İnsan hüquq və
azadlıqlarının təmin edilməsinin əsas istiqamətləri
Demokratik
dövlətlərdə insan hüquq və azadlıqlarının
müdafiəsinin bir çox
istiqamətləri mövcuddur. Tədqiqatların
bu məsələ ilə bağlı
yanaşmaları müxtəlifdir.
M.V.Baqlay hüquq və azadlıqların konstitusion təminatlarını nəzərdən keçirir və onların təsnifatının aşağıdakı kimi verilməsini təklif edir: insan və vətəndaşın hüquq və azadlıqlarının ümumi təminatları; hüquq və azadlıqların müdafiəsi; məhkəmə müdafiəsi; beynəlxalq müdafiəsi; zərərin ödənilməsi (hüquq və azadlıqların ayrılmazlığı, yaş); ədalət mühakiməsinin konstitusion təminatları; hüquqi yardım almaq hüququ, qanunsuz yolla əldə edilmiş sübut və dəlillərin qeyri- qanuniliyi; hökmün yenidən baxılması hüququ; cinayətdən zərər çəkənlərin hüquqları; qanun əks-qüvvəsinin qadağan edilməsi.
Bir sıra mütəxəssislər isə O.U.Kutafin və Y.İ.Kozlovanın nöqteyi-nəzərini daha düzgün hesab edirlər. Belə ki, adları qeyd olunan bu müəlliflərin fikrincə, insanın və vətəndaşın hüquq və azadlıqların real həyata keçirilməsi bir çox şərtlər, o cümlədən hüquqdan kənar çərçivədə olan şərtlər tələb edir. Ona görə də təminatlar sosial-iqtisadi, siyasi, və hüquqi təminatlara bölünməlidir.
H.Babaoğlunun fikrincə, hüquq və azadlıqların təminatlarının belə təsnifatı bizim nöqteyi-nəzərimizə daha çox yaxın olmaqla, tədqiqat predmeti baxımından siyasi təminatlar xüsusi maraq doğurur. Belə ki, Azərbaycanda hüquqi-demokratik dövlətin və vətəndaş cəmiyyətinin formalaşdığı bir şaraitdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi problemlərinin həlli mexanizmləri arasında siyasi-hüquqi təminatlar xüsusi rol oynayır.
İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi, onların tam həcmdə həyata keçirilməsi dövlət qarşısında müəyyən vəzifələr qoyur. Azərbaycan Respublikasının Kostitusiyası insan və vətəndaş hüquqları və azadlıqlarını bəyan edərək həm də müəyyən edir ki, onların tanınması və riayət olunması dövlətin borcudur. Bu hüquq və azadlıqların müdafiəsi və təmin olunması üçün zəruri olan əsas "mexanizmlər" də müəyyən olunmuşdur. Ölkədə insan hüquqları və azadlıqlarının müdafiəsi və təmin olunmasına görə məsuliyyət üzərinə qoyulan təsisatlar sırasına dövlət hakimiyyətinin hər üç qolu aid edilir. Belə ki, artıq qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Kostitusiyasının 71-ci maddəsinə əsasən insan hüquqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Göründüyü kimi, Konstitusiyada mütərəqqi amillərdən biri kimi təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipinə əsasən hakimiyyətin hər üç qolu öz fəaliyyətlərində insan və vətəndaş hüquqları və azadlıqlarını hər bir halda qorumalıdır ki, bu da onların ümdə vəzifələrindən biri və əsası olmalıdır. Ona görə ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir və bu hüquqlar hər hansı bir normativ-hüquqi aktla və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, yaxud məhdudlaşdırıla bilməz. Bu baxımdan, ilk növbədə, Azərbaycanda qanunvericilik hakimiyyətini həyata keçirən orqan kimi Milli Məclis ölkə Konstitusiyasının insan hüquqları və azadlıqlarına dair müddəalarını qəbul etdiyi qanunlarda əks etdirir və onların həyata keçirilməsini təmin etmək üçün mexanizmlər müəyyənləşdirir.
H.Babaoğlunun qeyd etdiyi kimi, 1993-cü il siyasi dönəmindən sonra Milli Məclisin bu sahədəki fəaliyyəti daha səmərəli olmaqla xeyli fəallaşmışdır. Belə ki, 1993-cü ilin ortalarından indiyədək Azərbaycan parlamenti tərəfindən bu sahədə 20- dən çox qanun, ölkəmizin 30-dan artıq beynəlxalq konvensiyalara qoşulması barədə qanunlar qəbul etmişdir. Onlardan "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" (19 may 1998-ci il), "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" (30 oktyabr 1998-ci il), "Sərbəst toplaşmaq azadlığı haqqında" (13 noyabr 1988-ci il), "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında" (11 iyun 1999-cu il), "Kütləvi informasiya vasitələri haqqında" (7 dekabr 1999-cu il), "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" (13 iyun 2003-cü il), Azərbaycan İsan Hüquqları üzrə Müvəkkili haqqında" (28 dekabr 2001-ci il) və bir sıra digər Azərbaycan Respublikası Qanunlarını göstərmək olar.
Azərbaycanda insan-vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi siyasətinin bir istiqamətini bu sahədə həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması təşkil edir. Qeyd etdiyimiz kimi, Azərbaycan indiyədək 30-dan çox müvafiq beynəlxalq Konvensiyalara qoşulmuşdur. Azərbaycan Respublikası hələ suveren xalqlar ailəsinə daxil olan anda Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktında (maddə 19) insan hüquqları sahəsində ən nüfuzlu beynəlxalq sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığım bəyan etmişdir.
Bu prosesin məntiqi davamı kimi 24 avqust 2002-ci il tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Bu Qanun Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədi daşıyır.
Konstitusiya Qanunu hər kəsin onun hüquqlarını və azadlıqlarını pozan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarından, bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququnu və məhkəmələrin insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilmək hüquqlarını təsbit etmiş və bununla da qeyd olunan Konvensiyanın tələblərinə uyğun tərtib olunmaqla insanların hüquq və azadlıqlarının qorunması, məhkəmənin nüfuzunun və ədalət mühakiməsinin qərəzsizliyinin təmin edilməsi üçün real hüquqi baza yaratmışdır.
H.Babaoğlu daha sonra yazır: "Bütövlükdə, dövlət hakimiyyətinin üç qolu Azərbaycanda insan hüquqları və azadlıqlarının dövlətdaxili müdafiəsi və təmin edilməsi mexanizmlərinin əsasını təşkil edir və insan hüquqlarının reallaşmasının təmin edilməsi metodları, prosedura və vasitələrini müəyyən edirlər. Bu dövlətdaxili milli mexanizmlər sırasında xüsusi olaraq, bizim fikrimizcə, ölkə Prezidenti tərəfindən insan və vətəndaş hüquqları və azadlıqlarının konstitusion təminatçısı kimi müdafiəsini ayırmaq olar. Məhz bununla əlaqədar Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev 1998-ci il oktyabrın 18-də özünün andiçmə mərasimindəki nitqində qeyd etmişdir: "Prezident kimi mənim üçün hər bir Azərbaycan vətəndaşının hüququnun qorunması vacibdir... Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin... İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir...". Ümumiyyətlə, bütün mərhələlərdə Heydər Əliyevin rəhbərliyinin mahiyyətini təşkil edən dəyərlər sırasında insan hüquq və azadlıqlarının qorunması, humanizm, ədalət prinsipləri həmişə üstün yer tutur. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı hüquq islahatları, məhkəmə sisteminin təkmilləşdirilməsi məhz bu prinsiplərə xidmət edir.
O, respublikamızda demokratik-hüquqi dövlət quruculuğu prosesini insan hüquqlarının təmin edilməsi kontekstində səciyyələndirərək göstərirdi ki, "...Biz demokratiya yolu seçmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan haqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, vicdan azadlığı, söz azadlığı tamamilə təmin olunubdur. Siyasi plüralizim hökm sürür. Hər şey demokratik prinsiplər əsasındadır". Şübhəsiz ki, bütün bunlar da ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətində nəzərdə tutulan tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev tərəfindən bir sıra mühüm əhəmiyyətə malik fərman və sərəncamlar imzalanmışdır". Bu baxımdan qeyd etmək lazımdır ki, ölkəmizdə insan hüquqlarının qorunması və təmin edilməsi siyasətinin həyata keçirilməsinə, bu sahədə milli mexanizmlərin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanı əhəmiyyətli yer tutur. Həmin Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşər dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun özünün inkişaf yolunu seçmişdir.
Vahid ÖMƏROV
Səs.-
2015.- 24 noyabr.- S.15