan Yaqub səni axtarır. Sən
demə, Aşıq Əhliman Hüseyn Arifin, Zəlimxan
Yaqubun yanında mənim şeirlərimdən əzbər
söyləyib, Zəlimxan da deyib ki, onu tap, gətir bura.
Əhliman dəfələrlə desə də,
mən gəlmədim. O vaxtlar cavan idim, həyatı indi
başa düşürəm.
Aradan bir
xeyli keçdi Aşıq Əhliman yenə bizə gəldi və
dedi ki, bu gecə sizdə qalacağam, amma
səhər səni Bakıya aparmalıyam. Birtəhər
məni yola gətirdi. Gəldik Bakıya -
tanınmış şairlərin yanına. Əhliman
başladı mənim şeirlərimdən deməyə.
Zəlimxan qulaq asandan sonra durub məni qucaqladı, basdı
bağrına, dedi “ayə, sən təpədən
dırnağa istedadsan, ucqar rayonda nə gəzirsən.
Yazıçılar Birliyinə üzv olmağım isə
daha maraqlı olub. Tanınmış şairlərimizdən Fikrət
Sadıq bir gün televiziyada çıxışında dedi
ki, belə bir şair var, sözü dillər əzbəridir,
haralı olduğunu da bilmirəm, tanıyanlar desinlər ki, gəlsin
Yazıçılar İttifaqına üzv olsun. Amma 5-6 ay o tərəflərə yolum düşmədi.
Sonra Müzaffər Şükürün, Bəkir
Nəbiyevin, Zəlimxan Yaqubun zəmanətləri ilə
Yazıçılar Birliyinə üzv oldum.
Amma Zəlimxan kimi nəhəng çox
çalışdı o vaxt, mənim kitabımı çap
etdirə bilmədi. İslam Sadıq çox
çalışdı mənim kitabımın çapına.
Bəhanə edirdilər ki, toxunaqlı
yazır, tənqidi yazır. Amma sonra haqq
öz yerini tapdı. Çox çətinliklərdən
sonra kitabım çap olundu. Hətta
İranda belə kitablarım işıq üzü
gördü. Bu günə qədər 8
kitabım çap olunub, 8 kitabım da evdədir. İmkansızlıq ucbatından çap etdirə
bilməmişəm.
Yollarım
dumandır, tutulub bərəm
Ürəyim
infarktdır, ciyərim vərəm
Haqdan, ədalətdən
çox yazma, Kərəm
Haqdan yazanlara dəli deyirlər.
- Şair Kərəm Kürqıraxlı ən çox
hansı halda yazmaya bilmir?
-Sözün
açığı, son dövrlər çox az-az
yazıram. Həm səhhətim imkan vermir, həm
də başqa problemlər. Haqsızlıq,
ədalətsizlik olanda, ağıllı adamlar çətində,
darda qalanda yazmaya bilmirəm. Elə bil
deyirlər ki, dur bunu mütləq yaz. Bəzən
də olur ki, şeir ürəyimdə hazır olur, amma kənar
işlərdən yazmağa imkan, vaxt tapa bilmirəm. Bəzən olur ki, oxucularımdan kimsə zəng
vurur, saatlarla danışır. O gün bir
soydaşımız zəng vurmuşdu. Deyirdi
ki, “İranda maşınla gedirdim, radioda sənin şeirini
oxuyurdular, başladım ağlamağa”. İnanın,
bunlar mənə mükafatdır. Dillərdə
gəzən sözlərim, şeirlərim mənə
mükafatdır.
Kərəm, müftə vardan çoxları doymur.
Fələk beləsinin gözlərin oymur.
Yerdə
yaşamağa bəndələr qoymur
Göyə də çıxmağa üzümüz
yoxdur.
Yazmaq
üçün yer, məkan fərqi də var. Bir dəfə
Zəlimxan Yaquba dedim ki, harada yaxşı yazırsan? Dedi ki,
bulaq başında olanda, at belində olanda. Mən
də dağları çox sevirəm, bulaqları çox
sevirəm. İmkan düşdükcə
gedirəm dağların qoynuna gəzirəm, istirahət edirəm,
bir-iki şeir yazıram. İndi mənə
elə gəlir ki, bir dəfə Kəlbəcərə gedib
çıxa bilsəm, elə bilərəm dünyada dərdim
yoxdur. Bir də ən çox gecələr
yazmaq olur. Sakitlik olur, tək qalırsan və
yazırsan.
- Sizi ən çox nə narahat
edir?
-Urmiyada
müsəlman ölkələrin şeir festivalı
keçirilirdi, o cümlədən Azərbaycan tərəfdən
də qatılanlar var idi. Orada bir şeir dedim,
çox bəyəndilər. Bizdə mənə elə gəlir
ki, efirlərimizdə ədəbiyyat adamlarına az yer verilir. Mən istəyirəm
ki, hər axşam televiziyanı açanda akademiklərimizdən,
alimlərimizdən, ədəbiyyat adamlarımızdan,
böyük şairlərimizdən danışsınlar,
onlara yer versinlər. Oynayanlar nə qədər
olar, gülənlər nə qədər olar, əl
çalanlar nə qədər olar? Bizim
Qarabağ boyda dərdimiz var.
Heyranam
yaradıb tikən yolunda
Haqq
üçün göz yaşı tökən yolunda
El-oba qəhrini
çəkən yolunda
Düşüb qapı-qapı dilənsəm azdı.
- Ən çox kimləri
oxuyursunuz?
-Kitab
oxumasam, mümkün deyil. Mənim bir
gözüm 5 dəfə əməliyyat olunub. Allah Çingiz Cərullazadədən razı olsun,
mənə çox kömək edib. Gözüm
görmürdü, tamam tutulmuşdu - ağlayırdım.
5-ci əməliyyatdan sonra gözüm
açıldı - Allah açdı. Hər
gün ən azı 5-6 saat kitab oxuyuram. Axırda
ayaqlarım keyiyir, durub gəzirəm,
açılışır. Kitabla
yaşayıram. Mənim dostum, həyatım
kitabdır. Xüsusən, el şairlərini
oxuyuram. Məsələn, Dədə Ələsgəri,
Əli Səfəroğlunu çox oxuyuram, Aşıq
Əhmədi, Əli Qurbanı, İslam Sadıqı, Bəhmən
Vətənoğlunu, Zəlimxan Yaqubun
yaradıcılığını çox oxuyuram.
- Əsl şair kimlərə
demək olar?
-İllər öncə mənim yaradıcılıq
gecəm keçirilirdi. Məclisin qızğın yerində Zəlimxan
Yaquba sual verdilər ki, “Bu gün Azərbaycanda ən
böyük şair kimdir?” Zəlimxanın cavabı belə
oldu: “Yer üzündə çox böyük təbii fəlakətlər
olub. Ola bilər ki, od düşər
kitabxanalar yanar. Elin, xalqın, insanların
ürəyindən hansı şairin, hansı
yazıçının əsərini çıxarıb,
yazıb köçürtmək mümkündürsə, o
şair ən böyük şairdir.
Yoxdur
sevgimizin bəhrəsi barı
Yollar
yoxuşludur, ömrümüz yarı
Başa
salmaqdansa qanmayanları
Qanana deyirik günah səndədir.
-
Mayın 6-da 65 illik yubileyinizdir. Bu illər ərzində
həyat sizə nə öyrətdi?
-Allah
insana min il də ömür versə,
dünya baş açılası şey deyil. Amma
dünyada necə yaşamaqdan asılıdır hər
şey. Hərəyə bir ömür verilir, heç kim bu dünyada iki ömür yaşamır. Gərək axirəti unutmayasan. “Dünyada
əbədi qalacağın kimi işlə, dünyadan bir
azdan köçəcəyin kimi ibadət elə”. İnsanın iti itəndə səhərdən
axşama kimi axtarır. Bəs insan
özü-özünü niyə axtarmır?
Özü-özünü niyə axtarmır ki, mən kim idim, haradan gəlib hara gedirəm və nə
ilə gedirəm?
Həzrət Əliyə (r.a) sual verirlər ki, ya
Əli, dünyada ən çətin şey nədir? Bir də
çətindən çətin şey nədir? Cavab verir ki, “dünyada ən çətin şey qəbirdə
yatmaqdır. Çətindən çətin şey isə
oraya əliboş getməkdir”...
Kərəməm,
ey cahan, olsam da ulu
Dözmürəm
ağası sızladar qulu
Harınlar
neynəyir bu qədər pulu
Öləndə kəfənin cibi də yoxdur.
- Sevgi
mövzusu şairlər üçün ən çox üz
tutulan mövzulardan biridir. Bu yaşda sizin sevgi
ilə bağlı düşüncələrinizi bilmək
maraqlı olardı.
-Oğul,
sevginin yaşı, vaxtı yoxdur. Adam
yaşlananda xanımını, ailəsini lap çox sevir.
Çünki onda həyatı başa
düşürsən. Sevgi hər vaxt
gözəldir. İnsan sevməsə,
yaşaya bilməz. İnsanın geni,
zatı təmiz olmalıdır. Zatı pak, təmiz olan
adam cavan vaxtında da təmiz olur,
yaşlı vaxtında da.
Bağın gözəlliyi bülbül səsində
Dağın əzəməti qayasındadır.
Kişinin qeyrəti şah vüqarında,
Qadının isməti həyasındadır.
- Nəyi yazdığınıza, nəyi yazmadığınıza peşmansınız?
- Təsərrüfatda keçirdiyim o 25 ilə
heyfim gəlir. O dövrdə yazdıqlarım xoşuma gəlir,
amma kaş ki həmin illərdə ədəbi aləmə gələydim.
Gəncədə təhsil
alanda jurnalist Nurəddin Babayev mənə dedi ki, “oğul, sənədlərini
buradan al, gətir ver universitetə”. Mən də kasıb adam, heç kimim yox, gedə bilmədim. Təsəvvür edin, sonralar biz atamla Bakıya gələndə
atam ağladı. Dedi, “bala, itəcəyik Bakıda”. Mən elə bir ailədə böyümüş
adamam. Yenə də çox
şükür Allaha, haqq-ədalət yerini tutdu.
- Tənqid yazmağınızın
zərərini çox görmüsünüzmü?
-Tənqid
etsən də ləzzət alırsan. Böhtan
başqa, tənqid başqa. Ədalətli
tənqid gözəldir.
Taqət
itdi, möhtac oldum köməyə
Cürətim yox həqiqəti deməyə.
Çox
vaxtıda çörək olmur yeməyə
Günümün çoxunu yatıb dolannam.
- Kərəm
Kürqıraxlı dünyanı nə rəngdə
görür?
- Şair Fikrət Sadıq danışır ki, bir dostu
ilə dəniz kənarındakı restoranlardan birinə
gedibmiş. Səhər saat 10 imiş. Görüblər
ki, Xalq rəssamı Səttar Bəhlulzadə iki nəfərlə
oturub. Bir az keçəndən sonra
bunları çağırıblar stollarına. Gün vurur, dənizin üstündə çox
möhtəşəm bir görüntü meydana gəlirmiş.
Səttar Bəhlulzadə deyib ki, kim bu dənizin
üstündə nə qədər rəng görür? Biri deyib 6 rəng, biri deyib 7 rəng, o biri deyib 8 rəng.
Səttar Bəhlulzadə diqqətlə baxandan
sonra cavab verib ki, orada 23 rəng var və başlayıb həmin
rənglərin hər birini aydınlaşdırmağa.
İndi oğlum, hərənin öz təxəyyülü
var, öz dünyagörüşü var, həyata öz
baxışı var. Məsələn, mənim gözümdə
bir cürədir. Varlı varlı kimi görür, dərdli
dərdli kimi. Allahın yaratdığı dünyadır,
gedirik. İş odur, halal yaşayasan. Təmizlik gözəl
şeydir. Çalışasan
haramı qoymayasan mayana qarışa. And olsun
Allaha, sonra insan müsibət çəkir. Çalış, təmiz insan ol.
Cahan
başdan-başa oddur, alovdur,
Bəlkə
də odlara əqli kəm yana.
Beşgünlük
dünyada sərvət yığmadım
Deyəm
ki, nə vaxtsa xəzinəm yana.
Nicat İntiqam
Zaman.-2015.-5 may.-S.12.