Kimliyindən asılı olmayaraq,
bütün insanlara
qarşı xoş münasibət
göstərmək dinimizi bizdən istəyirdir
SƏMƏD
İSGƏNDƏROĞLU,
Bu gün dünyada
baş verən hadisələrə diqqət
yetirəndə bütün
konfliktlərin təməlində
din faktorunun olduğu açıq-aydın görünür. İşin mahiyyətinə
vaqif olanlar isə yaxşı bilirlər ki, din ayırıcı, savaşa
şövqedici, qan tökülməsini istəyən
bir güc qaynağı deyil, sadəcə müəyyən
səbəblər üzündən
həqiqətləri görə
bilməyənlər, yanlış
anlayanlar belə qənaətlərə gəlirlər.
Çox
uzağa gətməyək.
Hamımız bu günlərdə
Həcc ziyarətində
basabas düşərək
dünyasını dəyişən
zəvvarlarımızın başına gələnlərdən
üzülürük. Əslində biz tamamilə başqa
şeyə üzülməli,
özümüz üçün
gərəkli nəticə
çıxarmalıyıq. Məlumdur ki, uca dinimiz
İslam Allah qarşısında
insanlara hər hansı imtiyaz haqqı vermir, hər kəsi darağın dişləri
kimi bərabər görür. Sevimli Peyğəmbərimiz
Həzrət Muhamməd
(s.ə.s.) öz qızı Fatimeyi-Zəhraya
söylədiyi bir sözlə bu mövzuda qiyamətə qədər bütün insanlığa misilsiz bir dərs vermişdir.
Məsələ belə olur
ki, bir savaşdan
müsəlmanlar qalib
dönürlər və
özləri ilə çox sayda qənimət, kölə,
kəniz gətirirlər.
Həmin
dövrdə ən geniş yayılmış
qənimətlər sırasında
əsir alınmış
insanlar yer alırdı. Onları bazara
çıxarıb satır,
istədikləri kimi incidirdilər. Ancaq İslamın
gəlişi ilə bu gedişi dayandırdı və köləylə də insan kimi davranmaq
şərtini ortaya qoydu. Fatimə anamız da belə bir zamanda
atasının yanına
gəlib ondan ev işlərində
işlətmək, daha
doğrusu, köməyindən
faydalanmaq üçün
bir kəniz, yəni əsir qadın istədi. İstəyərkən də qabar-qabar
olub, dərisi soyulmuş ovcunun içini göstərdi ki, bəlkə istəyi qəbul olunar. Üstəlik onu da söylədi ki, hazırda Mədinədə
ortabab ailələr belə qapıda bu cür insanları
işlədirlər. Hər
gün su çək, əl dəyirmənında buğda
üyüt, uşaqlara
bax, yemək hazırla, təmizlik işlərini gör... Araya ani sükut
çökür və
sevimli Peyğəmbərimiz
ciyərparası Fatimə
anamıza təbəsssüm
dolu gözlərlə
baxdıqdan sonra onu evlərinə yola salır. Yola salanda da
sevimli övladının
müəyyən qədər
küskün ola biləcəyi ehtimalını da düşünür. Axşam
onlara gedir, Əli ilə Fatimənin arasında oturur və belə bir nəsihət
verir:
- Qızım, sən hər gecə yatmazdan əvvəl 33 dəfə Sübhanallah,
33 dəfə Əlhəmdulillah,
33 dəfə də Allahu Əkbər oxu. Bu sənin
üçün sənin
istədiyindən daha
xeyirlidir.
Başqa
bir dəfəsində
də sevimli Peyğəmbərimiz (s.ə.s.)
yenə Fatimə anamıza belə buyurur:
- Qızım, Peyğəmbər
övladı olduğuna
güvənmə, Allah izn
verməzsə, mən
belə səni qurtara bilmərəm.
Buyurun, uca dinimizin insana münasibəti, kimlərinsə
özü üçün
imtiyaz əldə etmək cəhdinin nə qədər böyük bir xəta olduğunun sübutu. Qiyamətə qədər bütün
qadınlara iffət, iman örnəyi kimi göstərilə biləcək Fatimeyi-Zəhra
anamıza verilməyən
o imtiyaza özünü
layiq görən o zavallı kimdir görəsən?
Belə bir iddia var
ki, Səudiyyə kralının oğlu şeytanı daşlamaq üçün böyük
bir avtomobil korteci ilə yola çıxıb və mühafizəçilər
də camaatın yolunun kəsdiyi üçün proqram pozulub, gedənlərlə
gələnlər üz-üzə
gəliblər, nəticədə
basabas yaranıb və yüzlərlə insan həyatını itirib. Əgər bu iddia həqiqətdirsə, hesabı,
Allah qatında sorğu-sualı
necə olacaq, bunu təsəvvür eləmək adamın varlığını sarsıdır.
Sevimli Peyğəmbərimiz buyurur
ki, bir ərəbin
ərəb olmayandan, bir ərəb olmayanın da ərəbdən heç
bir üstünlüyü
yoxdur. Bir insanın Allah qatında
üstünlüyü yalnız
təqva ilədir, yəni Allahdan qorxaraq günahlardan nə qədər uzaq dura bilməsi
ilə bağlıdır.
Əgər birisi bu həqiqətləri görmək istəmirsə,
yer üzünün ən üstün, ən şərəfli ünvanı olan, Allah evi kimi tanınan
Kəbədə belə
özünü başqasından
üstün görürsə,
onun İslamdan zərrə qədər də anlayışı yoxdur, lap kral da olsa, seyid
də olsa. Dinimiz hər kəsi təvazöyə dəvət
edir, başqalarına
hörmət göstərməyə
çağırır, özünün
qüsurlarını düzəltməyi
hər gün dünənkindən daha yaxşı, daha xeyirli olmağa təşviq edir. Şeytan daşlamağa xüsusi avtomobil karvanı ilə getmək, gedərkən də dünyanın hər yerindən gəlmiş müsəlmanların haqqını
tapdalamaq, onları sıxışdırmaq cəhalətdir,
zülmdür və
Allah-Təala bu zülmün hesabını
o kəslərdən sorar.
İşin mahiyyətini bilənlər
bilirlər ki, Həcc ziyarəti dünyada ikən axirəti yaşamaq, daha doğrusu, diri ikən ölümü yaşamaq
deməkdir. Bu həqiqətin fərqində
olan zəvvarlar onları dişləyən
ağcaqanadı belə
öldürməkdən çəkinir,
yeriyərkən ayaqlarının
altına baxırlar ki, hansısa həşaratı tapdalayıb
öldürməsinlər. Sən yüzlərlə insanın
ölümüə səbəb
olursansa, aqibətinə
acımaq belə doğru deyil. Bu cür əməlləri özünə rəva bilmək üçün
nə qədər zavallı, nə qədər nəsibsiz olmaq lazımdır!..
Bəli, insan haqları, kimliyindən asılı olmayaraq, bütün insanlara qarşı xoş münasibət göstərmək dinimizin
bizdən istəyidir. Qarşındakı insan dinsizdir, ya hansısa təhrif bir inancın mənsubudur, bu sənə əsas vermir ki, onun qəlbini
qırasan, haqqını
tapdalayasan.
Bizim dinimiz, əxlaqımız bizə
səmimi olmağı,
dürüst olmağı
əmr edir, bir qədər ədəbi üslubla ifadə etsək, izimizdə gül bitirməyi tövsiyə edir. Amma nə yazıq
ki, başqalaşmaq, yadlara bənzəmək, əxlaqından imtina etmək son illərin tez-tez görünən acı mənzərələrindəndir.
Tarix bir növ çoxsaylı təkrarlardan ibarətdir. Hadisələr o qədər bir-birinə yaxın və bir-birinə bənzər cərəyan edir ki, insan yanılaraq
həmişə eyni istiqamətdə, eyni şeylərin cərəyan
etdiyi hökmünü
də verə bilər. Buna baxmayaraq,
düşünənlərin sayı nə qədər az,
düşüncələr nə qədər kasad və könüllər
həqiqətlərə nə
qədər də yaddır! Kim bilir,
neçə dəfə
girdablara qapılıb
cəhənnəm çuxurlarına
düşdük və
neçə dəfə
fəvvarələrə minib
zirvələrə ucaldıq.
”Hünər ibrət
- almaqdır, hünər
- ürfana yetişməkdir”. Lakin biz nə
ibrət ala, nə də ürfan əldə edə bildik. Hələ də bəzi
lovğalardan nəsihət
alır və yüzdə yüz zərərimizə olan paradokslara giririk. Elə hey kabus kimi göstərilən
öz dünyamıza
qarşı da insafla yanaşıb özgələşmədən heç cür imtina edə bilmədik.
Nə olardı,
bir dəfə də bu millətin
nəbzinə əlimizi
qoyub, öz-özümüzü
dinləyə bilsə
idik. Əfsuslar olsun!
Millətimizə ədavət
bəsləyənlərdən xilaskar əllərin uzanmasını gözlədik
və yadların təsbitlərinə görə
onlar haqqında bir-bir hökmlər sıraladıq!
Özgələşmə bizdə idbar dövrü ilə başlanan bir xəstəlikdir. Başladığı gündən bəri
də “rekord” səviyyəli bir sürətlə artaraq yayılmışdır. Bir inayət
əli dadımıza
çatmasa, önümüzdəki
illərdə bu sürətlə haralara gələcəyimizi indidən
demək kahinlik sayılmazdı.
Özgələşmə millətlərin qaynayıb
bir-birinə qarışması
və bir-biri ilə səmimi olması ilə başlayar. Düşüncə və mədəniyyət
mübadiləsi ilə
dərinləşər və
kök salar. Beləliklə də, o, həm
qaliblərdən məğlublara,
həm də məğlublardan qaliblərə
keçmə nüvəsini
daşıyan bir xəstəlikdir. Bir yöndən
onun məğlublara
aid bir əhval-ruhiyyə
olduğunu iddia etmək olar, lakin mütləq mənada belə olduğunu demək də düşünülmədən
verilmiş bir qərar olardı. Məncə,
bu mövzuda ən önəmli məsələ özgələşmə
zəmin və mühiti hazırlananda milli və ictimai
bünyənin xəbərdar
edilməməsi və
ümumi bir həyəcan siqnalı verilməməsi məsələsidir.
Toplumlar özgələşməni sezə
biləcək və daxilə sızma istedadına malik zərərvericilərə qarşı
parol soruşacaq qədər bəsirətli
olduqları dövrlərdə
özlərini mühafizə
etmiş və müəssisələrinin təxrib
olunmasına imkan verməmişlər. Bu sezmə
və bəsirəti göstərə bilmədikləri
dövrlərdə isə,
özlərinə aid əsas
doğmalığı və
mənanın təhrifinə
zəmin hazırlamış
və sonra da tarix səhnəsindən
silinib getmişlər.
Davamı növbəti
sayımızda
Zaman.-2015.-2 oktyabr.-S.13.