Dünyanı heyrətləndirən məşhur müsəlman alimləri: Əl-Xarəzmi

 

ƏZIZ MUSTAFA,

 

 II hissə

 

Əl-Xarəzmi  bu biliklərinin yetərsiz olduğunu düşünərək Hindisatandakı elmi kitablarla tanış olmaq niyyətinə düşür. O, təxminə, 830-cu ildə xəlifənin icazəsi və xeyir-duası ilə Əfqanıstan yolu ilə  Hindistana gəlir. O burada gəlişinin məqsədini hind imperatoruna bildirir və onun razılığı ilə bir müddət qədim kitabların tədqiqi ilə məşğul olur. Hindistandan qayıdandan sonra bildiklərini və oxuduqlarını yenidən nəzərdən keçirərək, Xarəzmi cəbr sahəsində ilk əsəri olan “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”ni (“Cəbr və müqayisə hesabları”) yazır.  Bununla da Xarəzmi Yaxın Şərq tarixində və dünyada cəbr elmi ilə bağlı ilk əsər yazan alim kimi məşhurlaşır. Qeyd etdiyimiz kimi dəqiq elmlər sahəsində daha əvvəl də bir sıra elmi tədqiqatlar aparılmışdı. Xarəzmi isə elmi tədqiqatları yenidən işləyərək onları təkmilləşdirdi və bununla da cəbri müstəqil elm sahəsi kimi elmə daxil etdi. O dövrdə onun ən böyük xidmətlərindən biri də birdərəcəli tənliklərin həlli yollarına paralel olaraq, ikidərəcəli tənliklərin həlli yollarını tapması oldu. Xarəzmi ikinci kitabı olan “Əl-cəbr vəl-müqabələ” ilə ikidərəcəli tənliklərin həlli yollarını sistemli olaraq müəyyən etdi. Bu əsərində Xarəzmi müəyyənləşdirdiyi həll yollarını bir müəllim kimi izah etmiş və həndəsi qanunlarla sübuta yetirmişdir.

 

Məşhur riyaziyyatçı alim əsərində həm də 1 və 2 dərəcəli tənliklərin həlli və cəbri kəmiyyətlərlə əməllərin qaydasını vermiş, hədləri tənliyin bir tərəfindən digər tərəfinə əks işarə ilə keçirmə əməlini “Əl-cəbr” adlandırmışdır. Xarəzmi çıxılanı tənliyin bir tərəfindən digər tərəfinə keçirmək əvəzinə, “bərpaetmə”, məchulları tənliyin bir tərəfinə, məlumları isə o biri tərəfinə keçirmək əvəzinə,  müqayisəetmə” işlətmişdir. “Bərpaetmə” ərəbcə “əl-cəbr” deməkdir. İndi bir çox əcnəbi dillərdə işlənən “alqebra” sözü “əl-cəbr” sözünün dəyişdirilmiş tələffüzüdür.

 

 Əl-Xarəzmi “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”nin  (“Cəbr və müqayisə hesabları”) əvvəlində belə yazır: “Alqoritm belə deyir: “Rəbbimiz və qoruyucumuz olan Allaha həmd və səna olsun”.

 

Bu əsərində Əl-Xarəzmi cəbri ayrı fənn kimi təqdim edir və onun texniki elmlərin öyrənilməsində önəmli yerə malik olduğunu elmi araşdırmaları ilə sübuta yetirir.  Əl-Xarəzmi kitabında dünyada ilk dəfə onluq say sistemini gündəmə, elmə gətirmiş, həmçinin tənlik qurma yolu ilə məsələlərin həllinin yolunu göstərmişdir. Əl-Xarəzmi həmçinin ilk dəfə elmə kvadratın kök dərəcəsi, tək, tək say kimi terminləri gətirib. Məşhur türk riyaziyyatçı aliminin ən böyük xidmətlərindən biri də sıfırdan istifadə etməsi olub. Əl-Xarəzmi sıfrı hər şeyin başlanğıcı hesab edirdi. O sıfrın əhəmiyyəti haqqında belə yazıb: “Bütün saylar birdən çıxıb, bir isə sıfırdan. Sıfırda böyük bir məbədin gizləndiyini bilmək lazımdır: O (Allah), nə başlanğıcı olan, nə də sonu olan sıfır ilə simvollaşır. Eyni sıfır kimi, Allah nə çoxalır, nə də azalır. Nə ona axan, nə də ondan qopan bir şey var. Nəhayət, sıfır bütün sayları on qat çoxaldır və ya azaldır. Allah da hər şeyi nəinki on qat, minlərlə qat çoxaldır, həm də azaldır. O hər şeyi heçdən yaradır və yönləndirir.”

 

  Onu da deyək ki, Xarəzminin adı Avropada latınca “Alkhorismi” kimi tələffüz edildiyi üçün tapdığı metoda “alqoritm” adı verilmişdir. Yenə də təəssüflər olsun ki, sivil Avropanın orta  məktəblərində cəbr fənninin tədrisi zamanı alqoritm terminindən istifadə edən müəllimlər bu terminin məhz Əl-Xarəzminin adı ilə bağlı olması barədə şagirdlərə heç bir məlumat vermirlər. Bunun  səbəbini isə Qərbin min illər boyu Əl-Xarəzmidən öyrənməsinə baxmayaraq, bu məşhur türk aliminin dahiliyini və böyüklüyünü həzm edə bilməməsində axtarmaq lazımdır. Halbuki Əl-Xarəzminin  Kitabül müxtəsər fi hesabil cəbri müqabələ” (“Cəbr və müqayisə hesabları”) və ya qısaca desək ,cəbr kitabı min ildən artıq bir müddətdə Avropada dərs kitabı kimi istifadə olunub.

 

 Yenə də fəxrlə vurğulamaq istəyirik ki, Xarəzminin bu əsəri dəqiq elmlər sahəsində inqilabi bir sıçrayışa gətirərək, sonrakı yüzilliklərdə elm və texnikanın sürətli inkişafının bünövrəsini təşkil etdi. Bugünkü sivil elmi-texniki inkişafı Əl-Xarəzminin “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”sız (“Cəbr və müqayisə hesabları”) təsəvvir etmək mümkün deyil. Təsadüfi deyil ki, məşhur türk riyaziyyatçı aliminin bu əsərindən dünyada yüz illər ərzində tədris vasitəsi kimi istifadə edilib.

 

Qərbin məşhur Rocer Bekon, Fibonaççi kimi alimləri Əl-Xarəzminin bu əsərini dönə-dönə tədqiq etmiş, onun  dahiliyi qarşısında baş əymiş və bunu fəxrlə də dilə gətirmişlər.

 

Bir sözlə, türk alim Əl-Xarəzmi bu əsəri ilə “Cəbr və alqoritm” elminin banisi və bu elmlərə ad verən dahi İslam alimi olmaq şərəfinə nail olub.

 

 Xarəzmi ikinci kitabı olan “Əl-cəbr vəl-müqabələ” ilə ikidərəcəli tənliklərin həlli yollarını sistemli olaraq müəyyən etmişdir. Bu əsərində Xarəzmi müəyyənləşdirdiyi həll yollarını bir müəllim kimi izah etmiş və həndəsi qanunlarla sübuta yetirmişdir.

 

Əl-Xarəzminin “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”sız (“Cəbr və müqayisə hesabları”) “Cəbr və müqabələ...” əsəri XII əsrdə ərəbcədən latıncaya tərcümə edildikdən sonra hind say sistemi Avropada tanınmışdır.

 

Əl-Xarəzmi “Cəbr və müqabələnin hesablanması haqqında qısa kitab”, “Hind hesabı haqqında kitab”ından əlavə, “Zic”, “Yerin mənzərəsi haqqında kitab” elmi əsərlərini də yazıb.

 

Digər elmi sahələrdə də

 

kəşflər etdi

 

Riyaziyyatla bərabər, müxtəlif rəsədxanalarda fəaliyyət göstərən Xarəzmi astronomiya və coğrafiya elmlərində də əsərlər yazıb. Bu müstəvidə də onun Günəş saatları və saatlar haqqında əsərləri digər elmi tədqiqat  kitabları ilə bərabər, uzun illərboyu astronomların stolüstü kitabı olub.

 

 Əl-Xarəzminin ən böyük xidmətlərindən biri də xəlifə əl-Məmunun tapşırığı ilə yerin uzunluğunu ölçməsi oldu. Bu məqsədlə də əl-Xarəzmi Sincar səhrasına elmi ekspedisiya təşkil edir. Ekspedisiya uğurla nəticələnir və əl- Xarəzmi

 

Yer kürəsinin bir dərəcəlik meridian uzunluğunu  o dövr üçün olduqca dəqiq ölçə bilir.  Coğrafiya ilə bağlı apardığı araşdırmalar əl-Xarəzmiyə “Yerin mənzərəsi kitabı”nın (Kitab surat əl-arz) yazmağa imkan verdi. Bu kitabda dünyanın o dövrdəki xarakteristikası, məlum olan əraziləri, mühüm yerlərin, şəhərlərin koordinatları, coğrafi adlar, iqlimlər, dövlətlər barədə geniş elmi məlumatlar verilib. Əl-Xarəzmi coğrafiya ilə əlaqəli “Kitab surat al-arz” (Yerin mənzərəsi kitabı) kitabında yerin 2402 məntəqəsinin koordinatlarını müəyyən edib. Əl-Xarəzminin tərtib etdiyi dünyanın xəritəsi Ptolemeyin xəritəsindən daha dəqiq və mükəmməl idi. Bu xəritənin hazırlanması üçün əl-Xarəzmi 70-dən artıq qədim coğrafiyaşünas alimin əsərlərini təqdiq etmiş, eyni zamanda özü də coğrafi tədqiqatlar aparmış və bunun da nəticəsində olduqca mükəmməl bir elmi əsər meydana  çıxarmışdı. Təsadüfi deyil ki, məşhur tarix elmləri doktoru, tədqiqatçı alim  C. Sarton əl-Xarəzmini bütün dövrlərin ən böyük alimi adlandırıb.

 

Əl-Xarəzminin ən böyük xidmətlərindən biri də astronomiya sahəsində yazdığı elmi tədqiqat əsərləri ilə bağlıdır. Əl-Xarəzmi  astronomya elmini dərindən öyrənərək planetlərin yerləşdiyi ərazilər, Günəş tutulması, planetlərin hərəkətlərini müəyyən edən astroloji cədvəl hazırlayıb. Astronomiya sahəsində apardığı tədqiqatlar əsasında əl-Xarəzmi “Astronomiya cədvəli” (Zic), “Günəş saatları haqqında” kitablarını yazıb. Ümumiyyətlə,  əl-Xarəzminin  aşağıdakı elmi əsərləri var: “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ” (“Cəbr və müqayisə hesabları”) Hindistan hesabı haqqında kitab, Yer kürəsinin mənzərəsi, Astroloji müşahidələrın köməyi ilə hərəkət kitabı, Günəş saatları haqqında kitab, Tarixi kitabı, Yəhudi erası və onların bayramlarının müəyyən edilməsi haqqında traktat, Astronomik cədvəllər ( Zic).

 

Əl-Xarəzminin əsərləri ərəb dilindən latın dilinə, oradan da Avropa dillərinə tərcümə edilib. Bu əsərlərin əsasında Qərb alimləri yeni elmi kəşflərin əsaslarını qoydular və cəbr elmini daha da inkişaf etdirdilər.  Məşhur türk riyaziyyatçı alimi, dünyanın dəqiq elmləri sahəsinə  yeni elmi kəşflə daxil olaraq, cəbr fənnini ayrıca elm kimi elmə gətirən Əl-Xarəzminin xatirəsi günümüzdə də hörmətlə anılmaqdadır. Bu çərçivədə   YUNESKO-nun qərarı ilə 1983-cü ildə Xarəzminin anadan olmasının 1200 illik yubileyi beynəlxalq miqyasda təntənəli şəkildə qeyd edilib.

 

Əziz Mustafa

Zaman.-2015.-14 yanvar.-S.6.