Bəşəriyyət insanlığa həsrət
qalıb
İnsanı insan olduğu üçün sevmək və
sayğı göstərmək Yaradana sayğının
göstəricisidir. Bəzən elə olur ki, ancaq öz səviyyəmizdə
olan insanlara sayğı və sevgi göstəririk.
Bu hərəkət İslam ədəbinə uyğun
bir hərəkət deyil. Belə etməklə
insanlığa yaraşmayan bir sevgi sərgiləmiş oluruq.
Belə sevgi də olsa-olsa, ancaq göstəriş
və qürur üçün edilmiş süni bir
davranış olur. Belə davranış
insanda şeytani bir sifət olan özündənrazılığı
və eqoistliyi qabarıq şəkildə üzə
çıxarır. Hətta elə olur ki,
bu davranışı iman və düşüncədə
bizimlə eyni səviyyədə olan, ancaq bizim kimi
düşünməyən, bizim kimi davranmayan insanlara
qarşı da edirik. Belə
davranış xudpəsəndlikdir.
Bəşəriyyətin rifahı, gələcəyinin
yaxşı olması naminə müəyyən bir qayəsi
olan insanlar hadisələri səbəblərə görə
yox, qayələrə, məqsədlərə görə
mütaliə etməyi bacarmalı və özünü
yüksək intellektli bir kadr kimi yetişdirməlidirlər. Eyni
düşüncəyə sahib olan biz müsəlmanlar fərqli
yollardan da olsa, eyni nöqtəyə çatmaq
üçün çabalayırıq. Elə
isə, nə haqla bu yolda mübarizə aparanlar barədə
xoşagəlməz ifadələr işlədə bilərik?
İnsanlarda iki xislət vardır. Biri
yaradılışdan gələn xasiyyət, biri də
sonradan, ətrafdakı insanların təsiri ilə
qazanılan xasiyyətdir. Yaşadığımız
müasir dünyada insanlığın sonradan
qazandığı xasiyyətlər bizi çox narahat edir.
Bu narahatçılığımız bizi
vadar edir ki, insanlar haqqında hər hansı bir qərar qəbul
edəndə tələsməyək. Çünki
tələsik verilən qərarlar gələcəkdə
müalicəsi mümkün olmayan yaralar aça bilər.
Buna görə də insanlığın
rifahı naminə çalışan insanlar verəcəkləri
qərarlara, görəcəkləri işlərə
insanlığın sevgi və sayğısına söykənən
bir məna və “görünüş” köynəyi geyindirməlidir.
Müasir dünyamız müxtəlif həyat tərzlərinin
mövcudluğu ilə bizləri qaranlıq yollara sövq
edir. Və indi nə olduğunu bilmədiyimiz bir çox
hadisə ilə qarşılaşmış vəziyyətdəyik.
Həll etməyə
çalışdığımız problemlər olduqca
anlaşılmaz görünür. İş
orasındadır ki, belə məsələlərin nəticələri
də özləri kimi nöqsanlarla doludur.
İnsanlığa həyat suyu gətirmək
üçün Qaf dağına getməkdən belə
çəkinməyən minlərlə Xızır var. Ancaq
heç birində Xızırın (ə.s.)
tapdığı ölümsüzlük iksirinin əlaməti
belə yoxdu.
Təəssüf ki, Xızırın yolunu gedənlərin
bütün cəhdlərinə baxmayaraq, insanlıq ruhuna
sayğı ciddi təhlükələrlə üz-üzədir.
Bizlər illər uzunu
çalışıb-çabaladıq, ancaq heç cür
gələcəyin düsturlarını formalaşdıracaq
tərkiblər əldə edə bilmədik. Belə vəziyyətdə
istəyimizə çata da bilməzdik axı.
Çünki duyğu və düşüncələrimizin
fərqli şeylər vəd etməsi və fərqli şeylər
gətirməsi bizləri əlində qırıq val və yarım bir bəstə ilə
qapı-qapı gəzən musiqiçilərin halına
salmışdı. Hər kəsin əlinə
aldığı doğrunun bir parçası ilə başqa
doğruları inkar etməsi və hər kəsi əlindəki
yarımçıq bəstəyə itaət etməyə məcbur
etmək istəyi və düşüncələrin bir-birinə
zidd olması yeni xilasedici əlaclar tapmağa mane oldu.
Üstəlik, hələ də inandırıla bilməyən
insanlara kafirsən, günahkarsan deyilirsə...
Bu gün üslubdakı bu səhvlərlə gəldiyimiz
məqamlar çox qəmli və
düşündürücüdür. Çiyin-çiyinə
eyni məqsəd uğrunda çalışan insanlar bir-birilərini
tanımaz hala gəlmişlər. Doğrular
və səhvlər əsl yerlərindən oynadılaraq,
qrupların maraqlarına uyğun olaraq əyri məcralara
oturdulmuşdur. Belə bir
qarışıqlıq içində nə hədəfin
ucalığını, nə də vəsilənin ondan fərqliliyini
seçmək mümkün deyil.
Bu günün insanı bahardan ləzzət almaq
üçün təbiəti seyrə çıxarkən
sarı bir çiçəyə ilişmiş biri kimi
görünür. Əslində o, vəsilələr
üçün mübarizəyə aludə olduğu bu yolda
hədəfə çatmaq ümidini çoxdan itirmişdir.
Artıq gördüyü iş sırf məşğul olmaq
üçün iş görmək və hərəkət
etmək üçün hərəkət etməkdən ibarətdir.
Tarixi abidə önündə özünü
turistlərə sevimli göstərməyə
çalışan bələdçinin abidəyə xidməti
və Yaradana qulluğu unutduğu kimi, bu gün hər
hansı bir missiyaya könül verənlər qayələrinə
qarşı yad və biganə qalmışlar.
Gündəmimizə girən və qəlbimizi dolduran
hava nə qədər cazibəli və zəruri olursa-olsun,
könül verdiyimiz həqiqəti unutmağımıza haqq qazandırmağa
əsas verə bilməz. Eyni ərazini
paylaşan bizlər bir-birimizə biganə qala bilmərik.
Fərqli düşüncədə olan birinin
davranışlarını tənqid edə bilərik. Bu,
ağlın fərqli işləməsinin ifadəsidir. Amma əgər ayrı üfüqə çatmaq
üçün çırpınırıqsa, heç olmasa,
onun düşüncəsinə də sayğı göstərməliyik.
Bu, hər şeyin üstündə Uca
Yaradıcının ucaltdığı müqəddəs mənaya
sayğılı olmanın gərəyidir.
İnsana qarşı sayğılı olmalıyıq. Onun
inandığı uca həqiqətlərə
sayğılı olmalıyıq. Yaradanından
ötrü yaradılanı sevməyi bacarmalıyıq.
Bu anlayış içində qurmaq istədiyimiz
bir cəmiyyət əvvəl-axır özünə gələcək
və itirdiklərini bərpa etməyi bacaracaqdır.
Madam ki, insanıq, onda
insanlığımızı da unutmamalıyıq
Sanki insanların böyük əksəriyyəti sevməyi,
mərhəmət etməyi, bağışlamağı,
yardım etməyi unudub, ən ülvi bəşəri
duyğulardan uzaqlaşıb. Halbuki biz mələklərin
belə, qibtə edəcəyi mərtəbədəyik.
Bu mərtəbənin qədrini bilmədiyimiz və
insanlığa layiq davranmadığımız
üçün heyvanlardan da aşağı səviyyəyə
düşürük. Sanki indi
bütün gözəl hisslər insanları tərk edib, bu
hisslərin yerini kin, nifrət, qəzəb, qısqanclıq,
intiqam tutub. Qəlblərimiz sevgisiz
qalıb, düşmənçilik hissləri bütün mənliyimizi
əhatəyə alıb. Kinlə, nifrətlə
oturub-dururuq, düşüncələrimiz mütəmadi
olaraq pislik etməyə “köklənib”. Ətrafımızdakıları
yandırıb-yaxmağa cəhd edirik, hər şeyi
özümüzə uyğunlaşdırmağa
çalışırıq, bizə uyğun gəlməyən
hər şeyə düşmən kəsilirik,
başqalarını təsirimiz altına almaq
üçün onlara ən ağır işgəncələr
verməkdən, böhtan atmaqdan belə çəkinmirik.
Bu gün bəşəriyyət insan kimi
yaşamağa, yəni insanlığa həsrət qalıb.
Sanki insanların böyük əksəriyyəti
sevməyi, mərhəmət etməyi,
bağışlamağı, yardım etməyi unudub, ən
ülvi bəşəri duyğulardan uzaqlaşıb. Halbuki biz mələklərin belə, qibtə edəcəyi
mərtəbədəyik. Bu mərtəbənin
qədrini bilmədiyimiz və insanlığa layiq
davranmadığımız üçün heyvanlardan da
aşağı səviyyəyə düşürük.
Sanki indi bütün gözəl hisslər
insanları tərk edib, bu hisslərin yerini kin, nifrət, qəzəb,
qısqanclıq, intiqam tutub.
Qəlblərimiz sevgisiz qalıb, düşmənçilik
hissləri bütün mənliyimizi əhatəyə
alıb. Kinlə, nifrətlə oturub-dururuq,
düşüncələrimiz mütəmadi olaraq pislik etməyə
“köklənib”. Ətrafımızdakıları
yandırıb-yaxmağa cəhd edirik, hər şeyi
özümüzə uyğunlaşdırmağa
çalışırıq, bizə uyğun gəlməyən
hər şeyə düşmən kəsilirik,
başqalarını təsirimiz altına almaq
üçün onlara ən ağır işgəncələri
verməkdən, böhtan atmaqdan belə çəkinmirik.
“Mənim bildiyim ən doğrudur” şüarı ilə
hərəkət edərək, ən
yaxınlarımızı belə, özümüzdən uzaq
salırıq.
Qısacası, əsiri olduğumuz şər
düşüncələri həyata keçirmək
üçün insanlığımızı unuduruq.
Öz “mən”imizin quluna çevrilərək eqoistcəsinə
davranırıq. Daima əsəbi oluruq, hiddətlənirik, qeyzlənirik,
gücümüz imkan verirsə, vurub yıxırıq, əzə
bildiklərimizi əzirik, əzə bilmədiklərimizin
düşmənçiliyini isə içimizdə
saxlayırıq, əlimizə imkan düşən kimi onlara
da hiyləgərcəsinə zərbələr endiririk...
Təəssüflər ki, belələrinin sayı
çoxdur. Yalnız insan insana deyil, bir qrup insan
bütövlükdə xalqlara, millətlərə olmazın
zülmlər, işgəncələr verir. İnsanlar fitnə-fəsadla
qarşı-qarşıya qoyulur. Günahsız
uşaqların, ağsaçlı ataların, ağbirçək
anaların qanları tökülür. İnsanların
hüquqları tapdalanır, məzlumlar haqlarını bərpa
edə bilmirlər.
Çoxlarının ruhlarından insani keyfiyyətlər
silinib, vicdan mexanizmi iflic olub.
Düzdür, tarixən belə şeylər olub,
bütün dövrlərdə haqsızlıqlar, vəhşiliklər
baş verib. Ancaq budəfəki hər dəfəkindən daha dəhşətlidir.
Qloballaşan və texniki baxımdan sürətlə
inkişaf edən dünyada pis niyyətlər sürətlə
yayılır. Hər yerdə xəzan var,
insanlar saralmış yarpaqlar kimi tökülür. Hamı insanlığı dərk edən insan
axtarışındadır. Hamı mərhəmətlə
uzanan əl axtarışındadır.
Madam ki, insanıq, onda
insanlığımızı da unutmamalıyıq. Madam ki, ətrafımızda dürüst
insanların olmasını istəyirik, onda əvvəlcə
özümüz dürüst olmalıyıq. Mərhəmətlə
uzadılan əllərdən biri də bizim olsun...
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Xəyalə Sadıqova
Zaman.-2015.-16 oktyabr.-S.13.