GƏLİNCİK

 

Dilək, Vüsalə, Xatirə, Raziyə... Eyni həyətdə qonşuluqda yaşayan bu balaca qızlar ağılları kəsəndən bir-biriləri ilə dostluq edir, bir yerdə oynayırdılar. Dördünün dörd yaşı var idi. Ata-analarının gözünün işığı, evinin yaraşığı idilər.

 

Diləyin atası da onu çox sevirdi. Di gəl ki, əli aşağı olduğu üçün qızına ürəyi istəyən şeyləri ala bilmirdi. Məhəllələrindəki oyuncaq dükanına yeni gələn gəlinciyi ala bilmədiyi üçün çox təəssüflənirdi. Amma Dilək elə çox istəyirdi ki o gəlinciyi. Gecələr onun xəyalıyla yatır, səhərlər onun fikri ilə dururdu, hətta yuxuda da onunla oynadığını görürdü.

 

Ümidli idi Dilək. Xəyalında da olsa gəlinciyini bəzəmək, ona yeni donlar tikmək, saçlarını daramaq, çimdirmək, yatızdırmaq ona o qədər zövq verirdi ki... Hətta evdəki parça qırıntılarını yığıb saxlayırdı ki, gəlinciyi olanda ona gözəl donlar tiksin.

 

İlk dəfə Xatirənin əlində görmüşdü o gəlinciyi. O gün günortadan sonra qızlar Xatirəgilə oynamağa getmişdilər. Evlərinin yanındakı oyuncaq dükanından atası Xatirəyə yeni gəlincik almışdı. Görən kimi Diləyin gözü düşdü gəlinciyə. Dilək istədi ondan. Həm çox istədi. Amma atasının ala bilməyəcəyini görüb, gəlinciyini xəyalında canlandırdı. Bəlkə , Xatirənin öz gəlinciyi ilə oynadığından daha çox oynayırdı xəyali oyuncağı ilə. O gün qızlar yeni oyuncaqla doyunca oynadılar. Vüsalə dedi ki, anam söz verib, otağımı səliqəli saxlasam, mənə bu gəlincikdən alacaq.

 

Bir gün qızlar Vüsalənin ad günündə yığışmışdılar. İki gün əvvəl anası Vüsaləyə o gəlincikdən almışdı. Uşaqlar yeməklərini yeyib oyun otağına keçəndə Dilək yerdəki üzü-gözü boyalı, paltarları kirli, saçları dağınıq gəlinciyi gördü. Deyəsən, Vüsalə sevimli gəlinciyi ilə oynayıb doymuşdu. Axı bu gün onun ad günü idi. Yəqin Vüsaləyə daha gözəl daha böyük gəlinciklər almışdılar.

 

Dilək Vüsalənin gəlinciyini o halda görəndə həm çox təəccübləndi, həm çox təəssüfləndi. Axı bir neçə gün əvvəl Vüsaləgəlinciyim olsaydı, onu çox səliqəli saxlayardımdemişdi. Bir anlıq ağlından keçdi ki, Vüsalədən xahiş eləsin, gəlinciyini ona versin. Sonra utandımı, yoxsa gəlinciyə qovuşmaqla qurduğu şirin xəyallarının uçub gedəcəyindənmi qorxdu, oldusa oyuncağı istəməkdən vaz keçdi. Raziyə isə həmişəki kimi öz aləmində idi; veriləndən yeyir, əlinə keçənlə  oynayırdı.

 

Bəs Xatirə hanı? Xatirə gözə dəymir. olub görəsən, niyə bir küncdə oturub, dinmir? Heç bizimlə oynamaq da istəmir”. Yanına yaxınlaşan dostları Xatirənin yeni gəlinciyini xalasıgildən gələndə avtobusda unutduğunu öyrəndilər.

 

Artıq Diləyin, Raziyənin, Xatirənin gəlinciyi var idi. Oyuncaq dükanında da daha qalmamışdı ondan. Kim bilir, bir vaxt gətirəcəklər.

 

Dilək hər gün gəlinciyinə qovuşmaq diləyi ilə yatıb-qalxır, Xatirə itirdiyi oyuncağının xatirələri ilə təsəlli tapır, Raziyənin isə gəlincik heç yadına da düşmürdü. Vüsalənin gəlinciyi isə əlləri-ayaqları qopuq, saçları dağınıq vəziyyətdə evin küncündəki oyuncaq səbətində idi. Ad günündə qovuşduğu ən son oyuncaqları ilə oynayırdı Vüsalə. Yəqin ki, tezliklə onları da eyni aqibət gözləyirdi.

 

Oynaya-oynaya böyüyən, həyatı oynayaraq öyrənən qızlar artıq hərəsi bir evin xanımı, bir ailənin çırağı idilər. Məktəbi bitirəndən sonra heç bir-birilərini görməmişdilər.

 

Bir gün zəngləşib, xəbərləşib görüşməyə qərar verdilər. Yenə Vüsalənin ad günündə onlara qonaq getdilər. Evi-eşiyi qaydasında idi, sağlığına qismət. Özü kimi ağbəniz, yumrusifət, dörd yaşında gözəl bir qızı var idi. İllər sonra dörd  rəfiqə yenə bir yerdə idilər.

 

Yeməklər yeyildi, çaylar içildi, hal-əhval tutuldu. İyirmi ili iki saata sığdırıb hərə öz ailəsindən, həyatından danışmağa başladı. Dilək onillik evliliyindən, yeni qohum-əqrəbasından söz açdı. Bir illərin övlad həsrətindən. Çox istəyirdi bir qızı olsun. Xəyalında onu bəzəyir, saçlarını darayır, geyindirir, yatızdırır, ona layla deyirdi. Gecələri bu xəyallarla yatır, səhərləri bu arzularla oyanırdı.

 

Dilək sözünü bitirmişdi ki, mətbəxtdənanadeyə səsləndi evin kiçik qızı. Vüsalənin mətbəxə girməsi ilə çığırıb-bağırması bir oldu. “Min dəfə demişəm, oturanda stulunu qabağa çək, pinti! Səndən mənə qız olacaq, bilmirəm. Get əyin-başını dəyiş”.

 

Vüsalə qızını çox sevirdi, amma hirslənəndə özünü heç ələ ala bilmirdi. Özü bunun fərqində idi. Hərçənd o da çox istəmişdi ki, qızı olsun, onun saçlarını darasın, gözəl donlar geyindirsin. Axır ki, istədiyinə qovuşmuşdu Vüsalə. Amma deyəsən, xəyalındakı kimi ana ola bilməmişdi. Bəzən acığını qızından çıxır, ən xırda qüsurunu üzünə vurur, bəzən özünü saxlaya bilməyib uşağı çığırda-çığırda döyürdü. Sonra da çox peşman olurdu.

 

Çox üzüldü Dilək bu vəziyyətə. Mənim belə şirin balam olsaydı, ovcumun içində saxlayardımdeyə düşündü. Ancaq nədənsə birdən fikrindən daşındı. Bəlkə, övladı olsaydı, o da Vüsalə kimi davranacaqdı, kim bilir?! Xeyirlisideyib yenə xəyali övladını düşünüb, onun körpə nəfəsini qoxusunu hiss etməyə çalışdı. Arzulardan, xəyallardan usanmırdı Dilək. vaxtsa diləyinə qovuşacağı ümidi ilə yaşayırdı.

 

Raziyə həmişəki kimi heç nəyə görə kefini pozmurdu. Gec ailə qurmuşdu, amma görünür, həyatından razı idi. Yoldaşı çox mehriban insanmış, amma hələ ki, övladları yox idi. Düzü, heç bunu özünə dərd eləmirdi.

 

Elə bu vaxt baxışlar bayaqdan bircə kəlmə kəsməyən Xatirəyə ilişdi. Danış görək, ay Xatirə, səni görməyəli iyirmi il oldu. Sən bir-iki kəlmə de görək”, - dedi qızlar.

 

Sən demə, Xatirə təzəlikcən aman-zaman bircə övladını itiribmiş yol qəzasında. Heç ili çıxmayıbmış. Çox sevdiyi rəfiqələrini qırmayıb gəlmişdi, amma heç qonaqlıq əhvali-ruhiyyəsində deyildi. Yalnız qızının xatirələri ilə təskinlik tapırdı, heç kimlə dərdini paylaşmaq istəmirdi. Daha heç danışmayınca, qızlar da üstünə gedib, sorğu-suala tutmadılar.

 

Araya bir səssizlik çökmüşdü, elə bu vaxt Vüsalənin kiçik qızı əlində bir gəlinciklə içəri keçib, anasının yanına qısıldı. Qızların, hətta Xatirənin üzündə bir təbəssüm göründü. Necə bənzəyirdi onların uşaqlıq gəlinciyinə..

 

Əslində Diləyin , Raziyənin , Xatirənin taleyi bir-birinə oxşayırdı. Üçünün başını sığallayıb, qucaqlarına ala biləcəkləri övladları yox idi. Amma birinin qəlbi diləklərlə, birininki xatirələrlə dolu idi. Raziyə isə bir müəmma idi. Hadisələrə qarşı olduqca soyuqqanlı davranırdı.

 

Bir Vüsalə var idi. “Of, bu uşağı bağçaya qoysaydım, canım qurtarardı”, -deyən. İstəklərinə qovuşmuş olsa da, gündəlik qayğılarla yorulmuş, şükür etməyi unutmuş, xəyal qurmağı yadırğamışdı Vüsalə.

 

Həyatı oynayaraq öyrənən bu qızların hərəsi başqa bir oyunun baş qəhrəmanı idilər. Görəsən bu qızlardan hansı daha xoşbəxt idi? Dilək, Vüsalə, Xatirə, yoxsa Raziyə?

 

Namirə Məmmədli

Zaman.-2015.-12 may.-S.6.