Əlilliyin təyinatında yeni mərhələ: təkrar əlillik
müayinəsi hər il olmayacaq
Prezident İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də müvafiq dəyişikliklər aparılıb və Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Zaman-Azərbaycan” qəzetinə verilən məlumata görə, nazir bildirib ki, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılır. Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi TSERAS tərəfindən müddətsiz müəyyən edilir. Əsasnamənin 3.1.1 - 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu Əsasnamənin təsdiq edildiyi günədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən, 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə uzadılır: “Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə müraciət edərək bildirir ki, əlilliyi olan şəxslərin əlillik müddətlərinin başa çatması səbəbindən səhiyyə müəssisələrinə (müvafiq göndəriş (88 nömrəli forma) almaq məqsədilə), eləcə də zona tibbi-sosial ekspert komissiyalarına (TSEK) müraciət etmələrinə ehtiyac yoxdur”.
S. Müslümov vurğulayıb
ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş
TSERAS vasitəsilə birinci
dərəcə əlillik
təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər
avtomatik olaraq ömürlük birinci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınacaqlar. Həmçinin
ikinci və üçüncü dərəcə
əlillik təyin edilmiş şəxslərin
əvvəlki qayda ilə ildə bir dəfə təkrar əlillik müayinəsindən keçirilməsinə
son qoyulur və onların təkrar əlillik müayinəsi əlillik təyin olunduğu vaxtdan beş il sonra
aparılacaq: “Ona görə də bir daha bəyan
edirik ki, hazırda həmin vətəndaşların təkrar
müayinə üçün
səhiyyə müəssisələrinin
müvafiq göndəriş
formaları (88 nömrəli
forma) ilə zona tibbi-sosial ekspert komissiyalarına müraciət
etmələrinə ehtiyac yoxdur. Avtomatlaşdırılmış sistem vasitəsilə onların əlillik təyinatının 5 ilədək
uzadılması elektron
qaydada təmin olunacaq və bu barədə rayon (şəhər) əhalinin
sosial müdafiəsi mərkəzlərinə (müavinət
alma müddətinin uzadılması üçün)
və Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fonduna (pensiya alma müddətinin uzadılması
üçün) məlumat
veriləcəkdir”.
Nazir bəyan edib ki, bu islahat
tədbiri əlilliyin
müəyyən olunması
sahəsində neqativ
hallara şərait yaradan məmur-vətəndaş
təmaslarının əhəmiyyətli
şəkildə azaldılmasına,
şəffaf tibbi-sosial
ekspertiza mühitinin formalaşmasına, əlilliyi
olan şəxslərin
hər il
təkrar əlillik üçün müraciət
etmələri səbəbindən
onlarda yaranan narazılığın aradan
qaldırılmasına yönəlib.
Qeyd olunanlarla yanaşı, ilkin əlilliyin təyin olunması prosesinə nəzarətin
gücləndirilməsi məqsədilə
bu sahədə də ciddi dəyişikliklər
edilib. Belə ki, yeni, avtomatlaşdırılmış idarəetmə modeli tətbiq olunanadək ilkin əlillik təyinatları barədə
qərar zona TSEK-ləri tərəfindən
deyil, nazirlikdə yaradılmış, tibbi-sosial
ekspertiza mütəxəssislərindən
ibarət səyyar komissiyalar tərəfindən
həyata keçirilir.
Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə
zona TSEK-lərdə olaraq, ilkin əlillik
dərəcəsi almaq
üçün müraciət
etmiş vətəndaşların
əlilliyinin müayinəsini
aparırlar. İlkin əlillik
üçün zona
TSEK-lərinə müraciət
edən şəxslərə
əlillik müayinələrinin
aparılacağı vaxt
barədə əvvəlcədən
məlumat verilir.
Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır
və müayinələrin
nəticələrinə uyğun
olaraq, əlillik dərəcəsinin təyin
olunub-olunmaması barədə
yerindəcə qərar
qəbul edir, vətəndaşa müayinənin
nəticəsi barədə
dərhal rəsmi məlumat təqdim olunur.
S. Müslümov diqqətə
çatdırıb ki,
respublikada əlilliyin
və sağlamlıq
imkanları məhdudluğun
müayinəsi ilə
bağlı aparılmış
bütün müayinələrin
nəticələri TSERAS-a daxil edilir. Bu
informasiya bazası aparılmış müayinələrin
nəticələrinə dair
məlumatların aidiyyəti
qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan
verməklə yanaşı,
“Elektron hökumət”
portalı üzərindən
“tibbi-sosial ekspert komissiyaları tərəfindən
keçirilmiş müayinə
barədə məlumatın
verilməsi” e-xidmətin
istifadəyə verilməsinə
şərait yaradıb.
Əlilliyinin və ya sağlamlıq imkanları
məhdudluğunun müayinəsi
aparılmış bütün
şəxslər portala
daxil olaraq, həmin e-xidməti seçməklə, aparılmış
müayinənin nəticəsinə
dair elektron qaydada məlumat ala, habelə bu və ya digər
təşkilata təqdim
etmək üçün
əlilliyini təsdiq
edən elektron arayış əldə edə bilərlər.
Arayışın təqdim edildiyi
təşkilatlar isə
bu sənəddəki
müvafiq autenfikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın
dürüstlüyünü yoxlamaq imkanına malikdirlər.
Yeni Azərbaycan
Partiyası sədrinin
müavini - icra katibi Əli Əhmədov Azərbaycanda
əlilliyin təyinatı
ilə bağlı yeni qaydaların hazırlanması və bu qaydaların əlilliyin təyinatı
sahəsində şəffaflığın
təmin edilməsinə
təsiri ilə bağlı məsələləri
şərh edərkən
bildirib. Ə. Əhmədov
deyib ki, Azərbaycanda
mövcud olan
qanunvericiliyə görə, əlilliyi olan
insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər mövcuddur
və bu güzəştlərdən də
Azərbaycan vətəndaşları istifadə edirlər: “Amma təbiidir ki, narahatedici məqamlar da var və bu ondan ibarətdir ki, bəzi
hallarda əlilliyə pensiya
yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi
ilə qeyd etmək istəyirəm. Bizim
qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və
ya digər səbəbdən insanların
öz fiziki
sağlamlığını itirməsi halından sui-istifadə
etmək istəyən insanların sayı azaldılsın və
yaxud bu cür sui-istifadə halları mümkünsüz edilsin”.
Zaman.-
2016.- 7 yanvar.- S.- 5