“Belə getsə, elə nəzərdə
tutula-tutula qalacağam”
QVAMI MƏHƏBBƏTOĞLU,
Bu günlərdə adətim
üzrə tanışlarımla sənət adamları barədə
söhbət edirdim. Handan-hana Əfqan adlı
bir tanışım tanınmış tarzən, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı
Teatrının instrumental ansamblının sabiq konsertmeysteri
Əbülfət Məmmədrəhimovun ağır xəstə
olduğunu söylədi. Ertəsi gün
Əbülfət müəllimi yoluxmaq məqsədilə
onun kirayənişin qaldığı mənzilə gəldik.
...
Əbülfət müəllim bizi, yəni gözlənilməz
qonaqları görən kimi: “Gəlişinizi gözləmirdim”,
- deyərək yorğan-döşəkdən qalxmaq istədi.
Ona mane olmaq istədik: “Elə belə də söhbətləşərik”,
- dedik. O, təklifimizlə razılaşmadı. Oğlu Pərvinin
köməyi ilə stol arxasına
keçən Əbülfət kişi ondan müsahibə
almaq niyyətində olduğumuzu biləndə heç bir əsas
gətirmədən buna etiraz etdi. Lakin
inadkarlığımız qarşısında az
sonra yumşaldı.
- Əbülfət müəllim,
sözün düzü, bilmirik, adınızın
qarşısında hansısa rəsmi titul var, yoxsa yox?
- 63
yaşım var. 40 ildən çoxdur ki, sənət aləmindəyəm,
daha doğrusu, professional səhnədəyəm. Lakin indiyədək
nəinki Əməkdar artist adına,
heç bir fəxri ada belə layiq görülməmişəm.
Sözün düzü, əvvəllər
heç rəsmi adlar barədə düşünməzdim.
Deyirdim, əşi, hamı məni sənətkar
kimi tanıyır, elə bu ad bəsimdir. Lakin
sənət aləmində hələ öz sözünü
deməmiş neçə-neçə uşaq-muşağa
belə adlar veriləndə və onlardan bəziləri bu barədə
təşəxxüslə danışanda başa
düşdüm ki, yox, rəsmi ad da lazımmış.
Vallah, nə gizlədim, son vaxtlar bu barədə
düşünəndə halım istər-istəməz dəyişir.
- Bununla bağlı təqdimatınız,
müraciətiniz olubmu?
- Əlbəttə, olub. Özü də dəfələrlə.
Mədəniyyət və Turizm Nazirliyindən
ünvanıma gələn bir məktubda mənə rəsmi
ad veriləcəyinin nəzərdə tutulduğu bildirilib.
Amma o vaxtdan on ildən çox keçməsinə
baxmayaraq, hələ bir nəticə hasil olmayıb. Yeri
gəlmişkən, Heydər Əliyev Sarayında Xalq artisti
Mirzə Babayevin 100 illiyi ilə bağlı keçirilmiş
tədbirdə mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev mənimlə söhbətində
bu il mənə ad veriləcəyini (söhbət 2013-cü
ildən gedir) bir daha xatırladıb. Amma onun vədindən
sonra neçə dəfə təqdimat oldu. Mən isə hələ də onların nəzərində
qaldım.
- Ondan
sonra sizə heç bir məlumat verilmədi?
- Yox,
görünür, belə getsə, elə nəzərdə
tutula-tutula qalacağam.
- Amma
Əbülfət müəllim, eşitdiyimə görə bəzən
sizi Xalq artisti kimi təqdim edirlər...
- Mənim
fikrimcə, xalq tərəfindən sevilən hər bir sənətkarın
belə təqdim olunması təbiidir. Daha
doğrusu, haqqıdır. Doğrudur, belə
hallarda buna etiraz edirəm. Hə, yadıma
düşmüşkən, bununla bağlı sizə bir əhvalat
danışım. Rəşid Behbudov adına
Dövlət Mahnı Teatrı Türkmənistanda
çıxış edərkən ansamblın solisti, Xalq
artisti, xətrini dünyalar qədər istədiyim
Gülyanaq Məmmədova məni tamaşaçılara Xalq
artisti kimi təqdim etdi. Mən də konsertdən sonra
Gülyanaq xanıma zarafatla dedim ki, mənə bu adı nə
zaman verdilər ki, xəbərim belə olmadı. O da dedi ki,
o ada layiq olanlara başqa cür müraciət etmək istəmirəm.
Hətta eşitdiyimə görə, bu ad məsələmlə
bağlı sənətimin xiridarları da müvafiq qurumlara
öz sözlərini deyiblər.
“Əgər
çatdırılsaydı...”
- Yəqin, bununla bağlı ölkə
başçısına da müraciət etmək fikriniz var?
- Mən
artıq Prezidentimiz İlham Əliyevə müraciət
göndərmişəm. Lakin hələ ki bir
cavab almamışam. Mənə elə gəlir
ki, müraciətim cənab Prezidentə
çatdırılmayıb. Əgər
çatdırılsaydı, mədəniyyət və incəsənət
işçilərinə hər zaman öz diqqət və
qayğısı ilə seçilən ölkəmizin
başçısı mənim məsələmi çoxdan
həll edərdi. Görünür, yenidən
bir müraciət göndərməli olacağam. Mehriban
xanıma da müraciət etmək fikrim var... Yeri
gəlmişkən, mən ulu öndər Heydər
Əliyevin iştirakı ilə keçirilən bir sıra tədbirlərdə
iştirak etmişəm. İndiki kimi
yadımdadır. 2001-ci ildə “Gülüstan”
sarayındakı tədbirdən sonra Heydər Əliyev R.
Behbudov adına Azərbaycan Dövlət
Mahnı Teatrının instrumental ansamblının üzvləri
ilə görüşdü və bizim
çıxışımızdan məmnun olduğunu
söylədi. Rusiya prezidenti Vladimir Putin də
onunla idi. Ulu öndər ona bizim ansambl barədə
qısa məlumat verməklə yanaşı, Gülyanaq və
Gülyaz Məmmədova bacılarını göstərərək:
“Bu iki bacıdan bir daha olmayacaq”, - dedi. Heydər
Əliyev bu iki bacının səslərinin vurğunu idi.
- Bəs İlham Əliyevlə necə,
yaxından görüşmək sizə nəsib olubmu?
- İlham Əliyev prezident seçiləndən sonra
onunla görüşmək mənə nəsib olmayıb. Amma buna qədər
bir dəfə onunla görüşmüşəm. Bunun da maraqlı bir tarixçəsi var. Strasburqda
Heydər Əliyevin iştirakı ilə Azərbaycanın
Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv qəbul
edilməsinə həsr olunmuş tədbir keçirilirdi.
Nümayəndə heyətinin tərkibində
İlham Əliyev də vardı. Həmin
tədbirdə bizim ansambl da iştirak edirdi. Bütün
bunları deməkdə sözümün canı var... Bir gün mən AŞPA-nın yerləşdiyi
binanın ərazisində gəzərkən İlham
Əliyevlə rastlaşdım. O, əlini çiynimə
qoyub: “Buranın ərazisi böyükdür, azarsan”, - deyərək
məni məskunlaşdığımız yerə qədər
ötürdü. Bu yerdə bir məsələni
də xatırlatmaq istəyirəm. Mən
indiyədək ansamblların tərkibində bir musiqiçi
kimi dünyanın 15-ə yaxın ölkəsində
respublikamızı təmsil etmişəm.
“Hər dəfə
Ələfsəri dinləyəndə”
-
Əbülfət müəllim, eşitdiyimizə görə
siz tardan başqa digər simli alətlərin də sirlərinə
bələdsiniz...
- Hə,
elədir. Sazı, udu, gitaranı dillənidirirəm.
Bəzən ansamblda bu alətlərdə ifa edənlər
tədbirlərə qatılmayanda onları əvəz
etmişəm. Bunlardan başqa, qarmon,
nağara, qoşa nağaranın da sirlərindən agaham.
Onu da deyim ki, mən hələ kiçik
yaşlarımdan nağara çalmağı öyrənmişəm,
özü də müəllim yanına getmədən. Hətta toylara da gedərdim. Daha
sonra qarmona meyl salmışam. Buna da səbəb
o zamanlar bu musiqi alətinin ən yaxşı
ifaçısı Aftandil İsrafilov olub (Tale elə gətirdi
ki, sonradan o, məni filarmoniyaya dəvət etdi). Yəni o, qarmonu dilləndirəndə yaman təsirlənirdim.
Bu sevgimdən halı olan atam mənə Moskvadan qarmon da gətirdi
(Yeri gəlmişkən, rəhmətlik atam Yaqub kişi musiqini çox sevərdi). Bu musiqi alətini də sərbəst öyrəndim.
Lakin sonradan nə sirr idisə (hələ də bu mənə
sirr olaraq qalır) birdən-birə könlümə tar
düşdü və Şəki Şəhər Uşaq
Musiqi Məktəbində Nüsrət Mikayılovun sinfində
bu alətin sirlərini öyrənməyə başladım.
Daha sonra Şəki Şəhər Orta
İxtisas Musiqi Məktəbində təhsilimi davam
etdirmişəm. 1980-ci ildə isə Üzeyir Hacıbəyov
adına Azərbaycan Dövlət
Konservatoriyasının xalq çalğı alətləri
fakültəsində tarın daha incə sirlərini öyrənmişəm.
Burada isə müəllimim Xalq artisti Ramiz
Quliyev olub.
- Bəs musiqi aləmini seçməyininzdə
hansısa bir qüvvənin rolu olubmu?
- Mənim
əmim Şəkili Ələfsər (Rəhimov Ələfsər
Allahverdi oğlu) respubika miqyasında tanınmış zurna
ifaçısı olub. (Yeri gəlmişkən
o, zurna alətinə yenilik edərək, ona səkkizinci dəliyi
açmaqla bu alətin imkanlarını artırıb, daha
gözəl səslənməsinə nail olub). Xalq
şairimiz Bəxtiyar Vahabzadə bu istedadlı ifaçı
haqqında deyib: “Mən hər dəfə Ələfsəri
dinləyəndə ayaqlarım yerindən üzülür,
xalqımın keçdiyi min illik yollarından keçir,
tariximizə - ulu babalarımızın ruhuna qovuşuram”. Məhz o, mənim bir musiqiçi kimi yetişməyimdə
çox zəhmət çəkib. Nə
yazıq ki, o, məni tez tərk etdi. Onun
ölümü məni, sözün həqiqi mənasında,
sarsıtdı.
“Əmimin
rolu danılmazdır...”
- Bir tarzən kimi hansı məktəblərdə
çalışmısınız?
-
Muğam Mərkəzində, Rəşid Behbudov adına
Dövlət Mahnı Teatrında çalışmaqla
yanaşı, A. Zeynallı adına Musiqi Kollecində, 6
saylı İncəsənət Məktəbində tar
ixtisası üzrə müəllim vəzifəsində
çalışmışam. Onu da deyim ki, mən hələ
Azərbaycan Dövlət Konservatoriyasını bitirən ili bu mədəniyyət ocağında
çalışa bilərdim. Lakin... Gəlsənə
bu barədə ətraflı danışmayım?
- Niyə ki, sirdir məgər?
- Yox. Deməli, belə. Konservatoriyada təhsilimi
başa vurandan sonra bu təhsil ocağının rektoru Elmira
Abbasova mənə dedi ki, bəs istəyirəm sən burada
pedaqoq kimi fəaliyyətini davam etdirəsən (Mən 5 il konservatoriyanın orkestrinin konsertmeysteri
olmuşam). Amma onun ətrafındakılar
(adlarını çəkmək istəmirəm) buna imkan
vermədilər. Nəticədə mənim
təyinatımı Şəkiyə verdilər. Əbəs yerə demirlər ki, paxıllıq sanki
bizim boyumuza biçilib. Bu yerdə bir məqamı da
vurğulamaq istəyirəm: 1990-cı illərin əvvəlində
tanınmış bəstəkar Süleyman Ələsgərov
məni konservatoriyaya müəllim kimi dəvət etdi. Lakin işlərimin çoxluğundan bir ildən
sonra oranı tərk etməli oldum.
- Dünya miqyasında
tanınmış sənətkarımız Rəşid
Behbudovla tanışlığınız var idi?
- Yox,
mahnılarına sevə-sevə qulaq asdığım o
kişini görməmişəm. Mən Rəşid
müəllimin yaratdığı kollektivə onun vəfatından
təxminən ay yarım sonra dəvət olunmuşam. Bu kollektivə də mənim namizədliyimi
pianoçu Oqtay İsmayılov və qarmonçalan Kamil Vəzirov
vermişdilər. Amma sən demə, bundan
əvvəl də, daha doğrusu, 1983-cü ildə məni bu
kollektivə dəvət ediblərmiş. Lakin
əmim Ələfsər (o da bu kollektivin üzvü olub) bu
barədə mənə heç nə deməmişdi.
Sonradan bu məsələnin üstü açılanda əmim
dedi ki, bəs, ay bala, sən dörd bacının bir qardaşısan,
istəmədim ki, rayonu tərk edəsən. Dediyinə
görə, atam da razılıq verməyibmiş. Amma yenə deyirəm, mənim bir ustad sənətkar
kimi yetişməyimdə əmimin rolu danılmazdır.
“Elçin
Cəlilovdan danışmaya bilmərəm”
- Əbülfət müəllim,
mahnı bəstələmisiniz?
- Yox, mənim
fikrimcə, hər adam öz işi ilə
məşğul olsa, yaxşdır.
- Hərdən tək qalanda hansı
mahnını səsləndirirsiniz?
-
“Çahargah”ı... Bilmirəm, bilirsiniz, ya yox,
“Çahargah”da heç bir yalvarış, sızıltı və
inilti motivləri yoxdur. Bu muğam
üsyandır. Hərdən Sərvər İbrahimov,
Əhsən Dadaşov, Hacı Məmmədov, Ramiz Quliyevin
ifalarına da qulaq asmaqla təkliyi yola verirəm... Hə, bir də Gülyanaq və Gülyaz Məmmədova
bacılarının oxuduqları hər bir mahnı ruhumu
oxşayır. Mən bu bacıları lap
balacalıqlarından tanıyıram. Bir
zamanlar çəkiliş üçün birgə Bakıya
gələrdik. İndiyədək
yadımdadır, balaca olduğuqlarına görə yol boyu əmim
də, mən də onlara qayğı göstərərdik.
Bu bacılarla münasibətim indi də
yaxşıdır. Sağ olsunlar, məni də öz tədbirlərinə
dəvət edirlər. Amma qoy bir söz deyim, yəqin,
bacılar məndən inciməzlər. Müşahidələrimə
əsasən deyə bilərəm ki, Gülyazla müqayisədə
Gülyanaq hər cür auditoriyanı tez ələ
almağı bacarır.
- Təbii
ki, hər insanın yaxın dostları olur...
-
Dostlarım, tanışlarım çoxdur. Onların
adlarını çəksəm, qorxuram ki, hansınınsa
adını unudum. Amma müğənni
Elçin Cəlilovdan (Allah rəhmət eləsin!)
danışmaya bilmərəm. Onunla o qədər baməzə
işlərimiz olum ki... Qoy birini deyim. Bir dəfə Fransada qastrolda idik. Bizim qaldığımız otelin birinci mərtəbəsində
parfümeriya mağazası vardı. Oranın
salonunda prob üçün müxtəlif ətirlər
qoyulmuşdu. Deməli, biz hər dəfə
yuyunandan sonra liftlə mağazaya düşüb həmin ətirlərdən
üz-gözümüzə vururduq. Beləcə,
3-4 gün keçdi. Növbəti dəfə
ora girəndə həmin o prob üçün qoyulmuş ətirləri
görmədik. Sən demə, məhz bizə
görə onları
yığışdırıblarmış.
“Xaricdə
müalicəmə ehtiyac var”
- Əbülfət müəllim,
bugünkü Azərbaycan musiqisi barədə nə deyə
bilərsiniz?
- Bəri
başdan deyim ki, çox hörmətli Mehriban xanım
Əliyevanın sayəsində bu gün muğamımız
özünün ən xoş günlərini yaşayır. Lakin bu sözləri musiqimizin digər sahələri
barədə deyə bilmərəm. Bu
gün bizdə şou baş alıb gedir. Fikrimcə, bu heç də yaxşı hal deyil.
İmkanım olsaydı, şounu bütün
telekanallardan yığışdırardım.
- Yəqin oğlunuz da sizin sənətinizi
davam etdirir?
- Tara,
saza marağı var, amma o, Asəf Zeynallı adına
Musiqi Kollecinin vokal şöbəsini bitirib.
- Onun ifasından
razısınızmı?
- O hələ
ki, professional deyil...
- Əbülfət müəllim,
xəstəliyiniz barədə məlumatı olan sənət
adamları sizi ziyarət edirlərmi?
- Hə, sağ olsunlar... Amma fikrimcə, Mədəniyyət və Turizm Nazirliyinin mənim vəziyyətimdən xəbəri yoxdur. Amma sağ olsun Səhiyyə Nazirliyi. Mənim vəziyyətimlə mütəmadi maraqlanırlar. Görülən tədbirlərə baxmayaraq, özümü hələ də yaxşı hiss etmirəm. Xarici ölkələrin birində müalicəmi davam etdirməyi məsləhət görürlər. Lakin buna mənim imkanım yoxdur. Ümidim imkanları şəxslərə qalıb. Onu da deyim ki, Rəşid Behbudov adına Mahnı Teatrının ansamblı buraxıldıqdan sonra işsizəm... Vəziyyətimlə əlaqədar artıq neçə aydır ki, tədbirlərə da qatıla bilmirəm. Özüm də kirayədə yaşayıram...
Qvami Məhəbbətoğlu
Zaman.-2015.-4 noyabr.-S.9.