insanpərvərliyə və həlimliyə çağırış məktubu (3)

 

Əvvəli ötən sayımızda

 

Ruhani şəxslər üçün təkcə özlərinin zor, qarət və hər cür sıxışdırmalardan imtina etməsi kifayət deyildir; özünü apostolların varisi adlandıran və öyüd vermək yükünü üzərinə götürən hər bir kəs bununla öz şagirdlərini bütün insanlara münasibətdə sülhsevərliyə və xoşniyyətliliyə yönəltməli və hamını - sadə şəxsləri və dövlət hakimlərini (əgər belələri öz kilsələrinin üzvləri olsalar) insanpərvərliyə, həlimliyə, dözümlülüyə çağırmalıdır.

 

Qoy istənilən sektanın kilsə vaizləri başqalarının nöqsanlarını gücləri çatan dəlillərlə ifşa etsinlər və bu nöqsanlarla döyüşsünlər, ancaq adamların özünə rəhm etsinlər. Əgər inandırıcı dəlilləri kifayət qədər deyilsə, qoy onlar mövqelərinə uyğun gəlməyən və ruhani şəxslərə yaraşmayan digər sahələrdən götürülmüş vasitələrdən istifadə etməsinlər; qoy natiqliklərinə və alimliklərinə yardım üçün hökmdarın verdiyi baltanı götürməsinlər, qoy onların od və qılıncdan alovlanan istəyi həqiqətə məhəbbət izhar edərək hökmranlıq hərisliyində olduqlarını görməyə imkan verməsin...

 

Və nəhayət, hökmdarın dini dözümlülük işində rolunun nədən ibarət olduğunu nəzərdən keçirmək lazımdır. Onun rolu, şübhəsiz, çox böyükdür. Yuxarıda sübut etdik ki, ruh haqqında qayğı hökmdarın səlahiyyətinə aid deyildir. İnandırma, öyüd və nəsihətlər şəklində qayğıya gəldikdə isə, bu hüququ heç kəsin əlindən almaq olmaz. Beləliklə, öz ruhu haqqında qayğı hər kəsin özünə aiddir, o özü və yalnız özü ona qayğı göstərməlidir. Sən deyəcəksən ki, bəs o öz ruhu haqqında düşünmürsə necə olsun? Cavab verirəm: bəs o öz sağlamlığının qayğısına qalmırsa necə olsun? Yaxud öz əmlakının?  Axı sonuncu daha çox hökmdarın səlahiyyətinə daxildir. Bəlkə hökmdar xüsusi fərmanla yoxsul, yaxud xəstə olmağı qadağan etsin? Qanunlar təbəələrin əmlakını və sağlamlığını başqalarının təcavüzündən, yaxud fırıldağından mümkün qədər qorumağa çalışır, lakin laqeydlik və israfçılıq olan yerdə heç nə edə bilmir. Heç kəsi onun iradəsinin əksinə varlı, yaxud sağlam olmağa məcbur etmək olmaz. Özü xilas olmaq istəməyəni Allah xilas etməz. Buna baxmayaraq təsəvvür et ki, hökmdar öz təbəələrini varlanmağa və öz sağlamlığının qayğısına qalmağa məcbur etmək istəyir; məgər bu halda qanunla müəyyən ediləcəkdir ki, məsləhət üçün yalnız Roma həkimlərinə müraciət edilməli və hər kəs yalnız onların göstərişlərinə əməl etməlidir?  Doğrudanmı Cenevrə aptekindən alınmış dərmandan, yaxud Vatikanda hazırlanmış qidadan başqa digərini qəbul etməyə icazə verilməyəcəkdir?

 

Hər kəsin öz ağlı, mülahizəsi, düşüncəsi, müstəqil fikri ilə əldə etməli olduğunu hansısa bir nəfərin ixtiyarına verməsi düzgün deyil, guya o bu imtiyaza öz mövqeyinə görə malikdir. Hökmdarlar anadan olandan başqalarına nisbətən daha çox hakimiyyətə malik olurlar, lakin təbiətlərinə görə onlar başqa Allah bəndələriylə bərabərdir və nə hökmranlıq hüququ, nə də təcrübəsi yerdə qalan hər şeyi, xüsusilə də həqiqi dini şəksiz bilmələri deməkdir.

 

Ola bilər, sən deyərsən ki, mülki hökmdara deyil, kilsəyə din haqqında son fikri söyləmək hüququ verilir və buna hamı əməl etməlidir. Mülki hökmdar hamıdan kilsənin müəyyənləşdirdiyinə riayət etməyi tələb edir və öz hakimiyyəti ilə heç kəsə dini işlərdə kilsənin öyrətdiyi kimi deyil, başqa cür hərəkət etməyə və inamını dəyişməyə imkan vermir. Cavab verirəm: kim bilmir ki, kilsənin apostollar dövründə hörmətlə çəkilən adından sonralar çox vaxt görünüş yaratmaq üçün pərdə kimi istifadə olunurdu? Hər halda, burada o mənə heç nə ilə kömək edə bilməz. Mən təkrar edirəm ki, göylərə qalxan bu yeganə və dar cığırı hökmdar heç də adi adamlardan yaxşı tanımır, ona görə də mən yolu məndən heç də yaxşı tanımayan və hər halda, xilasım haqqında mənim özümdən daha az narahat olan bələdçinin arxasınca arxayın gedə bilmərəm. Yəhudi xalqının çoxlu şahı içərisində elələri azmı olmuşdur ki, onların ardınca gedən israilli həqiqi Allah ibadətindən azsın, dönüb bütpərəst olsun, kor-koranə itaətlə özünü ölümə düçar eləsin? Sən isə, əksinə, məni narahat olmamağa çağırırsan, deyirsən ki, hər şey yaxşıdır, çünki hökmdar xalqı öz qoyduğu qanunlara deyil, dini işlərdə kilsə qanunlarına riayət etməyə çağırır və bununla kilsə qanunlarını dövlət sanksiyası ilə təsdiqləyir. Onda mən səndən soruşuram, hansı kilsənin qanunlarını? Əlbəttə, hökmdara sərfəli olan kilsənin.

 

Bununla belə, düzünə qalsa, əgər qərarlar yazmaqla məşğul olan mövhumatçılar şurasını kilsə adlandırmaq olarsa, onda çox vaxt saray kilsəyə deyil, kilsə saraya daha tez uyğunlaşır. Kilsənin vəziyyətinin mömin hökmdarın vaxtında və sonralar arianalı hökmdarın vaxtında necə olduğu yaxşı məlumdur. Əgər bunlar bizdən çox uzaqdırsa, onda İngiltərə tarixi bizə daha təzə nümunələr verir. Henrix, Eduard, Mariya və Yelizavetanın vaxtlarında kilsə xadimləri ustalıqla öz qanunlarını, din rəmzlərini, ümumiyyətlə, hər şeyi hökmdarın iradəsinə uyğunlaşdırırdılar: axı bu hökmdarlar din işlərində o qədər əks baxışları müdafiə edir, o qədər ziddiyyətli fərmanlar verirdilər ki, ağlı başında olan (az qalmışdı allahsız deyəm) heç kəs deyə bilməzdi ki, haqq Allaha ehtiram bəsləyən hər hansı namuslu adam təmiz vicdanla onların dinə dair qərarlarına tabe ola bilərdi. Bundan artıq nə deyəsən?..

 

Beləliklə, nəhayət, qarşımızda dini işlərdə yad hökmranlığa təbəəlikdən azad insanlar dayanıblar. Onlar necə hərəkət edəcəklər? Allaha birlikdə ibadət etməyin lüzumunu hamı bilir və qəbul edir. Onda bəs bizi niyə yığıncaqlara məcburən toplayırlar? Bu cür azadlıq əldə etmiş adamlar kilsə birliyinə daxil olmağa ehtiyac hiss edirlər ki, yalnız qarşılıqlı quruculuq işi üçün deyil, bütün xalqın qarşısında Allaha necə ehtiram etdiklərini, onu necə şərəfləndirdiklərini təsdiqləmək üçün,  nəhayət, təlimin saflığı, həyatın ülviliyi, ayinlərin sadəliyi və ləyaqəti ilə başqalarında dinə və həqiqətə məhəbbət oyatmaq və ümumiyyətlə, təklikdə edilə bilməyənləri birlikdə həyata keçirmək üçün bir yerə yığışırlar.

 

Bu cür dini birlikləri mən kilsə adlandırır və hesab edirəm ki, onlara münasibətdə hökmdar dözümlülük göstərməlidir, çünki bu cür yığıncaqlara toplaşan xalq hər kəsin ayrılıqda etməli olduğu işi birlikdə yerinə yetirir, yəni ruhunun xilas olması qayğısına qalır və burada saray kilsəsi ilə ondan fərqli digər kilsələr arasında heç bir ayrılıq yoxdur...”

 

Göründüyü kimi, Lokk burada yalnız kilsədən danışır. Bəlkə də bu məktubu oxuyandan sonra İslamın adının çəkilməməsini çətin həzm edənlər də olacaq. Ancaq burada da köməyimizə tolerantlıq gələ bilər. Əslində Con Lokk xristianlıqdan bəhs etsə də muxtəlif dinlərin qarşılıqlı dözümlülük nümunəsi olmaqdan danışır. Bu məktubdakı xristian ifadəsini çıxarıb yerinə İslam, kilsənin yerinə məscid ifadəsini qoysan heç nə dəyişməyəcək. Bu, inancın əsasıdır. İnancından, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsə Allahın bəndəsi kimi yanaşmaq Allaha olan imanın göstəricisidir. Tolerant olmadan Allaha imanın kamil olması mümkünsüz görünür. Yəni bu məktubda əsas olan Con Lokkun hansı dini misal gətirməsi deyil, insanpərvərliyə, həlimliyə, dözümlülüyə çağırışdır.

 

İnsan ürəyi ilə inanmalı, inandıqlarını vicdanı ilə razılaşdırmalıdır. Yalnız bu halda o pzü ilə eyni inanca sahib olmayanları qəbul edə bilər. Con Lokk da məhz bunu deyir: “O şeylər ki, ürəyin dərinliklərində özünə yer eləməyib və vicdanla tam razılığa gəlməyibsə, onda formal sitayişin və hörmətin heç bir əhəmiyyəti yoxdur, bu isə o deməkdir ki, yolagətirmə, tövsiyə, məsləhət, öyüd - bu birliyin üzvlərini öz borcları çərçivəsində saxlamalı olan silah budur”.

 

Bu ifadələrə Volterə məxsus “Dediklərinizlə razı deyiləm, amma mən sizin öz fikirlərinizi ifadə etmək hüququnuzu qorumaq üçün canımı da verərəm” deyimini də əlavə etsək tolerantlığın ehtiva dairəsini tam cızmış olarıq.

 

Tolerantlıq təkcə müasir mədəniyyətin zəruri tərkib hissəsi deyil, həm də polietnik dünyamızın doğurduğu təhlükələrə adekvat cavab verə biləcək unversal bəşəri dəyərdir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev

 

Zaman.-2015.-16 may.-S.13.