Azərbaycan özündə millətlərarası
və dinlərarası münasibətlər modelini
ehtiva edir
“Azərbaycan Respublikasının Prezidenti
tərəfindən formalaşdırılmış
şərait nəticəsində
ölkəmizdə millətlərarası
münasibətlər yüksək
səviyyədə qurulub,
dinlərarası ünsiyyət
təmin edilib, Azərbaycan toleriant ölkə kimi dünyaya nümunəyə
çevrilib”.
Bu fikirlər
Azərbaycan Respublikasının
millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri Kamal Abdullayevin Bərdəyə
səfəri zamanı
etdiyi çıxışındandır.
Kamal Abdullayev rayon ziyalıları ilə görüşdə bildirib
ki, yerlərdə milli-mədəni təşkilatlar
və dini icmalar öz təklif və layihələrini Azərbaycan
Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşavirinə təqdim
edə biləcəklər:
“Artıq xeyli müddətdir ki, bu istiqamətdə işlərə başlamışıq.
Müəyyən düşüncələrimiz,
müəyyən məsələlər
ətrafında artıq
nəzərdə tutduğumuz
istiqamətlər var. Burada
əyləşən hər
bir insan öz cəmiyyəti ilə bərabər, bütövlükdə Azərbaycan
dövlətçiliyini təmsil
edən və bu istiqamətdə xüsusi xidməti olmuş insanlardır.
Biz addım-addım qarşıya qoyduğumuz
problemləri, layihələri,
düşüncələri həyata keçirməyə
çalışacağıq. Bu, bizim mənsub olduğumuz xalqların, mədəniyyətlərin, dinlərin
inkişafı, daha geniş vüsət tapması ilə bağlı müxtəlif
layihələr ola bilər. Biz Allahın köməyi
ilə bunları birgə həyata keçirəcəyik”.
Dövlət müşaviri bildirib
ki, icma rəhbərləri təmsil
etdikləri icmanın
fikrini, arzusunu, diləyini, tövsiyəsini
ümumiləşdirib onlara
təqdim edə bilərlər: “Hər hansı icmanın problemi təkcə onun deyil, hamımızın
problemidir və hamımızı düşündürməlidir.
Yəni bütövlükdə Azərbaycan
vətəndaşları kimi
bu istiqamətdə bir-birimizə dəstək
olmalı, bir-birimizin mənəvi, intellektual ehtiyaclarını ödəməyə
yardım etməyə
hazır vəziyyətdə
olmalıyıq”.
“Azərbaycanı sevməyənlərin
dəyirmanına su tökənlərlə bizim
yolumuz bir deyil və olmayacaq”
Dövlət müşaviri respublikanın cənub və şimal bölgəsinə səfər etdiyini, məscid, sinaqoq, kilsədə olaraq sadə insanlarla görüşdüyünü deyib: “Mənə insanlar sual verirlər. Tolerantlıq, multikulturalizm nədir? Bu, əslində insanlıq deməkdir. Bir-birimizin dininə, mədəniyyətinə, tarixinə insani münasibət bəsləyə biliriksə, deməli, multikultural cəmiyyətdə yaşayırıq. Azərbaycan bu mənada multikultural cəmiyyətini nəinki təqdim edə bilər, hətta hansısa gəldiyimiz nəticə və təcrübədən çıxış edərək dünyanı öyrədə bilərik. Dünyanın müxtəlif ölkələri Azərbaycanın multikultural təcrübəsini diqqətlə öyrənməyə çalışırlar”. K. Abdullayev ümumiyyətlə “azsaylı xalq” ifadəsinin işlənməsinin əleyhinə olduğunu açıqlayıb: “Əvvəllər azsaylı xalqlar deyirdik. İndi ümumiyyətlə “azsaylı xalqlar” ifadəsini öz leksikonumuzdan çıxartmalıyıq. Xalq olur, azsaylı xalq olmur ki. Biz hamımız bir-birimizin yanındayıq və hamımızı birləşdirən bir Azərbaycan var. Dağlıq Qarabağ məsələsi ortaya çıxanda öncə talışlar, ləzgilər, tatlar, ruslar getdi. Kimlər getdi? Burada əyləşən hər bir millətin nümayəndəsi getdi. Budur azərbaycançılıq. Xalqlarımızın mədəniyyətinin, Azərbaycanda təmsil olunan dillərin çiçəklənməsi, müxtəlif tarixin, mədəniyyətin öyrənilməsi, müxtəlif ənənələrin davam etdirilməsi istiqamətində layihələr olacaq. Bu istiqamətdə sizin irəli sürəcəyiniz layihələri gözləyirəm. Elə layihələr olacaq ki, bizim hamımızı birləşdirəcək. Biz artıq işlərə çox intensiv şəkildə başlamalı, öz işimizi görməliyik. Öz fəaliyyətimizlə həm öz icmamızın nümayəndələrini, həm də bütövlükdə Azərbaycanı və dostlarını sevindirməliyik. Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərlə bizim yolumuz bir deyil və olmayacaq. Kimlər ki, məkrli niyyətlərlə, hiylələr və üstü bəzədilmiş ibarələrlə yanlışlığa, aldatmağa cəhd edirlər, onlarla bizim işimiz olmayacaq. Onlara qarşı öz sözünü dövlət deyəcək. Gənclərimiz müxtəlif yollara, dövlətçiliyimizə yad olan yollara gedə bilərlər. Onları həmişə təxribatçılar bu yollara çəkmək istəyirlər. Ona görə də gəncliyimizi bu yollardan qorumalıyıq. Onları bu yollardan uzaqlaşdırmaq üçün birlikdə düşündüyümüz layihələri yerlərdə - şəhərlərdə, qəsəbələrdə gerçəkləşdirmək zamanı gəlib çatıb. Bu istiqamətdə ciddi addımlar atacağıq. Biz ancaq milli, mədəni məsələlərlə deyil, bütövlükdə dini, mənəvi, milli, etnik məsələlərlə birlikdə məşğul olmalıyıq. Bəzi icmaların yerlə, qeydiyyatla və ya daxildə hansısa məsələlərlə bağlı problemləri yaşanır ki, o problemləri də biz Allahın köməyi ilə yavaş-yavaş, bir-birimizi anlaya-anlaya, vahid və bütöv Azərbaycan çərçivəsində həll edəcəyik. Millətlərarası münasibətlər, multikulturalizm və dini münasibətlər bir-biri ilə sıx, vəhdətdə olan istiqamətlərdir və onlardan birini digərlərindən ayrı şəkildə öyrənmək mümkün deyil. Prezidentin qarşıma qoyduğu məsuliyyət tək mənə deyil, bütün icmalara da aiddir. Sabah bir-birimizi başa düşməyəndə, siz öz icmalarınız qarşısında cavab verəcəksiniz ki, nə cür oldu, biz Azərbaycan dövlətçiliyinin irəli sürdüyü məsələlərdən kənarda qalmışıq. Azərbaycan vahid, bütövləşmiş bir orqanizmdir. Xalqların ümid bəslədiyi insanlar bu birləşməni qorumalı və irəli aparmalıdırlar”.
Yazımızda bu fikirləri genişliyi ilə ona görə təqdim edirik ki, Kamal Abdullayevin bu açıqlamaları dövlətimizin milli-mədəni təşkilatlara, dini icmalara, xalqların, millətlərin nümayəndələrinə olan xoş münasibətini ortaya qoyur.
“Din həm mədəniyyətdir, həm həyat tərzidir, həm ideologiyadır”
Əməkdar müəllim, fəlsəfə elmləri namizədi, dosent Əlihəsən Həmzəyevin fikrincə, mədəniyyət fenomeninin universallığı həm də öz təzahürünü onda tapır ki, bütöv bir mədəniyyət çərçivəsində uzaq və bəzən bir-birini istisna edən hallar “eyni bərabərdə” çıxış edir: “Bunların arasında elm və din, fəlsəfə və incəsənət, sağlam düşüncə və mistika, kütləvi kommunikasiya və yaradıcılıq intuisiyasını göstərmək olar. Bu gün artan qloballaşma şəraitində bütün dünyada xalqların milli özünü-dərkinin artması, milli və mədəni eyniliyin axtarışı, mənəvi köklərə qayıdış getdikcə daha çox özünü büruzə verir.
Davamı növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Nicat İntiqam
Zaman.-2015.-28 yanvar.-S.13.