Türkə tarix yazanlar:
Göynüklü Ağ Şəmsəddin (2)
Günlərin birində Sultan Fateh Mehmetin qızı Cövhərxan xəstələndi. Saray həkimləri onu müalicə edə bilmədilər. Yenə də çarəsiz qalıb Ağ Şəmsəddinə müraciət etdilər. Ağ Şəmsəddin Cövhərxanı da müalicə etdi. Ona görə də Sultan Fateh Mehmet taxta çıxan kimi xalq arasında hörmət qazanan adamların saraya dəvət edilməsini əmr etdi. Onların içində Ağ Şəmsəddin də vardı. Fateh Mehmet Ağ Şəmsəddinə xüsusi hörmət edir və özünü onun şagirdi adlandırır, ondan hər gün nə isə öyrənirdi. Sultanla Ağ Şəmsəddin arasında müəllim tələbə münasibətindən daha çox, ata-oğul münasibətləri yaranmışdı. Sultan Ağ Şəmsəddinin bir sözünü iki etmirdi. Həmin dövrdə bir müddət Osmanlı daxilində baş verən hadisələr nəticəsində ölkədə zəifləmə hiss edilirdi. Bu isə Bizansı çox sevindirirdi. Xüsusi ilə olduqca gənc olan Fateh Mehmet taxta çıxanda Bizans artıq Osmanlının əvvəlki gücünü itirdiyini düşünərək bayram edirdi. Ancaq Bizansa ən ağır zərbə də məhz onların uşaq hesab etdikləri Sultan Fateh Mehmetdən gəldi.
İstanbulun fəthi
Müəllim-tələbə söhbətlərinin birində Ağ Şəmsəddin olduqca ehtiyatlı bir şəkildə ona bildirdi ki, İstanbulun fəthinin vaxtı artıq çatıb və bu işi gecikdirmək olmaz. Əslində Ağ Şəmsəddin öncədən bununla bağlı saray əhlindən özünə yaxın olanların fikirlərini öyrənmiş və onlar da bununla razılaşmışdılar. Fateh Mehmet ətrafındakıların fikrini soruşanda onlar da buna xeyir-dua verdilər və İstanbulun fəthinin gəlib çatdığını söylədilər. Bunu görən Sultan Fateh Mehmet İstanbulu fəth etmək üçün ordunu hərəkətə gətirdi. Sultan Fateh Mehmet İstanbulun önündə qərargahını quraraq düşmənə İslamı qəbul etməsi və təslim olması barədə xəbər yolladı. Lakin onun bu təklifi Bizans tərəfindən qəbul edilmədi. Bunu görən sultan İstanbulu mühasirəyə aldırdı. Ancaq düşmən inadla müqavimət göstərməkdə davam edirdi. Bunu görən saray adamlarından bəziləri ümidsizliyə dükar oldular. Onlar tezliklə düşmənə əlavə yardım gələcəyini və bundan sonra İstanbulun fəth edilə bilməyəcəyi barədə saray daxilində təbliğata başladılar. Bu ümidsiz sözlər sultanın da qulağına çatdı. O dərhal Göynüklü Ağ Şəmsəddini yanına çağırdı. Bu arada isə Avropadan ərzaq və əsgər gətirən gəmilər dənizdən İstanbula daxil oldular. Bunu görən müsəlmanlar və saray əhli, o cümlədən əsgərlər də yenidən ümidsizliyə düşdülər. Onlar açıq şəkildə: “Sultan bir sofunun (Ağ Şəmsəddinin) sözü ilə bu qədər əsgərin qırılmasına səbəb oldu. Xəzinəni də göyə sovurdu. Firəngistandan (Fransa) Bizansa yardım gəldi. Bundan sonra İstanbulu fəth etmək üçün imid yerimiz qalmadı”, - dedilər.
Bunu eşidən sultan Ağ Şəmsəddinin saraya gəlib çıxmasına səbir edə bilməyərək bu dəfə vəziri Vəliyəddin Əhməd paşanı onun yanına göndərərək: “Şeyxdən soruş, gör qalanı fəth etmək və düşmən üzərində qələbə çalmaq imkanımız varmı?”-deyə tapşırıq verdi. Həmin vaxt Ağ Şəmsəddin saraya çata çatda idi. O, vəzirdən sultanın soruşduqlarını eşidən kimi: “Məhəmməd ümməti ümidini üzməyib düşmən üzərinə hücumu davam etdirsə, onda, inşallah, İstanbul fəth ediləcək”, - deyə cavab verdi. Özü isə saraya girməkdən vaz keçərək qapıda gözləməyi daha məqsədəuyğun hesab etdi. Bu dəfə sultan yenidən vəziri Ağ Şəmsəddinin yanına göndərərək ondan xahiş etdi ki, qalaya hücum gününü müəyyən etsin və ona bildirsin.
Bunu eşidən Ağ Şəmsəddin bir otağa çəkilərək bütün varlığı ilə uca Allaha sarıldı və başını əyərək ona dua etməyə başladı. Bir müddət uca Yaradana yalvardı və birdən mübarək üzü tərlədi.
Sonra başını qaldıraraq vəziri səslədi və ona: “Bu ilin Cəmadiyələvval ayının 20-də səhər filan tərəfdən qalaya hücum etsinlər. O gün şəhər fəth ediləcək və İstanbuldan azan səsləri ucalacaq”, - dedi. Bunun ardınca sultana məktub da yazaraq: “Qul hərəkət edir, Allah Təala istədiyini ona verir. Hökm Allahındır. Lakin qul da əlindən gələn qədər qeyrət göstərməlidir və bu işdə canını əsirgəməməlidir. Rəsulullahın və Əshabının sünnəti budur”,-deyə bildirdi.
Fateh dərhal qoşuna hazırlaşmağı əmr etdi. Bundan sonra Allaha dualar oxundu və həm saray əhli, həm də ordu səbirlə Göynüklü Ağ Şəmsəddinin dediyi günü gözləməyə başladı. Ağ Şəmsəddinin dediyi gün gəlib çatanda ordu İstanbula doğru hücuma başladı. Bu dəfə orduda bir ruh yüksəkliyi vardı. Sultan Mehmet də Bizansın bu ana şəhərinin alınacağına əmin idi. İstanbula hücum başlayan kimi Ağ Şəmsəddin çadıra girərək, orada üzü üstə qapanaraq Allaha dualar etməyə başladı. Bir arada Sultan Mehmet dözmədi. Çadırın bir hissəsini qaldırıb baxdı: Ağ Şəmsəddin sanki bayılmış vəziyyətdə id. O durmadan İstanbulun fəthi üçün Allaha dualar edirdi. Bunu görən Sultan Mehmet həmin an geri çevrilib qalaya hücum edən əsgərlərinə baxdı. Onların önündə sanki ağ əbalı bir dəstənin getdiyini və onların qala divarlarını aşaraq şəhərə daxil olduğunu gördü. Bunun ardınca da əsgərlərinin həmin yerdən qalaya daxil olduğunun şahidi oldu. Bunun ardınca da İstanbuldan “Allahu Əkbər” sədaları ucalmağa başladı. Beləliklə, İstanbul fəth edildi və kainatın günəşi sonuncu İslam peyğəmbərinin yüz illər bundan əvvəl verdiyi müjdə doğru çıxdı. İstanbul səhər saat 8-də fəth edilmişdi. Fateh Sultan Mehmet isə şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil oldu. O, Ayasofyaya doğru irəliləyərək hər yerdə küçələri, evləri diqqətlə gözdən keçirirdi. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin, vəzirləri, ordu komandanları və Osmanlının tanınmış alimləri də Fatehin yanında idilər. Məğlub olan xalq küçələrdə İstanbulun fatehlərini həsəd və maraqla seyr edirdi. Bu arada qaliblərə rəğbət bəsləyən bəzi bizanslılar Ağ Şəmsəddini padşah hesab edərək ona gül dəstələri verirdilər. O isə gənc padşahı göstərərək:” Padşah budur, gülləri ona verin”,- deyirdi. Fateh də buna cavab olaraq: “Sultan mənəm, ancaq bu qalanın fəthinin mənəvi atası odur”-deyə Ağ Şəmsəddini göstərirdi. İstanbulun fəthindən sonra Ağ Şəmsəddin bir müddət yoxa çıxdı. Üç gündən sonra onu axtarıb İstanbulun xaraba, viranə qalmış bir məhəlləsində ibadət edən vəziyyətdə tapdılar. Ondan sonra həmin məhəllə Ağ Şəmsəddinin adı ilə Göynüklü Ağ Şəmsəddin məhəlləsi adlandırıldı. Fateh də İstanbulun fəthindən bir neçə gün sonra Ayasofyanın məscidə çevrilməsi barədə əmr verdi. Ancaq bu məsələdə məğlub olan bizanslıların da razılığı alınmışdı. Ayasofyada qılınan ilk namazda imam vəzifəsini Ağ Şəmsəddin həyata keçirdi. Xütbəsində o İstanbulun fəthini və bununla əlaqədar Peyğəmbər Əfəndimizin müjdəsini xatırladaraq bu şəhərin fəthində iştirak edən əsgərlərin hamısının islam aləminin ən xoşbəxt əsgərləri olduğunu, bu yolda şəhid olanların hamısının birbaşa cənnətə getdiyini, sağ qalanların da vəfat edəndən sonra üzlərinə cənnət qapılarının açılacağını müjdələdi. Bundan sonra İstanbulun Ok meydanında bir zəfər mərasimi keçirildi. Mərasimdə çıxış edən Ağ Şəmsəddin: “Ey qazilər. Bilin və bir daha agah olun: İstanbulu fəth edən sizlər barədə axır zaman Peyğəmbəri, Kainatın Sərvəri belə deyib: “Onlar necə də gözəl əsgərlərdir”. İnşallah, cümləmiz bu zəfərin əvəzini artıqlaması ilə hər iki dünyada alacağıq,”-dedi.
Göynüklü Ağ Şəmsəddin Əbu Əyyub Ənsarinin məzarının yerini göstərir
İstanbulun fəthindən sonra Ağ Şəmsəddinin adı istər saray, istər xalq, istərsə də ordu arasında övliyalar övliyası kimi anılırdı. İstanbulun fəthindən günlər keçəndən sonra Fateh onu ziyarətə getdi. O müəlliminə: “Xocam kitablardan Əshabi İkramın böyüklərindən olan Əbu Əyyub Ənsarinin mübarək qəbrinin İstanbulun qala qüllələrinə yaxın bir yerdə olduğunu oxudum. O yeri tapsaydıq, yaxşı olardı”-dedi. Ağ Şəmsəddin də bununla əlaqədar Fatehi xəbərdar etmək və o mübarək zatın qəbrinin aşkar edilərək üzə çıxarılmasını istədiyini ona çatdırmaq niyyətində idi. İndi sultan özü bunun üçün onun yanına gəlmişdi. Ona görə də o, sultana bu işdə xeyir-dua verdi. Amma məzarı necə tapmaq olardı? Üstündən 700-ildən artıq vaxt keçmiş və bu müddətdə onlarla qəbir yer üzündən silinmiş, itib-batmışdı. Bir müddət o mübarək zatın qəbrini İstanbul ətrafında aradılar, ancaq tapa bilmədilər. Qəbir haradasa Əbu Əyyub Ənsarinin öldüyü yerdə olmalı idi. Bununla əlaqədar o dövrün kitablarında məlumatlar olduqca dəqiq verilmiş, qəbrin yeri də göstərilmişdi. Ancaq bu da müqəddəs zatın qəbrini arayanların köməyinə gəlmirdi. Bunu görən Fateh yenidən Ağ Şəmsəddinin yanına gəldi və ondan bu məsələdə yardım istədi. Ağ Şəmsəddin İstanbul ətrafına çıxaraq uzun müddət ətrafı gəzib-dolaşdı. Sonra gözlənilmədən bir təpəni göstərərək: “Oranı qazın. O müqəddəs zatın qəbri oradadır”, - dedi. Sultan Fateh Mehmet buna mat qalmışdı və səbirlə işin sonunu gözləyirdi. Ağ Şəmsəddin deyən təpəni qazdılar və həqiqətən də, Əbu Əyyub Ənsarinin qəbri orada idi. Bu müqəddəs zatın ruhsuz bədəni sanki dünən haqqın rəhmətinə qovuşmuş kimi tər-təzə qalmış, bədənin bir əzası belə çürüməmişdi. Sultan da heyrətə düşməsini gizlədə bilmirdi. Nəhayət, o özündə güc taparaq xocasından soruşdu: “Bizlər günlərdir axtardıq, ancaq bu müqəddəs zatın məzarını tapa bilmədik. Bəs sən bunu necə müəyyən etdin. Haradan bildin ki, məhz o bu təpənin altında yatır”
Ağ Şəmsəddin gülümsədi və bir anda sanki sifətindəki nur daha da çoxalaraq sultanın qəlbinə bir sərinlik gətirdi: -Ey İslam dünyasının ən xoşbəxt sərkərdəsi, sən bu qalanı fəth etməklə cənnəti qazandın və kainatın son peyğəmbərinin müjdələdiyi ən xoşbəxt komandanlardan oldun. Bu müqəddəs işi həyata keçirmək xoşbəxtliyi sənə nəsib oldu. Bilirsən, Peyğəmbər Əfəndimizin, Uca Allahın sevimlilərinin başı üzərində sağlıqlarında da, o dünyaya köç edəndə də gömüldüyü məzar üstündə nur dolaşır. Mən bu gün İstanbulun ətrafını gəzərkən məhz bu nurun olduğu yeri aradım. Allahın Nuru da məhz həmin təpənin üstündə idi. Dərhal anladım ki, orada məhz Əyyub Ənsari həzrətləri dəfn edilib. Burada İstanbul ətrafında çox əshabələr dəfn edilib. Amma onların arasında Əbu Əyyub Ənsaridən müqəddəsi, Allaha daha çox yaxın olanı yox idi. Ona görə də məzarı üzərində Allahın nuru vardı”,- dedi. Fateh onun bu sözlərindən çox məmnun oldu və Əbu Əyyub Ənsarinin qəbri sahmana salındı. Qəbrin üzərində sultanın əmri ilə bir türbə inşa edildi. Türbənin ətrafında isə Ağ Şəmsəddin və tələbələri üçün xüsusi otaqlar, həmçinin məscid də tikildi. Bu müqəddəs məkan 100 illər boyu müsəlmanların ən çox ziyarət etdikləri yerlərdən biri oldu.
Əziz Mustafa
Zaman.-
2016.- 17 fevral.- S.5