“Heç vaxt güldürmək
xatirinə and içməmişəm”
Müsahibimiz
tanınmış komediya ustası Tərlan Nur
Yaşardır.
- Tərlan bəy, istərdim müsahibəmizin əvvəlində özünüz haqqında oxucularımıza məlumat verərdiniz...
- Tərlan Nur Yaşar. Hələ universitet vaxtından sırf Azərbaycan dilində olan Şən və Hazırcavablar Klubunda (ŞHK) iştirak etmişəm. Daha sonra peşəkarlaşdırmağa başladım. Bizim sənət elə sənətdir ki, oxumaqla deyil, oxumadan da peşəkar olmaq mümkündür. Biz də çalışırıq ki, olduğumuz yerdə saymayaq, get-gedə daha da peşəkarlaşaq. Ailəliyəm, iki qız övladım var.
- Azərbaycan Dövlət Texniki Universitetindən
məzunsunuz. Texniki Universitet hara, aktyorluq hara?
- Texniki Universitetin komandası var idi. Komandaya gəldiyim
gündən fəal üzvlərindən birinə
çevrildim. “Texniki oğlanlar
komandası” ümumilikdə çox adamlar yetişdirib.
Universitetimizin o vaxtkı rəhbərlərinə
çox təşəkkürümü bildirirəm. Məşqlərə
gedirdik deyə dərslərdə az
olurduq. Bütün müəllimlər bunu nəzərə
alırdılar. Amma kömək etməyənlər
də olurdu. Məsələn, elə bir
müəllim olub ki, mənə də, digər Şən və
Hazırcavablar Klubunun üzvlərinə də deyirdi ki, siz bu
universitetin üz qarasısınız. İllər
keçdi - 2011-ci ildə həmin müəllim mənimlə
üz-üzə gələndə dedi ki, sən bizim
universitetin fəxrisən. Ona görə də
düşünürəm ki, bir insan haqqında, xüsusilə
də gənclər haqqında heç vaxt tələsik qərar
vermək olmaz. Gənclərə bir az
azadlıq vermək lazımdır ki, özlərini daha
yaxşı olduqları yerdə tapsınlar. Diplom
hər şeyi həll eləmir. Mən əlimdə
olan diplomla hələ bir gün belə işləməmişəm.
Hətta bəzi həmkarlarım elə bilirlər
ki, İncəsənət Universitetini bitirmişəm.
“Şən
və Hazırcavablar Klubu aktyor məktəbi deyil”
- Həmin
komanda yenə də fəaliyyətini davam etdirirmi?
- Mən bildiyimə
görə yox. Çünki qalsaydı,
çempionat olardı, çempionat da olsaydı, yəqin ki,
bizlərə xəbər edərdilər, gəlib münsiflər
heyətində oturardıq. ŞHK-dan
anlayışı olan adamları çağırırlar, adətən,
ora. Bəzən olur ki, peşəkar
aktyorlardan, peşəkar incəsənət xadimlərindən
çağırırlar münsif kimi, amma onlar Şən və
Hazırcavablar Klubunun münsiflər heyətində oturanda səhv
qiymətlər verirlər. Şən və
Hazırcavablar Klubu aktyor məktəbi deyil. Məsələn, səhnədə olanda yerindəcə
analiz edə bilməlisən, zalda oturanların nəbzini tuta
bilməlisən. Məsələn,
gördün ki, tamaşaçılar sənin bir
sözünə güldülər, əgər başın
işləyirsə, operativlik varsa, davamını gətirəcəksən,
ssenaridə yazılmayan şeyləri də əlavə edəcəksən.
Aktyor münsif olanda deyir ki, yox, aktyorluqları zəifdir,
ancaq başa düşmür ki, bunlar 19-20 yaşlı
uşaqlardır. Üstəlik, onlar
İncəsənət Universitetində oxumurlar. Aktyorluq hər bir insanda var,
yaradılışında var. İnsan nəyəsə nail
olmaq üçün lap belə körpə yaşından
aktyorluq edir. Adicə balaca uşaq adama
yaxınlaşır, konfeti istəyəndə belə adi dillə
istəmir axı. Şirin sifət
alır, xüsusi intonasiya ilə istəyir. Bu da aktyorluqdur əslində. Üzərində
işləyə-işləyə, qarşısına
çıxdığın tamaşaçıların rəyləri,
fikirləri sənin üçün önəmlidirsə,
get-gedə peşəkarlaşırsan.
- Bir insan
eyni zamanda həm şən, həm də hazırcavab ola bilərmi?
- Ola bilər.
Əslində onlar elə bir-birinə
bağlı iki fərqli xasiyyətdir desəm yanılmaram.
Əslində hazırcavab, ancaq şən
olmayan, acıdil adamlar da var, amma onlar xalq arasında sevilmirlər.
Məsələn, adam var ki, bir söz
deyirsən, o dəqiqə cavab verir sənə, amma onun verdiyi
cavabda şirinlikdən daha çox acılıq olur.
Hazırcavab insan şən olanda o, cəmiyyətə xeyirli
bir adam olur. Çünki
insanın üzünü güldürmək asan bir şey
deyil. Ağlatmaq asandır insanı. Güldürmək asan bir şey deyil, hamını
güldürmək isə heç asan bir şey deyil. Filmin inkişafı 4 mərhələdən ibarətdir.
Mənim fikrimcə, dünyanın ən sevilən,
ən şedevr filmləri yumorla bağlıdır. Bu artıq ağıllı yumordur.
Məsələn,
Fellini kimi rejissorların çəkdiyi komediyaları yada
salanda düşünürsən ki, tamam ağır
mövzulardır: faciəni götürür, gülməli
şəkildə sənə göstərir. Elə
Azərbaycanda Vaqif Mustafayevin çəkdiyi filmlərin
çoxu, demək olar ki, faciəli komediyadır.
Bir müddət Azərbaycanda komediya filmlərində
durğunluq dövrü yaşandı. Lakin hamımız bilirik ki,
“Xoxan” filmi ilə “Oğlan evi” filmi ilə, komediya janrı ilə
Azərbaycan filmlərinə maraq yaradırıq və
sübut edirik ki, Azərbaycan rejissorları film çəkə
bilərlər, qazanc əldə edə bilərlər. Düşünürəm ki, bu mərhələdən
sonra yerli döyüş filmlərinin inkişafı
başlayacaq. Hazırda döyüş
filmləri çəkmək lazımdır. Mən demirəm ki, peşəkar döyüş
filmləri. Təzə çəkilən
döyüş filmlərimiz çoxdur. O cür
idmançılarımız var, heç birini filmə çəkmirlər.
Hətta idmançılarımızın
üzərində film çəkmək lazımdır.
Hollivud özü vaxtilə bütün
tanınmış idmançıları özünə cəlb
eləmişdi. Brus Li, Ceki Can, Cak Norris, Van Dam və s.
Bizdə də onun vaxtıdır. Kobra var, Fariz
Məmmədov var - bu idmançılarımızdan istifadə
edilib film çəkilsə, mən sizi inandırıram ki,
uğur əldə edilər. Amma hələ
ki buna hazırlıq prosesi getməlidir. Ən
azı döyüş səhnələrini çəkə
biləcək operatorlar yetişməlidir. Onu
maraqlı göstərə bilən rejissorlar yetişməlidir.
Dayım
mənə uşaqlıqda ad qoymuşdu - Kitabəli...
- İlk
dəfə hazırcavab olduğunuzu kim kəşf
edib?
-
Ümumiyyətlə, mən hazırcavab olmamışam, az danışan olmuşam. Mən çox
oxuyan və az danışan olmuşam. Hətta
dayım mənə uşaqlıqda ad qoymuşdu - Kitabəli...
(gülür). Nə vaxt
baxırdılar, əlimdə kitab var idi. Sinifdə
müəllimim riyaziyyat fənnindən sual verirdi, mən
özümdən asılı olmayaraq, o suala özümdən
yuxarı sinfin cavabını verirdim. Müəllim
də deyirdi tələsmə, sənin hələ onu öyrənməyinə
var. Uşaqlar onsuz da mən deyən cavabı başa
düşmürdülər. Hər
şey vaxtında olsa gözəldir. Hazırcavablığım
demək olar ki, öz üzərimdə işləməklə
meydana gəlib.
- Sosial
şəbəkələrlə aranız necədir?
- Əvvəl istifadə edirdim, sonra gördüm ki,
lazım deyil - vaxtımı alırdı. Vaxt israfı
deyilən bir şey var. Sosial şəbəkə vaxtı
yeyir, sovurub aparır. Buradan heç nə
öyrənmədim. Kiminsə qeybətini
oxudum, kiminsə deyinməyini oxudum və s. Mənim xəbərim
mənim ətrafımdadır. Bir il
bundan əvvəl yenidən sosial şəbəkəyə
qoşuldum. Sonra gördüm ki, yox ey, sosial
şəbəkənin vurduğu ziyan xeyrindən daha
çoxdur.
“Heç
kəsi qınamayın, qınadığın başına gəlmədən
ölmürsən”
- Bəzi
aktyorlar tamadalıq edib, pul qazanırlar. Sizə
bu barədə təkliflər olurmu? Buna
münasibətiniz?
- Mən
başqalarının işinə qarışmamağı
xoşlayıram. Hər insanın öz işi, öz qərarı
var. Mən deyərəm ki, bunu heç vaxt eləmərəm,
amma Allah elə imtahana çəkər ki, bəlkə də,
gedib məcburən onu edərəm. Mənim
onları qınamağım doğru bir şey deyil. “Heç kəsi qınamayın,
qınadığın başına gəlmədən
ölmürsən” deyə məşhur bir fikir var. Ona görə
də heç kimi qınamamışam. Sadəcə
olaraq, mən düşünürəm ki, tamadalıq, toy
biznesi, restoran biznesi bir balaca təbiiliyi itirir. Toyu bir dəfə
həvəslə aparırsan, beş dəfə
həvəslə aparırsan, lap on dəfə aparırsan. Amma on dəfədən sonra görürsən ki,
600 nəfərin yarısında çoxu sənə qulaq
asmır. Bu səbəbdən istər-istəməz
sən artıq yalandan başlayırsan gülməyə,
yalandan münasibət göstərməyə, bəzi
adamları yola verməyə, o da insanın üz
mimikalarını dəyişir. Bir
şeyi davamlı elədikcə o sənin bacarığın
olmaqdan çıxır, artıq ixtiyarsız olaraq eləməyə
başlayırsan. O gülməklər də, üz
mimikaları da hamısı instinq halına keçir, o da bu sənətdə
yaxşı bir şey deyil.
- Sizi Fərdadan,
Elməddindən, Ramindən ayrı təsəvvür etmək
çətindir...
- Bizim heyət,
demək olar ki, əlli faiz qorunub. Düzdür,
bir müddət ayrı düşdüyümüz vaxtlar
olub, amma ümumilikdə götürəndə bizi birləşdirən
Şən və Hazırcavablar Klubunu kənara qoysaq, “Tək
səbir” idi. Yeri gəlmişkən, Elməddinin, Fərdanın,
Müşfiqin, Sadığın, bütün “Tək səbir”
heyətinin şəhərdə ən rahat gəzdiyi vaxt
bazar günü, saat 19:00 idi, Çünki həmin vaxt əksər
insanlar evdə “Tək səbir”ə baxırdılar. Çöldə olanlar isə “Tək səbir”ə
baxmırdılar və deməli, həmin kollektivi
tanımırdılar. Ona görə
çox rahatlıqla çıxıb bulvarda da gəzirdilər.
Hazırda Fərda ilə bir yerdəyik -
“Qardaşlar” serialında. Elməddin isə
rəhbərimizdir. Mənəm, Ramin var -
Məhəbbət obrazını oynayan, yəni biz
hamımız “Tək səbir”dən bir yerə
toplaşmış adamlarıq. Bizə
bir-birimizlə daha rahatdır. Bir-birimizi
artıq yarım sözlə başa düşürük,
bir yerdə səhnə oynayanda yaxşı rəqabətimiz
var. Rəqabətin olması çox yaxşı bir
şeydir. Öz aramızda intriqalar yoxdur.
Məsələn,
sabah Elməddin Cəfərova hər
hansı fəxri ad verilsə, bu tək ona verilmiş ad yox,
ümumilikdə, bizim heyətin dövlət tərəfindən
qiymətləndirilməsidir. Böyüklərimizdən
eşitmişəm ki, vaxtilə teatrlarda da belə olub. Bir nəfərin uğru tək onun uğru deyil,
ümumilikdə ansanblın uğrudur, bir yerdə
görülən işin uğrudur.
Gördüyümüz iş onsuz da bir neçə sənət
növünün sintezidir. Kino ən çox sənətin
sintez olduğu işdir. Çünki orada
musiqi var, ədəbiyyat var, aktyorluq var, operatorluq var,
rejissorluq var, rəssamlıq var.
“Hər
bir yaxşı insanın nuru var”
- Nur Yaşar soyadını seçməyinizlə
bağlı iki dəfə suala cavab vermisiniz. Amma hər
ikisində fərqli cavablar olub. Biri Yaşar Nuri, digərində
hər bir insanın nuru olur demisiniz...
- Yaşar Nuri ilə bağlı deməmişəm, o
kiminsə fərziyyəsidir. İkincisinə gəlincə,
bu, insanın aurasıdır. Azərbaycanda
belə bir söz var - deyirlər bu qara adamdır. Yəni
yaxşı olmayan, pis olan adama qara adam
deyirlər. Nəyisə görməyəndə
hətta deyirlər ki, mən qaranlıq görürəm bu məsələnin
axırını. Amma nəyi isə
yaxşı demək istəyəndə deyirlər ki, bunun
axırı işıqlıdır, yolun axırında
işıq görünür, filankəsin üzü nurludur.
Hər bir yaxşı insanın nuru var.
İnsan nurlu olanda ətrafdakıları isidir. Bəzi şeylər yaddan çıxır, bəzi
şeylər mühümlüyünü itirir.
Bizdə də işimizlə bağlı olaraq
düşünürəm ki, işimiz bir nurdur,
işıqdır, insanlara verilən bir ümiddir, evə gələn
yaxşı havadır. Bu da ki, insanın özündə varsa,
onu paylaşmalıdır, yoxdursa, tamaşaçı onsuz da
onu qəbul eləmir.
-
Hansı teatrda çalışmaq istərdiniz? Ümumiyyətlə, təklif varmı?
- Yox, təklif
almamışam. Tamaşa daha qəlizdir, orada səhv
bağışlanmır. Məsələn,
filmdə nə isə alınmayanda onun daha
yaxşısını tamaşaçıya göstərmək
üçün bir neçə dəfə çəkirik.
Səhnədə oynayan aktyorun isə o
şansı yoxdur, səhv elədisə, artıq
düşür tarixə. Ən azı
orda oturan tamaşaçıların beyninə həkk olunur.
Bir az hələ özümü hazır
saymıram ona, amma nə vaxtsa istəyərəm. Tamaşa atmosferi mənə maraqlıdır. Bir neçə nəfər peşəkarlarla məşq
elədim, görürəm ki, tamam ayrı atmosferdir. Bu, film deyil, serial deyil, loru dillə desək, tamam
ayrı bir xəstəlikdir. Amma
yaxşı xəstəlikdir. Çox istəyərdim
ki, tamaşaçılarımız teatrlara da getsinlər.
Nə edirsən et, o sənət
yaşamalıdır. Tamaşaçı az
olanda aktyorlar tamaşaçının nəbzini, nə istədiyini
tuta bilmirlər. Tamaşaçı çox olsa, fərqli
şeylər yaxşı mənada tələb etsələr,
teatrlarımız min qat bundan artıq işlərə nail ola bilərlər. Azərbaycan sənət
baxımından bir çox ölkələri geridə
qoymuş dövlətdir, xalqdır. Bizim
üçün nədir ki, onu inkişaf etdirmək? Məsələn, bir film çəkirsən, pul gəlmirsə,
maraqla qarşılanmırsa, deməli, növbəti film
çəkilməyəcək. Teatr da həmin
şeydir. Teatra tamaşaçı gəlsə, zal dolu
olsa və gün ərzində üç seans
oynasalar, təbii ki, teatrın gəlirləri artar. Gəlirlər artanda isə gedib tutaq ki, xaricdən fərqli
düşüncəli bir rejissor gətirirlər və s.
“Get-gedə
anladıq ki...”
- Səhv
etmirəmsə, həm də ssenari yazırsınız. Bu nədən
irəli gəlir: bizdə yaxşı ssenaristlər yoxdur?
- Bəli,
ssenarist heyətinin içindəyəm. Şən
və Hazırcavablar Klubunda olanlar bayaq dediyimiz operativliyin nəticəsində
ssenari də yaza bilirlər. Əvvəllər
peşəkar səviyyədə yazmırdıq. Baxa-baxa, öyrənə-öyrənə, öyrədilə-öyrədilə,
nəticə çıxara-çıxara daha yaxşı
şeylər yazmağa başladıq. Get-gedə
anladıq ki, sən demə, ssenari yazanda müəyyən xətləri
də fikirləşmək lazımdır. “Tək səbir” vaxtı yazdığımız
monoloqları götürəndə orada heç bir xətt
yox idi. Serial elədir ki, hər həftə
məcbur olursan bu işi daha peşəkar öyrənməyə.
İşləyə-işləyə öyrənir adam. Yəni ən qorxduğum
şey fasilədir. İnsan dayananda passivləşir,
artıq heç bir nəticə əldə edə bilmir.
Rusların bir sözü var; məsafə yeriyə-yeriyə
qət olunur. Xaricilər film çəkəndə
həm də fikirləşirlər ki, baxılsın və
çəkilən xərc qayıtsın geri. Hollivudun ən uğurlu rejissorlarından biri olan
Torontino heç də peşəkar rejissor olmayıb. Bu
adam adi video kasetlərin icarəyə
verildiyi bir yerdə işləyirmiş. Baxırmış ki,
filan kinoya hər gün 100 adam baxır, amma filan filmin kasetini
20 nəfər götürür baxır və s.
Araşdırırmış ki, tamaşaçılar bu fərqi
nəyə görə qoyurlar. Hazırda Torontino ən
çox gəlir gətirən kommersiya filmləri çəkir...
- Nəbzi
siz də tutursunuz? Nədir o tələblər?
- Əlbəttə, tuturuq və tutmalıyıq. Tamaşaçının
nəbzi evindir, yaşadığın məhlədir, getdiyin
məkanlardır, gələn zənglərdir. Bu bizim özümüzün dərin
araşdırmamızdır.
“Heç
kimin işinə qınaq kimi yanaşmamışam”
-
Qadın paltarı ilə səhnəyə çıxanlara
qarşı amansızsınız. Hətta
qadın paltarı geymərəm demisiniz. Elə
isə qadın paltarı ilə geyinib səhnəyə
çıxanlarla münasibətiniz necədir?
- Səhvdir
bu fikir. Heç kimin işinə bayaq da dediyim
kimi, qınaq kimi yanaşmamışam. Yuxarıda
qeyd etdiyiniz fikirləri dırnaqarası jurnalistlər mənim
adımdan yazıblar. Başqalarını
deyə bilmərəm, Rəfail qardaşım da, Coşqun
qardaşım da, Müşfiq qardaşım da məni
yaxşı tanıyırlar, mən də onları
yaxşı tanıyıram. Onlar mənim
böyük qardaşlarımdır. Həmçinin
digər aktyorlar da. Mən bunu eləmərəmsə,
bu o demək deyil ki, kimsə onu edib, səhv edib. Mən hamının fikrinə hörmətlə
yanaşıram və xahiş edirəm ki, mənim fikrimə
də hörmətlə yanaşsınlar.
- Sənət
adamları arasında çox az şəxs
tapılar ki, özü haqqındakı tənqidi qeydləri
həssaslıqla, hətta kəskin reaksiya ilə
qarşılamasın. Bəs siz
özünüzü tənqid edə bilirsinizmi?
- Tənqiddən
tənqidə fərq var. Tənqid var ki, ağıllı tənqiddir.
Bizdə yarızarafat, yarıciddi deyirlər ki, Azərbaycanda
insanların, demək olar ki, 90 faizi həkimdir, 50 faizi
hüquqşünasdır, bir çox hissəsi də
çoxbilmişdir. Kimə deyirsən ki, filan
yerim ağrıyır biri deyir öddür, biri deyir ciyərdir,
biri filan şeydir. Ay qardaş, birdəfəlik de ki, get
həkimə. Hərə öz bildiyi işdən
nəsə məsləhət versə hətta tənqid belə
eləsə, qulaqburması belə versə, qəbulolunandır.
Amma başın çıxmayan bir şeylə
bağlı məsləhət verəndə də adama pis təsir
eləyir. Özümüz-özümüzü
də tənqid edirik. Məsələn,
baxırıq deyirik ki, çox səhv eləmişəm
bunu. Bir balaca çox vaxtım olsaydı,
tələsməsəydim və yaxud da dərindən fikirləşsəydim,
onu tam başqa cür edərdim. Tutaq ki,
Firəngiz Mütəllimova hansısa seriyaya baxıb sərt
şəkildə gəlib desə ki, bunu niyə belə eləmisən,
onu xoş qəbul edəcəm. Ona görə
ki, o sənətkardır. İkincisi, bəlkə,
mənim səhv elədiklərimi cavan vaxtlarında o da edib,
onun səhvini də kimsə düzəldib. O səhvimi
düzəltmək üçün deyir.
“Elməddinə
çox rahatlıqla deyə bilirəm ki...”
- Tərlan
bəy bu sahəyə uyğun ali təhsil
almadan kimlərəsə dərs verə bildimi?
- Heç
kimə dərs verməmişəm, pedaqoqluq mənlik deyil. Məsləhət isə bəzən verirəm kiməsə,
amma səhv başa düşülür. Qəbul
eləyənlər də var. Məsələn, Elməddinə
çox rahatlıqla deyə bilirəm ki, bunu belə elə,
o da mənə rahatlıqla deyə bilir və biz bir-birimizdən
o şeyləri qəbul edirik. Biz artıq
illərdir serial biznesinin içindəyik. Ümumi toplasaq, bəlkə də, mən artıq
min bölüm seriala çəkilmişəm. Bu, Azərbaycan üçün kiçik göstərici
deyil. Ömrümün böyük bir hissəsidir.
Bizdən, məncə, məsləhət qəbul
eləmək olar. Dediyim kimi, illərdir o nəbzi
tutan adamlarıq, biz heç vaxt pis mənada kiməsə məsləhət
vermərik. Yeri gəlmişkən alınsa, imkan olsa, nə
vaxtsa incəsənət sahəsinə uyğun ali təhsil almağı da fikirləşirəm.
Çünki istər-istəməz təcrübə elmlə
birləşəndə daha yaxşı şeylərə nail
olmaq olur.
-
Özünüzü aktyor yox, məsuliyyətli aktyor
adlandırırsınız...
- Mən
söz götürən adam deyiləm. Buna görə də məsuliyyətimi daha çox
istifadə edirəm ki, söz eşitməyim. Yəni tərif
olmasa belə, səhv az tapılsın.
Adam var ki, illərlə efirə çıxır, amma
heç bircə dəfə də olsun tər tökməyib
ki, 9 milyon adam baxacaq buna. Məsuliyyət
bununla bağlıdır. Məsuliyyət
işdən çıxıb evə qayıdanda ailənin sənə
baxdığı nəzərdir, onların sənə
münasibətidir. Sən efirdə özünü məsuliyyətsiz
aparsan, özünü bir az ayrı
cür aparsan, ilk növbədə, evdəkilər deyəcəklər
ki, bu niyə belə edir. Ailənin,
qonşuların, qohumların hər birinin məsuliyyəti
var. Millət və ailə. Digər məsuliyyət də
ki,.. o, artıq vəzifədir
boynumuzda. Məsələn, insan Allah
qarşısında da böyük məsuliyyət
daşıyır.
Məsələn, başa düşə bilmirəm ki,
sənət xatirinə necə olur ki, yalandan and içirlər. Heç vaxt
serialda and içməmişəm. Güldürmək
xatirinə and içməmişəm. Türk
seriallarında görürəm ki, yalandan and içməkdən
gülüş tuturlar. Bu, çox səhv
bir şeydir. Onun cavabını artıq
burada verməyəcəksən. O təri burada tökməyəcəksən
deyə daha qorxulu tərdir. O məsuliyyətləri
çiyninə alıb çıxan adam
inanmıram ki, nədə isə səhv eləsin.
“Səni
döyən adam sənə güclü
olmağı öyrətdi”
- Özünüzü kimlərə borclu bilirsiniz?
- Deyirlər, valideyn və müəllim, əslində tanıdığın, gördüyün, bildiyin, söhbət elədiyin, oturub durduğun, dava elədiyin hər bir adama borclusan. Səni döyən adam sənə güclü olmağı öyrətdi, səni söyən adam gələcəkdə söyülməməyi öyrətdi, sənə gülən adam səni də başqasına gülməyi öyrətdi, sənin hansısa səhvini düzəldən adam sənin ömürlük hansısa bir qəbahətini düzəltdi. Bəziləri pis mühitdə böyüyürlər deyə həmin o pis nümunədən irəli gələrək səhv böyüyürlər. Mühit çox önəmlidir. Hamını yaxşı mühitə salmaq lazımdır, olduğu pis mühitdən ayırmaq lazımdır ki, o da gələcək üçün yaxşı mühitdə böyümüş bir adam olsun və yaxşı məsləhət versin. Hamıya borcluyam, hər kəsə borcluyam və bunu deməyə də çəkinmirəm. Hərədən bir şey öyrənmişəm.
“Çox xoşbəxtəm, atama bu hissi yaşada bildim”
- Həyatda ən böyük təsəlliniz nədir?
- Bir dəfə İsmayıllıya gedirdik, rəhmətlik
atam sağ idi. Gedə-gedə, maşını saxlamadan insanlarla zarafat
edirdim. Daha
sonra bir neçə yerə getdik, oturub yeyib-içdik və
s. Orda bir an oldu - atam qayıdıb mənə dedi ki,
tanıyırlar ha səni, maşallah. Evə qayıdanda dedilər
ki, bax bu kişi Tərlanın
atasıdır. O da güldü bu sözə. Mənim
həyatda ən böyük təsəllim odur ki, atamın
sağlığında ona oğlunun nəyəsə nail
olduğunu və onun istəyini doğrultduğunu vermişəm.
Hər bir valideynin arzusudur ki, ona kiminsə
atası, kiminsə anası olduğunu desinlər -
yaxşı mənada. Pis mənada isə
ata-ana üçün ən böyük dərddir.
Çox xoşbəxtəm, mənim üçün ən
böyük təsəlli odur ki, mən atama bu hissi yaşada
bildim ki, atam özü də sonradan dedi ki, oğul, sənə
görə məni tanıdılar, yaxşıdır. Bildilər ki, mən sənin ataman. Hər bir uşağa bu cür olmağı
arzulayıram, hər bir valideynə də, içi
özüm qarışıq, yaxşı bir övladın
atası, övladın anası olmağını eşitməyi
arzulayıram.
Zaman.- 2016.- 27 fevral.-
S.6-7