Sonsuzluğa açılan qapı - könül

 

Maddi böhranlardan daha çox, mənəvi böhranlardan qorunmağın yollarını axtarmalıyıq. Çünki daha əvvəl də qeyd etdiyimiz kimi, maddi böhranların kökündə əsasən mənəvi böhranlar yatır.

 

Könül insanoğlunun ən önəmli və ən ciddi yanı, onun mənəvi varlığının ifadəsi, hiss və inanclarının qaynağıdır. Könül insanın daxili aləminə açılan yolların həm ilk, həm də son mənzilidir. Könül yolu ilə irəliləyənlərin qarşısına qaranlıq çıxmaz, onlar daima nur içindədirlər. Könlünün səsinə qulaq asanlar ayrı-ayrı fərdlərdən asılı olmazlar. Bütün mənəvi dəyərlər könüldə yetişir, boy atır, meyvə verir: iman, eşq, ruhani zövqlər...

 

Könlünün səsini dinləməyənlər insanlıqdan məhrum olmuş quru cəsədlərdir. Çünki insanlığın toxumları könülün mənəvi atmosferində boya-başa çatır. Bütün duyğular könülün əmrində olarsa, insan həqiqi xoşbəxtliyə nail olar. Belə olan halda, ruh cəsədə, qəlb ürəyə, iradə nəfsə qalib gələr, insan adi dünyəvi zövqlərin əsirinə çevrilməz, daha böyük idealların arxasınca düşər. Bir də bunun əksini düşünün: iradə heç nəyə təsir edə bilməyən zəif bir qüvvəyə çevrilmiş, insan ən adi əyləncələrin məngənəsinə düşmüş, pərişan olmuş ruhu ilə gələcək ideallarını cılızlaşdırmış... Bu insanda insanlıqdan əsər qalmışmı, sizcəə...

 

Könülsüz insanın şeytanın tələlərinə düşmək ehtimalı çox böyükdür. Şeytan da məhz belə insanları özünə əsgər seçib, əmrinə müntəzir edir: həm dünyasını, həm də axirətini bərbad edir...

 

Çox təəssüf ki, hazırda şeytanın oyununa gələnlərin sayı hər zamankından xeyli çoxdur. Ona görə də könül hərəkatına hər zamankından daha çox ehtiyacımız var. Bunun üçün könlümüzü qidalandıran “yeməklər” yeməliyik.

 

Könlünün diktəsi ilə yaşayanların siması da aydındır, məramı da. Belələrinin çöhrəsi o qədər sevimli olur ki, bunun adi bir yaşayış tərzi olmadığını anlayırsan. Onların eşqi sonsuzdur, çünki bu eşq Haqqa yönəlir, ilhamını da Haqdan alır...

 

Belə bir bənzətmə etsək, hər halda fikrimiz daha aydın izah olunar: insanın duyğularının hər biri fərddir, qəlb bu fərdləri idarə edən komandirdir, könül isə məşəldir, bu fərdlər və komandir pərvanə kimi bu məşəlin ətrafında dövrə vurur, ondan ilhamlanırlar...

 

Könül hər şeydən yuxarıda durmalı, ancaq əmrlər verməli, bütün duyğulara komandanlıq etməlidir. Çünki Haqqın əmrlərini ən dəqiq və etibarlı şəkildə başqalarına yönləndirən məhz könüldür. Könülün funksiyasını nə məntiq, nə elm, nə də başqa bir qüvvə yerinə yetirə bilməz. Çünki məntiqin də, elmin də müəyyən məhdudiyyəti var. Könül isə Sonsuzdan qaynaqlandığı üçün imkanları da məhdudiyyətsizdir...

                      

İki böhran                         

 

Hazırda dünyamız iki böhranı birdən yaşayır. Həm iqtisadi, həm də mənəvi böhran dünyanı öz ağuşuna alıb. Beynəlxalq aləm cidd-cəhdlə maliyyə çatışmazlıqlarına qarşı mübarizə apararkən, əslində bu krizin kökündə dayanan mənəvi böhranı, sanki, ya görmür, ya da görmək istəmir.

 

Əslində bütün böhranlar Sonsuz Qüdrət Sahibindən uzaq düşməkdən qaynaqlanır. Nə qədər qəribə olsa da, böhranları cənnəti yalnız bu dünyada yaşamağa çalışanlar çıxarırlar. Onlar bu dünyanın nemətlərindən maksimum faydalanmağa çalışır, yalnız öz səadətlərini və rahatlıqlarını düşünürlər, başqalarının rahat yaşamaq hüquqlarını tanımamaq bir yana, əllərinə fürsət düşdükcə onları əzirlər. Belələri haqq-ədalətə qarşı gözlərini, qulaqlarını, bütün duyğularını qapayıblar. Bunu yalnız ayrı-ayrı fərdlər etmədilər, dövlətlər də bu yola baş vurdular. Nəticədə, zülm müxtəlif dövlətlərin simasında daha da gücləndi, vəhşiləşdi. Bu gün yaşadığımız, gördüyümüz, müxtəlif vasitələrlə şahidi olduğumuz vəhşiliklərin başqa səbəbi yoxdur. Yeganə səbəb Haqqı tanımamaq və nəticə etibarilə qlobal vicdansızlıq sindromuna qapılmaqdır.

 

Dünyanın bugünkü halı VI-VII əsrlərdə ərəb yarımadasındakı vəziyyəti, o cahilliyi xatırladır. İndi hamı bu vəziyyətdən çıxmaq üçün qurtarıcı bir əl gözləyir...

 

Bir tərəfdən, məzlumların ah-fəryadı yüksəlir, digər tərəfdən, zalımların kini, nifrəti daha vəhşi hal alır. Kütlənin yaşamaq hüququ məhz “insan haqları”, “demokratiya” deyən qüvvələr tərəfindən ən zalım şəkildə pozulur.

 

Bu vəziyyət belə davam edərsə, kim bilir, daha hansı vəhşiliklərin şahidi olacağıq, daha nə qədər insana qan qusdurulacaq, zalımlar alqışa tutulacaq, həyasızlar həya dərsi keçəcəklər...

 

Bütün bunlara rəğmən, ümidsiz olmağa ehtiyac yoxdur. Vicdan insanın mayasında var. İnsan nə günahlar işləsə də, sonradan yenidən doğru yola qayıtması mümkündür. Bəşər tarixi dəfələrlə şahidi olub ki, insanlıq indiyə qədər bir neçə dəfə qeyri-əxlaqi yollara düşüb, ancaq sonra yenidən doğru istiqamətə qayıda bilib.

 

Bir zamanlar kommunist bir rejimdə yaşayırdıq, bütün insanlara sistemli şəkildə ateizm aşılanırdı, insanlar Allaha qarşı məsuliyyətsiz olmağa məhkum edilirdi. İnsanlar inanmadıqları halda, Darvini əzbərləməyə məcbur olmuşdular. Ancaq sonra nə baş verdiə Bütün qadağalar alt-üst oldu. Həqiqətin üzərinə salınmış pərdə yırtıldı. Çünki həqiqəti gizlətmək mümkün deyildi. Səhər zülmətin ən pik nöqtəsindən sonra açılır...

 

Ola bilsin ki, bütün problemlər hələ tam həll olunmayıb. Ateizmin dövlətləşməsindən qurtulsaq da, başqa problemlərlə qarşı-qarşıyayıq. Hər zaman terror haqqında düşünən, başqalarına qan qusdurmağı özünə peşə seçən, narkotika ilə gəncləri zəhərləyən, silah ticarəti ilə məşğul olan, insan alveri edən, millətin malını qamarlayan, korrupsiyaya qurşanan, rüşvəti müntəzəm gəlir halına gətirən insan cildinə girmiş canavarlardan xilas olmağın yollarını axtarırıq.

 

Bütün bunlar hamısı ayrı-ayrılıqda ciddi bir böhrandır. Bu böhranların hamısı insanların daxilindəki boşluqlardan qaynaqlanır: mənəvi boşluq. Ruh lazımi qidalarla qidalandırılmadıqda, bu aclıq fiziki arzuların azğınlaşmasına səbəb olur və nəticədə, bir az əvvəl sadaladığımız fəsadlar ortaya çıxır.

 

Böhran dünən də olub, bu gün də var, sabah da olacaq. Əslində bu böhranlar insana stimul verməli, onu daima ayıq-sayıq olmağa sövq etməlidir. Maddi böhranlardan daha çox, mənəvi böhranlardan qorunmağın yollarını axtarmalıyıq. Çünki daha əvvəl də qeyd etdiyimiz kimi, maddi böhranların kökündə əsasən mənəvi böhranlar yatır.

 

İnsanoğlu öz mövcudluğu ilə varlığa

 

rəngarənglik qatır

 

İnsan yaradılış ağacını tamamlamaq üçün dünyaya göndərilib. Ruh və cismin vəhdətindən doğan insan bu iki cövhər arasındakı tarazlığı qorumaq üçün həmişə çətinlik çəkib. Hətta bu tarazlığı qurarkən uçuruma yuvarlanma təhlükəsini də yaşayıb və yaşamaqdadır. Onun həyatı sanki bir hörgü kimi sevinc və kədər ilmələrindən ibarətdir.

 

İnsanoğlunun ruhunda əbədiyyətə məftunluq var və insan da həyatını bu tellər üzərində qurmaq istəyir. Ancaq şeytani hiylə və tələlər daim onu fərqli istiqamətlərə yönləndirir, hər zaman doğru yoldan çıxarmağa çalışır. Bu baxımdan insan daim təhlükə altındadır və mübarizədədir: ya əbədi səadəti qazanacaq, ya da əbədi zillətə məhkum olacaq.

 

Onun varlığındakı fərqliliklər və üstünlüklər eyni zamanda müəyyən məsuliyyəti də onun çiyinlərinə yükləyir. Ağlı və iradəsi sayəsində o, bu məsuliyyətini dərk etməli və həyatını düzgün istiqamətləndirməlidir. Onu xüsusi bir formada yaradan, özünəməxsus duyğularla təchiz edən və qeyri-adi məxluq halına gətirən Sonsuz Qüdrət Sahibinin bütün bunların müqabilində ondan istədiyi, sadəcə bir şükürdür.

 

O, ən gözəl şəkildə yaradılıb. O həm bu dünya, həm də axirət səadətinə nail ola biləcək keyfiyyətlərlə təchiz edilib. İnsanda elə xüsusiyyətlər var ki, onların sayəsində hər iki dünyada müvəffəq olmaq mümkündür. O, zahiri görkəmi etibarilə dar bir çərçivəyə yerləşdirilmiş kimi görünsə də, əslində mənən dərin və dibsizdir. O, duyğuları sayəsində ən uca zirvələri fəth edə biləcək qabiliyyətlərə malikdir. İnsan mahiyyəti etibarilə kainatın və canlılar aləminin qafiyəsidir.

 

Ən önəmlisi isə Allahın (c.c.) insanı özünə xəlifə seçməsidir. Ona görə də yerdə, göydə nə varsa, hər şey insan üçün yaradılıb, onun əmrinə verilib. Yəni ətrafda hər nə varsa, hamısı insanoğlunun əmrinə müntəzirdir. Bu həm də onu göstərir ki, insan yaradılan hər şeydən üstündür, onun hansısa bir məxluqla və ya canlı ilə müqayisəsi yersizdir. Ona görə də insan nəyin bahasına olursa-olsun, nəyəsə qurban edilməməli, dəyəri hər zaman üstün tutulmalıdır. Təbii ki, insanın bu dəyəri onun maddi göstəriciləri - boyu, çəkisi, gözü və ya saçının rəngi ilə izah edilə bilməz. Belə ki, o, fiziki baxımdan kainatla müqayisədə çox kiçik görünür. Onu dəyərlər üstü zirvəyə qaldıran amil onun mahiyyəti, mənəvi varlığı, vicdanı, qəlbi və ruhudur. O, məhz bu mənəvi keyfiyyətləri sayəsində bütün varlıqlara hökm etməyi bacarır, mələkləri belə geridə qoyur...

 

Onu “beşgünlük dünyada yeyib-içən, keyf çəkən” varlıq gözündə görmək, əslində ona təhqirdir. Çünki bu xüsusiyyətlərə heyvanlar da malikdir, onlar da yeyib-içir, şəhvani istəklərinə uyğun yaşayırlar. Hər halda insanı belə canlılarla müqayisə etmək olduqca yersizdir. Onu bütün varlıqlardan fərqləndirən cəhət şüur, iradə və ruhdur. Yəni mənəvi keyfiyyətlərdir.

 

Yalnız mənəvi dəyərinin fərqində olan insanlar bütün bu deyilənləri idrak edir və özünü dünyada xəlifə kimi aparır, davranışlarına, hətta düşüncələrinə, fikirlərinə diqqət yetirir, uçuruma yuvarlanmamaq üçün ehtiyatla yaşayır. Təbii ki, o, bütün bir həyat boyu ideallığını qoruya bilmir. Bəzən ayağı büdrəyir, sürüşür, yıxılır. Ancaq o, ayağa qalxmağı da bacarır. Çünki doğru istiqaməti bilir. Əslində yıxılmaq və yenidən dikəlib yola davam etmək iman əhlinin həyat tərzidir, qədəridir, alın yazısıdır. Allah (c.c.) onun bu xüsusiyyətlərini də bildiyi üçün tövbə qapısını son anadək açıq saxlayır.

 

Zaman.-2015.-28 oktyabr.-S.13.