Bəşər
övladına hörmət
İnsanı insan olduğu
üçün sevmək və ona hörmət bəsləmək,
Yaradana ehtiramın ifadəsidir. Yoxsa yalnız özü ilə
həmfikir olanları sevmək və saymaq, səmimi və
insani bir sevgi və hörmət deyil, bir eqoizm və
insanın öz-özünü bütləşdirməsidir.
Hələ
bir də, təməl düşüncə və təsəvvürdə
eyni yolda olub, lakin eynilə bizim kimi düşünməyənlərə
xor baxmaq bir mürüvvətsizlik və özünü bəyənmişlikdir.
Biz gələcəyin memar və qurucularını məsələləri
çıxış nöqtələrinə, səbəblərə
görə deyil, məqsədlərə görə mütaliə
edən ali himmətli (hər işə məsuliyyətlə
yanaşan) bir heyət olaraq düşünürük. Madam
ki, eyni düşüncədə olan biz, bütün millət
fərdləri müxtəlif yol və strategiyalarla da olsa, həmişə
eyni nöqtəyə varmaq üçün
çırpınırıq, axı niyə bu uca hədəfin
müqəddəs yolçularını qaralayaq. İnsanlığın gələcəkdə
alacağı cəbri (zorla, məcburən edilən) keyfiyyət,
hal-hazırda yaşadığımız dünya etibarilə,
bizi o dərəcədə diqqət və
gözüaçıqlığa məcbur edir ki, indi tələsik
verəcəyimiz hər hansı bir qərarın gələcəkdə
aradan qaldırılması qeyri-mümkün səhvlərə
səbəb olma ehtimalı vardır. Buna
görə də, gələcəyin memarları
quracaqları dünyanın təməlini insana sevgi və
hörmətdən qaynaqlandırmaq məcburiyyətindədirlər.
Müasir dünya gətirdikləri ilə bizi zülmətli,
uçurumlu yollara saldı. Və hal-hazırda
mahiyyətini bilmədiyimiz bir çox məsələ ilə
üz-üzəyik. Həlli ilə məşğul
olduğumuz bu məsələlər son dərəcə
qarma-qarışıq, nəticələri də o nisbətdə
ziddiyyətlərlə doludur... Bəli,
insanlığa abi-həyat gətirmək üçün Qaf
dağına çıxmaq əzmində olan minlərlə
Xızır var, lakin heç birində əbədilik
(ölümsüzlük) iksirinin əlaməti mövcud deyil.
Və bu həvari ruhlu qəhrəmanların
bütün səylərinə baxmayaraq, insanlığa
hörmət ciddi təhlükələrlə üz-üzədir.
Biz illərlə elə hey çırpındıq,
lakin heç cür gələcəyin təməlinə
çevriləcək əsasları müəyyənləşdirə,
əldə edə bilmədik. əldə edə
bilməzdik də, çünki duyğu və
düşüncələrmizin müxtəlif şeylər vəd
etməsi və fərqliliklər gətirməsi bizi, əlində
qırıq bir saz və yarımçıq bir nəğmə
ilə qapı-qapı gəzən musiqiçilər
halına gətirdi. Hər kəs əlinə
aldığı “doğru”nun bir parçası ilə
başqa doğruları inkar və hər kəsi əlindəki
parçacığa tabe olmağa məcbur hesab edərsə,
fikir mübadilələri aparmaq, yeni nəticələr və
çıxış yolları əldə etmək
mümkündürmüə Üstəlik özləri ilə
razılaşmayanları kafir kimi qələmə vermə,
qaralama, hətta feili təcavüz silahlarından da istifadə
edilərsə...
Bu gün üsuldakı səhvlərlə varılan məqam
çox həzin və
düşündürücüdür. Çiyin-çiyinə
eyni yolda gedən insanlar bir-birini tanımaz hala gəliblər.
Doğrular və yanlışlar əsl
dayaqlarından, təməllərindən
uzaqlaşdırılmış, müəyyən qrupların
istək və həvəslərinə uyğun
sürüşkən relslər üzərinə yerləşdirilmişdir.
Belə bir qarışıqlıq içində
nə məfkurənin ucalığını, nə də vəsilənin
ondan fərqliliyini ayırd etmək mümkün deyil.
Dövrümüzün insanları bahardan kam almaq
üçün seyrə çıxıb bir sarı
çiçəyə vurulmuş kimidir. əslində
o, vəsilələr üçün döyüşə
girdiyi bu yolda çoxdan hədəfə varma ümidini
itirmişdir. Artıq gördüyü iş sırf məşğul
olmaq üçün məşğul olmaq və hərəkət
etmək üçün hərəkət etməkdən ibarətdir.
Məbəddə turistlərə şirin
görünməyə çalışan mehmandar məbədə
xidmət və Yaradana qulluğu necə unudarsa, eləcə də,
bu gün hər hansı bir qrup və partiyaya könül verənlər
əsl məfkurə və qayəyə qarşı yad və
biganədir.
Dövrün insanları baharın yolunda bir
çiçəyin məhkumu, dəryada bir qətrənin əsiridir. Zənnimcə,
onlara yeni bir qayə, baxış verəcəyimiz günə
qədər də bu pərəstişkarlığın
qarşısını almaq mümkün olmayacaq. Amma
buna baxmayaraq, biz doğruya,həqiqətə
tərcüman olmaqla mükəlləfik. Kaş ki, ola bilsə idik..!
Gözümüzə girən və qəlbimizi dolduran
hava nə qədər cazibədar və ovsunlayıcı
olursa olsun, könül verdiyimiz həqiqəti
unutmağımıza əsla yol verilməməlidir. Eyni cəmiyyətin mənsubları
olaraq biz bir-birimizə yad,uzaq ola bilmərik.
Yaxşının və gözəlin mənbəyi
əlimizdə deyil ki, eyni hədəfə doğru başqa
bir yolun yolçusuna qarşı mücadiləmiz uyğun
olsun.
Fərqli fikirdə olan bir insanın yol və sistemini
analiz edə bilərik. Bu, ağlın fərqli şəkillərdə
işlədiyinin ifadəsidir. Amma əgər
eyni üfüqə varmaq üçün
çırpınırıqsa, heç olmasa, onun
düşüncəsinə də hörmət göstərməliyik.
Bu, eyni hədəfə istiqamətlənmənin,
eyni imana sahib olmanın, eyni anlayışı istifadə etmənin
və nəhayət, hər şeydən daha üstün Uca
Yaradanın yüksək tutduğu müqəddəs mənaya
hörmətin tələbidir.
İnsana
hörmət göstərək! Onda əks olunan ali həqiqətlərə hörmət edək.
Yaradandan ötrü onu sevib-sayaq, ona ehtiram
göstərək. Bu düşüncə
ilə inkişaf etdirə bildiyimiz cəmiyyət gec-tez
özünə-kökünə qayıdacaq və itirdiyi
şeyləri axtarmağı və bərpa etməyi
bacaracaqdır.
İnsan:
yüksəlmə və alçalma
arasındakı varlıq
İnsan inkişafa açıq və meyilli bir ilahi
sirdir. Bu sirrin açılması yenə də insanın
özündən asılıdır. Varlıq
ağacının ən mükəmməl meyvəsi,
bütün kainatın xülasəsi sayılan insan daxili dərinliyi
və zənginliyi etibarilə damcı kimi görünən dəryadır,
zərrə kimi görünən günəşdir, nöqtə
böyüklüyündə kitabdır. Qısacası,
insan inkişafa açıq və meyilli bir ilahi sirdir. Bu sirrin açılması yenə də insanın
özündən asılıdır.
Kainat böyük bir kitabdır. Dağlar, dərələr,
çaylar, meşələr, bulaqlar, ən gözəl mənzərələr,
bütün canlılar, hətta ən kiçik həşəratlardan
tutmuş ən böyük heyvanlaradək, hamısı bu
kitabın kəlmələri, cümlələri və ya
durğu işarələridir. Bütün
bu cümlələr və kəlmələrin yerli-yerində,
müəyyən bir ahənglə oxunması
üçün insan daha diqqətli olmalıdır. O,
diqqətini toplaya bilməsə, bütün bu sadalananlar onun
üçün bir məna ifadə etməz, kainat da bir kitab
olmaz.
Bəli, kainat kimisi üçün oxunan bir kitabdır. Bu kitab oxucuya
Katibi xatırladır. Bir alimin sözləri ilə ifadə
etsək: bir iynə ustasız, bir kitab katibsiz olmaz, necə ola bilər ki, bu boyda kainat sahibsiz olsunə
İnsanın özündə də bir kainat gizlənir. Boş yerə
deyilməyib ki, kainatı kiçiltsən insan, insanı
böyütsən kainat alınar. Bu
baxımdan insan özü də bir kitabdır, katibini
xatırladan bir kitab. Ona görə də insan əvvəla
özünü oxumalı, kim olduğunu,
haradan gəlib haraya getdiyini anlamalıdir ki, sonra kainatı
oxuya, onun ilk baxışdan qarmaqarışıq görünən,
əslində isə ciddi bir nizam-intizamla hərəkət edən
sistemini görə bilsin.
Özünü oxuyan insanın gözlərindəki pərdə
qalxar. O, ətrafına
hər kəsdən fərqli baxar, fərqli düşünər,
fərqli münasibət göstərər.
İstiqamətini düzgün müəyyənləşdirmiş
və mövqeyini doğru seçmiş insan Haqqın
aynası, digər insanların isə rəhbəridir. Onun
sözündə yalan, davranışında riyakarlıq
yoxdur. O, dürüstdür, dürüstlüyün təmsilçisi,
carçısı və müdafiəçisidir.
İnsan dürüstlüyü qədər dəyər
qazanır. Ancaq son dövrlərdə müasirlik
adlandırdığımız çağımızda insan
layiq olduğu dəyərləri itirir. İnsani
dəyərlər yaralı canlı kimi durmadan qan itirməkdədir.
Hətta elə insanlar var ki, onların
davranışları nəinki insanlıqla müqayisə
oluna bilməz, hətta onların durumu bütün
canlıların səviyyəsindən daha
aşağıdır. Fiziki
görünüşü etibarilə digərlərindən fərqlənməyən
belə insanların mənəvi mənlikləri,
düşüncə tərzləri və
davranışları onları alçaldır.
İnsanı insan edən yeganə amil onun
insanlığıdır. İnsanlığa layiq
davrandıqdan sonra istər qadın olsun, istər kişi, istər qaradərili olsun, istər
ağ, istər qərbli olsun, istər şərqli, istər
qoca olsun, istər cavan, hamısı möhtərəmdir.
İnsan yüksəlmə və alçalma arasında
qalan yeganə varlıqdır. Mələklərin də,
heyvanların da yeri sabitdir. Seçdiyi yol
insanı yüksəldə də bilər, alçalda da.
Özünü və kainat kitabını
düzgün oxuyan insan hadisələrə də
düzgün qiymət verə bilir. İnsanın
daxilindəki bu təzad və qütbləşmə onun bu
dünyada məruz qaldığı imtahanın sirridir. Bu sirrin gizlinlərini aşkar edən insan həm bu
dünyasını, həm də axirətini qazanır.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında səhifəni hazırladı:
Xəyalə Sadıqova
Zaman.-2015.-13 oktyabr.-S.13.