“Həyatımın amalının bir fəlsəfəsi
var, o da vətəndir”
Azərbaycan tarixində
xalqın mənəvi dəyərlərini, xarakterini, milli
xüsusiyyətlərini özündə birləşdirən
görkəmli sərkərdələr olmuş, hazırda həmin
ənənələr uğurlu davamını tapır.
Şadlinskilər nəsli milli tariximizin parlaq səhifəsini
təşkil edir. Tanınmış şəxsiyyət,
ictimai xadim, tibb elmləri doktoru, professor Vaqif Şadlinski
hazırda şəcərənin layiqli
davamçısıdır. Qışın
oğlan çağında dünyaya gəlsə də qəlbi,
əməli, niyyəti, diləyi hər zaman bahar təravətli,
bahar müjdəli olub. Ömrünün hər
anını ən xeyirxah, ən ülvi hisslərə sərf
edib. Yaşamağın mənasını,
müqəddəsliyini bunda görüb. Vaqif
müəllimlə ünsiyyətdə olmaq, dünəndən
bu gündən söhbət açmaq tibdən, təhsildən
məlumat almaq, onun ibrətamiz fikirlərini dinləmək
çox maraqlıdır. Vaqif Şadlinskinin
adı ölkə ictimaiyyətinə yaxşı
tanışdır. Onun həyat mərhələlərini
müşahidə etsək ailə qayğılı günlərindən
tutmuş, ömrünü həsr etdiyi tibb sahəsi, alim və
pedaqoji fəaliyyəti, ziyalı qayğıkeşliyi
gözümüz önündə canlanır. Professor V.Şadlinski Vedibasar elinin görkəmli sərkərdəsi,
xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin yaxın
qohumu Bilas Şadlinskinin oğludur. Bu şəcərənin
layiqli övladı, dəyərli davamçısı kimi
Vaqif Şadlinskiyə rəğbət göstərir və
sevirlər. Bu günlərdə görkəmli
alimin 75 yaşı tamam olur. Bu münasibətlə
alimlə müsahibəmiz belə başladı.
Quş qanadlı illər bir-birini əvəz edir. Mahiyyət
etibarilə həyat əvvəlki mənasını qoruyub
saxlayır.
- Sizin üçün həyatın
mənası nədir,
hansı anlamdadır?
- Çətin
sualdır. Zənnimcə, bu suala dünyanın
bütün insanları, hətta filosofları cavab verməyə
çətinlik çəkər. Mənim
anlamımda həyatın fəlsəfəsi nədir? Yaşa dolmuş insan ömrü boyu əsas məqsədinə
doğru addımlayır. O, həyatda normal insan kimi
sözünü deməyi bacarmalıdır. Bunun
üçün insanın sənəti, sənəti üzrə
iş təcrübəsi və ailəsi olmalıdır. Lakin dərindən düşünəndə, həyatımın
amalının bir fəlsəfəsi var. O da torpaq və vətəndir.
Vətən sevgisi bunların hamısından
üstündür. Vətəni sevməyən
bir insanın hansı gerçəkliyə söykənməsinə
inanmıram. Ümumiyyətlə, mənim həyat
amalımın, əsas prinsiplərimndən biri “düşmənə
aman verməmək!” prinsipidir. Belə mənəvi
dəyər meyarları Şadlinskilər nəslinin
qanına, canına hopub. Bütün bunlar
neçə-neçə yüzilliklərdən bəri
genetik kodda təsbitlənib möhkəmlənərək
dayanıqlı immunitet yaradıb. Belə
dönməz, sarsılmaz immunogenlər nəsildən-nəslə
ötürülür, bəşəri əhəmiyyət kəsb
edir, təkcə Şadlinskilər nəslinin deyil,
bütövlükdə xalqın, millətin milli dəyərlərinə
çevrilir.
- Ömrünüzün mühüm
hissəsini həsr etdiyiniz həkim-alim, pedaqoq kimi fəaliyyətiniz
həyatınızda hansı çalarlar vurub?
- Sənətim
elmi fəaliyyətimlə formalaşdı. Elmi düzgün
halal yol kimi seçdim.1982-ci ildə Tbilisidə
“Gözyuvasıaltı və aşağı alveol sinirlərinin
topoqrafıyası və kötükdaxili quruluşu”
mövzusunda namizədlik, 1999-cu ildə yenə də həmin
şəhərdə “Normada və zobogen faktorların təsiri
altında qalxanabənzər vəzin struktur homeostazı və
morfofunksional xüsusiyyətləri” mövzusunda doktorluq
dissertasiyası müdafıə etdim. Doktorluq
dissertasiyası müdafiəsindən sonra elmi fəaliyyətimi
daha qlobal şəkildə inkişaf etdirməyə
başladım.
1984-cü ildə ATU-nun insan anatomiyası
kafedrasının dosenti, 1995-ci ildə isə həmin
kafedranın müdiri vəzifəsinə seçildim və
indiyə qədər həmin vəzifədə
çalışıram. Bu illər ərzində
kafedranın tarixi ənənələrinin bərpası,
mühafızəsi və davam etdirilməsi istiqamətində
fundamental işlər görüldü. Bunlarla
yanaşı, insan anatomiyası morfoloji elmlər sahəsinə
aid olan digər kafedralarla tədrici inteqrasiyasının,
onların birgə vəhdət fəaliyyətinin və vahid
orqanizm kimi tamlığının bərqərar
olmasının təmin etdim. Bununla da
morfologiya elminin xaotik şəkildə müxtəlif istiqamətlərə
faydasız dartılma qüvvələrinin, yerində sayaraq tərpənməz
qalıb inertləşməsinin qarşısı
alındı. Bu elmə tətbiq edilən
qüvvələr birləşdirildikdən, onların eyni
istiqamətə yönəldilməsindən sonra ölkəmizin
morfoloji elmlərə aid kafedralarında gözoxşayan
dinamiklik yarandı. Çox keçmədi
ki, bu kafedralarda yaranan və inkişaf etdirilən sağlam
elmi-pedaqoji atmosfer tədrisin və elmin inkişafında
öz inamlı sözünü deyə bildi. Çəkdiyimiz
zəhmət bəhrəsini verdi. Son 20 il ərzində ATU rəhbərliyinin tədris
prosesinin yenidən təşkili və keyfiyyətinin
yaxşılaşdırılması uğrunda həyata
keçirdiyi tarixi layihələrdə yaxından iştirak
etdim. Bunu nəzərə alan rəhbərlik
1996-cı ildə məni ATU-nun tədris işləri üzrə
prorektoru vəzifəsinə təyin etdi və 5 il bu vəzifəni
uğurla yerinə yetirdim. Bu illərdə universitetin mənə
doğma olan bütün kafedraları ilə birlikdə insan
anatomiyası kafedrasının da elmi-pedaqoji fəaliyyətini
diqqət mərkəzində saxladım. ATU-da
elmi və tədris proseslərində qəbul edilən
bütün yeniliklərin tətbiqini həyata keçirən
ilk kafedralardan biri insan anatomiyası kafedrası olurdu. Onu
da qeyd etmək istəyirəm ki, kafedraya rəhbərlik
etdiyim dövrdən keçən 20 il ərzində əsası
K. Balakişiyev tərəfındən qoyularaq dünyada
tanınan Unikal Tədris və Elmi-Tədqiqat Muzeyinin yenidən
qurulmasına, tarixi ənənələrin mühafızəsinə,
yeni otaqların təşkilinə, onların müasir
avadanlıqla təchizinə, yeni eksponatlarla zənginləşməsinə
böyük zəhmət və enerji sərf etmişəm. Bundan da xoş bir qürur hissi keçirirəm ki,
bütün bunları vətənim, xalqım, millətim və
onun övladları üçün etmişəm. Mənim yaratdığım elmi məktəbin
nümayəndələrinin elmi-tədqiqat işlərində
endokrinologiya, ekzokrinologiya, limfologiya və immunologiyanın
morfoloji xüsusiyyətlərinin əsas prinsipləri
prioritetlik təşkil edir. Bu sahələr
üzrə tədqiqat işlərini yerinə yetirən
aspirant və dissertantlar namizədlik və doktorluq
dissertasiyaları müdafiə edərək, ölkəmizin
morfologiya elmini yeni müasir elmi dəlillərlə zənginləşdirirlər.
- Kafedranın elmi əlaqələri,
gördüyünüz işlər barədə nə deyə
bilərsiniz?
- İnsan anatomiyası kafedrasının beynəlxalq
münasibətlərinin, dəyərli əlaqələrinin
genişləndirilməsinə böyük əmək sərf
etdim və belə əlaqələrin bünövrəsini gələcək
nəsillər üçün də sarsılmaz edərək
möhkəmləndirdim. Belə ki, ölkə rəhbərliyinin təhsil
işçiləri üçün yaratdığı əlverişli
şəraitdən yetərincə istifadə edərək,
1997-ci ildə A. N. Natişvili adına Tbilisi Dövlət
Eksperimental Morfologiya İnstitutunun baş direktoru akademik
N.A.Cavaxişvili, İ.M.Seçenov adına Moskva Dövlət
Tibb Akademiyasının (hazırkı - Tibb Universitetinin) insan
anatomiyası kafedrasının müdiri akademik M.R.Sapin kimi
görkəmli alimlərlə, həmçinin qardaş
Türkiyə Cümhuriyyətinin bir sıra universitetlərinin
tibb fakültələrinin rəhbərləri ilə
aparılan danışıqlar nəticəsində Azərbaycan
Tibb Universitetinin insan anatomiyası kafedrasının rəhbərliyi
ilə həmin ali tibb müəssisələrinin rəhbərləri
arasında tibb təhsili və tibb elminin inkişafı istiqamətində
ikitərəfli müqavilələr imzalandı, yeni layihələrin
həyata keçirilməsi üçün razılıqlar əldə
edildi.Dəfələrlə Almaniyada, ABŞ-da, Türkiyədə,
İsraildə, Rusiya Federasiyasında, Ukraynada, Belarusda,
Gürcüstanda, İspaniyada, Fransada, Rumıniyada və digər
xarici ölkələrdə keçirilən konqres, konfrans və
simpoziumlarda elmi məruzələrlə
çıxışlar etmiş, həmin ölkələrin
elmi toplu və məcmuələrində məqalə və
tezislər çap etdirmiş, bu ölkələrdə Azərbaycan
morfologiya elmini ləyaqətlə təmsil etmişəm.450-dən
artıq çap olunmuş elmi işin, o cümlədən 11
monoqrafıya, 19 dərslik və dərs vəsaitinin, 20 metodik
vəsaitin, 2 səmərələşdirici təklifin,
onlarla elmi-publisistik məqalələrin müəllifiyəm.
1998-ci ildə Türkiyənin İzmir şəhərində
Şərqdə ilk dəfə olaraq, mənim təşəbbüsümlə
orijinal “İnsan anatomiyası atlası” çap etdirilərək
tələbələrin ixtiyarına verilib. “Normada və strumogen faktorların təsiri
altında qalxanabənzər vəzin struktur təşkili və
morfofunksional xüsusiyyətləri”, həmçinin “Həzm
və tənəffus sistemlərinin kiçik vəziləri”
adlı monoqrafıiyalarım Moskvada çap olunub.
2009-cu ildə mənim redaktəm altında 4 dildə (Azərbaycan,
latın, ingilis və rus dillərində) 7428 termindən ibarət
beynəlxalq miqyasda qəbul edilmiş “Anatomik nomenklatura”
adlı kitab işıq üzü gördü. Bu kitab
1964-cü ildə K.Balakişiyevin 1955-ci ildə Parisdə qəbul
edilmiş yeni terminologiya əsasında 3 dildə (Azərbaycan,
latın və rus dillərində) çap etdirdiyi “Anatomik
nomenklatura” kitabının işıq üzü görməsindən
keçən 50 ildən sonra respublikamızda dərc
olunmuş yeganə ikinci orijinal kitabdır.
- Bu günlərdə sizin yubiley
yaşınız tamam olur. Sizi bu münasibətlə
təbrik edirik. Ömrün bu pilləsində
ətraf-mühiti, dünyanı, insanları necə görürsüz?
- İnsanlar elə bil ki, harasa tələsir. Elə bir yolu
seçiblər ki, mənəviyyat yavaş-yavaş itir.
Bax, mən bundan qorxuram, mənəviyyata ləkə
düşməməlidir. İllər
keçdikcə bu da keçəcək. Dünyanın
hər bir ölkəsində Azərbaycan üstün dövlət
kimi seçilir. Bütün insanlara, cəmiyyətə
sağlam həyat, vətən sevgisi arzulayıram.
Şövkət
Hüseynova
H. B. Zərdabi
mükafatı laureatı
Zaman.-2015.-29 yanvar.-S.6.