Müqəddəs dəyərlərə
hörmət
Hörmət görmək istəyən hörmət
etməyi öyrənməlidir. Öz dəyərlərini
sevən, qoruyan bir toplum, bir
xalq başqalarının
dəyərlərinə münasibətdə
haqsızlıq etməməlidir.
Təəssüf ki, bu gün cürbəcür xoşagəlməz hadisələrlə
qarşılaşırıq. İnsanın bilmədiyi bir
sahədə yerli-yersiz
danışması əsla
doğru hərəkət
deyil. Məsələn,
fəlsəfə təhsili
olmayan bir adam fəlsəfi
bir axını tənqid etməklə, yıxıb sürüməklə
həm özünü
gülünc vəziyyətə
salar, həm də elmə və elmi kriterilərə
hörmətsizlik etmiş
olar. Ola bisin,
siz də Quranın dəyişməz
kriterilər süzgəcindən
keçməmiş əksər
fəlsəfi düşüncəni
qəbul etmir, ona yanlış fikirlər kimi baxırsınız. Ancaq
siz bir fəlsəfə
kitabı oxumadan, heç olmasa, tənqid etdiyiniz fəlsəfi axını
araşdırmadan təhqiramiz
mühakimə yürütsəniz,
özünüzü gülünc
vəziyyətə salmaqdan
başqa bir iş görməzsiniz. Eyni şəkildə musiqi ilə heç bir əlaqəsi olmayan bir insanın durub “məqamlar” barədə kor-koranə söz deməsi, əsl “müsiqişünas”
kimi fikir bildirməsi gülünc alınır. Həmçinin jurnalistikadan başı
çıxmayan bir adamın bu sahə haqda danışması, fikir irəli sürməsi, kimlərisə ittiham etməsi həm jurnalistikaya, həm də bu peşə
ilə məşğul
olanlara hörmətsizlikdir.
Halbuki, bütün bunlar böyük zəhmət və əmək nəticəsində qazanılan
ixtisaslardır.
Ancaq bir də görürsən
ki, Quran və Sünnədən anlayışı
olmayan, bəşər
tarixində nəhəng
mütərəqqi addımlar
atan, eyni zamanda (hicri) beşinci əsrədək
geniş bir coğrafiyada ağlasığmaz
intibaha səbəb olan bu dindən
bixəbər bir insan durub bu
dini və mənsubları haqda yerli-yersiz danışır,
adını da “söz azadlığı”
qoyur. Halbuki, bir insanın
bilmədiyi məsələlərdən
danışması həm
sözügedən sahəyə,
həm həmin adamın özünə,
həm ağla, məntiqə, mühakiməyə,
həm də vicdana hörmətsizlikdir.
Bu hörmətsizliyi edən
adam da
gərək qarşı
tərəfin hissə
qapılıb verdiyi cavaba “ah-uf” etməsin, yersiz danışmasın. Çünki birinci nalayiq söz deyən, sataşan odur. Sataşdığı insanlar isə
dörd-beş milyardlıq
böyük bir kütlədir. Belə böyük
bir kütlənin içindən, təbii ki, hissə qapılanlar çıxmamış
olmayacaq.
Digər tərəfdən inanan insanlar olaraq biz də söz, hərəkət və davranışlarımızı sahmanlamalı, söz demədən əvvəl
bunun gedib hara çıxacağını,
nə ilə nətcələnəcəyini götür-qoy etməli, qəlbimizin ən məhrəm guşəsinə
aid məsələləri dərhal dilə gətirməməliyik. Bəli, danışarkən
unutmamalıyıq ki,
ağzımızdan çıxan
sözləri pis tinətli insanlar yanlış yerlərə
yoza bilər. Yoxsa öz əllərimizlə
öz evimizi yıxmış olarıq.
Qurani-Kərim buyurur: “Onların
Allahdan başqa tapındıqları tanrılara
həqarət etməyin.
Yoxsa onlar da cahillik edib
Allaha həqarət edərlər”(”Ənam” surəsi, 6\108). Bəli, siz xalqın Latına, Mənatına, Uzzasına, İsafına,
Nailəsinə söysəniz,
onlar da sizin müqəddəs dəyərlərinizə söyərlər.
Halbuki nə Kitabda, nə Sünnədə, nə də saleh sələflərimizin
ictihadlarında “bütpərəstlərin
bütlərinə söyün”
şəklində əmr
və ya tövsiyəyə rast gəlmirik. Siz həmişə həqiqəti
çatdırmalısınız; tövhidi səsləndirməli,
daim ondan söz açmalısınız,
bu, başqa məsələ... Amma möminin
İslamiyyətdə bir
qiyməti olmayan şeyləri gözdən
salmaq, təhqir etmək kimi bir vəzifəsi yoxdur. Kaş həmişə Quran və
Sünnənin kriterilərinə
uyğun deyiləsi sözləri deyəydik, yazılasını yaza, görüləsini görəydik!
Zira hissi boşluqlardan meydana çıxan bəzi hərəkət və davranışların
nəticəsi bizə
baha başa gəlir.
Bildiyiniz kimi, yaxın tarixdə Uca Kitabımız Qurani-Kərimə
bir yerdə həqarət etdilər. Bu həqarətin “cavabında”
kilsələrə hücum
edildi, binalara ziyan vuruldu. Şübhəsiz ki, Quranı
təhqir axmaqlıqdır,
ədəbsizlikdir. Ancaq buna
kilsələri dağıtmaqla
cavab vermək də ayrı bir yanlışlıqdır.
Bu səbəbdən kim olur-olsun, insan qarşı tərəfi rəncidə
və təhrik etmədən əvvəl,
bunun hara gedib çıxacağını
yüz ölçüb
bir biçməli, ancaq ondan sonra
nə deməlidirsə,
deməli, hansı işi görməlidirsə,
görməlidir. Hörmətsizlik görən insanlar buna qanun çərçivəsində
münasibət bildirməli,
elmi, hüquqi imkanlardan faydalanaraq bu çirkinliyi aradan qaldırmağa çalışmalı, öz
yoluna sadiq qalmalı və üslubda xətaya yol verməməlidir.
Bəli,
bu cür hücumlara mədəni bir insan kimi
cavab verməlidir.
Yoxsa yanlış hərəkət
edib sonra ah-uf eləməyin bir faydası olmaz.
Kaş müqəddəs dəyərlərə
hörmət məsələsində
beynəlxalq uzlaşma
mümkün olaydı!
Bəzi səlahiyyətli qurumlara səsimi çatdırmağa
çalışdım, amma
deyəsən, dərdimi
çatdıra bilmədim.
Düşüncə və söz
azadlığı müasir
dünyada ən çox müzakirə olunan və aktuallıq kəsb edən məsələlərdəndir.
Ancaq təəssüf
ki, bəzi kəsimlər müəyyən
sahələrdə təhqir
və həqarəti
“nifrət cinayətləri”
saydıqları halda,
dini, müqəddəs
dəyərlərə həqarəti
fikir və söz azadlığı hesab edirlər. Əslində dünyada əmin-amanlığın
timsalı olan həqiqi bir mömin heç vaxt oturduğu yerdə kiminsə əleyhinə söz danışmaz, qaldı ki, kiməsə sataşmaq, kimisə təhqir etmək niyyəti olsun. Ancaq düşüncə və
söz azadlığına
bəzi sahələrdə
çərçivə müəyyən
edilməsi, bəzi sahələrdə isə
tam sərbəstlik verilməsi
açıq-aşkar ikili
standart, bir paradoksdur. Bu da inanan insanları
dərindən rəncidə
edir.
Xülasə, bu gün müqəddəs
dəyərlərə hörmət
düşüncəsini bütün
insanlığa mənimsətmək
və hər kəsdə bu hissi oyatmaq mühüm
əhəmiyyət kəsb
edir. Bu məsələ artıq bütün millətlərin üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən
möhkəm, sarsılmaz
əsaslarla qanuniləşdirilməlidir.
Kaş bütün bəşəriyyət bu
məsələdə ortaq
məxrəcə gələ!
Kaş hər kəs öz həddini bilə! Çünki müqəddəs dəyərlərə hörmət
prinsipinə riayət
edilməsə - ki, bu, sülh və
əmin-aman şəraitdə
birgəyaşayışın əsas şərtlərindən
biridir - get-gedə kiçilən müasir dünyada bu kimi məsələlərdən
qaynaqlanan problemlər
daha qorxunc nəticələr doğruracaq.
Bu gün müşahidə
elədiyimiz bir həqiqət var ki, bəzi qara
qüvvələr bizim
əxlaqımızın əsas
qaynağı olan uca dinimizi gözdən
salmaq üçün
hər cür cünayətə, haqsızlığa
əl atmaqdan çəkinmirlər. Halbuki, bütün səmavi dinlərin təməlində
tolerantlıq var, qarşı tərəfi anlamaq var, əlini
xəyir üçün,
yardım etmək üçün uzatmaq
var. Bir həqiqəti
də unutmamalıyıq
ki, dinin sahibi biz deyilik, onu göndərən
Allah-Təaladır. Biz
Allah-Təalanın mülkü
olan dini istədiyimiz kimi dəyişiriksə, başqalarını
alçaltmaq üçün
vasitə halına gətiririksə, öz maraqlarımıza uyğun
hala salmaq istəyiriksə, o dinin sahibi də bunun hesabını bizdən soruşar və layiq olduğumuz
qarşılığı da verər.
Bizim borcumuz dürüst davranmaqdır, kimsəyə haqsızlıq etməməkdir, öz dəyərlərini sevmək, qorumaq, onları həyatımıza daşımaqdır. Və bütün bunlarla yanaşı başqalarına qarşı da hörmətlə davranmaqdır. Çünki toplumu inşa edən onun dəyərlərdir. İnsan dəyərləri üğrunda hər cür cəfaya qatlanan varlıqdır, yəni təəssübkeşdir. Haqlı da olsan, sən birisinin dəyərlərini təhqir etsən, əmin ol ki, o da eyni münasibəti sənin dəyərlərinə qarşı göstərəcək. Ona görə də öz dəyərlərinə hörmət edən başqalarının dəyərlərinə toxunmamalıdır. Vəssalam.
Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Əli Çərkəzoğlu
Zaman.-2015.-4 noyabr.-S.13.