“Rəssamlar da şairlər kimi çox
mütaliə etməlidirlər”
QVAMI
MƏHƏBBƏTOĞLU,
Rəssam Kirman Abdin 1959-cu ildə Şahbuz rayonunun
Külüs kəndində anadan olub. 1982-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunu, 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Rəssamlıq
fakültəsini tətbiqi qrafika ixtisası üzrə
bitirib. 1989-cu ildən Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür. 1984-cü
ildən respublika və keçmiş SSRİ-nin ümumittifaq
və beynəlxalq sərgilərinin
iştirakçısıdır.
O, 2000-ci
ildə Türkiyənin Standartlaşdırma İnstitutunun
keçirdiyi beynəlxalq yarışda 3-cü yerə, 2001-ci
ildə İranda beynəlxalq karikatura yarışmasında
“Uğur” mükafatına layiq görülüb. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar
Birliyinin, həmçinin FECO (Beynəlxalq
Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan
qrupunun üzvüdür. Mütəxəssislər
onu həm də müxtəlif mövzulu qrafik əsərlər
silsiləsinin müəllifi kimi çox bəyənirlər.
Kirman Abdinin son illər kompyuter qrafikasında
işlədiyi əsərlər də mövzu zənginliyi
baxımından daha çox maraq doğurur. Onu da qeyd edək ki, Kirman Abdin həm də
plakatçı-rəssamdır. Üç il öncə onun fərdi bədii plakat sərgisi
də təşkil olunub. Bu sərgidə 50-dən
çox əsəri nümayiş olunub. O hazırda da
bu sahədə öz sözünü deyir.
Rəssam Kirman Abdin hazırda çağdaş Azərbaycan
poeziyasının klassiklərindən olan Xalq şairi Məmməd
Arazın şeirləri əsasında illüstrasiyalar üzərində
işləyir.
Dediyinə görə, 20-dən çox
illüstrasiya artıq hazırdır. O, həmin əsərlərini
gələn ilin yazında sənətsevərlərə, Məmməd
Arazı sevənlərə təqdim etmək niyyətindədir.
Elə rəssamla da söhbətimiz bu
mövzudadır.
- Kirman
müəllim, Məmməd Araz
yaradıcılığına müraciətinizin, yəqin
ki, bir səbəbi var...
- Bəri
başdan deyim ki, mən poeziya həvəskarıyam. İstər məktəb, istərsə də tələbəlik
illərində həmişə yeni şeirləri oxuyar, əgər
belə demək mümkünsə, onlardan könlümə
yatanları əzbərləməyə
çalışardım. Nə gizlədim,
yaddaşıma ən çox yüklədiyim, həkk etdiyim
Məmməd Araz idi. Elə indi də onun
şeirlərinə tez-tez müraciət edirəm. Məncə, Məmməd Araz ən uca fikir zirvəsidir.
Onun poetik ifadələrinin alt qatında
böyük hikmətlər var. Onları aforizmə
çevirmək, nəğməyə, musiqiyə salmaq, təsviri
sənətə gətirmək isə bizlərin üzərinə
düşür.
Mən bir rəssam kimi deyə bilərəm ki, Məmməd
Araz sözün min bir rəng çalarının rəsmini
çəkən bir şairdir. Sözün
düzü, elə onun bu rəssamlığı məni valeh
etdi və mən onun fikirlərini, düşüncələrini
illüstrasiyalarla bir daha sənətsevərlərə
çatdırmağı qərara aldım. Yeri gəlmişkən, rəssamlıqda
böyük sənət əsərlərinə bir
baxış məsafəsi var. Böyük sənət əsərlərinə
nə qədər uzaq məsafədən baxsan, o qədər
də o əsər nöqsansız, bütöv və möhtəşəm
görünər. Məmməd Araz
yaradıcılığı da məhz bu möhtəşəmliyi
ilə seçilir.
- Kirman
müəllim, Məmməd Arazın
yaradıcılığında mayası nur, qayəsi nur olan
məmləkət, ayağa qaldırmaq istədiyi və
qaldırdığı Vətən və bir qədər də
giley vardı. O, yaza-yaza sanki ağrıyırdı, qovrulurdu.
Bu mənada Məmməd Arazı elə Məmməd
Araz kimi təqdim etmək çətin olmayacaq ki?
- Əlbəttə, mən bu işin
ağırlığını yaxşı başa
düşürəm. Odur ki, şairin bu ya digər şeirinə
illüstrasiya çəkəndə həmin əsəri dəfələrlə
oxuyur, nə demək istədiyini dərindən duymağa,
çalışıram. Bir sözlə, yaxşı
başa düşürəm ki, çəkdiyim hər bir əsərdə
özünəməxsus müdrikliklə, həm də istehza
ilə bütün “mənəm-mənəm” deyənlərə
“Dünya sənin, dünya mənim, dünya heç kimin”,
içimizdə özünü azərbaycanlı hesab edən,
lakin bu xalqın taleyindən heç xəbərləri belə
olmayanlara “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”,
- deyən Məmməd Araz daha əzəmətli
görünməlidir. Yeri gəlmişkən,
onu da deyim ki, Məmməd Araz poeziyasında daş motivi
bütövlük, Vətənə, torpağa
bağlılıq, əsl vətəndaşlıq mənalarını
ifadə edir. Şair hətta
özünü şeirlərindən birində milli
şeirimizin “daş əsgəri” adlandırır. Təsadüfi deyildir ki, şairin kitablarından biri
də “Daş harayı” adlanır.
“Məsləhətçim
elə
şairin özüdür”
- Sizin
sözlərinizdən belə başa düşdüm ki,
şairin hər bəndi, misrası sanki bir
illüstrasiyadır.
- Elədir,
odur ki, mən onun bəzi misralarına, beyt və bəndlərinə
də illüstrasiyalar çəkirəm. Məsələn:
Ey ilham pərisi
varsansa əgər
Bu axşam üstümə qanadını gər.
- Bu əsərlərin
ərsəyə gəlməsində kimlərinsə
yardımına ehtiyac duyursunuzmu?
- Əsla. Bayaq dediyim kimi, o, sözün min bir rəng
çalarının rəsmini çəkən bir
şairdir. Bu mənada bu işdə mənim
məsləhətçim elə Məmməd Araz
poeziyasıdır. Daha doğrusu, elə
şairin özüdür. Baxın, şair nə deyir:
Gülüm,
bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü
sıx, hansı daşda su yansa,
O daş
altda Məmməd Araz yaşayır.
Və
yaxud:
Qara
Çoban, Dəli Domrul oğulların!
Çək
sinənə - qayaları yamaq elə,
Haqq yolunu
ayağına dolaq elə,
Bayrağını
Xəzər boyda bayraq elə
Bu misralarla şair özü elə tablolar yaradıb da. Mən hələ
onun “Qayalara yazılan səs” poemasında
canlandırdığı təbiət mənzərələrini,
peyzaj lirikasının yaddaşlara həkk olunan mükəmməl
nümunələrini demirəm. Bir
sözlə, Məmməd Araz yaradıcılığında
mahir bir şair-rəssam kimi çıxış edir.
Belə deyək də... Adətən, bu və
ya digər şairin sözlərinə bəstəkarlar tərəfindən
mahnılar yazılır. Hərdən bu
barədə söz düşəndə bəstəkarlar
deyirlər ki, filan şeir o qədər axıcı, o qədər
melodik idi ki, ona mahnı bəstələməmək mümkün
deyildi. Bu sözləri, təbii ki, Məmməd
Araz haqqında da deyirlər. Mən isə belə deyirəm:
Məmməd Arazın şeirləri həm də o qədər
baxımlıdır ki, onları kətana köçürməmək
qəbahətdir.
Buynuzlu qeybətlər, cisimlərarası münasibətlər,
dumanlı söhbətlər də M. Araz əsərlərində
yer alıb. Məsələn:
Sonradan
anladım, xeyli sonradan
Cibə girən olur gözə girənlər.
Başqa
bir şeirində isə deyir:
Deyirəm,
qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq qoltuq ağacı.
Məncə, onun belə misraları karikaturaçı
rəssamlarımız üçün əsas xammaldır.
Şairin
tövsiyəsi
- Kirman
müəllim, yəqin ki, Məmməd Arazla şəxsi
tanışlığınız olub?
- Mən
Məmməd Arazın, əgər belə demək
mümkünsə, həm kənd qonşusu, həm də
redaksiya qonşusu olmuşam. Şairin anadan
olduğu Şahbuz rayonunun Nurs və mənim boya-başa
çatdığım Külüs kəndlərini bir-birndən
ayıran “Düz” deyilən dağdır. Nəşriyyatda
sağlamlığına görə tez-tez onu narahat etmirdim.
Narahat edəndə də həmişə
gülərüzlə, mehribanlıqla
qarşılanırdım. Eyni mərtəbədə
işləyirdik, o, “Azərbaycan təbiəti” jurnalında, mən
isə “Gənclik” jurnalında (sonradan “Tumurcuq” qəzetində).
- Onunla
bağlı hər hansı maraqlı bir hadisə, yaxud
söhbətlər yaddaşınızda qalıbmı?
- Onunla
olan söhbətlərim, təbii ki, yadımdadır. Onlardan birini xatırlatmaq istərdim. Söhbətlərimizin
birində o, mənim az kitab oxuduğumu
irad tutaraq dedi: “Unutma ki, rəssamlar da şairlər kimi
çox mütaliə etməlidirlər. Hər
bir maraqlı kitab özü elə bir rəsm əsəridir.
Ondan nələri isə öyrənməyin nəyi
pisdir ki?” Onun bu sözlərindən sonra mən
bədii ədəbiyyata daha çox meyil saldım.
- Kirman
müəllim, oktyabr ayının 14-də Məmməd
Arazın anadan olmasının 82 ili tamam
olacaq. İllüstrasiyalarınızdan ibarət
sərginizi bu ərəfədə sənətsevərlərə
təqdim etmək fikrindəsiniz?
- Yox, mən
sərgini dediyiniz tarixdə təşkil etmək niyyətində
deyiləm. Təbii ki, bunun da müəyyən
səbəbi var. Belə ki, Məmməd Arazın
qardaşı İbrahim müəllimin dediyinə görə,
şairin anadan olduğu gün yazın 45-ci günü olub.
Bu da aprel-may aylarına düşür. Elə mən də sərgimi bu aylarda, daha
doğrusu, yazda sənətsevərlərə təqdim etmək
niyyətindəyəm. Lakin nədənsə
sənəddə 14 oktyabr qeyd olunub.
-
Ümumiyyətlə, neçə əsər nümayiş
etdirmək fikriniz var?
-
Hazırda 30-dan çox əsər hazırdır. Amma sərgiyə qədər bu istiqamətdə
işimi davam etdirəcəyəm. Çox
güman ki, onların sayı 50-dən çox olsun.
- Kirman
müəllim, mən illüstrasiyaların bir neçəsinə
baxdım. Onların hər biri mənə
çox maraqlı gəldi. Hətta onlarda
müxtəlif cərəyanlar özünü göstərir.
Bir də mənə elə gəlir ki, bu əsərlərlə
siz illüstrasiya sahəsinə yeniliklər də gətirmisiniz.
Bu barədə də bir neçə kəlmə
danışmağınızı xahiş edirəm.
-
Bildiyiniz kimi, illüstrasiya mətni müşayiət edən
və onu tamamlayan təsvir, daha doğrusu, bədii və elmi əsərləri
obrazlı təsvir edən sənət sahəsi
anlamındadır. İllüstrasiya sənətinin
ilk nümunələri qədim əlyazmaları bəzəyən
miniatürlərdir. Amma mənim çəkdiklərim
sırf klassik cərəyan janrında deyil. Mən bu əsərlərimdə ötən əsrin
birinci rübündə təsviri sənətdə,
xüsusilə rəngkarlıqda ərsəyə gəlmiş
modernist cərəyanın - kubizmin imkanlarından
faydalanmağa çalışmışam. Kubizm həyat gerçəkliyini həndəsi səhtlər,
cisim və fiqurlar vasitəsilə təsviri verməyə
imkan verir. Yəni bu üslubda işləyən rəssamlar
əşyanı, predmetlərin formasını kub, silindr, şar şəklində həndəsiləşdirirlər.
Mən onu modern kubizm şəklinə salıb
insan fiqurunu bu cərəyana uyğunlaşdırmışam.
- Kirman
müəllim, indiyədək hansı rəssamlarımız
Məmməd Araz yaradıcılığına müraciət
ediblər?
- Arif Hüseynov, Adil Rüstəmov və
başqaları. Lakin ilk dəfə Məmməd Araz şeirlərinə
həsr edilmiş illüstrasiyalar sərgisini təşkil etmək
mənə nəsib olacaq.
Zaman.-2015.-2 oktyabr.-S.12.