“Jurnalistika ürək,
sevgi, bir də yazmaq istedadı tələb edir”
İmran Bədirxanlı Xaçmaz rayonunun Həsənqala kəndində fəhlə ailəsində doğulub.
O, 1991-ci ildə
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən
sonra “Səhər” qəzetındə əmək
fəaliyyətinə başlayıb.
Daha sonra “Zaman-Azərbaycan”, “Həftə”, “Gün səhər” qəzetlərində
və “Samanyolu” telekanalında çalışıb.
2005-ci ildən İctimai Teleradionun əməkdaşı olan
İmran Bədirxanlı
əvvəl radioda müxtəlif səpkili verilişlərə müəlliflik
və aparıcılıq
edib, telekanalın
“TV-1” jurnalının redaktoru
olub. Hazırda “Carçı-Film” Yaradıcılıq Birliyinin
böyük redaktorudur.
Sabah - yanvarın 25-də İmran bəyin 50 yaşı tamam olur. Bu münasibətlə
keçmiş əməkdaşımızı
redaksiyamıza dəvət
edib söhbətləşdik,
ötənləri xatırladıq.
Yubilyarla
söhbətə ənənəvi
sualla başlamaq istədik.
Amma...
- İmran bəy, 50 illik ömrünüzün
23 ilini jurnalistikaya...
- Gəlin onu sonraya saxlayaq... İcazə verin, bura gələrkən
xəyalımın məni
apardığı illərə
qısaca ekskurs eləyim, sonra istədiyiniz sualları verin. Hər şeydən əvvəl
mən doğma ocağıma gəlmişəm.
Bu ocaqla bağlı mənim şirin, faydalı və unudulmaz xatirələrim
var. Ürəyim doludur,
qoyun bir az onu boşaldım.
“Zaman-Azərbaycan” mənim
vətənimin məstəqilliyinin
yaşıdıdır. “Zaman” mənim üçün təkcə
bir jurnalistika məktəbi deyil, həm də bir həyat tərzi, əxlaq və düşüncə
məktəbi oldu.
Bəlkə də “Zaman”
mərhələsi olmasaydı,
İmran Bədirxanlı
bir başqa xarakterli, bir başqa yönlü jurnalist olardı, bunu etiraf eləyirəm.
Əgər “Zaman”ın
mənə verdikləri
nədir?” soruşsanız,
deyərdim ki, “Zaman” mənə yeni düşüncə tərzi verdi,
müasir türkçülüyə,
İslama və dünyaya pəncərə
oldu. Peşə prizmasından yanaşsaq,
təvazökarlıqdan uzaq
olsa da deyim
ki, universiteti fərqlənmə ilə
bitirmişəm, mən
sovet jurnalistikasının
nəzəri biliklərini
yaxşı mənimsəmiş
bir adamam. Amma mən “Zaman”da jurnalistikanın sovet nəzəriyyəsinin kamil
olmadığını anladım.
“Zaman”da Türkiyə
qəzetçiliyinin, onun
vasitəsi ilə də Avropa jurnalistikasının dəyərlərini
öyrəndim. Bu təcrübə bütün
sonrakı mərhələlərdə
mənə yaşıl
işıq yandırdı.
İlk dəfə spotun - yəni yazının canını bir neçə cümlədə
yazıb fərqləndirmə
ilə oxucuya təqdim olunmanı mən “Zaman”da gördüm. Guşə yazısının
nə olduğunu bizə “Zaman” öyrətdi. İndi kimsə
etiraz eləyə bilər ki, guşə yazısı bizdə əvvəllərdən
olub. Mən isə deyirəm
ki, hər sütuna salınan yazı guşə yazısı deyil. Hadisəyə, mahiyyətə qısa
və lakonik şəkildə münasibət
ortaya qoymaq, artıq peşəkarlıq
söhbətidir. Bunu mən
“Zaman”da öyrəndim.
23 illik jurnalist
həyatımın ən
əziz və doğma mərhələsini
mən “Zaman”da keçmişəm. Sonradan bir
“Samanyolu” TV mərhələsi
də oldu. Təəssüf ki, 2000-ci ilin
iyulunda baş verən yanğından sonra telekanalda uzunmüddətli təmir
getdi və bu əməkdaşlıq
orada qırıldı.
Yaxında da, uzaqda da olsam, həmişə
“Zaman” mənim içimdə, mən də “Zaman”ın içindəyəm. Burada hazırda
tanıdığım və
tanımadığım hər
bir əməkdaş mənim üçün əzizdir.
- İndi ki, “Zaman” xatirələrindən
başladınız, onda
bura gəlişinizin tarixini də bilmək maraqlı olardı...
- “Zaman-Azərbaycan” qəzetinə
gəlməzdən əvvəl “Səhər”
qəzetində parlament
müxbiri işləyirdim.
O vaxt “Səhər” qəzeti bütün Azərbaycanda ən çox sevilən və hörmət edilən qəzetlərdən
biri hesab edilirdi. “Səhər”
qəzeti həmin dövrdə 120 min tirajla çıxırdı və
satışı da çox yüksək idi. Təbii ki, belə bir
qəzetin parlament müxbiri olmaq məsuliyyətli iş idi. Parlament müxbiri olduğum
vaxt mən “Zaman-Azərbaycan” qəzetində
xəbər şöbəsinin
müdiri işləyən
Nədim Yalçınla
tez-tez görüşür,
tədbirlərdə birgə
iştirak edirdik.
O dövrdə “Səhər”
qəzeti Nəşriyyatın
birinci mərtəbəsində,
“Zaman-Azərbaycan” qəzeti
isə ikinci mərtəbədə, bizim
üstümüzdə yerləşirdi.
“Zaman” hər
mənada bizdən üstdə idi. Boş vaxt tapan kimi
ikinci mərtəbəyə
qalxaraq Nədim bəy və qəzetin digər əməkdaşları ilə
görüşürdüm. O vaxt mənə “Zaman-Azərbaycan”ın özü
də, işçiləri
də fərqli təsir bağışlayırdı.
Çünki buradakı
iş prosesi yerli qəzetlərin iş prosesindən fərqli xüsusiyyətlərə
malik idi. “Zaman-Azərbaycan”da çalışanlar
arasında heç bir kollektivdə, heç bir iş yerində görmədiyim səmimilik,
mehribanlıq vardı.
İş elə gətirdi ki, Nədim Yalçın məni “Zaman-Azərbaycan”a işə dəvət etdi. Mən burada xəbər sorumlusu kimi yazıları yoxlayır,
lazımi düzəlişləri
edirdim. İlk günlərdən də kollektivə qaynayıb-qarışdım. Ürfan bəylə, Əli bəylə, Aydın bəylə, Əziz bəylə və digərləri ilə aramızda səmimi münasbət yarandı.
Bu yerdə bir məqamı da qeyd etmək istəyirəm. Mən “Zaman-Azərbaycan” qəzetinə işləməyə
gələndə burada
işləyənlərin arasında
bir-iki nəfər istisna olmaqla sırf jurnalist, demək olar ki, yox idi.
Ona görə də bu məsələ mənə həmişə
qəribə gələrdi.
Yəni mən ixtisasca jurnalist olduğum üçün kənardan
bu sahəyə gələnləri başa
düşə, qəbul
edə bilmirdim. “Zaman-Azərbaycan”da da məni ən
çox təəccübləndirən
bu oldu. Ancaq burada çalışandan,
kollektivlə daha yaxından tanış
olandan sonra gördüm ki, qəzetin əməkdaşları
ixtisasca jurnalist olmasalar da, sahəni
peşəkar jurnalistlərdən
pis bilmir, əksinə, çox şeylərdə onlardan daha üstündürlər.
Yəni nəzəri baxımdan burada çalışanlar
jurnalistikanı dərindən
bilməsələr də,
praktiki baxımdan peşəkar jurnalistlərdən
geridə qalmırdılar.
Şübhəsiz ki, jurnalistika fakültəsini bitirənlərin
heç də hamısı yaxşı,
peşəkar jurnalist
olmur, digər sahələrdə də belədir. Jurnalistika istedad tələb
edir. Jurnalist olmayan, ancaq yaxşı yazmaq istedadı, yaxşı qələm sahibi olan və hazırda
bu sahəyə kənardan gələn, ancaq qələmi ilə tanınan çoxlu sayda məşhur jurnalistlər
var. Yəni bu peşə ürək, sevgi, bir də
yazmaq istedadı tələb edir.
- Onda belə çıxır ki, yazmaq qabiliyyəti olan hər kəs
jurnalist ola
bilər...
- Etiraz etmirəm, ola bilər.
Amma jurnalistika təkcə yazmaq deyil, həm
də elmdir. Rusiya Elmlər Akademiyası, səhv eləmirəmsə, 2001-ci ildən
jurnalistikanı elm qrifinə
salıb. Moskva Dövlət Universitetində
3 və ya 4 nəfər jurnalistika elmləri doktoru, 6-7 nəfər jurnalistika elmləri namizədi var. Jurnalistika predmeti, subyekti, obyekti olan, diğər elmlərlə əlaqəsi
öyrənilən, tədqiq
və tətbıq olunan elmdir. Jurnalistika nə tarixdir, nə psixologiya, nə sosiologiyadır, amma eyni zamanda
bunların hamısıdır.
- İmran
bəy, siz əmək fəaliyyətinizə
qəzetdə başlamısınız. İndi isə televiziyada
çalışırsınız. Bu dəyişikliyə uyğunlaşmaq çətin
olmadı ki?
- Mən televiziyaya çox qısa zamanda adaptasiya oldum. Mənim üçün çətinlik
olmadı. Mən bu
qənaətdəyəm ki,
qəzet jurnalistikanın
əlifbasının yarandığı
bir media məbədidir.
Həm də ən qədim institutdur. Radio-televiziyada önə
çıxarılan daha
çox danışıq,
reportajı hazırlamaq
və hadisəni tamaşaçıya operativ
çatdırmaq məsələsidir.
Burada sözləri dal-qabaq demək, təkrarçlılığa
yol vermək o qədər də hiss olunmur. Qəzetdə isə yazdığın
hər söz, hər cümlə dəqiq olmalıdır, burada səhv edə, təkrarçılığa
yol verə bilməzsən. Bu baxımdan belə hesab edirəm ki, yazılı mətbuat radio-televiziyada çalışanlar üçün
bir məktəbdir.
Bir dəfə Almaniyanın
ZDF telekanalının məsul
bir işçisindən
soruşdum ki, siz işçini hansı meyarlarla seçirsiniz. Cavabı bilirsinizmi
necə oldu? Dedi ki, biz əməkdaşlarımızı
yazılı mətbuatda
ən azı 5 il təcrübəsi olan jurnalistlər arasından seçirik. Çünki yazılı mətbuat,
dediyim kimi, radio-televiziya jurnalistikası üçün bir baza, bir məktəb
rolunu oynayır.
Leksikonun
zənginləşməsi, fərdi üslubun, təsvir-təhkiyə vərdişinin,
ələlxüsus da
müşahidə, analitik
düşüncə qabiliyyətinin
yaranıb-formalaşması məhz qəzetdə baş verir.
- İmran bəy,
sizi 50 illik yubileyiniz münasibətilə
qəzetimizin kollektivi
adından təbrik edir, sizə yeni karyera uğurları
arzulayırıq.
- Çox sağ
olun. Mən də öz
növbəmdə “Zaman-Azərbaycan”
qəzetinin əməkdaşlarına
gələcəkdə daha
böyük uğurlar
qazanmağı, iki qardaş ölkə arasında oynadıqları
körpü funksiyasını
sona kimi yerinə yetirməyi arzulayıram.
Söhbəti Elvin Əliyev qələmə aldı
Zaman.-2015.-24 yanvar.-S.6.