Gənclər və dialoq
Hər insan bir fərd olaraq istər fiziki, istər ruhi,
istərsə də digər parametrlərinə görə
digərlərindən böyük ölçüdə fərqli
yaradılıb. Ümumi görünüşdə nə
qədər bir-birimizə bənzəsək də, diqqət
edincə, araşdırınca, öyrənincə eyni
olmadığımızı, fərqli özəlliklərə
sahib olduğumuzu çox asanlıqla görə bilərik.
Barmaq izlərinin fərqliliyi buna sadə və əyani misal ola bilər.
Afrika
ölkələrindən birinə səyahət edən
ağdərili adam qaradərili dostuna: “Siz
bir-birinizə çox bənzəyirsiniz, bir-birinizi necə
tanıya bilirsiniz?” - deyə sual verir. Qaradərili
də qarşılığında: “Biz də siz ağlar
üçün eyni şeyi düşünürük,” -
cavabını verir.
Sima olaraq, xarici görünüş olaraq nə qədər
bənzər görünsək də, hər birimiz
özümüzü fərd kimi digərlərindən fərqli
hesab edirik və fərqliliklərimizi paylaşmaq, yeni nələrisə
öyrənmək axtarışında və
marağındayıq.
Buna görə də bütün
insanların bir-biri ilə qarşılıqlı münasibətlərə,
bir-birinin özəlliklərini digərləri ilə
paylaşmağa, bir-birinin fərqli düşüncələrindən,
fərqli fikirlərindən istifadə etməyə
ehtiyacları var. Yaşadığımız sürətlə
qloballaşan dünyamızda buna daha çox ehtiyac hiss olunur
ki, günümüzdə bu qarşılıqlı
münasibətlər “Dialoq” termini ilə
leksikalogiyamızın ayrılmaz hissəsinə çevrilib.
Dialoq fərqli insanların, fərqli toplumların,
fərqli millətlərin, fərqli düşüncəyə
sahib insanların bir-birini anlama, tanıma və ortaq problemlərinə
həll yollarını axtarma əzmidir.
Mövlananın “Kim
olursan ol, gəl” deyiminə, dialoq fəlsəfəsi ilə
baxsaq, görərik ki, bu böyük mütəfəkkir “Mənə
gəlin, mən çox geniş xoşgörüyə sahib
insanam” deməklə bərabər, həm də “Hər kəs
bir-birindən fərqlidir, amma yenə də anlaşa bilərik”
demək istəmişdir.
Qloballaşan dünyamızda sosial, iqtisadi, mədəni, mənəvi
və saya biləcəyimiz sürətlə artan bir çox
problemlər var ki, bu problemlərin həlli dövlətləri,
millətləri, insanları böyük çətinliklərlə
qarşı-qarşıya gətirib.
Bu problemlərin həllində
ən çox çətinliklərlə
qarşılaşanlar məhz gənclərdir. Bu problemlərin
həllinə çalışarkən çox vaxt böyük səhvlər
edə bilir, böyük risklərlə
qarşı-qarşıya qalırlar. Təbii
ki, bu da gənclərin kifayət qədər geniş təcrübəyə
sahib olmamalarından irəli gəlir. Gənclik
dövrü insanın ən gözəl inkişaf
dövrüdür və hər bir gənc özünü bu
dövrdə çox özəl hesab edir. Gənclər daim dinamik şəkildə
dünyanı tanımaq, araşdırmaq və dəyişdirmək
marağında və arzusundadırlar. Amma bu istək və
arzular bəzən fanatizmə, irqçiliyə, şiddətə
çevrilir və şəxsi eqolar ön plana
çıxır, hər kəs “MƏN” deyə səsini
dünyaya eşitdirməyə çalışır. Bu da çox böyük fəlakətlərə gətirib
çıxarır. Belə olan halda, dialoqun önəmi
bir az daha artmış olur. Çünki
dialoq anlayışı gənclərin bu istəklərini,
arzularını tolerantlıq, humanizm, ədalət və
barış çərçivəsində dəyərləndirmək,
gənclərdə olan bu potensialı müsbət istiqamətə
yönəltmək funksiyasına malikdir.
Gənclik insan həyatının oxumaq,
araşdırmaq, öyrənmək, özünü
yetişdirmək üçün əvəzolunmaz və ən
əlverişli dövrüdür ki, bu da
qarşılıqlı elmi mübadilələr, bir sözlə,
dialoq fəlsəfəsi ilə sıx əlaqəlidir. Demək ki, öyrənmək
nə qədər önəmlidirsə, dialoqun fəlsəfəsini öyrəmək
də o qədər önəmli və əhəmiyyətlidir.
Belə bir sual verə bilərik özümüzə: Dialoqun
mənim ücün əhəmiyyəti nədir?
Gənclik
dövrünə nə qədər öyüd, nəsihət
dinləməyə ehtiyac dövrü kimi baxılsa da, öz fikirlərini
çatdırma, özünü sübut etmə,
insanların onları dinləmə istəyi daha çox
qabarıq olur. Bu baxımdan da ilk öncə
dialoq fəlsəfəsi bizə gəncliyin ən
böyük problemlərindən olan qarşıdakını
dinləmə mədəniyyətinin, fikirlərə hörmət
etmək və olduğu kimi qəbul etməyin nə qədər
önəmli olduğunu öyrədir. Ancaq
bundan sonra insanlar, özəlliklə də gənclər
özəl hesab etdikəri hansısa biliyini, təcrübəsini
digər insanlarla paylaşa və öyrənməsi vacib olan
şeyləri əldə edə bilərlər. əks halda, fikirlərimiz heç kim tərəfindən
qəbul olunmayacaqdır.
Bir sözlə, dialoq “İnsanlarla nələri
paylaşa bilərəm və insanlardan nələri öyrənə
bilərəm?” - sualına ən praktik cavabdır.
Bəzən
yaşadığımız dünyanın problemlərinə
göz yumuruq, həllinə inanmırıq, “dünya belə
gəlib, belə də gedəcək” düşünürük,
dünyanın dəyişə biləcəyinə, yeni, daha
gözəl, daha xoşbəxt bir dünyada yaşaya biləcəyimizə
inanmırıq. Halbuki əsla bu belə deyil.
Dünya dəyişkənliyə, yeniliyə
açıq formada yaradılıb və insanlar həm daxili,
həm də xarici dünyalarını dəyişdirmək,
yenidən inşa etmək bacarığına və
potensialına sahibdirlər. Bunu görmək, dərk etmək
üçün
dünyanın ilk gündən bu günə olan
tarixinə qısaca nəzər salmağımız kifayət
edər. Bütün hallarda bu, dialoqla,
qarşılıqlı anlayışla, tolerantlıqla
mümkündür. Şiddət,
üsyan, provakasiya heç vaxt həll yolu olmayıb,
olması da mümkün deyil. Dialoq təcrübəsi
bütün insanlara, özəlliklə də gənclərə
dünyanın yenidən inşa edilə biləcəyini
göstərməkdə və buna dəvət etməkdədir.
Duyğu və düşüncələrin
yenidən inşası yalnız və yalnız
qarşılıqlı anlayışla, humanizmlə, dialoqla
mümkündür.
Bir gün məscidlərdən
birinin inşası zamanı bir uşaq qaçaraq Memar
Sinanın yanına gəlir. Bir müddət
minarəyə baxan uşaq minarənin əyri olduğunu
söyləyir. Memar Sinanın göstərişi
ilə minarənin üst hissəsinə bir kəndir
bağlanır. Həmin uşağa da: “Bax oğlum,
düzələndə bizə deyərsən,” - deyilir. İşçilər kəndiri bir qədər
sağa-sola çəkəndən sonra uşaq, “indi əyri
düzəldi” deyir. Memar Sinan uşağa
təşəkkür edir və bir də şirniyyat verib,
yola salır. Baş verənləri heyrətlə
izləyən işçilər Memar Sinandan bunun səbəbini
soruşurlar. Memar Sinan da cavabında: “Biz bu hərəkətlə
uşağın baxışındakı əyriliyi düzəltmis
və insanların gələcəkdə səsləndirəcəyi
yanlış düşüncənin qarşısını
almış olduq. Yoxsa minarənin əyri
olmadığını, əyrilik olsa belə, o kəndirlə
minarənin düzəlməyəcəyini mən də bilirəm”,
- deyir.
İnsanlarda
hər şeyə şübhə və tərəddüdlə
yanaşmaq duyğusu formalaşıb
İndiyə qədər dünyada heç bir ideologiya
insanları uzun müddət bir arada və təsir altında
saxlamağı bacarmayıb. Nə yaxın və
uzaq tarixdə dünyanın böyük bir hissəsinə
hökm etmiş Qərb mədəniyyəti, nə də
Şərqdəki sosialist və kommunist ideologiyalar bu istiqamətdə
böyük uğura imza ata bilməyiblər. Halbuki onların hamısı böyük vədlər
və qlobal iddialarla ortaya çıxmışdı.
Ancaq bu iddialar özlərini doğrultmadı, vədlər
reallaşmadı: insanlara səadət, mənəvi dinclik və
təhlükəsiz həyat verilmədi. Bu da
insanların bu ideologiyalara olan ümid və etibarlarını
ciddi şəkildə zədələdi. Çünki
ortaya atılan bütün ideologiyaların əskik tərəfləri
vardı və bu əskikliklər onların qloballıq
xüsusiyyətləri ilə üst-üstə
düşmürdü.
Hər şey bununla da yekunlaşmadı. Bir ideologiya sıradan
çıxan kimi onu digəri əvəzlədi, ortaya yeni
iddialar atıldı, yeni ümidlər və vədlər
verildi... Yəni insanların ümidləri
durmadan istismar edildi. Sanki müəyyən
qüvvələr qaranlıq otaqlarda cəmləşib cəmiyyətdə
ümidsizlik toxumları əkmək üçün planlar
qururlar. Bu planların icrası üçün isə
böyük infrastruktur hazırlanır...
Demək olar ki, qaranlıq qüvvələr öz məqsədlərinə
müəyyən qədər çatıblar. İndi
insanlarda hər şeyə şübhə və tərəddüdlə
yanaşmaq duyğusu formalaşıb. Hazırda bəşəriyyət
ona təklif edilən hər hansı sistemə qarşı
bir az şübhəli, bir az ehtiyatlı,
bir az da hiyləgərdir. Çünki o, indiyə qədər
onun cəlb olunduğu sistemlərin heç birinin tam işləmədiyinin
şahididir...
Mexanikada
belə bir qayda var: əgər hər hansı bir sistemin
kiçik bir hissəsi əskikdirsə, o həmin sistemin fəaliyyət
göstərməsinə mane olur və nəticə etibarilə,
mükəmməl bir sistem kiçik bir əskiklik
ucbatından lazımsız bir struktura çevrilir.
İdeologiyalar da əslində bu baxımdan istisna deyillər. Ən mükəmməl
ideologiyada nəsə çatışmırsa, bu, onun insanlar
tərəfindən mənimsənilməsinə mane olur.
Təsəvvür edin. Bir ideya ortaya
atılır, ancaq o ideya bəşəriyyətin təbiətinə
və xarakterinə ziddir, bütün insanları əhatə
etmir və bütövlükdə insanlığın
ehtiyaclarına cavab vermir, xüsusilə də, bəzi
xüsusiyyətləri etibarilə insanlar arasında kin və
nifrət toxumları səpir, bəşəri dəyərləri
ayaqlar altına atır. Belə bir
ideyanın uzun müddət yaşaması, əlbəttə
ki, mümkün deyil.
Onu da iddia etmək doğru olmaz ki, hazırda
dünyadakı bütün insanlar istisnasız olaraq,
ümidsizdirlər, həyatdan küsüblər, güvənlərini
itiriblər.
Xeyr! əlbəttə ki, saf bəşəri
duyğularını qoruya bilmiş insanlar da var. Onlar saxta və
əldəqayırma ideologiyalardan mədət ummayan, yalan
üzərində qurulmuş cərəyanlara ümid
bağlamayanlardır.
Ayrı-ayrı insanlar tərəfindən ortaya
atılan ideologiyaların özünü doğrultmaması bəşəriyyəti
ilahi mesajlara istiqamətləndirir. Artıq insanlar
yalnız Allahdan mədət ummağa yönəlirlər.
Bizi və bizim gördüyümüz,
varlığını duyduğumuz, hər şeyi yaradan Allah
bizi qane edən şeyin nə olduğunu da ən gözəl
biləndir.
Bu və ya digər səbəblərdən artıq
müasir insanı aldatmaq o qədər də asan deyil. Yanlış
qərarları sayəsində başı daşdan daşa dəymiş
çağdaş bəşəriyyət bundan sonra daha
ehtiyatlı olmalıdır və olacaq da.
Doğru istiqaməti tapmaq və saxta ideologiyalara
aldanmamaqla bağlı məsələni bütövlükdə
bəşəriyyətə də aid etmək olar, konkret fərd
olaraq, yaşlı insanlara da. Qocaman bəşəriyyət
əsrlər ərzində bu sahədə böyük təcrübəyə
yiyələnib. Həyatlarının
müəyyən hissəsini yaşamış,
saç-saqqalını ağartmış ixtiyarlar,
böyük bir həyat təcrübəsi toplamış
qocalar da dünyanın gərdişinə daha çox
vaqifdirlər. Ümid edək ki, həm fərdi, həm
də ictimai təcrübələrimiz bizi bir daha səhv etməyəcəyimiz
istiqamətə yönəldər...
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında səhifəni hazırladı:
Nərmin
Haqverdiyeva
Zaman.-2015.-14 oktyabr.-S.13.