Xaricdə nəşr edilib

 

Bu günlərdə Qəşəm Nəcəfzadənin şeirlər toplusu Tehranda "Yaşmaq" yayım evində nəfıs şəkildə çap edilib. Kitab "Ölülər bizə gülür" adlanır. Nəşriyyatın öz hesabına nəşr etdiyi bu kitaba şairin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Kitabın redaktoru istedadlı şair və naşir Səid Muğanlıdır. Üz qabığının qurucusu Ayxan, şeirləri ərəb qrafikası ilə yazan və ön sözün müəllifi Səttar Mahmudoğludur.

Ön sözdə deyilir: "Yaşadığımız uzaq-yaxın dünyamız o qədər qarışıqdı ki, özünü, özlüyünü axtarmağa insan oğlu macal tapa bilmir. Şeir mələyi yuxulu kəpənək sayağı gəlib şairi tapdığı kimi, dost da tapırsan bu dünyada. Kiçik dünyamızın böyük guşəsində, Təbrizin mürgüləyən anlarında Muğan oğlu Qəşəm Nəcəfzadəni beləcə tanıdım öz səsiylə, şeirləriylə. Qardaşım Səid Muğanlı ilə birlikdə Azərbaycan anamızın yaşmağına ("Yaşmaq dərgisi") büküb dostluq körpüsündən adlayaraq sizlərə çatdırdıq bu kitabı".

Bundan əlavə Tehranda "Səhər" musiqi qrupunun buraxdığı alboma Qəşəm Nəcəfzadənin öz səsi ilə şeirləri daxil edilib. İnternet saytlarının və mətbuatın yazdığı xəbərlərə görə həm albom, həm də "Ölülər bizə gülür" şeirlər kitabı İranda maraqla qarşılanıb.

 

***

Amerikada nəşr edilən "İllyria" qəzeti isə Q.Nəcəfzadənin şeirlərini alban dilində öz oxucularına təqdim edib. Şeirləri alban dilinə beş-altı ay öncə şairin şeirlərini alman və ingilis dillərinə çevirib Amerikada, o cümlədən Albaniyada nəşr etdirən şair Rozi Tıeohari tərcümə edib.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-6 fevral.-S.4.