III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumuna start verildi

Bu gün III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu öz işinə başladı. Qafqaz Universiteti və Yazıçılar Birliyinin birgə təşkil etdiyi simpozuimda Türkiyə, Qırğızıstan, Makedoniya, İran, İraq və Rusiyanın 40 fərqli universitetindən elm adamları, uşaq ədəbiyyatı şair və yazıçıları, uşaq jurnal və qəzetlərinin redaktorları iştirak edirdilər.

Simpoziumun əsas məqsədi uşaq ədəbiyyatının əhəmiyyətini bir daha vurğulamaq, klassikmüasir əsərlərlə yanaşı, həmin əsərlərin müəlliflərini tanıtmaqdır. Simpoziumda diqqətə çatdırılacaq məsələlərdən biriuşaq ədəbiyyatı üzrə daha dolğun və məzmunlu əsərlərin qələmə alınması, eyni zamanda bu ədəbiyyat vasitəsilə ümumbəşəri dəyərlərin təbliğinə yer verilməsidir.

Qeyd edək ki, bu simpozium daha əvvəl 2008 və 2012-ci illərdə keçirilən Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresinin davamı olaraq uşaq ədəbiyyatının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

 

Qafqaz Universitetinin rektoru prof. Əhməd Saniç tədbirdə çıxışı zamanı simpozium müddətində müzakirə olunan məsələlərin bəlkə də indiyə qədər mövcud olub nəzərə çarpmayan problemlərin ortaya çıxmasına və bu sahədə birgə işlərin aparılmasına şərait yaradacağını bildirdi: "Qafqaz Universiteti və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumuna qatılan iştirakçılar arasında uşaq ədəbiyyatının şair və yazıçıları, uşaq qəzeti və yazıçılarının redaktorları, nəşriyyat evlərinin yayım müdirləri yer alıb. Universitet olaraq Azərbaycanın inkişafına töfhə verən kadrlar yetişdirmək üçün əlimizdən gələni etmişik. Uşaq haqqında danışmaq dünya haqqında danışmaq deməkdir. Simpozium müddətində dünyanın müxtəlif coğrafiyalarından təşrif gətirən, xüsusilə uşaq psixologiyasına bələd olan, dünyaya uşaqların gözü ilə baxa bilən, yazan akademik və yazıçılarımız uşaq ədəbiyyatı haqqında müzakirələr aparacaqlar. Bu müzakirələr bəlkə də indiyə qədər mövcud olub nəzərə çarpmayan problemlərin ortaya çıxmasına və bu sahədə birgə işlərin aparılmasına şərait yaradacaq. Gələcəyimizin təminatı olan uşaqlar haqqında nə qədər yazılsa, nə qədər danışılsa azdır. Həm valideynlərin, həm də elm ocaqlarının üzərinə düşən vəzifə onların oxumağını təmin etmək və gələcəyə doğru addımlarını sağlamlaşdırmaq olmalıdır".

 

"Nəsillərin yetişməsində əlbəttə ki, təhsilin rolu böyükdür"

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar nəsillərin yetişməsində ədəbiyyatın rolunu yüksək qiymətləndirdi: "Ulu öndər Heydər Əliyevin də dediyi kimi Azərbaycanın sabahı yeni nəsillərin necə yetişməsindən asılıdır. Nəsillərin yetişməsində əlbəttə ki, təhsilin rolu böyükdür. Təhsilin önəmli ünsürlərindən biri də ədəbi təhsil, yəni ədəbiyyatdır. Azərbaycan ədəbiyyatında "Dədə Qorqud"dan indiyə qədər dastanlarda, nağıllarda, müxtəlif yazıçıların əsərlərində uşaqlara həsr olunmuş mövzular önəmli yer tutub və hələ də tutmaqdadır. Biz Yazıçılar Birliyi olaraq buna daha çox yer verməliyik. Sizə deyə bilərəm ki, AYB Qafqaz Universiteti və Təhsil Nazirliyinin dəstəyi ilə, eyni zamanda, digər aidiyyatı qurumlarla birlikdə uşaq ədəbiyyatının inkişafı üçün əlindən gələni əsirgəməyəcək".

"Uşaq ədəbiyyatı sahəsində qazanılan uğurlar təhsilin inkişafına təkan verəcək"

Təhsil Nazirliyinin Tədris Resursları şöbəsinin müdir müavini Əsgər Quliyev simpoziumun xalqlar arasında mədəni əlaqələrin daha da genişlənməsində və milli-mənəvi dəyərlərin qorunub saxlanmasında əhəmiyyətli yer tutacağını vurğuladı: "Hesab edirəm ki, bu simpozium xalqlar arasında mədəni əlaqələrin daha da genişlənməsinə və qloballaşma şəraitində ən çox təzyiqə məruz qalan milli-mənəvi dəyərlərin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində önəmli rol oynayacaq. Sürətlə dəyişən dünyada uşaqlarımızı elə yetişdirməliyik ki, gələcəkdə vətəninə, millətinə faydalı bir fərd olsun. Azərbaycan Respublikasında təhsilin inkişafı və dövlət strategiyasına dair Prezidentimizin təsdiq etdiyi əsas islahat yönlərindən biri təhsilin məzmunu məsələsidir. Təhsilin məzmunu olmadan bu sahədə hansısa uğurdan danışmaq olmaz. Təhsilin məzmunun müəyyənləşdirilməsində bu gün qloballaşan dünyada gedən prosesləri nəzərə almaq şərti ilə xalqın milli-mənəvi və ümumbəşəri dəyərlər şagirdlərə çatdırılmalıdır. Bu zaman ədəbiyyat təhsilə daha çox yardımçı olmaq iqtidarında olur. Lakin etiraf etmək lazımdır ki, hazırki ədəbiyyatımızda milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissini aşılayan, uşaqlarımızın yaş xüsusiyyətini nəzərə alan əsərlər kifayət qədər çox deyil. Qeyd etməliyəm ki, Təhsil Nazirliyi bu sahədə bir sıra layihələrə imza atıb. Xüsusən şagirdlərdə mütaliə mədəniyyətinin inkişafı və oxuya motivasiyanın yüksəldilməsi istiqamətində müəyyən işlər nəzərdə tutulub. Bu layihələrin əsas məqsədi uşaqlarımıza millidünya ədəbiyyatına oxu hissini aşılamaqdan ibarətdir. Hesab edirəm ki, III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumunun nəticələri bubir çox layihələrin həyata keçirilməsinə yardımçı olacaq. İnanırıq ki, uşaq ədəbiyyatı sahəsində qazanılan uğurlar təhsilin inkişafına təkan verəcək və xüsusilə milli və dünya ədəbiyyatının daha dərindən öyrənilməsinə şərait yaradacaq".

 

"Ədəbiyyatı olan insan topluluğuna millət deyilir"

Türkiyənin Hacəttəpə Universitetinin nümayəndəsi prof. dr. Şükrü Haluk Akalın uşaq ədəbiyyatının millətin inkişafında dünyagörüşünün formalaşmasında xüsusi istiqamət təşkil etdiyini diqqətə çatdırdı: "Məşhur fransız yazıçısı Onore de Balzak deyib ki, ədəbiyyatı olan insan topluluğuna millət deyilir. Bu baxımdan insanların maddi mənəvi olaraq yüksəlişində ədəbiyyatın rolu əvəzsizdir. Bu mənada uşaq ədəbiyyatının əhəmiyyəti daha da böyükdür. Uşaq ədəbiyyatı millətin inkişafında, dünyagörüşünün formalaşmasında xüsusi istiqamət təşkil edir. Ona görə bu mövzu daim diqqətdə saxlanmalı inkişaf etdirilməlidir".

"Bu gün uşaq ədəbiyyatı beynəlxalq problemə çevrilib"

Qafqaz Universitetinin Azərbaycan dili ədəbiyyatı bölməsinin müdiri prof. Akif Hüseynli uşaqların tərbiyəsində gələcəyə hazırlanmasında uşaq ədəbiyyatının rolundan danışdı: "Uşaq ədəbiyyatı barədə danışmaq bizim gələcəyimiz haqqında danışmaq deməkdir. Bu baxımdan hesab edirəm ki, bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır. Biz bu gün uşaqlarımızı necə tərbiyə edirik, necə öyrədirik, onları gələcək həyata neçə hazırlamağın bir növ hesabatını veririk. Əsl uşaq ədəbiyyatı odur ki, uşaq bu dünyaya gözünü həm kitabla açsın. Kitab ona dünyamızı tanıtsın. Bəs bu gün həmin hal baş verirmi? Təəssüflər olsun ki, bu gün uşaq ədəbiyyatı beynəlxalq problemə çevrilib. Dünyamız çox dəyişib. Həm mənfi, həm müsbət cəhətləri mövcuddur. Texnologiyanın inkişaf etməsilə uşaqların əllərində kitabı telefon, planşet kimi vasitələr əvəz etdi. Hesab edirəm ki, bu məsələlər konfransın əsas mövzularından olmalıdır".

Qeyd edək ki, 21-23 aprel tarixləri arasında davam edəcək simpoziumda uşaq ədəbiyyatının mövcud vəziyyəti və qarşıda duran vəzifələri müəyyənləşdiriləcək, bu mühüm sahənin inkişafı, xüsusən uşaq ədəbiyyatının təhsil müəssisələrində tədris məsələləri təhlil ediləcək.

Xəyalə Sadıqova

Zaman.- 2016.- 22 aprel.- S.7