Türk elləri: Çelkan türkləri
(2)
ƏZIZ
MUSTAFA,
Ailə daxilində ana dilində danışmaları
müəyyən qədər
çelkanlıların öz
dillərini qismən də olsa qoruyub
saxlamasına imkan verməkdədir.
Bu həm də çelkanlıların mədəniyyətlərinin,
folklorunun qorunmasına,
özlərinə xas
olan yas-toy, bayram mərasimlərini qismən də olsa mühafizə etməsinə yardım edib. Çelkan türklərinin arasından çıxan ziyalılar ana dili, türk milli mənsubiyyətlərini
qoruyub saxlamaqda maraqlı olsalar və bununla bağlı bəzi cəhdlərə baş vursalar da, bu,
kifayət deyil. Çünki onların sayı
azdır. Böyük
bir millətə mənsub olan Çelkan türklərinin
günümüzdə azlıqda
qalması, azsaylı xalq kimi tarixin
səhnəsindən silinməyə
məhkum olması isə yalnız onların deyil, həm də bütün türk dünyasının faciəsidir...
Adət-ənənə və mərasimləri
Çelkan türkləri özlərinə
məxsus adət-ənənələrə
və folklora malikdirlər. Çelkan türklərinin həyatını tədqiq
edən Potapov onların adət-ənənələri
ilə qohum türk etnosları arasında eynilik olduğunu vurğulayır.
Amma Potapov çelkanlıların
yas mərasimlərində
şamanizmin əlamətlərinin
çox güclü olduğunu da xüsusi vurğulayır.
O yazır: “Yaşlı adamlarla söhbətdən bizə
məlum oldu ki, Oktyabr inqilabına
qədər şamanlar
ölən çelkanlıların
ruhunu yola salmaq mərasimi keçirirdilər. Çelkanlı
Takan Pustakaçevin söylədiyinə
görə, ölü
dəfn edildikdən 5
və ya 6 il ərzində onun ruhu şamanı
narahat edirmiş və ondan onu
qırğızların torpağına
(Uytu Daş) göndərməyi tələb edirmiş. Şaman onun ruhunu həmin
torpağa yola salmaq üçün xüsusi mərasim (kamla) keçirirmiş.
Bundan da məqsəd ölünün ruhuna canlı insanların ruhunun qoşulmasına imkan verməmək idi. Ona görə də bu mərasim zamanı yalnız bubendən (şamanlar üçün xüsusi
dəridən hazırlanan
qaval) deyil, həm də baltadan istifadə edilirdi” ( L. P. Potapov. Proisxojdenie i formirovanie
xakasskiı narodnosti.
Abakan 1957. səh
161-168. Hakas xalqlarının mənşəyi və formalaşması).
Bu da onu göstərir ki, vaxtilə qırğızlar arasında
yaşayan çelkanlılar
öz ölülərini
Uytu Daş adlanan yerdə dəfn ediblər.
Hələlik, Uytu Daşın
yeri müəyyən
edilməyib. Ancaq Potapova
görə, bu ərazi Abakan hövzəsində
yerləşib. Belə ki,
həmin dövrdə
qırğızlar Minusinsk
və ətrafında
Teles çayı hövzəsində ağalıq
edirdilər. Minusinskə isə
Telesdən yeganə yol ancaq Abakandan
keçirdi. Şakşılıkların Teles türkləri
ilə qohum olmasını onların arasında nikahın qadağan edilməsində
də görmək olar. Şakşılıklılar
telesləri özlərinin
karındışı ( qardaş, eyni qarından, eyni anadan olanlar) adlandırırdılar. Bu da onların eyni, qohum xalq
olduğunu göstərir.
Şakşılık adına gəlincə,
onun Bayqolum sağ qolu olan
Şakşılık çayından
alındığı ehtimal
edilir. Belə ki, tarixdə türk xalqlarının yaşadıqları ərazinin
adı ilə adlandırıldıqları barədə
kifayət qədər
sübut var. Şakşılıkların
Bayqol hövzəsinə
gəlmə olduğunu
onların ov etmək üçün ərazilərinin az olması da sübut edir.
Onlar harada gəldi ov etmək məcburiyyətində
idilər. Ona görə də Çalkanık türkləri
onlara gülür, “Yer yok teeken”
( yerləri yoxdur avaralanırlar”) deyirdilər. Teleslərlə şakşılıkların eyni soydan olmasını
sonuncuların toy adət-ənənələrində
də görmək olar. Teleslərdə
olduğu kimi, şakşılıklarda da
toy zamanı yeni evlənənlər üçün
ayrıca müvəqqəti
ev tikir
və onu seoliti adlandırırlar. Belə bir ənənə
yalnız bu iki xalqa aiddir
və bölgənin
digər xalqlarında
yoxdur. Əgər Çelkan soyuna
daxil olan Şakşılıkın (Radlova
görə Yakşı)
Teles türkləri ilə eyni soydan
olması mübahisə
doğurmursa, Çalkanık
türkləri haqqında
bunu söyləmək
olmaz. Çalkanıklılar arasında nəsildən-nəslə
keçən rəvayətə
görə, vaxtilə
Çalqanok və Kuzenok adlı iki qardaş olub. Onlardan biri Çalqonok Qu (Lebed), Kuzenok isə Biy( Bəy) çayı
ətrafında məskunlaşıb.
Kuzendən Kuzen, Çalqonoqdan
isə Çalkandu və ya Çalqanık
soyu əmələ gəlib. Bu iki
soyun qohum olmasını onlar arasında nikaha girmənin qadağan edilməsi də bir daha sübut
edir.
Təsərrüfat
Çelkan türkləri yaşadıqları
şəraitə uyğun
olaraq əkinçilik,
heyvandarlıq, ovçuluqla
məşğul olurdular. Əkinçilik Çelkan türklərində
əl əməyinə
əsaslanırdı və
daha çox primitiv üsullarla həyata keçirilirdi.
Bu zaman onlar əsas əkin aləti kimi toxa və kərkidən istifadə edirdilər. Adətən, çelkanlılar dağların cənub yamaclarını balta və ya yanğın
vasitəsi ilə təmizləyir və onu əkin (kıra) üçün yararlı hala salırdılar. Torpağa gübrə
verilmirdi və hər iki ildən
bir əkin yeri dəyişdirilirdi.
May ayının əvvəllərində
havalar nisbətən isinəndə əkin başlayırdı. Əsasən arva (arpa), puqdey (buğda), taran (darı) və arış (çovdar) əkirdilər.
Texniki bitkilərdən isə kətan (kudulqe) və çətənə
(kendır) əkirdilər.
Yeri gəlmişkən, qeyd edək ki, çelkanlıların
əkin üçün
istifadə etdikləri
buğda (puqdey), arpa (arva) bu
gün də bütün türk xalqlarında eyni mənada işlədilməkdədir.
İ. A. Seleznevə görə, bu adlar hətta prototürklərdə də
eynidir. Məhsulu, adətən, avqust
ayında toplayırdılar.
Əkin zamanı əsasən oraqdan istifadə edilirdi. Kətan və kətənəyə
gəlincə, çelkanlılar
onları kökündən
çıxarırdılar. Yığılan məhsulu
emal etdikdən sonra ondan un
və yarma (şarık) hazırlayırdılar. Texniki bitkilərdən olan kətan və kətənədən
isə onlar kətan parça hazırlanmasında istifadə
edirdilər.
Çelkanlılar
heyvandarlıqla da
məşğul olurdular. Əsasən at, qoyun, keçi
və inək saxlayırdılar. Keçinin və
qoyunun yunundan keçə hazırlayırdılar.
Bundan əlavə qoyun yunundan corab, əlcək, isti alt və üst paltarları toxuyur və onu milli
ornamentlərlə bəzəyirdilər. Amma soyuq hava şərati
və əkin sahələrinin az
olması səbəbindən
çelkanlılar heyvandarlıqla
daha çox məşğul ola bilmirdilər. Soyuq hava şəraitinə
yalnız atlar davam gətirirdi. Çelkanlılarda ovçuluq əsas
yerlərdən birini tuturdu. Ən çox ayı (ayu), maral (saqın),
dağ keçisi, dovşan, samur və
digər çöl heyvanlarını, o cümlədən
vəhşi çöl
quşlarını ovlayırdılar.
Payız-oktyabr ayında başlayır
və noyabrın ortalarında başa çatırdı. Sonra qış
ovu başlayırdı.
Ova kollektiv və
ya tək-tək gedirdilər. Bundan əlavə,
çelkanlılar balıqçılıqla
da məşğul olurdular. 19-cu əsrdən başlayaraq,
çelkanlılar arasında
arıçılıq da
inkişaf etdirilməyə
başladı. 20-ci əsrin əvvəllərində
isə onlar arasında bağçılıq
da yayıldı.
Çelkanlılar mətbəxdə ət və süd məhsullarından geniş
istifadə ediblər. Ət və
süddən müxtəlif
milli yeməklər uqre, motko, tupaş
hazırlayırdılar. Xəmir xörəkləri
əsasən un, yarma və yulafdan
hazırlanırdı. Bu yeməklər çelkanlılarda
çox yüksək
səviyyədə hazırlanırdı
və ondan dadan doymaq bilmirdi.
Çelkanlılarda yaşayış evlər
yeraltı (qazma) və yerüstü (yayla) olurdu. Evlər əsasən
düzbucaqlı və
konusvari olurdu. Geyimləri Qərbi Sibirdə yaşayan digər xalqlarınkından fərqlənmirdi.
Ayaqqabıları Qərbi
Sibir xalqlarına (ar odok, kon
odok, çarık) və Orta Asiya ( başmaq)
ənənəsinə uyğun
olurdu.
Zaman.-2015.-2 may.-S.6.