“Əslində biz sənəti seçmirik, sənət bizi seçir

Budəfəki müsahibimiz respublikanın sevilən müğənnisi Nadir Bayramlı olub. Digər şou nümayəndələri kimi adı qalmaqallarda hallanmayan müğənni daha çox yeni mahnıları ilə gündəmdə olur. İfaçılıqla yanaşı, bəstəkarlıqla da məşğul olan N. Bayramlı el şənliklərində də iştirak edir. Müğənninin bilmədiyimiz digər tərəflərini suallarımıza cavabları ilə tanıya bilərik.

- Özünüz və sənətiniz barədə məlumat verərdiniz...

- Mən Nadir Bayramlı 1962-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində, musiqiçi ailəsində dünyaya göz açmışam. 54 yaşıma qədəm qoymuşam. Sənət aləmində bir müğənni kimi, bir sənət adamı kimi tanınıram. 1992-ci ildən bu günə qədər televiziya ekranlarındayam. Həmişə çalışmışam ki, Azərbaycan musiqisini bacardığım qədər yaxşı təmsil edim. Buna nə qədər nail olmuşam tamaşaçı bilər.

- Bu sənəti seçməyinizə kimya nə səbəb olub?

- Əslində biz sənəti seçmirik, sənət bizi seçir. Bu, Allahın verdiyi bir istedaddır. Hər insan sənətçi olmağı arzu edər, amma ola bilməz. Allahın bizə verdiyi bu səsi, istedadı dəyərləndirmək lazımdır. Mən uşaqlığımdan hiss edirdim ki, o istedad məndə var. Oxumağı bacarıram, musiqiyə böyük həvəsim var. Artıq 10 yaşımdan sonra böyük bir həvəslə musiqinin ardınca düşdüm. 13-14 yaşlarımdan hərbi xidmətə qədər musiqiçilərə qoşularaq toy məclislərində oxumağa başladım. Hərbi xidmətdən qayıtdıqdan sonra sərbəst şəkildə müğənnilik sənəti ilə məşğul oldum.

- Bildiyimiz qədər ilk musiqi təhsiliniz xanəndəlik olub. Bəs sonradan niyə estrada janrında oxumağa üstünlük verdiniz?

- Mənim ifa etdiyim mahnılar estrada janrına çox da yaxın deyil; sırf Azərbaycan musiqisidir. Əsasən bəstəkar mahnıları, xalq mahnıları, muğamlar, təsniflər ifa edirəm. Bəzən öz bəstələdiyim mahnıları oxuyuram.

- Hazırda sənətinizlə bağlı yeni layihələriniz varmı?

- Daim öz sənətimin üzərində çalışıram. Bu yaxınlarda yeni musiqi albomum çıxacaq. Buraya da dediyim kimi, xalq mahnıları bir çox yeni bəstəkar mahnıları daxildir.

- İfa etdiyiniz mahnıların çoxu sevgi barəsindədir. Bu sizin istəyinizdirmi?

- Sevgi gözəldir. İnsanı sevmək, Allahın verdiyi bütün nemətləri sevmək bizim Yaradana olan sevgimizdən doğur. Bu sevgini mahnı ilə ifadə etmək olar. Buna görə bu tip mahnıları sevərək oxuyuram. Ümumiyyətlə çalışıram ki, bütün janrlarda oxuyum.

- Son vaxtlar şou-biznesdən bir az uzaqsınız. Ümumiyyətlə, efirdə çox az görünürsünüz. Bu sizin öz seçiminizdir?

- Demək olar ki, mən heç vaxt şou-biznesdə olmamışam. Çox istəyiblər olum. Ancaq mən qalmaqallardan uzaq olmaq istəmişəm. Şou-biznes belədir ki, gündəmə gəlmək istəyən qalmaqallardan istifadə edir. Ona görə mən kənara çəkilib öz sənətimlə məşğul olmuşam. Efirlərdə görünməməyimin səbəbi isə mənim təqsirim deyil. vaxt dəvət edirlər, mən onda efirə çıxıram.

- Elariz Məmmədoğlu qəzetimizə verdiyi müsahibəsində bildirmişdi ki, müğənni sənətlə yanaşı, kommersiya mahnılarını da ifa etməlidir ki, pul qazansın. Siz necə, pul qazana bilirsinizmi?

- Gündəmdə qalmaq, tamaşaçının nəzərini cəlb etmək üçün elə musiqilər seçmək lazımdır ki, unudulmayasan. Bizim qazancımız çox vaxt toy məclislərindən olduğu üçün biz bəzən belə mahnılara yer verməyə məcbur oluruq. Ancaq onu da çalışırıq yaxşı ifa edək ki, bəyənilsin. Bəzən ola bilər ki, mahnı çox da səviyyəli olmasın, ancaq ifaçı yaxşıdırsa, bütün manevrləri onun üzərində yaxşı edə bilirsə yəni istedadını göstərə bilirsə mahnı da uğurlu alına bilər.

- Böhran sizə necə təsir edib?

- Böhran hamı kimi, mənə təsir edib. Hesab edirəm ki, burada da bir xeyir var. Ümid edirəm ki, yaxşı olar.

- Şou-verilişlərlə bağlı cəmiyyətdə münasibət birmənalı deyil, əksəriyyət tənqid edir. Bəs sizin fikirləriniz necədir?

- Cəmiyyətin dedikləri ilə mən razıyam. Elin gözü tərəzidir. Sənət adamları xalqın narahat bir vaxtında xalqdan uzaq düşüb, efirdə öz həvəslərinə uyub insanların heysiyyəti ilə oynamamalıdırlar. İnsanların əhvalına uyğun, onların düşdüyü çətin vəziyyətləri nəzərə alaraq musiqi seçməlidirlər. Bir sözlə, xalqın içindəsənsə, musiqini yaşatmaq niyyətindəsənsə, xalqın istəklərinə uymalısan.

- Kanallarımızda nələrin dəyişməsini istərdiniz?

- Hesab edirəm ki, kanallarımızda şou səpkili verilişlər, musiqili proqramlar bir az çoxdur. Bu barədə Milli Televiziya Radio Şurasının rəhbəri göstəriş verib ki, bu tip verlişlər azaldılsın. Maarifləndirici, insanların görmək, eşitmək istədikləri verilişləri efirə çıxarsınlar. Sadəcə, hər şey zamanında olsa yaxşıdır.

 

- Müasir dövrdə müzakirələrin ən çox getdiyi ünvanlardan biri sosial şəbəkələrdir. Sosial şəbəkələrdən istifadə edirsinizmi?

- Əlbəttə, istifadə edirəm. Mənim şəxsifacebooksəhifəm var. Ancaq özüm çox ciddi məşğul olmuram. Bu işləri kiçik qızıma həvalə etmişəm. Xasiyyətimə yaxşı bələd olduğu üçün kimə cür cavab vermək lazımdır, qızım bilir. Bəzən önəmli bir şey olduqda mənə bildirir.

- El şənliklərinə gedirsinizmi?

- Bəli. El şənliklərinə 1984-cü ildən bu günə kimi mütəmadi olaraq gedirəm.

- Qalmaqallarla adınız hallanmır. Buna şou-biznesdən uzaq olmağınızmı səbəbdir, sizcə?

- Özüm həmişə qalmaqallardan uzaq olmağa çalışıram. Bəzən mənə təklif olunur ki, qalmaqala qarışasınız. Ancaq mən bunun əleyhinəyəm. Sənət adamı sənəti ilə məşğul olsa, daha yaxşıdır. Sizcə, qalmaqallarla gündəmə gəlmək dərəcə doğrudur? Sizcə olar belə şey? Bəlkə , olar. Bəlkə , mən yanlış düşünürəm. Ancaq səsi ilə sevilmək, səsi ilə gündəmə gəlmək, insanların sevgisini qazanmaq daha gözəldir, məncə; nəinki xoşagəlməz hadisələrlə yadda qalmaq.

- Ailədə sizin yolunuzu davam etdirən varmı?

- Bəli var. Oğlum Şəmsi Bayramlı yeni başlayıb oxumağa. Onun bu işin öhdəsindən necə gələcəyini isə zaman göstərəcək.

- İndiyə qədər ifa etdiyiniz mahnılar arasında ən çox bəyəndiyiniz, sevərək ifa etdiyiniz mahnınız hansıdır?

- Ən çox sevdiyim mahnımVətənə getməyim gəlirmusiqi-kompozisiyasıdır. Musiqi sırf Qarabağımızla, vətən həsrəti ilə yaşayan insanların arzusu ilə bağlıdır. Bu mahnıya 2002-ci ildə klip çəkildi.

Könlümün arzu-diləyi Şuşadadır, Laçındadır

Ana unutmaz övladın, qoynunda yatmağım gəlir!

Vətənə getməyim gəlir.

Elimə, obama, yurduma, torpağıma,

Vətənə getməyim gəlir.

- Onu da qeyd edim ki, bir neçə gün əvvəl xalqımızın ən ağır günlərindən biri olan Xocalı faciəsinin ildönümü qeyd olundu. Mən buradan sizin vasitənizlə Xocalıda dünyasını dəyişənlərə Allahdan rəhmət, qalanlara da səbir diləyirəm. Xocalı faciəsi ilə bağlı “Harayım” adlı mahnım da var.

Nərmin Haqverdiyeva

Zaman.- 2016.- 1 mart.- S.6