Azərbaycanın yeni musiqi aləti - fitara
ölkədə və dünyada maraq böyükdür
ELVIN
ƏLIYEV,
Milli musiqi alətimiz
olan fitarı bir neçə ildir ki, efirlərdə,
toy-nişan məclislərində
görürük.
Amma bir çoxlarımız
kimi, mən də hesab edirdim
ki, gördüyüm
alət ənənəvi
gitaranın yeni modelidir. Qafqaz Universitetinin əməkdaşı
Fuad Şərbətovla
söhbət zamanı
onun milli musiqi aləti fitar olduğunu öyrəndim. Bildiyiniz
kimi, çalğı
alətləri mədəniyyət
və musiqinin inkişafında, həmçinin
təbliğində böyük
rol oynayır. Xoşbəxtlikdən F. Şərbətov sözügedən musiqi alətini ixtira edən Fikrət Quliyevi tanıyırdı.
Bu vəsilə ilə
Fikrət usta ilə görüşüb,
həmsöhbət olduq.
- Fikrət usta, ilk olaraq özünüz haqqında
məlumat verin, oxucularımız sizi tanısınlar.
- 1955-ci ildə Cəbrayıl rayonunda anadan olmuşam. Şagird vaxtlarımda pianoda
ifa etməyi öyrənmişdim. Məndə daha
sonra gitaraya həvəs oyandı.
20 ildən çox
gitara ifaçısı
olaraq, el şənliklərinə,
rayon tədbirlərinə getmişəm.
Eyni zamanda Cəbrayıl Mədəniyyət Şöbəsində
işləyirdim. Daha sonra
Qarabağ müharibəsi
başlandı. Azərbaycanın digər oğulları kimi, könüllü olaraq ordu sıralarına
qoşuldum. Ordudan qayıdandan
sonra da həm ifaçılıqla,
həm gitara düzəltməklə, həm
də onları təmir etməklə məşğul oldum.
2009-cu ildən bu yana isə
fitar düzəldirəm.
- Bayaq da dediyiniz kimi,
musiqi ifaçılığına
piano ilə başlamısınız.
Bəs gitaraya maraq necə yarandı?
- O vaxt gitara çox
dəbdə idi. Gənclərin böyük əksəriyyəti
gitara öyrənməyə
cəhd edirdi. Kimin istedadı var idi, öyrənə bilirdi. Kimin də istedadı
olmurdu, yarımçıq
qoyub, başqa işlə məşğul
olurdu. Açığı deyim, mən
rayonumuzda sayılıb-seçilən
musiqiçi olmuşam.
Hətta
Cəbrayıl rayonu Mərcanlı kəndində
uzun müddət musiqi müəllimi işləmişəm. İndi də
Cəbrayıl Rayon Musiqi
Məktəbində müəlliməm.
- Milli musiqi aləti düzəltmək ideyası
haradan ağlınıza
gəldi?
- Toylarda gördüyümüz
gitaralar (Yolana Tornado) Çexiya alətidir. Musiqilərimiz gitarada da yaxşı səsləndiyi
üçün Azərbaycanda
həmin alət çox populyarlıq qazanıb. Çexiyanın 1960-cı ildən başlayaraq istehsal etdiyi “Yolana Tornado” gitarasının istehsalı
isə 1985-ci ildə dayandırılıb. Ona görə
də bir çox gitara ifaçıları ancaq öz alətlərini təmir etdirmək məcburiyyətində qalırdılar.
Mən uzun illərdir ki, həmin alətlərin bərpası
ilə məşğul
oluram. Respublikamızın adlı-sanlı gitara
ifaçılarının alətlərini bərpa edib, ilkin vəziyyətinə
gətirmişəm. Hər
gitara təmir etdikcə, özümə
sual verirdim: “Nə üçün Azərbaycanın
gitaranı əvəz
edəcək, milli musiqi aləti yoxdur?” Bu sual
ətrafında çox
düşünürdüm. Nəhayət, Azərbaycanın
gitaranı əvəzləyəcək
və bir çox xüsusiyyətlərinə
görə, hətta ondan üstün olan milli musiqi
aləti - fitarı düzəltmək qərarına
gəldim. Bununla da adıçəkilən
yeni alətin üzərində təcrübələr
apardım. Nəhayət,
ilk fitar 2009-cu ilin may ayında hazır oldu. İlk fitarı sınaq
üçün Azərbaycanın
gitara ifaçıları
arasında özünəməxsusluğu
ilə seçilən
Elman Namazoğluna verdim.
- Fitar hazırlayarkən inanırdınızmı
ki, o, milli musiqi aləti olaraq özünü doğruldacaq?
- Bəli. Mən, ilk növbədə, nəticənin yaxşı
olacağına inandığım
üçün fitarı
düzəltmək qərarına
gəldim. Şükür ki, fitara inanmaqda
yanılmadın. O özünü
milli gitara olaraq doğrultdu.
- Sizə fitar üçün ilk sifarişi kim
verib?
- Fitarın ilk ifaçısı
Elman Namazoğludur. Yuxarıda da
qeyd etdiyim kimi, ilk fitarı sınaq üçün ona verdim. O da fitarı çox bəyəndi.
- Fitarın dizaynında ənənəvi
gitaradan fərqli detallar var. Yeni musiqi alətinə dizayn verərkən, nəyə əsaslanıbsınız?
- İlk musiqi alətimə Butar adını vermişdim. Buna səbəb
yeni alətə milli görünüş
vermək məqsədilə,
onu Azərbaycan
ornament sənətinin çox
yayılmış bəzək
elementlərindən olan
butaya oxşatmışdım.
Ona Butar adını da butaya oxşadığı
üçün vermişdim.
Çox
gözəl musiqi aləti idi. Məndən
onu çox adamın istəməsinə
baxmayaraq, satmağa əlim gəlmədi.
İlk və yeganə Butarı Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinə
təqdim etdim.
- Belə qənaətə
gəlmək olarmı ki, Fitar
Butarın daha təkmil formasıdır?
- Azərbaycanda alət düzəldənlər çoxdur. Amma hər alət, məcazi mənada ifadə edəsi olsaq, ayaq tutub yerimir. Butarı qucaqda tutub saxlamaq vərdiş tələb edirdi. Ona görə də, yavaş-yavaş, müəllifi olduğum musiqi alətinin ələ daha yatımlı variantlarını hazırlamağa çalışdım. Fitar bir neçə mərhələdən keçərək, indiki vəziyyətinə düşüb. Məlumat üçün bildirim ki, Fitarın bütün detalları mənim əl işimdir.
- Fitarı ənənəvi
gitaradan fərqləndirən əsas
xüsusiyyət nədir?
- Fitara müəlliflik hüququ almaq üçün Milli Musiqi Konservatoriyasının və Milli Musiqi
Akademiyasının komissiyasından keçmişəm. Orada da mənə eyni sualla müraciət
etmişdilər. Bəzi hallarda insanlar belə düşünürlər ki, fitar da
elə gitaradır. Əslində isə elə deyil. Misal üçün,
rus, ispan, alman, çex, ingilis və s. gitaraları mövcuddur. Belə demək mümkünsə,
hər xalqın özünün gitarası
var. Yəni hər millət gitaranı milli musiqilərinə uyğun şəkildə
özünküləşdirib. Çünki gitaraya hər
millətin özünəməxsus
baxış tərzi
var. Fitar görünüşü
ilə yanaşı, səsi ilə də gitaradan fərqlənir. Hansı ki,
o səs ancaq fitara məxsusdur. Qeyd edim ki, Fitarın
səsini təsadüf
nəticəsində tapmışam.
-Fitar sözünün açıqlaması
varmı? Yeni və milli musiqi alətinizə niyə məhz Fitar adını verdiniz?
- Fitar adını qoymaq mənim öz fikrim olmayıb. Mənim Kərəm adlı dostum var. O mənə dedi ki, yeni
musiqi alətinin adını Fitar qoyaq. Kərəm fikrini belə əsaslandırdı ki, Sitar, Dütar, Saksafon və s. kimi musiqi alətlərinin adları onu hazırlayanların adları
ilə bağlıdır.
Dostumun təklifi mənim də ağlıma batdı. Fitar sözü adımın
ilk iki hərfi və tar sözünün
birləşməsindən əmələ gəlib.
- Milli gitaramıza olan maraq sizi qane
edirmi?
- Musiqiçilər ilk gündən
etibarən fitarı yaxşı qəbul etdilər. Əsas məsələ də elə bu idi. Bu
mənim üçün
bir stimul oldu. “Yotube”da
dünyanın müxtəlif
ölkələrində yaşayan
fitar dinləyiciləri
mənə təşəkkür
məktubları yazırlar.
Yerli ifaçılar ilə yanaşı, Türkiyəyə,
İrana, Gürcüstana,
Almaniyaya, Hollandiyaya,
ABŞ-a, Qazaxıstana, Rusiyaya
çox sayda Fitar satmışam. İnanıram ki, Fitar adları çəkilən
ölkələrdə Azərbaycanımızı
uğurla təmsil edir. Bildiyiniz kimi, ermənilər
bizim bir çox musiqi alətlərimizi öz adlarına çıxmağa
cəhd edirlər.
Rusiyadakı tanışlarım mənə zəng vurub deyiblər ki, oradakı ermənilər də hansı yollarlasa fitar əldə edirlər. Mənə çox pis
təsir edən isə o oldu ki, ermənilər fitarın üzərindəki
Azərbaycan sözünü
və xəritəmizin
üzərini zalentlə
örtürlər. Nyu-York ermənilərindən
bir nəfər də elektron poçtuma məktub yazaraq, fitar istəyirdi. Təbii ki,
mən ona rədd cavabı verdim.
- Musiqi alətləri mağazalarına
fitar verirsinizmi?
- Mən sifariş əsasında fitar düzəldirəm. Bu yaxınlarda Almaniyadan 2 fitar sifariş vermişdilər. Hazırlayıb göndərdim. Sonra oradakı
böyük gitara mağazalarından mənə
çox sayda sifariş gəldi. Amma tək olduğum üçün sifarişi
yerinə yetirə bilməyəcəyimə görə
onların təkliflərini
qəbul etmədim.
- Düşünürsünüzmü,
fitarın böyük
emalatxanasını hazırlayıb,
kütləvi istehsala
başlayasınız?
- Bunu çox istəyərəm. Çünki fitar özünü doğruldub və ona ehtiyac var. Amma bu indiki vəziyyətdə çox çətindir. Həm bir az yaşlanmışam, həm də mənə kömək eləyən yoxdur. Bilirsiniz, fitarın böyük emalatxanasını hazırlamaq üçün dövlətin dəstəyi lazımdır. Ümid edirəm ki, Azərbaycan hökuməti milli musiqi alətimizə sahib çıxacaq.
- Sizin
davamçınız varmı, yoxsa sizdən
sonra fitar düzəldən
olmayacaq?
- Hələ istədiyim adamı tapa bilməmişəm. Bir-iki nəfər gəncə bu işi öyrətmək istəmişəm. Amma onların “ağıllı” telefonu imkan verməyib ki, fikirlərini cəmləyib bu işi öyrənsinlər. Bu cür işin batıb getməsindən çox qorxuram.
Elvin Əliyev
Zaman.-2015.-13 may.-S.6.