Dünyanın məşhur islam alimləri:
Hacı Bayram Vəli (4)
ƏZIZ MUSTAFA,
Hacı
Bayram Vəli bütün hallarda saf ailəni həm İslam
dininin, həm də dövlətin möhkəm
dayaqlarından hesab edir: “Ailənizə bağlı olun, saf
övladlar yetişdirin, ailəni yenilməz bir qalaya
çevirin, cəmiyyətə, vətəninə, dininə,
ata-anasına sədaqətli olan, onları sevən övladlar
yetişdirin. Sizin axirətə aparacağınız ən böyük ilahi
nemətlərdən biri özünüzdən sonra arxada
qoyub getdiyiniz saf ailəniz, Allahına bütün
varlığı ilə bağlı olan, yalnız xeyirli
işlər üçün çalışan, sizə hər
addımında rəhmət oxudacaq övladlarınız
olacaq”.
Hacı Bayram Vəlinin uzaqgörənliyindən biri də
onun İstanbulun fəthini öncədən bildirməsi ilə
bağlıdır. Rəvayətə görə, II Sultan
Murad İstanbulu fəth etmək fikrinə
düşmüşdü. Ancaq bir neçə dəfə
şəhəri mühasirəyə almışdısa da,
oranı almağa nail ola bilməyərək
fikrindən vaz keçməyə məcbur olmuşdu. Ona görə də Sultan Hacı Bayram Vəlini
özünə vəzir götürmək istəmiş, onun
məsləhəti ilə bu şəhəri ala biləcəyini
düşünmüşdü. Deyilənə
görə, birinci dəfə Hacı Bayram Vəli sultanın
vəzirlik təklifini rədd etmişdi. Üstündən
bir müddət ötəndən sonra Sultan II Murad yenidən
Hacı Vəli Bayrama vəziri olması üçün təklif
göndərmişdi. Bu dəfə də
Hacı Bayram Vəli onun təklifini rədd etmişdi. Sultan bunun səbəbini öyrənmək
üçün Hacı Bayram Vəli ilə
görüşmüşdü. Rəvayətə
görə, sultan ondan İstanbulu nə üçün ala
bilmədiyini soruşmuşdu. Sultana cavabında Hacı
Bayram Vəli: “İstanbulu sənin övladın alacaq. Onda onun vəziri Ağ Şəmsəddin olacaq.
Amma nə yazıq ki, sən və mən o günləri
görməyəcəyik”,-demişdi.
Həqiqətən də, Hacı Bayram Vəli düz
demişdi. İstanbulun fəthi Sultan II Muradın oğlu Mehmetə
nəsib oldu, fəthin memarı isə bu böyük
insanın tələbəsi, o dövrdə sarayda vəzir
işləyən Göynüklü Ağ Şəmsəddin
oldu.
Özünə layiq şagirdlər
yetişdirmişdi
Hacı Bayram hələ
sağlığında ikən özünə,
özünün yolunu davam etdirməyə layiq olan
çoxsaylı şagirdlər yetişdirmişdi.
Onların arasında
Göynüklü Ağ Şəmsəddin, Akbıyık Sultan,
Göynüklü Uzun Səlahəddin, Yazıçızadə
Muhammed və Əhməd Bican, İncə Bədrəddin,
Hızır Dədə, Muhammed Üftadə həzrətləri,
həmçinin yeznəsi Əşrəfoğlu Rumi (Abdullah
Əfəndi) vardı. Bu şagirdlərin
arasında Akbıyık Sultan və Göynüklü Ağ
Şəmsəddin ustadlarına daha yaxın idilər. Akbıyık Sultan Sultan Iİ Muradın
dövründə böyük vəlilərdən biri kimi
yetişmişdi. O həm də hərbi xidmətdə
olmuş, döyüşdə göstərdiyi qəhrəmanlıqlara
görə sultan ona böyük bir kənd
bağışlamışdı. Bu kənddən
əldə etdiyi gəlirlər sayəsində qısa
müddətdə Akbıyık Sultan ən varlı adamlardan
birinə çevrilmiş, Hacı Bayramın yanına az-az
getməyə başlamışdı. Onun
bu hərəkətləri isə Hacı Bayram Vəlini
üzməyə başlamışdı. Ona
görə də onların arasında belə bir söhbət
olmuşdu. Hacı Bayram Vəli sevimli şagirdinin
dünya malına çox bağlı olduğunu görüb,
onu bu yoldan çəkindirmək üçün:
“Övladım, Allaha sığın, dünya malına tamah
salmaqdan çəkin, üzünü həm bu dünyada, həm
də axirətdə ağ edəcək işlərlə məşğul
ol “,-demişdi.
Onun bu
sözlərinə cavabında Akbıyık Sultan:
“Ustadım, Peyğəmbər Əfəndimiz deyib ki, bu
dünya axirətin tarlasıdır. Bu səbəbdən
də biz dünya malını rədd etməməliyik, elə
deyilmi?”-demişdi.
Şagirdindən
belə bir cavab alan Hacı Bayram Vəli sərt
şəkildə: “Övladım, bir halda ki, dünya
malını hər şeydən üstün tutursan, onda bizi
tərk et və bir daha yanımıza gəlmə”,-deyərək
ondan bərk incidiyini nümayiş etdirmişdi.
Ustadının bu sözündən sonra Akbıyık
Sultan bərk mütəəssir olmuş və ondan dərhal
üzr istəmişdi. O evə
qayıdandan sonra var-dövlətini yoxsullara
paylamağa, qazancını
Allah yolunda xərcləməyə başlamışdı.
Bununla da ustadının arzuladığı adam
olmuş, dövrünün ən hörmətli zatlarından
birinə çevrilmişdi.
Namazını
Ağ Şəmsəddin qıldırdı
Hacı Bayram Vəli
ömrünün sonuna kimi İslam dinini olduğu kimi əhaliyə
çatdırmaq, onları dinimizin saf təməlləri
üzərində tərbiyə etmək üçün
çalışdı. O hər yerdə insanları
Qurani-Kərimdə əmr edildiyi kimi yaşamağa
çağırır, onlara xoşbəxtliyin, Allahın uca dərgahına
gedən yolun bunda olduğunu təlqin edir, onları pis əməllərdən
çəkindirməyə çalışırdı. Hacı Bayram Vəlinin bu fəaliyyəti o dövrdə
Anadoluda sağlam bir cəmiyyətin formalaşmasında
önəmli rol oynadı. Ona görə də
hələ sağlığında ikən Hacı Bayram Vəlinin
yanına Anadolunun hər yerindən çoxlu sayda insanlar
axışır, bu mübarək insanın
xeyir-duasını almaq, onun nəsihətlərini eşitmək
üçün qapısında növbəyə
dayanırdılar. Hacı Bayram Vəli o
dövrdə Anadolu insanları üçün mənəvi
bir ustada çevrilə bilmiş və bununla da türk-islam
tarixində şərəfli bir iz qoymuşdu.
Bu böyük insan
ölümünü öncədən hiss etmiş və ona
hazırlıq görməyə başlamışdı.
Şagirdlərinə: “Bu dünyaya gələn gedər,
heç kim qalmaz, qalan onun var-dövləti
deyil, təmiz adı, əməlləri olacaq”,-demişdi.
Amma
dövrünün ən böyük övliyalarından və
alimlərindən olan bu böyük insan, Hacı Bayram Vəli
özünün cənazə namazını sevimli şagirdlərindən olan
Göynüklü Ağ Şəmsəddinin
qıldırmasını istəmişdi. Onun son sözləri də: “Mənim
namazımı Ağ Şəmsəddin qıldırsın və
cənazəmi yusun. Bu xəbərimi ona
çatdırarsınız!”- oldu və
Haqqın rəhmətinə qovuşdu.
Həmin vaxt Ağ Şəmsəddin orada deyildi. Onun harada olduğunu da
heç kim bilmirdi. Hamı məəttəl
qalmışdı, Ağ Şəmsəddini həmin vaxt
tapmaq müşkül məsələ idi, tapmağı
heç kim bilmirdi. Ona görə də
Hacı Bayram Vəli vəfat edərkən yanında olanlar:
“Hacı Bayram Vəlinin bu sözü, ölüm halında
deyilən sözlərdəndir. Buna çox
etibar edilməz. Cənazə namazını başqa adam da qıldıra
bilər”,- dedilər.
Həmin
anda da kimsə ucadan: “Ağ Şəmsəddin gəlir!” deyə
həyəcanlı səslə xəbər verdi.
Ağ Şəmsəddinə ustadın vəsiyyəti
barədə məlumat verdilər. O da vəsiyyətə
görə ustadın
cənazəsini yudu və namazını
qıldırdıqdan sonra dəfn etdi.
Hacı Bayram Vəlinin vəfatından sonra qoyduğu
yol “Bayramiyyə yolu” adlandırılmışdı.
Qeyd edək ki, Hacı Bayram Vəli Ankarada dəfn edilib,
məzarı üstündə türbə inşa edilib. Bununla
bağlı günümüzdə dillər əzbəri olan
bir əhvalat dolaşmaqdadır. Bir vaxtlar
türbələrin ziyarət edilməsi qadağan
edilmşdi. O vaxt Hacı Bayram Vəlinin də türbəsinin
qapısına qıfıl vurulmuş, oranı ziyarət etmək
qadağan edilmişdi. Amma ertəsi gün
görmüşdülər ki, Hacı Bayram Vəlinin
türbəsinə vurulan qıfıl qırılıb.
Türbənin qapısına yeni qıfıl
vurmuşdular. Ancaq ikinci dəfə də
qıfıl qırılmışdı. Ona
görə də oraya polis qoymuşdular. Polislər
səhərə kimi yatmamış, türbənin
qapısında keşik çəkmişdilər. Səhərə yaxın onlar içəridən itələnərək
qapının açıldığını və Hacı
Bayram Vəlinin təbəssümlə onlara
baxdığını görmüşdülər. Bunu görən polislərin biri dərhal
özündən getmiş, digərinin isə dili
tutulmuşdu. Bundan sonra daha Hacı Bayram Vəlinin
türbəsinin qapısına qıfıl vurmadılar.
Hacı
Bayram Vəlinin mənəvi dünyası
Hacı Bayram Vəli dinimizə olduqca bağlı idi və
Allahın uca dərgahına gedən yolu bir nur, qurtuluş
yolu olaraq görürdü. Hacı Bayram Vəliyə
görə, Allah bu dünyanın yaradıcısı, yeganə
sahibidir, təkdir, sonsuzdur və əbədidir. Bayramilik təriqətinin də əsasını bu,
həmçinin Allah bütün varlıqlarda
görünür, var olmaq Allahın görünməsidir
ideyası təşkil edir.
O, bununla bağlı şeirlərindən
birində yazır:
Bilmek
istersen seni,
Can
içre ara canı.
Geç
canından bul anı,
Sen seni bil, sen seni.
Kim bildi
efalini,
Ol bildi
sıfatını,
Anda
gördü zatını,
Sen seni bil, sen seni.
Görünen
sıfatındır,
Onu
gören zatındır,
Gayri ne
hacetindir,
Sen seni bil, sen seni.
Kim ki
hayrete vardı,
Nura
müstağrak oldu,
Tevhid-i
zatı buldu,
Sen seni bil, sen seni.
Bayram
özünü bildi,
Bileni anda
buldu,
Bulan ol
kendi oldu,
Sen seni bil, sen seni.
Bu
şeirdə Hacı Bayram Vəli iki səndən bəhs edir. Onlardan biri nəfsi, digəri ruhudur. Ustadın
fikrincə, insan Allahın uca dərgahına ucalmaq
üçün nəfsdən qaçmalı, ruhu sənini
bu dünyada hər şeydən uca tutmalıdır. Sonrakı misralarda Hacı Bayram Vəli qeyd edir ki,
canından keçməklə insan özünə
qovuşur, yəni özünü tanıyan Allahını da
tanıyır. Belə ki, insan
yaradılmasına görə Allaha borcludur, oradan gəlmiş,
oraya da dönəcəkdir. Hacı Bayram Vəliyə
görə, insan dünya malına meyil etdikcə
özünü tanımaz, bu dünyaya nə
üçün göndərildiyini anlamaz və axirətini
düşünməz. Axirətini
düşünməyənlərin isə sonu həmişə
faciə ilə bitib, onlar ətrafındakı insanlar
üçün təhlükə ocağına dönüblər.
Hacı Bayram Vəlinin bu şeiri yazmaqda məqsədi
insanın öz dininin qanun-qaydalarına əməl etmədən
yaşamasının faciə olduğunu ətrafındakılara
çatdırmaq, onlara vaxt var ikən, bu həyatdan
köçməmiş dinimizə möhkəm
sarılmağı, xilas yolunun ancaq bunda olduğunu anlatmaq,
başa salmaqdır.
Nəsihətləri
Çalışın!
Zəngin belə olsanız
çalışın. Boş gəzənlərin
yoldaşı şeytandır!
Ölümü
çox xatırlayın. Hesabınızı, hesaba çəkilmədən
verin.
Dünya qəmindən qurtarmaq istəyən qəbristanlığa
getsin.
Tövbə edin ki, Allah günahlarınıza görə
sizi əfv etsin.
Harada olsanız olun, orada sizi Allahın qoruduğunu
unutmayın. Allahdan qorxun, pis əməllərdən uzaq durun.
Vəzifəli
insanlarla əlaqələrinizdə oddan
faydalandığınız kimi onlardan faydalanın, onlara od tutub yanacağınız qədər deyil,
odundan isinəcəyiniz qədər yaxınlaşın.
İnsanların fitnəsindən xilas olmaq istəyirsinizsə, onların arasında az-az görünün. Nifrət və kin həqiqətləri görən gözləri kor edər. Əsəbi hal insanı məhvə sürüklər.
Allah Təalaya üsyan edən heç kimə yardım etməyin.
Uşaqları çox sevin, onlarla rastlaşanda başlarını oxşayın, onları sevindirin, siz bununla da Peyğəmbər Əfəndimizin əmrini yerinə yetirərək, Allahın şəfqətini qazanmış olacaqsınız.
Əziz Mustafa
Zaman.-2015.-14 oktyabr.-S.9.