“O gün mənim üçün qəhrəmanlıq qətliamı çəkərək dünyaya duyurmaq idi

TürkiyəninCihanxəbər agentliyi 20 Yanvar hadisələrinin fotoşəkillərini çəkərək o gecə Bakıda baş verən qətliamı bütün dünyaya çatdıran fotoqraf Rasim Sadıqovdan aldığı müsabəni yayımlayıb. Fotoqraf o qanlı şənbə gecəsi gördüklərini hələ də unuda bilmədiyini bildirib: “İnsanların qışqırıqlarını, yaxınlarının cəsədlərinin yanındakı ah-nalələrini, ağlayan insanları unuda bilmirəm”.60 yaşlı R. Sadıqovun sözlərinə görə, qətliam törədənlərin xarici görünüşü normal hərbçilərdən fərqli idi: “Sanki onları yataqlarından yeni qaldırmışdılar. Uzun saçları, saqqalları, qəribə simaları var idi. Onlar gecə qətliam törətdikdən sonra səhərə yaxın yox oldular. Vəzifələrini icra edib dərhal getdilər. Sonra Bakıya gənc Sovet ordusu gəldi”.

R.Sadıqov baş verən faciəni sənədləşdirmək üçün şəhərin hər tərəfini gəzdiyini, fotolentləri əsgərlərdən qorumaq üçün dostlarından da kömək istəməli olduğunu deyib: “Çəkdiyim fotolentləri dostlarıma verirdim. Yaxalansam çəkdiyim fotoların itəcəyindən çox qorxurdum”.  R.Sadıqov qorxduğunun başına gəldiyini, ancaq hərbçilərin ondan yalnız üzərində olan iki lenti aldıqlarını bildirib.Fotoqraf gördüyü hər şeyi çəkdiyini qeyd edib: “ gördümsə çəkdim. Hətta güllə izləri olan ağacı da. Qan, insan hissələri, cəsədlər, yaralı insanları, hər şeyi çəkirdim. Qətliam günü 3 min  fotoşəkil çəkdim”.R.Sadıqov sözlərinə belə davam edib: “O gün mənim üçün ölmək qəhrəmanlıq deyildi. Qəhrəmanlıq qətliamı çəkərək dünyaya duyurmaq idi. Hər gün minlərlə fotoşəkli  səfirliklərə, adamlarına, əcnəbi jurnalistlərə çatdırırdım. Azərbaycanda yaşanan bu faciənin hər yerdə eşidilməsini istəyirdim. Dünyanın bu hadisədən xəbərsiz olduğunu zənn edirdik. Sonradan öyrəndik ki, hamı səssiz qalmağı seçib. Çəkdiyim fotolar daha çox Türkiyədə yayımlandı”.

Nərmin Haqverdiyeva

Zaman.- 2016.- 20 yanvar.- S.2