Qarabağ hadisələri başlayanda Rusiyada müstəntiqlikdən imtina
edib, vətənə dönən şair
Poeziya ruhun cəmiyyətə, insan
psixologiyasına təsiri ilə zamanla insan arasında olan dərin bağlantını əks etdirən bir sənət aləmidir. Onun diktəsi insan ruhuna, insan qəlbinə
nüfuz edə bilir. Haqqında söz açdığımız
müsahibimiz də poeziya aləmində öz istedadı ilə seçilənlərdəndir.
Söhbət 25 il müstəntiq işləmiş, hazırda
istefada olan polis mayoru Qəmbərov Bəhman Asdan oğlundan gedir. O, fərdi poeziyası ilə neçə illərdir ki, yol gələn, yazıb-yaradan, dövri mətbuatda müxtəlif
məzmunlu şeirləri
dərc edilən, sözə dəyər verən, bir söz sərrafıdır.
“Söz buludu” adlandırdığı ilk kitabında
da vətən sevgisi, əzəli-əbədi
məhəbbət və
milli dəyərlərimizə
sədaqət motivlərinə
üstünlük verib.
“Vətən oğlu”,
“Qarabağ”, “Təzə
gəlin”, “Çörək”,
“Uşaq olmaq istəyirəm”, “Balaca mələk”, “Söz” şeirləri də oxucuların rəğbətini
qazanıb. İstər sadə həyat
tərzi keçirən
insan olsun, istərsə də yaradıcı insan - fərq etməz, əgər bu insanın içində yazıb-yaratmaq eşqi varsa, o, bir vaxt
büruzə verəcək.
Bəhman müəllim uzun
illər hüquq-mühafizə
orqanlarında çalışsa
da, boş vaxtları olan kimi qələmi əlinə alıb sevdiyi peşəsi ilə məşğul olub. İstefaya çıxandan sonra
vaxtın bolluğu ona imkan verib
ki, öz sevdiyi hobbisi ilə məşğul olsun. Bəhman Asdanoğlunun öz dünyası, baxışları,
sevgisi var və bu dünyasındakı
kiçik sirlərini
bizimlə bölüşdü:
“1955-ci ildə Yevlax rayonunun Gülövşə
kəndində anadan olmuşam. Orta məktəbi Xaldan kəndində bitirdikdən
sonra ali
təhsil almaq üçün Bakıya
yollandım. Azərbaycan Neft və Kimya İnstitutuna (AZİ)
qəbul oldum. Ailə vəziyyətimiz çətin olduğuna görə iki il təhsil
aldıqdan sonra hərbi xidmətə - Qazaxıstana yollandım. İkiillik hərbi xidməti başa vurduqdan sonra, yenə təhsilimi davam etdirmək üçün
Bakıya qayıtdım.
Bir il
də oxudum və gördüm ki, ailəmiz çox çətinliklərlə
üzləşir, yəni
maddi imkan yol vermədi təhsilimi davam etdirməyə. Komsomol putyovkası ilə Rostovun Volqadonsk şəhərinə getdim.
“Atommaş” İstehsalat
Birliyinin zavodunda işləyə-işləyə təhsilimi də davam etdirdim. Daha sonra zavodun təşəbbüsü
ilə polisə işə göndərildim.
3 il serjant
kimi polisdə işlədikdən sonra
Ryazan şəhərində Daxili İşlər Nazirliyinin Ali Polis Məktəbində
4 il təhsil aldım. Fəal tələbə olduğuma görə həm leytenant rütbəsi verildi, həm də seçimi sərbəst verdilər. Mən də Volqadonsk
şəhərinə qayıtdım.
Orada ev
aldım, bir oğlum da dünyaya
gəldi. Volqadonsk şəhərində 10 il müstəntiq işlədim”.
- Bəs Azərbaycana
qayıtmaq heç yadınıza düşürdümü?
- Azərbaycan üçün
darıxırdım. Qarabağ hadisələri
yeni-yeni başlayan vaxtlar idi. Öz xahişimlə işdən
azad olub, Bakıya gəldim. Amma məni burada bir şərtlə
qəbul etdilər - dedilər ki, Qarabağda xidmət etməlisən.
Mən də cavab verdim
ki, lap Ermənistana da göndərsəniz gedəcəyəm; vətənim
üçün hazıram.
Müstəntiq kimi fəaliyyətə
başladım. Şuşada sakinlərin cinayət işlərini mən aparırdım. İşləmək çox çətin idi. Bir neçə dəfə
məni üstümdə
silah olduğuna görə tutub ermənilərə təhvil
vermişdilər. İki dəfə
girovluqdan azad olunmuşam. Onu da deyim ki, bu
qədər işin-gücün
arasında şeir yazmağı da unutmurdum. Onda sanki yorğunluğum
çıxırdı. Nə qədər yorğun olsam da, əlimə qələm alan
kimi sanki rahatlaşırdım. Bundan sonra
uzun müddət Suraxanıda, Xətaidə
baş müstəntiq
işlədim. Daha sonra
təcrübəli mütəxəssis
olduğum üçün
nazirliyə işləməyə
yolladılar.
- İşlədiyiniz
dövrdə sizin üçün ən maraqlı proses hansı olub?
- Mənim, demək olar ki, apardığım
işlərin hamısı
maraqlı olub. Çünki hər bir işimə ürəkdən
yanaşıram. İndi vəkil
kimi fəaliyyət göstərirəm. Bir insanın
işini ədalətlə
başa vurduqdan sonra, inanın, ondan çox özüm sevinirəm.
Çox
insanlara təmənnasız
kömək etmişəm.
Baxmayaraq ki, 30 il sistemdə
işləmişəm, amma
ürəyim çox
kövrəkdir.
- Ədəbi
fəaliyyətinizi də
qənaətbəxş hesab
edirsinizmi?
- Mən Azərbaycan
Yazıçılar Birliyi
Mingəçevir bölməsinin
üzvüyəm. Bu yaxınlarda “Söz buludu” kitabım işıq üzü görüb. Məni sevənlər,
yaxınlarım oxuyurlar.
Yəqin
ki, ədəbiyyat aləmində hansı yerdə olduğumuzu xalqımız vaxtı gələndə özü
dəyərləndirəcək. Buna görə mən
heç də narahat deyiləm. Onu da deyim ki,
kitablarım işıq
üzü gördükcə
yaradıcı dostlarım,
oxucular və doğmalarım tərəfindən
müsbət qarşılanıb.
Kitab oxumaq, mütaliə etmək insanın mənəvi zənginliyini
artırır, onu daha da müdrikləşdirir.
Müşahidəmə görə şeirə,
ədəbiyyata, kitaba
bağlı olan adam başqa tərbiyədə olur. İndi isə təəssüflər
olsun ki, zövqlər köhnəlib,
yetişən gənc
nəsil kitab oxumur. Bu qısa
ömür yolunda insanların ağrı-acısını,
sevincini hiss edərək
hər hansı bir şeiri yaza bilmək qabiliyyətinə malikəmsə,
buna görə Allahıma minnətdaram.
- Hər gün yazırsınız,
yoxsa vaxtınız olanda?
- Yazmaq elədir ki, planla deyil.
Yəni bu, yazıçının
özündən asılı
deyil. Bəzən elə olur ki, bir gündə
heç bir misra da yaza
bilmirəm. Hərdən elə olur ki,
vaxtımı ancaq yazmağa sərf edirəm, yəni həmin gün başqa işlə məşğul olmuram.
- Gənc yazarların şeirlərini oxuyursunuzmu,
münasibətiniz necədir?
- Mətbuatı, ədəbi
dərgiləri mütəmadi
izləyirəm. Gənclərin yazdığı şeirləri
də oxuyuram. Hesab edirəm ki, yazıçı ədəbi
mühitdən kənar
qala bilməz. Gənc yazarların arasında naşıları da var, yaxşıları da. Öz üzərlərində çalışsalar alınar.
- Yaşlı nəslin nümayəndələri
gəncləri qəbul
edirlərmi?
- Hər kəsin həyata öz baxışı var. Onlar da bizim yaşa çatanda, həyata baxışları bir başqa olacaq. Ədəbiyyat, yaradıcılıq inkişafı sevir. Yaradıcı şəxs daim axtarışda olmalıdır ki, daha yaxşı yetişsin, yaratsın, yazsın. Bu mənim fikrimdir.
- Bəziləri belə düşünürlər ki, indiki dövrdə sevgidən, bahardan, payızdan az yazmaq lazımdır, daha çox vətənpərvərlik mövzusuna üstünlük verilməlidir. Bu barədə sizin fikirlərinizi bilmək istəyərdik.
- Hər şeyin öz yeri var. Məncə, indiki dönəmdə vətəndən, vətənpərvərlikdən daha çox yazılsa, məqsədəuyğun olar. Ona görə ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bu vaxtı əlimizə gül alıb dağlarda gəzməkdənsə, vətənpərvərlik mövzularına daha çox yer versək, gənclərimiz də bizdən örnək götürərlər.
Sonda bir daha qeyd edək ki, Bəhman müəllim bir insan kimi sədaqətli, ölkə vətəndaşı kimi vətənini, xalqını, ata ocağını ürəkdən sevən səxsdir. Sonda müsahibimiz bir arzusunu da dilə gətirdi. Dedi ki, arzusu doğulduğu Gülövşə kəndinin tarixi ilə bağlı bir kitab yazmaqdır. Biz də həm bu yolda, həm də digər işlərində şairə uğurlar arzulayırıq.
Esmira Hidayətova Mingəçevir
Zaman.-
2016.- 8 yanvar.- S.- 5