İnsanpərvərliyə və həlimliyə
çağırış məktubu (2)
Əvvəli ötən
sayımızda
Heç kəs hansısa kilsənin üzvü kimi
doğulmur, yoxsa dədə-babaların inamı torpaq
mülkiyyəti ilə birlikdə varislik hüququ əsasında
keçərdi və hər kəs inamına görə
öz doğumuna borclu olardı; bundan cəfəng şey
düşünmək mümkün deyil. İş belədir.
Əvvəldən heç bir kilsəyə,
heç bir sektaya bağlanmamış insan könüllü
olaraq elə birliyə qoşulur ki, orada Allaha xoş gələn,
əsl dini və ayinləri tapdığına inanır.
Onun orada tapdığı xilasa ümid kilsəyə
daxil olması üçün yeganə səbəbdir,
insanın orada qalıb-qalmaması da məhz bu ümidlə
müəyyənləşdirilir. Əgər o, birdən
təlimdə nə isə yanlışlıq, yaxud ayinlərdə
uyğunsuzluq aşkar edərsə, onda mütləq elə
hüquqa malik olmalıdır ki, oraya sərbəst daxil
olduğu kimi, istənilən vaxt da sərbəst
çıxa bilsin...
İndi də araşdırmalıyıq ki, kilsənin
hakimiyyəti nədir və o, hansı qanunlara tabedir?
Madam ki,
heç bir birlik (nə qədər azad olsa da)... qanunlara söykənməsə dərhal
dağılar və yox olar, onda kilsənin də öz
qanunları olmalıdır ki, yığıncaqların yerinə
və keçirilməsi vaxtına dair müəyyən qayda
gözlənilsin, qəbul və xaric etmək
üçün şərtlər, nəhayət,
bütün vəzifələr, onların yerinə yetirilməsi
qaydaları və s. müəyyən edilsin. Bu birlik
könüllüdür və deyildiyi kimi, hər hansı zor
və məcburiyyətdən azaddır, buradan belə nəticə
çıxır ki, qanunların yaradılması hüququ
birlikdən başqa heç kəsə verilə bilməz,
yaxud başqa yol olmadıqda birlik bunu ümumi razılıqla
kiməsə tapşıra bilər...
***
Dini birliyin məqsədi, artıq deyildiyi kimi, Allaha
birlikdə sitayiş etməkdən və bunun müqabilində
əbədi həyat əldə etməkdən ibarətdir.
Buna görə də bütün təlim
məhz bununla kifayətlənməli, kilsə qanunları bu
çərçivələrdə fəaliyyət göstərməlidir.
Bu birlikdə heç vaxt mülki nemətlərin, bəşəri
nemətlərin əldə olunmasından söhbət getmir və
gedə də bilməz; burada heç vaxt heç bir səbəblə
bağlı bütövlükdə mülki hökmdarın səlahiyyətinə
daxil olan zor tətbiq edilməməlidir...
Sən deyə bilərsən ki, əgər heç bir
məcburiyyət yoxdursa, kilsə qanunlarının təsir
qüvvəsini hansı sanksiya təmin edə bilər? Cavab verirəm: elə
şeylər ki, əgər onlar ürəyin dərinliklərində
özünə yer eləməyibsə və vicdanla tam
razılığa gəlməyibsə, onda formal sitayişin və
hörmətin heç bir əhəmiyyəti yoxdur, bu isə
o deməkdir ki, yolagətirmə, tövsiyə, məsləhət,
öyüd - bu birliyin üzvlərini öz borcları çərçivəsində
saxlamalı olan silah budur. Əgər bu vasitələr
günahkarları islah etməsə və yanılanları
haqq yoluna qaytarmasa, inadkarlıq edənləri və müqavimət
göstərənləri, düzəlmək ümidi
olmayanları birlikdən xaric edib qovmaqdan başqa bir şey
qalmır. Bu, hər hansı digər cəza tədbirinə
malik olmayan kilsə hakimiyyəti
zorakılığının yüksək və ifrat ifadəsidir,
bundan başqa, kəsilmiş bədən üzvünün bədənlə
əlaqəsi qırıldığı kimi, haqqında
hökm çıxarılmış adam
da daha bu kilsənin bir hissəsi deyildir.
***
Bunu müəyyən edərək sonra baxaq görək
dini dözümlülük qarşısında hər kəs
hansı öhdəlikləri daşıyır. Birincisi, mən bildirirəm
ki, heç bir kilsə, dini dözümlülük prinsipi əsasında
öyüdlərə baxmayaraq, daim birliyin qanunlarını
pozan bir adamı öz qoynunda saxlamağa borclu deyildir;
çünki əgər kiməsə cəzasızlıq
şəraitində qanunları pozmaq imkanı verilsə, onda
birlik məhv olacaqdır, ona görə ki, bu qanunlar birləşməni
şərtləndirən, həm də bərkidən yeganə
amildir. Lakin imkan verilməməlidir ki, kilsədən qovulma haqqında
qərar təhqiredici sözlər, yaxud zor hərəkətləri
ilə müşayiət olunsun...
İkincisi, heç bir şəxs başqasının
mülki nemətlərinə yalnız onun istəmədiyi din
və ayinlərdən imtina etdiyinə görə heç bir
halda təcavüz etməməli, yaxud ona ziyan
vurmamalıdır. Bu adamın bütün insani və
mülki hüquqları müqəddəscəsinə
gözlənilmə-lidir, çünki onların dinə dəxli
yoxdur - xristian, yaxud bütpərəst olmasından
asılı olmayaraq heç bir zora və qanunsuzluğa yol
verilməməlidir. Xeyirxahlıq və
insanpərvərlik borcu hüquqi yanaşmadan da üstün
olmalıdır. Bunu İncil buyurur, bunu
ağıl və bəşəriyyət arasında təbiət
tərəfindən bərqərar edilmiş ittifaq tələb
edir. Əgər kimsə haqq yolundan çəkilirsə,
bu, yalnız onun özünün bədbəxtliyidir, sənin
üçün isə heç bir zərər yetirə bilməz;
buradan da o, sənin tərəfindən təhqirlərə məruz
qalmamalıdır, yalnız sənin onun gələcək həyatının
puçluğuna inandığına görə bu
dünyanın nemətlərindən məhrum
olmamalıdır.
Din məsələlərində
bir-biriylə razılaşmayan fərdlərin
qarşılıqlı dini dözümlülüyü haqqında
dediklərimi ayrı-ayrı kilsələr haqqında da demək
istəyirəm. Bu kilsələr bir-birinə münasibətdə
müəyyən mənada fərdi şəxslərdir və
onlardan heç biri (hətta, məsələn, mülki
hökmdarın bu kilsəyə deyil, digərinə aid
olduğu halda da) digərinə münasibətdə heç
bir üstün hüquqa malik deyildir...
Bunu
nümunə ilə göstərmək üçün,
tutalım, Konstantinopolda iki kilsə mövcuddur: biri
remonstrantlara, digəri antiremonstrantlara məxsusdur. Kimsə deyə bilərmi ki, onlardan biri digərlərini
onunla razılaşmadıqlarına, başqa təlimə və
ayinlərə riayət etdiklərinə görə (başqa
yerlərdə gördüyümüz kimi) azadlıqdan məhrum,
yaxud əmlakını əlindən ala, sürgün edə,
yaxud ölümlə cəzalandıra bilər? Türk isə xristianların bir-birini necə
amansızlıqla və qəddarcasına
qırdıqlarına kənardan baxaraq sakitcə gülümsəyərdi.
Əgər bu kilsələrdən birinin digərini təqib
etmək üçün hakimiyyəti varsa, onda soruşmaq istəyirəm ki,
ikisindən hansı biri və hansı haqla? Əlbəttə,
mənə cavab verəcəklər ki, ortodokslar azmışlara, yəni
dönüklərə qarşı. Ancaq bu təmtəraqlı
və gözəl sözlər əslində heç nə
demək deyildir. İstənilən kilsə
özü üçün ortodoksal, başqaları
üçün dönükdür, ona görə ki, hər
biri inandıqlarına həqiqət, əks baxışlara isə
yanlışlıq kimi baxır. Beləliklə,
ehkamların həqiqiliyi, ayinlərin düzgünlüyü
haqqında mübahisələrdə hər iki kilsə eyni dəlillərə
əsaslanır və hökmdar düzgün hökm
çıxara bilmir, heç belə hökmdar nə
Konstantinopolda, nə də ümumiyyətlə, yer
üzündə var. Hökm yalnız bütün insanlar
üzərində məhkəmə quran Yeganə Ali
Hökmdarıa məxsusdur və yolunu azmışı
yalnız o özü günahlandıra bilər...
***
Ancaq təsəvvür
et ki, mülki hökmdar tərəflərdən
birinə rəğbət bəsləyir və öz
qılıncını ona verməyə hazırdır ki,
başqa cür inananları onun razılığı ilə
azad şəkildə təqib etsin. Məgər
kimsə deyə bilərmi ki, xristian kilsəsi türk
sultanından öz qardaşlarına qarşı hansısa
hüquq ala bilər? Kafir öz hakimiyyəti
ilə dini ehkamlara görə xristianları cəzalandıra,
bundan da başqa, hər hansı xristian birliyinə
özünün malik olmadığı elə hakimiyyəti və
hüququ verə bilməz. Təsəvvür et ki, xristian krallığında da vəziyyət
belədir. Mülki hakimiyyət hər yerdə
öz-özlüyündə qalır və kilsəyə
xristian hökmdarın dövründə bütpərəst
hökmdarın dövründəkindən çox və
ümumiyyətlə, heç bir iqtidar verə bilməz.
Yeri gəlmişkən, çox
maraqlıdır ki, haqqın bu cəsur xidmətçiləri,
yanlışlıqları dağıdanlar, parçalanmaya
dözümsüzlər bütün vücudları ilə
keçirdikləri dini yanğılarını, mülki
hökmdarın xeyir-dua verdiyi hallar istisna olmaqla, demək olar
ki, heç vaxt nümayiş etdirmirlər. Onlar
hökmdarın rəğbəti və yardımı ilə
güclənən kimi, sülh pozulur və insanpərvərlik
yox olur, bu yardım olmayanda isə qarşılıqlı
dözümlülüyə riayət etməyə məcbur
olurlar...
Üçüncüsü,
baxaq görək dini dözümlülük borcu, özlərinin
belə deməyi xoşladıqları kimi, xüsusi kilsə
funksiyalarına görə yerdə qalanlardan və icma
kütləsindən fərqlənənlərin - yepiskop,
keşiş, pastor, xuddam və b. (özlərini necə
adlandırmalarının fərqi yoxdur) qarşısında
hansı tələbləri qoyur... Mənşəyindən
asılı olmayaraq o, kilsə hakimiyyəti olduğuna görə
kilsə hüdudları ilə məhdudlaşdırılmalı
və heç bir halda mülki işlərə yaxın
buraxılmamalıdır, belə ki, kilsə özü tam və
qəti şəkildə dövlət işlərindən və
mülki işlərdən ayrılmışdır...
Davamı növbətı
sayımızda
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında səhifə nihazırladı: Elvin Əliyev
Zaman.-2015.-15 may.-S.13.