“Ateizmin hökm sürdüyü bir dövrdə də Azərbaycanda milli-mənəvi
dəyərlər qorunurdu”
“Xalqımızın ümummilli
lideri, müasir Azərbaycan dövlətinin
banisi Heydər Əliyev tərəfindən
əsası qoyulan dövlətçilik siyasət
kursunun əsas məqsədlərindən biri
ölkəmizdə etiqad
azadlığının və
dini tolerantlığın
bərqərar olmasının
təmin edilməsidir. Heydər Əliyevin
tarixi xidmətlərinin
nəticəsidir ki, Azərbaycan hazırda bütün dünyada etnik-mədəni tolerantlıq
örnəyi kimi qəbul edilir”. Bu fikirlər Astara
rayonunda təşkil olunan “Ənənəvi İslam dəyərləri
və müasirlik” mövzusunda regional konfransda
səsləndirildi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və
Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər
Ağayev, Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Komitənin digər rəsmiləri ilə yanaşı, Lənkəran, Astara və Lerik rayonlarında
fəaliyyət göstərən
dini icmaların rəhbərləri, din xadimləri,
ictimaiyyət nümayəndələri,
ziyalılar, gənclər
iştirak etdilər.
Tədbirin açılışında çıxış edən
Astara Rayon İcra Hakimiyyətinin başçısı
Qəzənfər Ağayev
ölkəmizdə milli
mənəvi dəyərlərin
qorunub saxlanılmasında
və onun daha da inkişaf
etdirilməsində ümummilli
lider Heydər Əliyevin xidmətlərini
yüksək qiymətləndirdi,
Ulu Öndərin layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən
bu istiqamətdə həyata keçirilən
tədbirlərdən danışdı:
“Ölkəmizdə etiqad
azadlığının və
dini tolerantlığın
inkişafında ümummilli
liderimizin həyata keçirdiyi işlər bu gün onun
layiqli davamçısı,
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən böyük
vüsətlə davam
və inkişaf etdirilir. Ölkə Prezidenti məscidlərin,
ziyarətgahların təmiri,
bərpası ilə bağlı vaxtaşırı
olaraq xüsusi sərəncamlar imzalayır,
onların açılışlarında
şəxsən iştirak
edir”.
“Çalışmalıyıq ki,
gənclərimiz
milli ruhda böyüsünlər”
İcra
Hakimiyyətinin başçısı
qeyd etdi ki, ölkəmizdə İslam mədəniyyət
abidələri ilə
yanaşı, ən qədim alban-xristian məbədləri əsaslı
surətdə bərpa
və təmir edilib, Bakı şəhərində Roma-katolik
kilsəsi və regionun ən böyük sinaqoqu inşa edilərək dindarların istifadəsinə
verilib: “Hazırda Yaxın Şərqdə,
Avropa ölkələrində
dinlərarası münasibətlərdə
böhran yaşandığı
halda, Azərbaycanda bütün millətlərin,
dinlərin nümayəndələri
vahid ailə kimi mehriban yaşayırlar.
Milli-mədəni irsimizin qorunması
və inkişafı Vətənimizin müxtəlif
dinlərin nümunəvi
birgəyaşayışı, əmin-amanlıq və dözümlülük mühiti
olan ölkə olduğunu bir daha dünyaya nümayiş etdirir.
Milli və dini dəyərlərimiz bizim üçün əzizdir. Çalışmalıyıq ki, gənclərimiz
milli ruhda böyüsünlər. Onları yad
təsirlərdən qorumalıyıq.
Azərbaycan dövləti bu
istiqamətdə öz
işini yüksək
səviyyədə qurub.
Gənclərimizin elmi, intellektual,
mənəvi, fiziki inkişafı, maddi təminatı daim ölkə rəhbərinin
diqqətindədir”.
“Ölkəmizdə
dini icmaların fəaliyyəti üçün
hər cür şərait yaradılıb”
Astara rayonunda da gənclərin
milli-mənəvi dəyərlərimizə
uyğun, vətənpərvərlik
ruhda böyüməsi
üçün müxtəlif
tədbirlərin həyata
keçirildiyini, gənclərlə
vaxtaşırı keçirilən
görüşlərdə, din xadimləri ilə keçirilən maarifləndirici
tədbirlərdə din-dövlət
münasibətləri, milli-mənəvi
dəyərlərimizin qorunması,
gənclərimizin radikal
dini meyllərdən uzaq tutulmasının geniş müzakirə edildiyini qeyd edən İcra Hakimiyyətinin başçısı
bu cəhətdən
regional konfransların keçirilməsinin
çox böyük əhəmiyyətə malik
olduğunu diqqətə
çatdırdı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ümummilli
lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
dövlət-din münasibətlərindən,
dahi rəhbərin milli-mənəvi dəyərlərin
qorunması istiqamətində
gördüyü misilsiz
xidmətlərdən, ölkəmizdə
hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı
hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən
danışdı: “Sovet
dönəmində, ateizmin
hökm sürdüyü
bir dövrdə Azərbaycanda milli-mənəvi
dəyərlər qorunurdu.
Bu ənənə bu gün ölkəmizin
bütün regionlarında
davam etdirilir”.
Tədbirdə qeyd olundu ki,
multikulturalizm və tolerantlıq ölkəsi
olan Azərbaycanda yaşayan əhalinin 96 faizi müsəlmandır. Sovet İttifaqı
dövründə ölkəmizdə
17 məscid fəaliyyət
göstərirdisə, hazırda
bu rəqəm 2500-ə
çatdırılıb.
Azərbaycanda 632 dini icmanın qeydiyyatdan keçdiyini vurğulayan Mübariz Qurbanlı ölkəmizdə
dini icmaların fəaliyyəti üçün
hər cür şərait yaradıldığını
bildirdi.
“Azərbaycanlılar
bir xalq olaraq hər dövrdə öz tolerantlıqlarını qoruyub
saxlayıblar”
İslam
dinini radikalizmə sürükləmək meyillərinin
artmasından, bəzi
qüvvələrin İslamı
siyasiləşdirərək daxildə qarışıqlıq
yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla
əlaqələndirmək istəklərindən danışan
Mübariz Qurbanlı,
gənclərimizin dini
və mənəvi-əxlaqi
dəyərlərimizə yad
olan radikal təriqətlərin təsirindən
qorumaq məsuliyyətinin
bütün cəmiyyətin
üzərinə düşdüyünü
diqqətə çatdırdı.
Ənənəvi İslam dəyərlərini
qoruyub saxlamağın
və bu dəyərləri olduğu
kimi insanlara çatdırmağın qarşıda
duran ümdə vəzifələrdən biri
olduğunu vurğulayan
Komitə sədri radikalizmə və xurafata qarşı mübarizədə hamını
fəal olmağa çağırdı.
Konfransda Türkiyə Universitetləri
Məzunları İctimai
Birliyin sədri Çingiz Bayramov və Qafqaz Müsəlmanları İdarəsinin
Astara rayonu üzrə səlahiyyətli
nümayəndəsi İlqar
Həsənov mövzu
ilə bağlı çıxış etdilər. Bildirdilər
ki, Azərbaycan
tolerant ölkə kimi
dünyada nümunə
sayılır: “Tolerantlıq
xalqımızın canından,
qanında, milli ruhundan gələn bir hisdir, ənənədir.
Azərbaycanlılar bir xalq olaraq hər dövrdə öz tolerantlıqlarını qoruyub
saxlayıblar. Bu ənənə bu gün də davam etdirilir”.
Asiya və Avropa dövlətlərinin əksəriyyətini
qabaqlayan, əhalisinin
böyük əksəriyyətini
müsəlmanlar təşkil
edən Azərbaycanın
dini tolerantlıq nümunəsi olduğunu vurğulayan tədbir iştirakçıları, ölkəmizdə
bəşəri prinsiplərə
hörmətlə yanaşıldığını,
müxtəlif xalqların
və din nümayəndələrinin
bir yerdə sülh şəraitində
yaşadığını önə çəkdilər.
Qeyd olundu ki, Azərbaycan
Prezidenti dövlət-din
münasibətlərinə xüsusi həssaslıqla
yanaşır, zəngin
multikulturalizm ənənələrinin
qorunub saxlanılması,
təbliği və təşkili istiqamətində
həyata keçirilən
tədbirlərə böyük
önəm verir: “Ümumbəşəri dəyərlərə
münasibətdə zəngin
təcrübəyə malik
Azərbaycanda İslamın
tarixi, milli mənəvi dəyərlərimizdə
yeri, bu dəyərlərin yad təsirlərdən qorunması
ilə əlaqədar
məsələlər hər
zaman gündəmdə
saxlanılır”.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Mərdan Qurbanov
Zaman.-2015.-7 oktyabr.-S.13.