Azərbaycan - millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə

 

Ulu öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdir və bu hüquqlar müvafiq qanunlar əsasında qorunur. Ümummilli lider Azərbaycanın ən başlıca sərvətlərini qeyd edərkən qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanları xüsusi vurğulayırdı: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.

 

Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Bu günün reallıqlarını düzgün dəyərləndirmək hər zaman keçilən yola nəzər salmağa, düzgün təhlillər aparmağa böyük zərurət yaradır. Məlum olduğu kimi, ötən əsrin sonlarında sovetlərin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi. Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlərarası dialoqun yaranmasına ehtiyacı artdı. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynadı. Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Milli Konstitusiyanın 48-ci “Vicdan azadlığı” maddəsində qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 2009-cu ildə keçirilən ümumxalq səsverməsində Konstitusiyanın bu maddəsinə belə bir əlavə də edildi ki, heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Avropa ilə Asiya arasında əməkdaşlıq körpüsü olan və uğurlu siyasəti ilə daim bu körpünün möhkəmləndirilməsinə çalışan Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşayırlar. İnsanın sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqların mövcud olduğu ölkəmizdə bu proses uğurla davam etdirilir. İslam Konfransı Təşkilatının üzvü, çoxmillətli, çoxkonfessiyalı, dünyəvi dövlət olan Azərbaycanda kilsə, sinaqoq və digər dini məbədlər mövcuddur.

 

Ölkəmizin ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək bildirilir ki, Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. Prezident İlham Əliyev bildirir ki, milli dəyərlərimizə sadiq olmalı, qloballaşma adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər aşılanmamalıdır. Sovetlər dövründə xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalıb. Müstəqillik əldə etdikdən sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənib. İslam xalqımıza xoşbəxtlik, inkişaf, mədəniyyət, müqəddəs dəyərlər bəxş edib. Ümummilli lider Heydər Əliyev ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun olaraq, tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin prioritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərib, böyük dövlətçilik təcrübəsinin təməlini qoyub. Son on ildə həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli-mənəvi dəyərlərimizin inkişafı, azərbaycançılıq ideyasının təbliği istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə daim diqqət yetirilən vətəndaş birliyi, həmrəyliyi, dini, milli məsələlərin həllində əldə olunmuş uğurlar tarixi sərvətimiz, nailiyyətimizdir. İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşırlar. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir. Bu günlərdə Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfransda ölkəmizdə din-dövlət münasibətlərindən, bu sahədə mövcud qanunvericilikdən geniş bəhs edilərək, bir daha bu reallıq qeyd oldundu ki, tolerantlıq mühitindən sui-istifadə halları mövcuddur və bu kimi məsələlərin həllində vahid mövqe ortaya qoyulmalıdır. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, dünyanın müxtəlif ölkələrində din və milli zəmində baş verən qarşıdurmalar, münaqişələr, dini konvensiyaların, təriqətlərin, institutların ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır. “Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları və dini təriqətlər Azərbaycana da ayaq açmış və onlar respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər” söyləyən Ə. Həsənov qeyd etdi ki, bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və təhrik etmək istəyənləri, şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir.

 

Vətəndaşların müxtəlif yollarla şirnikləndirilməsi, ələ alınması və müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması, fəaliyyətinin istiqamətləndirilməsi, mövcud ictimai-siyasi sabitliyin pozulması və s kimi hallar dini radikal təşkilatların ümumi xarakteristikasını təşkil edir. Həmin radikal dini qruplar məhz gəncləri məqsədli fəaliyyətlərinin əsas oyunçularına çevirməyə cəhd göstərirlər. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, ölkəmizdə dini etiqad azadlığı mövcuddur. Lakin hansısa dinin təbliği, insanların təfəkkürünün dəyişdirilməsi istiqamətində gostərilən cəhdlər yolverilməzdir. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq, bu gün din pərdəsi altında göstərilən cəhdlərin ölkə üçün nə kimi problemlər yaratdığını ətraflı şəkildə təhlil etməyə böyük zərurət duyulduğunu daha dərindən dərk etmiş olarıq. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Ə. Həsənov çıxışında dövlətimizin bu kimi cəhdlərin qarşısının alınması yönümündə atdığı addımları diqqətə çatdıraraq bir daha bildirdi ki, Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz. Son zamanlar radikal dini qruplaşmaların fəallaşmasına ictimaiyyətin sərt münasibəti də bu reallığı təsdiqlədi ki, günbəgün güclənən, iqtisadi qüdrətini artıran, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan kimi beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq qeyri-mümkündür. Azərbaycan kimi ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirən hər kəs ölkədə tolerantlıq mühitindən sui-istifadə edən radikal dini qruplaşmaların cəhdlərinin əbəs olduğunu bildirir. Xalq-iqtidar birliyinin möhkəmliyi fonunda bütün bu kimi cəhdlərin qarşısı hər zaman qətiyyətlə alınır.

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 Coşqun Mövlamov

Zaman.-2015.-15 oktyabr.-S.13.