Çinin əfsanəvi sərkərdəsi və dövlət xadimi: Çan Kayşi
Çin dünyada özünəməxsus qədim tarixə malik olan ölkələrdən biri hesab edilir və dünya mədəniyyəti, sivilizasiyalar tarixinə müəyyən töhfələr veriblər. Bu baxımdan çinlilər günümüzdə belə milli mədəni dəyərlərini qoruyub saxlaya bilən və digər millətlər içində assimilyasiyaya uğramayan yeganə xalqlardan biri kimi tanınır.
Çinlilər lap qədimdən özlərini Günəş imperiyasının övladları adlandırırlar. Onlar tarixboyu müxtəlif imperiyalar qurmuş, adlarını tarixin şanlı səhifələrinə yazdıran böyük hökmdarlar və məğlubedilməz sərkərdələr yetişdirmişlər. Hətta ingilislərin əsarəti altına düşmələrinə belə baxmayaraq, çinlilər yenidən ayağa qalxmağı, üstündən əsrlər ötəndən sonra yenidən qüdrətli və güclü dövlət qurmağı, sivil inkişafda müəyyən rol oynamağı bacardılar. Amma Çinin yenidən ayağa qalxaraq müstəmləkə zəngirini qıraraq müstəqilliyini əldə edə bilməsi heç də asan olmadı. Sivil inkişafa doğru gedən əzablı yollarda Çin xalqının içindən onu müstəqil dövlət kimi yenidən gələcəyə aparmağı bacaran liderlər yetişdi.
Bu baxımdan ötən yüzillikdə Çin səmasında üç böyük ulduz parladı. Onlardan biri monarxiyanın devrilməsinə rəhbərlik edən Sun Yatsen, digərləri isə böyük hərbi sərkərdəlik bacarığı nümayiş etdirdiyinə görə generalissimus rütbəsinə yüksələn Çan Kayşi və xalq tərəfindən “Ellər atası” adlandırılan Mao Tszedun idi. Adətən, müasir Çində Çan Kayşidən danışarkən: “Mao tərəfindən Çindən qovulan, ancaq Maonu məğlub edən adam” ifadəsini işlədirlər. Həqiqətdə isə əsl adı Tszyan Çjunçjen olan Çan Kayşi 25 il ərzində milyonlarla çinlinin rəhbəri olmuşdur. Lakin o, sonralar SSRİ tərəfindən külli miqdarda hərbi texnika və canlı qüvvə ilə yardım göstərilən Mao Tszedunla döyüşdə məğlub olmuş və Tayvana qaçaraq oranı idarə etmişdi. Çan Kayşini Çində “Böyük adam” adlandıraraq, məşhur filosof Konfutsi ilə müqayisə edirdilər. Çin xalqı dəfələrlə döyüşlərdən qalib kimi çıxan Çan Kayşi qarşısında göylərdən göndərilmiş xilaskar kimi səcdə edirdi. Ona görə də hələ sağlığında ikən Çan Kayşinin şəxsiyyəti ilə bağlı əfsanələr yaranmışdı.
Kasıb ailədə doğulan, ancaq hökmdar nəslindən olan uşaq
1887-ci il oktyabrın 31-də liman şəhəri olan Ninbo yaxınlığında anadan olan Çan Kayşi ailənin yazılı şəkildə saxladığı nəsil şəcərəsinə görə, məşhur hökmdar Çjou Hunun nəslindəndir. Onun atası adi kəndli idi və ailəsini dolandırmaq üçün duz alveri ilə məşğul olurdu. Bu nəslin mənsub olduğu adamların çoxu vətənpərvərlikləri ilə şöhrət qazanmışdılar. Gələcək generalissimus da məhz belə bir ruhda böyümüşdü. Anası ona “qızıl adam” mənasını verən Çjunçjen adını verərkən elə adı kimi də olmağı arzulamışdı.
Çan Kayşinin 6 yaşı olanda onu özəl məktəbə qoyurlar. O, uşaqlar arasında həm biliyi, həm də tez-tez öz gücünü nümayiş etdirməsi ilə diqqəti cəlb edirdi.10 yaşı olmamış o, əvvəlcə, babasını, sonra isə atasını itirir. Amma anası oğlunun təhsilini başa çatdırması üçün əlindən gələni edir. Kənd məktəbini bitirdikdən sonra Çan əyalət mərkəzində təhsil alır. Burada o, Çin klassiklərinin əsərləri ilə tanış olur. Həmin əsərlərin təsiri altında Çan Kayşi hərbci olmaq fikrinə düşür. Bu məqsədlə də Yaponiyaya gedərək hərbi məktəbə daxil olur. Yaponiyada o, inqilabçı qüvvələrə qoşulur və Sun Yatsenlə görüşür. Qeyd edək ki, Yaponiya o vaxt Çindəki monarxiya əleyhinə çevrilən hər cür hərəkatı dəstəkləyirdi. Ona görə Yaponiyanın yardımı ilə 1911-ci ildə Çində monarxiya əleyhinə çevrilmiş inqilab baş verir. Vətənə qayıdan Çan Kayşi də bu inqilabda yaxından iştirak edir. İnqilab nəticəsində monarxiya devrilir və Sun Yatsen yeni hökumətin rəhbəri seçilir. Amma az sonra monarxiyaçılar qüvvələrini toplayaraq Sun Yatseni məğlub edirlər. İnqilabın rəhbəri təcili Yaponiyaya mühacirət etməli olur. Çan Kayşinin Sun Yatsenlə dostluğu onu daha da mətinləşdirir. 1912-ci ildə Sun Yatsenin başçılıq etdiyi Tumnmenxoy partiyası liberal burjua təşkilatları ilə Homindan partiyasında birləşir. Bundan sonra Çan Kayşi Sunun tapşırığı ilə Şanxaya gedərək orada inqilabi hərəkata başçılıq edir. O, Şanxayda inqilabi hərəkata maliyyə yardımı etmək üçün birjada işə düzəlir, eyni zamanda Sun Yatsenin tapşırığı ilə mövcud rejim əleyhinə bir neçə üsyan təşkil edir. Amma hər dəfə də üsyanlar ordu tərəfindən yatırılır. 1917-ci ildə Sun Yatsen Çan Kayşini özünün hərbi məsələlər üzrə məsləhətçisi təyin edir. Ümumiyyətlə, həmin dövrdə Sun Yatsen Çan Kayşiyə çox inanır və etibar edirdi. Sun Yatsen Çan Kayşinin hərbi işi çox gözəl bilməsinin və onun özünü peşəkar hərbçi kimi aparmasının heyranı idi. O bu insanın simasında gələcəkdə qurmağı planlaşdırdığı yeni sosialist dövlətin müdafiə nazirini, sərkərdəsini görürdü. Sun Yatsen bunu ətrafındakılardan da gizlətməmiş və fəxrlə: “Çan Kayşi mənim quracağım dövlətin ən böyük dahi sərkərdəsi olacaq. Qoy buna heç kim şübhə etməsin. Mən xoşbəxtəm ki, ətrafımda belə istedadlı insanlar var”,-demişdi.
Çan Kayşinin sərkərdə kimi ilk uğurları
1921-ci ildə Çində baş verən dəyişikliklər nəticəsində Sun Yatsen ölkənin prezidenti seçilir. Bundan bir il sonra Çan Kayşi ölkədə baş verən bir neçə qiyamı yatırır. Lakin növbəti dəfə Sun Yatsendən narazı olan hərbçilər onun əleyhinə üsyan qaldırırlar. Vəziyyət olduqca ağırlaşır. Sun Yatsen hökuməti çətin vəziyyətə düşür. Belə bir vəziyyətdə dövlətə sadiq azsaylı qüvvələrlə üsyançıların üzərinə yeriyən Çan Kayşi qəfil zərbə ilə onları darmadağın edir. Bu qələbə Sun Yatseni o qədər riqqətə gətirir ki, o, dövlət rəsmilərinin gözü qarşısında Çan Kayşini özünün kiçik qardaşı və varisi adlandırır. 1923-cü ildə Sun Yatsen Çan Kayşini Moskvaya göndərir. Çan Kayşi Moskvada Trotski və Çiçerinlə görüşür və ordu quruculuğu ilə tanış olur. O, geriyə qayıdandan sonra Moskvada gördükləri barədə Sun Yatsenə məlumat verir və yeni ordu qurulmasını təklif edir. Bu iş üçün o, ilk mərhələdə sovet mütəxəssislərindən istifadə etməyin də faydalı olacağını söyləyir. Amma o, Sun Yatsenə: “Bu gün Rusiya bizim dostumuzdur, lakin sabah düşmənimiz olacaq. Onların siyasəti xalqları köləyə döndərməyə və yeni imperiya yaratmağa yönəlib”,-deyir.
Sun Yatsen isə hazırkı mərhələdə ruslarla əlaqə saxlamağın daha düzgün olduğunu vurğulayır. 1924- cü ildə Sun Yatsen Çan Kayşini yeni qurulan ordunun komandanı təyin edir. Ordu quruculuğunu sürətləndirmək üçün hərbi zabit məktəbi açılır. Bu məktəbdə dərs demək üçün Rusiyadan hərbi mütəxəssislər dəvət edilir. 1925-ci ildə Sun Yatsen vəfat edir. Onun yerini müvəqqəti olaraq Çan Kayşi tutur. Bununla belə, Çan Kayşi Sun Yatsendən fərqli olaraq, ruslara və onların sosializm ideyalarına inanmırdı. O, sövqi təbii hiss edirdi ki, rusların məqsədi heç də sosializm qurmaqda çinlilərə yardım etmək deyil; bu yolla böyük və qədim milləti özünün siyasi hərbi təsiri altında saxlmaq, bu ölkədən özünün dünya ağalığı niyyətlərini həyata keçirmək üçün istifadə etməkdir. Ona görə də Çan Kayşi, ətrafındakılara: “Hamıya, hətta ingilislərə belə inanmaq olar, ancaq ruslara yox. İngilislər gəldi-gedərdi, onların zəncirini qırıb atacağıq. Ancaq ruslar qonşumuzdur, onlar heç vaxt bizim simamızda güclü və qüdrətli Çin dövlətinin dünyanın siyasi səhnəsinə çıxmasını qəbul etməyəcək, buna hər vasitə ilə mane olacaqlar”,-demişdi. Hadisələrin gedişi Çan Kayşinin uzaqgörənliyini bir daha sübut etdi.
Bolşeviklərin əlaltıları olan yerli kommunistlərə qarşı sərt tədbirlərə əl atılır
Həmin dövrdə ölkənin müxtəlif
vilayətlərdə hakimiyyəti əldə toplayan
qüvvələr vardı və onlar mərkəzi
hakimiyyətə tabe olmaq
istəmirdilər. Bunu nəzərə alaraq, ölkəni birləşdirmək və
vahid idarəçilik tətbiq etmək üçün Kayşi
hökumətə tabe olmayan
əyalətlərə qoşun yeridir. Qoşunla birgə rus-bolşevik generalı Blyuxerin
rəhbərliyi altında rusiyalı zabitlər də
döyüşlərdə işltrak
edirlər. Eyni zamanda bolşevik Rusiyası da
Kayşiyə silahla yardım göstərir.
Qanlı döyüşlərdən sonra
Çan Kayşi
dövlətə qarşı çıxan qüvvələri
darmadağın edə bilir. Bundan sonra özünü
daha sərbəst hiss
edən Çan Kayşi
Moskvanın vassalı kimi
çıxış edən və bütün
tapşırıqları Moskvadan alan Çin Kommunist Partiyasının fəaliyyətini qadağan edir. Eyni zamanda o,
SSRİ ilə diplomatik əlaqələri
kəsir. Buna görə Moskva
sözəbaxmayan generalı cəzalandırmaq qərarına
gəlir. Bu çərçivədə
də 1931-ci ildə SSRİ-nin təhriki
ilə Yaponiya Çinə hücum edir. Çan Kayşi yaponlarla qızğın döyüşə
girir və düşmənin ölkənin
içərilərinə irəliləməsinin
qarşısı alınır.
Əziz Mustafa
Zaman.-
2016.- 22 aprel.- S.7