C a z i b ə
g ö r ü n m ə z o
l u r
Fərəcullanın
həyəti.
Minarə başındakı «qurğu» ürək
kimi döyünür. Haradasa güllə
açılır, impulslar itiləşir. Xorun mahnısı təhlükədən xəbər
verir. Əlində kəlbətin Aləmzər
oğrun-oğrun həyətə girir. Aşağıdan
yuxarı «qurğu»nu nifrətlə süzür.
ALƏMZƏR
- Ay səni yaradanı görüm ki, heç
yarımasın. Xonçası bəzənib, şamı
yandırılmasın. İlan dişini
çıxaracam ki, daha heç kəsi sanca bilməyəsən
(Minarəyə nərdivan söykəyir. Yuxarı
qalxarkən ayağı pillədən çıxır, yerə
çırpılır). Allahın Məleykəsi
də indi at çapan olub. Yox, mən də
ayaq altında qalanlardan deyiləm. İynə batırana
biz batıracam! («Qurğu»nu daşa basır).
MƏLEYKƏ - (səs-küyə
evdən çıxır, gözdən itməyə
çalışan Aləmzəri səsləyir) A…z. Buy, Aləmzər,
bu sənsən, ay bacı? Bəs burda xeyir ola?
ALƏMZƏR - Hə… ey,
toyuğum itib də! Dedim bəlkə sizin həyətinizdədi.
MƏLEYKƏ - Yox, bizim
çəpərlərimiz çox möhkəmdi. A… bu nərdivanı
minarəyə kim söykəyib? Bir ayağı da sınıb ki, bunun?! Buy, üst-başın da
cırıq-cırıqdı. Deyirəm
axı, bu nə səs-küydü belə? Əlindəkini gizlət heç olmasa.
Çox sağ ol! Deməli Ərşadımın
«qurğu»sunu sındırmaqdı qəsdin? Heyif deyilmi, el-obada tərifi ala buluda qalxıb.
ALƏMZƏR - Xeyr, tərif-zad
yoxdu! Şpionluğundan danışır
hamı. Biz görmüşük ki, Allaha
dualar oxunar minarə başlarında. Leyləklər,
qaratoyuqlar yuva qurar, bala çıxarar. Neynək,
bərəkətdi, artımdı. Amma
(«qurğu»nu göstərir) o bayquşun ağır-uğuru
evlər yıxır.
MƏLEYKƏ - A…a…a… nə
danışırsan? Kimin evini yıxıb?
ALƏMZƏR - Belə bizim
evimizi! O gözü qurumuş atamın aptekindəki dərmanları
qurudub.
MƏLEYKƏ - Hə… Döymə taxta qapımı, döyərlər dəmir
qapını deyərlər adama?! Bəs
donuz piyilə əhəng qarışığını ver
xəstəyə ki, qaşınmanı sağaldıram.
Dəri xərçəngi basıb kəndi.
ALƏMZƏR - Yox, bunlar sənin
qayırmalarındı. Paxılsan, ehtiyat eləyirsən.
Deyirsən, oglum Əhməd də birdən bir
laboratoriya açar, elə bir qurğu düzəldər ki, Ərşadın
o bayquşa oxşuyanı xırp gözdən düşər.
Bəs puçunu necə buraq? Gəl, aptekçi atasını partiyadan qovduraq,
oğlu da gözdən düşsün. (Gülür)
MƏLEYKƏ
- Çox yaman arvadsan. Çinədanın doludu zəhərnən.
Gəl dalımca (Laboratoriyada kompyuteri işə
salır. Printer yazılı bir vərəq
atır). Buyur, bax, əldə düzələn,
kif atandı hamısı. Bəs onları alan kimdi? Sən, mən,
qızlarımız, gəlinlərimiz Şeyx Cəmaləddinin
gönçə nəvə-nəticələri. Bacım, qurutmayın kökümüzü də.
ALƏMZƏR
- (ağlamsınır) Hanı bəs məktəbimiz? Təvəllüd
günləri. Pervıy may, təzə il
bayramları. Tortlar, şəkərburalar
başımızdan aşırdı. Əşi mən
də qan qaraldıram ey… Hə, bəs Ərşada
Ərəbistandan gəlin qətirəcəm deyirdin. Arzusu çin olsun, yarəbb. Bəs
Aləmzar xalasının da bir muradı var axı
(barmağındakı üzüyü çıxarır).
Sən Allah, bu gəlinlik üzüyünü də qoy onun
xonçasına. Allah mübarək eləsin!
MƏLEYKƏ
- Nə xəcalətdi, əşi? Anan xəstə, aptek bağlı, sən
də işsiz! Üzüyü sat zərgər Qulamhüseynə,
ev-eşiyi dolandır.
ALƏMZƏR - Eh… Ürəyim buz kimidi. Məni
darda qoymazsan ki. Çox eləmisən, bir
yaxşılıq da elə. Nolar bəlkə
oğluna bir dilucu deyəsən bizə dəyməsin?!
MƏLEYKƏ
- Necə yəni? Bu nə sözdü? İncimə,
bacım! Gül ləçəyi kimidi Ərşadım.
Saxtakarlığa, yalana necə öyrədim
onu? O «qurğu»nun impulsları Qulamhüseynin vitrinindəki
bilərziklərdə cəmi 13 faiz qızıl göstərib.
Tutaq ki gözümü yumub, o bir qaşıq zəhəri
udum, bəs sonra Qulamhüseynin topunun qabağında kim dayansın? Sənə güzəşt
eləsək, ona nə cavab verək.
ALƏMZƏR - Hə, belə
de! Deməli quş gətirən quşdu sizin
«qurğu»nuz? Sən də camaata xof gəl,
yavaş-yavaş doldur altuva!
MƏLEYKƏ - Bəsdi, sən
meşəni öz arşınınla ölçmə. Qurğu nəzarətdədi. Dalında
da Kosmik tədqiqatlar mərkəzi durur (sandıqdan qəzetlər,
şəkillər, teleqramlar çıxarır). Qulaq
ver, gör nə yazır akademik Landau: «Salam kolleqa!» (Aləmzəri dümsükləyir).
Həmkar deməkdi burda bu «kolleqa»
(boğazını arıdlayıb oxuyur). «Hörmətli
Ərşad fərəcullayeviç! Orijinal
«qurğu»nuz səhrada bitən şam ağacıdı.
Pöhrələri davamlı, rişələri
uzun ömürlüdür. Burada kibernetika
elminin yeni perspektivləri görünür. İmza, SSRİ Elmlər Akademiyasının
prezidenti. Gördün, başa
düşdün? Zülmətdə
işıqdı bacım, bu «qurğu». Onun
impulsları cəmiyyəti ulduzlara çapdıran
qamçı, bu yolda buludları parça-parça sökən
şimşək olacaq.
ALƏMZƏR - (Məleykəni
yamsılayır) Olacaq, çevriləcək! Ölmə,
quzum, yaz gələr, yonca bitər. Bunlar
hamısı layladı, xam xəyaldı. Amma sən xəşilin
yağlı tərəfini öz qabağına çək! Düz deyirlər balam, daş daşlığa
yağarmış. Qurban bayramında
çantana nəzir qoyulan xoruz da bəlkə yumurtlayır.
Mən səni bacı bilib oğluna tarixdən beş
yazdım. O qızıl medala düşdü. Kembricdən
ixtiraçı kimi qayıtdı. Neylək,
xeyrini görəsən. Amma sən Əhmədimin
dəftərinə bir üç yapışdırdın
qapısı bağlandı.
MƏLEYKƏ
- Gəl sən bu “üçü” tez-tez başıma qaxma. Mən
qızıl gül kolunun dibinə sabunlu su axıda bilməzdim.
Əmbə sən bir aptekə görə,
günəşini söndürmək istəyirsən.
ALƏMZƏR - Belə əlimin
içindən gələcək, beş
qaba çəkəcəm! Toxun, ajdan xəbəri
olamaz. Gəlhagəl başından
tökülür. Dəyirman bir yandan, fal
açmaq, uşaq tutmaq da bir tərəfdən. Tovuz quşusan, başın kolda, quyruğun
bayırda sayrışır. Əməllərini,
fırıldaqlarını elə bilirsən xalq
görmür?
MƏLEYKƏ
- Hansı əməllərimi? Quru palçıq
divara yapışmaz. Mən kimə neyləmişəm?
Bura bax! (Aləmzərin üstünə cumur) Çəpəri-cızığı
keçmə! (Yaxasından bir Quran nüsxəsi
çıxarır) Böhtana görə kitaba əl
basdıraram, daşa dönərsən!
ALƏMZƏR - Qurban olum o
Qurana! Amma ay çəngi, sən o Məleykə
deyilsən ağızdolusu danışan ki, mənim həyət-bacam
pirdi, ocaqdı?!
MƏLEYKƏ - Bəli,
demişəm, yenə deyirəm. Vaxtilə
Bağdadın xəlifəsi Cəmaləddin babamı Xəzinə
torpaqlarına vali qoyub. Babam da burda məscid,
mədrəsə, xəstəxana tikdirib, çayda körpü
saldırıb. Dəyirmanını biz
indi də işlədirik. Bunun harası
yalandı? Sən fırıldaq nəyə
deyirsən?
ALƏMZƏR
- Bu dediklərin aydan arıdı, kitablarda da var. Məktəbin
böyründəki təpəyə indi də «rəsədxana
günbəzi» deyirlər.
MƏLEYKƏ
- Onu da yadında saxla, Nuh peyğəmbərimizin
Naxçıvandakı qəbrini ziyarətə gedənlər
burda, bax bu meyvə ağaclarının kölgəsində
iftar açıb dualar oxuyublar. Burda qurbanlar kəsilib,
yetim-yesirə paylanıb. Bütün kəndi
dolandırıb bu ocaq. Rəhmətə
gedənləri yerdən götürüb. Burda hər şey müqəddəsdi. Sahibi də, varisi də mənəm.
ALƏMZƏR
- Halal xoşun olsun. Bəs Şeyxi bayraq eləyən Şeyx
ocağının paklığını niyə qorumur?
Amma sən elə bil ki, ulu peyğəbərimizin
bayrağını xaç suyuna salıb, islama qara ləkə
vurmusan.
MƏLEYKƏ
- Axı nə vaxt, necə, ay ifritə?
ALƏMZƏR - Ocağın
torpağına, hətta yarpağına da mənfur, kafir nəfəsi
dəyməməlidi! Amma sən kimə-kimə, bir gavura bu
ocaqdan torpaq satmısan!
MƏLEYKƏ - Mən
heç kəsə, heç nə satmamışam!
ALƏMZƏR
- Bə o «qamışlıq» deyilən yerdə ev-eşik olub
oturan erməni deyil, bəs mənəm? Belə
möminlik olar? Maskalanıb Cəmaləddin
ocağını it-qurd oylağına döndərən kimdi
bəs?
MƏLEYKƏ - Müəllimsən,
başa düş, həyətin o başı köhnə
zibillikdi. Axı torpaq da onu əkən, becərən olanda
isinir, cana gəlir. Yazığım gəldi
erməni tifillərinə! Dodaqları kal
gavalı kimiydi. Gözləri sönməkdə
olan şam kimi titrəyirdi. Daş olasan gərək, belə
siqlətə dözəsən! Amma mən anayam! Allaha xoş
gələn insanlıq naminə bir iş gördüm. Dedim
get, qardaş, o başda bir koma qaralt!
ALƏMZƏR - Hə, bax elə
orda da İslamı ayaqlayıb, Quranın ziddinə getmisən!
Sən ulu bir ocağa
MƏLEYKƏ
- Üzüağam hər yerdə. Xəbərin olsun ki,
bütün risalələrdə bir mətləb
qırmızı xətnən keçir. Kafir
də olsa, hal-hazırda müsəlmanın mənafeyinə
toxunmursa, yedirib-içirtməlisən. Lütdürsə,
paltar verməlisən. Ölüsünü kəfənə
yox, bir parçaya büküb dəfn etməlisən! Axı hamımız Həzrət Adəmin nəsliyik.
Mən ürəyimin səsinə qulaq
asdım. Nə olar ki, erməni olanda?
Biz hamımız insan kimi gəlirik dünyaya.
Əmbə sonra da özümüz özümüzü
tayfalara, millətlərə ayırırıq.
Kapitalizmdə erməni yəhudiyə, bütpərəst
müsəlmana düşmən ola bilər.
Əmbə dinimizdə, ölkəmizdə
bütün millətlər qardaşdı.
O, maqnitafonda şeir səsləndirir.
«Bir bayraq altında yüz min millətin,
qardaşlıq dünyası partiyamızdı». -
Eşitdinmi. Bunu zəmanəmizin dahi şairi Səməd
Vurğun deyir. Mən də belə ədəbiyyatlardan
tərbiyə almışam.
ALƏMZƏR - Dayan-dayan! Dolma yaxşıdı, bir gün sizdə, bir gün də bizdə. Bəs onlar da bu «qardaşlıqdan» yazıblarmı? A tövbə, yazmazlar. Onların Zori balayanları, Silva kaputikyanları da ancaq onu yazırlar ki, dünyada erməninin bir düşməni varsa, o da türkdü. Xəbərin varmı ki, o «qardaşlar» 1905-ci ildən üzü bəri Gəncədə, Qubada, Şamaxıda necə qırıb-çatıblar bizimkiləri?
MƏLEYKƏ - Hə, bilirəm. Əmbə o tətiklərdə Çar Rusiyasının barmağı olub.
ALƏMZƏR - Bəs 1918-ci il nədi? Bakı kommunasının sədri Stepan Şaumyan soveti istəməyən ünsürlərdi, - deyib Bakıda minlərlə müsəlman öldürdüb.
MƏLEYKƏ - O da sovetin xam vaxtına düşüb. (Aləmzərin qulağına) Dahi Lenindən millətiycün sərfəli bir sanksiya alib Şaumyan. Əmbə bu gün hamımız can deyib, can eşidirik. Meşədə ağaclarımız bir boyda, çayda daşlarımız bir rəngdə, evlərimiz bir üslubda, iclasımız, toyumuz da eynidi. Biz bir-birimizin əlindən tutmalıyıq!
ALƏMZƏR - Amma o, ayaqdan çəkir bu gün də. Vedidə, İdjivanda, lap Yerevanda da bizimkilərə elə od qoyurlar ki, tüstü-qurum içində hara qaçdıqlarını görmək olmur.
MƏLEYKƏ - Nə deyim, ay bacı, o qəliz məsələləri dövlət kişiləri bilər. Mən kiməm? Balaca, yazıq bir arvad!
ALƏMZƏR - Yazığa bax! Amma qılıncının dalı da kəsir, qabağı da! Bir yerdə Quran tapşırırsan, doqqaza buzov bağlanır. Ağız-burnunu əyib bir yasin oxuyursan, çantana bir zaqraniçni kalqotqa qoyurlar. Üçköklü azı dişi mismar kəlbətiniylə çıxarırsan.
MƏLEYKƏ - Yaxşı da. Bəs əl uzadanın əlini kəsim? Az... bəs eşitməmisən, sekanın katibi Şıxəli Qurbanov azı dişi çıxarılan stolda qalıb. İndi qorxudan diş çıxarmır doxdurlar. Mən də oturduram xəstəni, səhərlər günəşi dan yerinə qoyanı, axşamlarsa al-qırmızı konsert səhnəsinə bənzəyən qürub yerindən ulduzların işıq nəğmələriylə bizi həyata, yaşamağa ruhlandıran böyük Tanrını köməyə çağırıram. Hicaz müğamı üstündə astaca oxuduğum dualar xəstəyə bu dünyanı unutdurur. Allah-təalanın izniylə kəlbətini o məkrli dişə yaxınlaşdırıram, bir az sonra da xəstə sarılır boynuma, öpür üz-gözümdən! Bəs sən də birinin bir işinə yara da. Bir uşağa banka qoy, ahılın kürəyindən qan al! Nəslimizə belə bir vergi də Cəmaləddin ağanın Xaliqə xidmətlərinin əvəzidi. Biz də bu işıqla kiməsə əl yetiririksə, deməli Tanrı yanında üzümüz ağdı.
ALƏMZƏR - Əlbəttə! Ağ olmasa, belə cəh-cəh vurarsan? Bəs ay Seyid qızı, belə ki, raykoma əlin çatır, o birilərdən də niyə soruşmursan ki, məktəbimiz niyə bağlanıb? Müəllimlər boyunlarında torba gəzdirir, şagirdlər papirosa, içkiyə qurşanırlar? Millətin sabahı yoxdusa, Ərşadın o Amerikaya apardığı “qurğu” da kimə lazım olacaq?
MƏLEYKƏ - Bilirsən, Aləmzər, ilanın quyruğunu basarsan, üstünə qayıdar. Mən Ərşadımın taleyindən qorxuram. Axı o «qurğu»ya hər cür əl yetirən raykoma necə dirənim? Amerika səfəri də çox güclü xərc istəyir. Allah saxlamış yenə döşünü verdi irəli. Bacım, mən oturduğum ağaca balta çala bilmərəm!
Telefon zəngi. Məleykə dəstəyi qaldırır.
- Bəli, A… a… a! Səhəttiniz necədi, Şəmsəddin
dayı? Bəli, Aləmzər bizdədi.
(Aləmzərə) Atan çağırır.
ALƏMZƏR
- (Dəstəyi götürür) Hə, ay atamcan, noolub
axı, səsin titrəyir. Aptekin bağlanıb,
ona görədi də. Astman tutub yenə?
ŞƏMSƏDDİN
- Yox, amma nə yayxanıb oturmusan orda?! Sən
dost-düşmən tanıyan döyülsən. Onlar apteki yıxmışdılar
başımıza, indi evimizi də uçurtdular.
ALƏMZƏR
- Başa düşmədim. Kim, necə? İsbatdı de görək, noolub? (Xor vahimə
doğuran mahnı oxuyur)
ŞƏMSƏDDİN
- Oğlun Əhmədi qandallayıb aparıblar. İndi
çəp İsmayılın qazamatındadı. (Aləmzər ürəyini tutub yıxılır).
MƏLEYKƏ
- (Dərman qutusunu gətirir) Bu validolu qoy dilinin altına.
ALƏMZƏR
- (Dərman qutusuna baxır) Bu bizdən alınandı. Rədd elə tez!
Öyümə, qaşınma verəcək!
MƏLEYKƏ - Yaxşı,
bunu götür. Ərşad gətirib,
moskovskidi.
ALƏMZƏR - Baxım,
(qutunu gözdən keçirir) E…y.. andıra qalsın! Bu da bizdə olannandı da!
Alverçi bizə də Moskvadan gətirib dərmanları.
MƏLEYKƏ - (Quyu suyuna bir
çimdik torpaq atıb Aləmzərə verir) Dilinə
bismillah gətir, Tanrıya tapın, iç bu ocağın
abuzəmzəmindən, səbəb olsun!
ALƏMZƏR
- (Telefon dəstəyinə) Ay atam, bağışla, ürəyim
getmişdi. Bəs nəyə görə aparıblar Əhmədi?
ŞƏMSƏDDİN -
Dünən gecə qonşumuz Məmmədyarın tövləsinə
girib guya, kişinin atını oğurlamaq istəyib!
ALƏMZƏR - Yalana bax ey! Bəs
onu gecənin o qaranlığında kim
görüb? Lov salan hansı
qaraçıdı bəs?
ŞƏMSƏDDİN
- Aptekimizi banqut eləyən kimdi? Bacılığın
o Məleykənin oğlu döyülmü? Bu da onun
şeytan “qurğu”sunun hoqqasıdı dayna!
ALƏMZƏR
- Balamı tutduranın ana ağısına qol
götürüb oynaram. (Məleykəyə) Ay həyasız, külümüz
soyumamış altımıza vulkan calayırsan? (Xəncəli
sıyırıb Məleykənin üstünə cumur) Ərşad kimi əzrayıl doğanın qarnı
cırılmalıdı.
Məleykə
həyətə qaçır. Aləmzər onu tuta
bilmir. O, quyunun qırmağıyla «qurğu»nu yerə
salmağa çalışır. Qırmaq
çatmır. Xəncəli «qurğu»ya
tulazlayır. Minarə divarında
çoyuyan xəncəl Aləmzərin ətəyindən
keçib onu yerə mıxlayır.
Aləmzər
dartınır, yerdən qopa bilmir. Çırpınır,
bağırır.
ALƏMZƏR - Öldür
məni, Allah! Mən neyləmişəm?
Cəmaləddin ocağında «qurğu»ya xəncəl
çəkmişəm! Allah mənim kimisinə
qənim olmalıydı. Kəndimizi
çirkabdan təmizləmək istəyir. Zərgər Qulamhüseyn elə qudurmuşdu ki, hec
Allahını da tanımırdı. Daha o
da qızıla mis doldurmaz. Nurcahan
başını divara döyər, bir də südə su
qatmaz. Qurana əl basıb axı. Buz kimi uşaq bağçalarımız, doğum
evimiz də indi ipistidi. Həyət-baca
cadar-cadar idi. İndi fantanlarda sular
şırıltıyla axır. Onun
gözlərindən öpməliyəm. Ölkəni
rüşvət dağıdır, balıq başdan iylənir
axı. Hər nazir elə bil bir yerin
çarıdı. Başına dolanan səyyarələr
üstünə vaxtlı-vaxtında işıq
salmalıdılar. Peçat, stol
pulnandı. Qadınlar daş-qaşa gedir.
Oğul atanı, qız ananı tanımır.
Bəlkə «qurğu»lar başlara
ağıl qoyacaq?! Deyirlər ki, hardasa buzlar əriyir,
yer-göyü su basır yavaş-yavaş. Vaxsey! İstiləşmənin qabağını alar bəlkə?
Amma mən çəmən, tarla göyərdən
çayın qabağına bənd çəkirəm.
Axı niyə?
Zəfər
marşı səslənir.
Laboratoriyadan Ərşad
çıxır. Anasına yaxınlaşır.
ƏRŞAD -
Anacan, günü-günə satdıq, bəsdi. Amerikadan
qayıdaram, əlimə pul gələr, ata-baba
mülkümüzü cənnətə döndərərik.
Amma dünən rəsədxana sütunları
məni çaşdırdı. Orda ermənicə
nəsə yazılıb. Bu təxribata
oxşayır. Kimsə su bulandırır.
Bir vaxt gürcü mədəniyyəti
nümunələrini özləşdirmək istədilər.
Böyük marifçi İlyas Çavçavadze
“Ağlayan daşlar” əsəriylə varvarların
cavabını verdi.
ALƏMZƏR
- El oğlusan, ay Ərşad, səni belə qeyrətli
görəndə uçmaq istəyirəm. Amma necə əlin
gəldi. Aptekçi əlil atamı
salmısan sıxma-boğmaya. Ancaq nədəndi
bəs Qoçu Məsmə yetənə yetir, yetməyənə
daş atır. Bilmirəm dilənçidi,
yoxsa talançı. Qabağına
keçəni soyur. Bir az qohumluğu
da çatır sizə. faraonluğu,
özbaşınalığı ona görədi də!
ƏRŞAD - Harınlıq deməzdim mən buna! Məsmə nənəni kənddə xeyirxah kimi tanıyır hamı. Qanuna təpik atanları hərdən o da təpikləyir. Ərki çatan bəzi imkanlıları kasıb-kusuba əl yetirməyə çağırır. Maraqlıdı, bəs indi nə işnən məşğuldu görəsən?
Ərşad
laboratoriyada pultun düyməsini basır. Səhnəyə
səs yayılır.
QADIN SƏSİ
- Bu nə hərəkətdi, a sovxoz direktoru? Utanım yerinə.
Üç yetim böyüdür Sərvinaz.
Ər yox, arxa-kömək yox!
KİŞİ SƏSİ -
Məsmə nənə, lap yerə girirəm. Qoy
gedim, səhvimi düzəldim.
ƏRŞAD -
Aləmzər xanım, biz Məsmə nənəni belə
görürük. O, elin-obanın sevimlisi, ağbirçəyi,
qayğıkeşidi. Burda bir qəbahət
görmürəm.
ALƏMZƏR
- (Birdən Ərşadın ayaqlarına düşür) Sənə
qurban olum, Ərşad. Əhmədi ayırıb səni əmizdirmişəm
çox vaxt. Siz süd
qardaşısız. (Ərşad onu qaldırır) «Qurğu»n da, əllərin də var olsun. Qulamhüseyn qələt elər, daha qızıla
mis qatmaz. Qəssab Nəcəfqulunun tərəzisi
qramaqram çəkər. Ancaq necə əlin
gəldi (ağlayır). İtə zəncir,
kəhərə cidar qıymayan Əhmədimi
cidarlayıblar. Bəs sənin
qardaşlığın hanı?
ƏRŞAD - Ay Aləmzər
xala! Hələ nə ölən var, nə də
itən. Əhməd sağ əlimdi.
Qardaşdan da artıqdı. Mən ölərəm, onun başından bir
tük əksilsə. İndi baxaq görək
«qurğu» Məmmədyarın tövləsində nə
görüb, çəp İsmayıl da kimi, nəyə
görə qandallayıb?!
Ərşad pultun
düyməsini basır. Minarədəki «qurğu»nun impulsları
işləyir. Printer yazılı bir vərəq
atır. Ərşad vərəqi oxuyur.
“Əhməd tövləyə girir. Kəhərə yaxınlaşır. Atın ayaqlarına yun corab geyindirir. Noxtasından tutmaq istərkən
qığılcım qopur, at hürkür, Əhmədi
ayaqları altına alır. Ev sahibinin
qışqırığına qonşular
yığılır. Telefon zəngləri.
Az sonra çəp İsmayıl gəlib Əhmədi
aparır.”
ALƏMZƏR
- Bəs ay xala qurban, bir yerdəsiniz həmişə,
başına ağıl qoyub niyə çəkindirmirsən
onu bu xuliqanlıqdan?
ƏRŞAD -
Bu nə sözdü? Mən də ona heç vaxt biganə
qalmamışam. Amerikaya
apardığım «Ürək-robot»da onun neçə-neçə
elmi təklifi yer tutub. Biz bir yerdə
işləyirik, yenə işləyəcəyik.
ALƏMZƏR
- Gör nə danışır? Bəs harda, ay bala, Sibirdə, ağ ayıların yanında?
ƏRŞAD - Yox, elə burda,
Moskvada, Amerikada!
ALƏMZƏR - Qara pasportnan
onu kim buraxar o yerlərə?
ƏRŞAD -
Aləmzər xala, oğru yoxdu burda. At çapmaq Əhmədin
xobbisi, şakəridi. O, tez-tez yataqlara gedir. Çoban atlarını çayda çimizdirir,
qoşovlayır. Yalmanlarını
darayır. Sonra onları bir-bir minib o ki var
çapır. Məmmədyar kişinin
yalmanı buğda dərzi kimi, ceyran yerişli o atını
da çoxdan gözü almışdı. Bu kəhəri də çapıb-çapıb
sonra yenə tövləsinə gətirəcəkdi. Ondan nigaran qalmayın.
ALƏMZƏR
- Nə bilim?
Bəs çəp İsmayılın qazamatındadır
axı!
Fərəculla gəlir. Üstü unludu.
MƏLEYKƏ - Hə,
hardasan, fərəculla, bəlkə dəyirman da nasazdı?
FƏRƏCULLA - Yox, tütün
fabrikindəydim.
MƏLEYKƏ - Xeyir ola?!
FƏRƏCULLA - Oranın
qırmızı guşəsində uşaqlara dərs
keçirdim. Atalar qözəl deyib ki, axtaran
tapar. fabrikdəki “Qırmızı
guşə”nin qapısını aylarla açan olmur. Mən də şagirdləri başıma
yığıb orda dərs keçirdim Bəs ay Məleykə,
qonağın qabağında süfrə görmürəm.
Çaydan, çörəkdən?..
ALƏMZƏR - Çox sağ olun! Boğazacan yedirdiblər.
FƏRƏCULLA - Ay Məleykə, belə
getsə, keçici bayraq alacaq dəyirmanımız. Maşallah, daşlar fırfıradı elə bil.
Unu yığıb-yığışdırmaq
olmur. Kazarmanın zavxozu gəlmişdi.
MƏLEYKƏ - Hə, o
maşınnan taxıl göndərən? Nə
deyir, nə istəyirdi?
FƏRƏCULLA - Heç nə! Gözünə döndüyüm qapının
böyründə bir çəltik döyən də
qoydurdu.
MƏLEYKƏ
- Bəs sən də soruşmursan ki, nəyə görədi
bu işlər? Hörmət nə qədər olar?
ALƏMZƏR - Hə, əlbəttə,
görən haranın julikidi. Ağzınıza
bir şey atır ki, Ərşad ona dəyib-dolaşmasın.
Telefon zəngi. fərəculla
dəstəyi qaldırır.
SƏS - fərəculla
müəllim, İsmayılam ey mən! İstəməzdim
bəd xəbər verən olum. Amma, Ərşadın
poyuz biletini apar qaytar geri!
FƏRƏCULLA - Niyə, paravoz
sınıb, yoxsa yol təmirdədi, noolub?
İSMAYIL - Belə
o olub ki, evin yıxılıb. Rəisimiz tapşırıb ki, o
amerikannan oturub-duran Ərşadı mən serjant
İsmayıl şöbəyə gətirməliyəm!
FƏRƏCULLA
- Bu nə deməkdi? Ərşad hara, milis hara?
ALƏMZƏR - (Əllərini
göyə açır) Aha… Qurban olduğum
haqqın bayrağını qaldırdı. Mənəm-mənəm deyən, dünyanı
ağladan, Nadir şahları, qacarları axırda ağlar
görmüşəm.
FƏRƏCULLA - (Papağını yerə çırpır) Öz evimdə sözüm keçmədi. Xahişim eşidilmədi. (Məleykəyə) Dedim sənə ki, qurd yağı sürt bir yerinə, gözmuncuğu tik! Mollasan, bir dua yaz!
ALƏMZƏR
- (Ərşada yaxınlaşır) Ay oğlum, səni də
aparırlar. Gör nə başı boş adamlar var ey. Heyif! Amma neynək.
Heç olmasa orda gözün Əhmədimin
üstündə olsun. Sənin
pal-paltarını, siqaretini, peredaçanı da özüm gətirərəm.
ƏRŞAD -
Nə olub belə, niyə təşvişə
düşmüsünüz? Burda nəsə
anlaşılmazlıq var. (Aləmzərə
yaxınlaşır) Əhmədin gələcəyinə
heyranam. Bu təzə «ürək-robot»umun
aparıcı layihəsi onun tədqiqatlarına əsaslanır.
O, burda açacağımız filialın görən
gözü, döyünən ürəyi olacaq.
ALƏMZƏR - (əsəbi)
Buna bax ey! Kefindən qalmır ey! Ay Ərşad, qazamatda filial
açacaqsan? Dostum, qardaşım deyə-deyə
axırına necə çıxır
uşağımın?
Aləmzərlə
Məleykə qucaqlaşıb ağlaşırlar.
FƏRƏCULLA - (Oğluna
sığınır) Ay oğlum, elə bil zəlzələ
üstündə yaşayırıq. Sınaqlar,
bombalar kəsmək bilmir. Deyirlər istiləşmə
də güclənir, elə xəstəliklər
çıxır ortaya ki, heç professorlar da baş
tapmırlar. Nastradamus da, bolqar
baxıcısı Vanqa da dünyanın
dağılacağını xəbər veriblər. Oğlum,
kaş nolardı ki, sənin «ürək-robot»un
insanlara yiyə duraydı. Ancaq neyləyim, sənin
o böyüklükdə işlərini qanmayan kiçiklər
indi səni tuturlar. İlk cığır
açan ayaqlar döyənək olur. Qorxaq din xadimləri
və inkvizitorlar «yer şarı fırlanır» deyən
Qalileyi
ƏRŞAD - (Gülür)
Gəl məni belə tezliklə basdırma, ay ata! Dünyamız ağıllı insanların
hesabına belə gözəl dünyadı. Tutulmağıma heç bir əsas görmürəm.
Amma nə bilmək olar, Sibirdə, Bayılda
yatanların üçdən biri günahsızdı, dəsxoşa
yatandı.
Motosklet səsi. Təngnəfəs
içəri girən İsmayıl fərəcullaya
sarmanır, ağlamsınır.
İSMAYIL -
Axırıncı qəmin olsun, dayoğlu. (Məleykənin əlindən tutur) Allah səbir versin. Gəlincan, fikir eləməyin
əşi, səkkiz il-on il bir papaq
fırlamasıdı. Döyülməyən
düyüdən aş olmaz. Stanok, dəmir-dümür
orda itivə tökdü. Orda qurğu-filan düzəltməyə
o qədər vaxtı olacaq ki!
Məleykə
həyətə yüyürür. Qoltuğunda xoruzla
qayıdır.
MƏLEYKƏ
- (İsmayıla) Götür bunu, cinsdi, lalıdı. Xoruzbazlara satsan yaxşı
pula gedər. İstəməzsən, apararsan evə,
uşaqlara bir həftə bəsdi. Get, dəvə
gördün, heç qığını da görmədin. Günü-gündən şişib dağılan
naçalnikə də de ki, Ərşad gedib Amerikaya. Di
götür! Yaxşı yol.
İSMAYIL - (fərəcullaya
sığınır) Ay dayoğlu, gəlincanın
başı xarabdı elə bil. (Məleykəyə) Bu
boyda zarafat olar? Ərşad semiçka satan,
cibgirdi bəyəm əlindəkini alıb buraxım? (Minarənin
başını göstərir) O boyda cidanı çuvalda
gizləmək olar? Bu qədər adamı
dolaşdırıb, baş-başa vurub. Residivistdi
Ərşad, xüsusi təhlükəli cinayətkardı.
Amma xoruzdan da heç keçməli döyül! Neynim ki, bu yazını poza bilmərəm. Hə, Ərşad bala, yubanma, düş
qabağıma qedək.
MƏLEYKƏ
- Əşi, bir ölümə çarə yoxdu. Qoy görək
neynirik də.
İSMAYIL -
Yox, bu selin suyun, qabağını heç Cəmaləddin
dağı da saxlaya bilməz. Bu boyda cinayət olar,
sənə zarafat qəlməsin. Sən ən
vəhşi ayını, ən tərbiyəli adama döndərəsən.
Bəs ayısız qalsın meşələr?
Bəs uşaqlar sirkdə ayılara baxıb,
şənlənməsinlər? Təbiətin
tarazlığını pozub, disbalans yaratmağın öz
statyası var.
FƏRƏCULLA - Bu nə
danışır? Başa düşmürəm.
Başın xarab olub, İsmayıl, vəhşi
ayını necə yəni insana döndərib, Darvindi bəyəm
Ərşad.
İSMAYIL - Ərşad,
ondan beş çömçə irəlidi.
Hec bilirsən nə eləyib? Kolxoz sürüsünə dadanan boz ayının
qoltuğuna bir “ötürücü element” qoydurub.
MƏLEYKƏ
- Ay balam, ayıya yaxın düşmək olar heç?
FƏRƏCULLA - Həlbət
yuxudaymış da heyvancığaz!
İSMAYIL - Hə, bizim bu Ərşadın
təzə hazırladığı “ürək robot”un, müsbət emosiya daşıyan
impulsları, ayının yırtıcı hüceyrələrini,
insani hüceyrələrə cevirib. İndi
ayı da ağıllanıb, qoyunlarla bir yerdə otlayır.
Arabir qalxıb ayağa duranda, ətrafdakı
canavarlar girməyə deşik axtarırlar.
FƏRƏCULLA - Hə, hə da,
atalar demiş, su bir yerdə qalanda iylənir. Ərşad
da öz qurğusunu təkmilləşdirir. Elə bu
ağıllanan ayı da Amerikaya aparmaq istədiyi “ürək
robot”un bar-bəhrəsidi.
İSMAYIL -
Yox, iştahına qoz halvası bibi oğlu. Daha Amerika
qurtardı. Ərşad qohumumdu, can-ciyərimdi deyin,
qazamatda dostu Əhmədin böyründə bir setkalı
koyka qoydurmuşam onunçün. Düş
qabağıma gedək.
Telefon zəngi. Ərşad dəstəyi
qaldırır.
ƏRŞAD - Ərşad
Dünyaoğludu. Bəli, eşidirəm.
SƏS - Ərşad müəllim,
milis şöbəsinin rəisi sizinlə danışmaq istəyir.
Ərşad
gözləyir. Məleykə titrəyir, Aləmzər
sevinir, fərəculla var-gəl edir.
SƏS- Ay səni xoş
gördük, Ərşad, oğlum! (Məleykə sevinir, Aləmzər
qəmlənir, fərəculla yerində donur) Bilirəm,
yol üstəsən, başın bərk
qarışıqdı. Amma biz səniynən
gərək yaxşı-yaxşı oturaydıq. Səndən
yer-göy qədər razıyıq, oğlum... Ərazidəki şarlatanlar, dələduzlar, əliəyrilər,
xuliqanlar da özlərini yığışdırıblar.
Xəzinə kəndində bayramdı. İşıqlar daha sönmür. Tütün fabriki keçici bayraqlar alır. Konserv kombinatı dörd növbəli işə
keçib. İsmayıldan xahiş elədim
ki, səni motoskletində yanıma gətirsin. Biz də
nazirimizin fəxri fərmanı və pul mükafatıyla səni
sevindirək!
ƏRŞAD - Çox
sağ olun, hörmətli polkovnik. Mükafatların
ən başı mənə inamınızdı. Siz yenidənqurmanın önündə gedən, gələcəyi
də çox aydın görən bir ziyalısınız.
Yerinizdə bəlkə başqası
olsaydı, mənim «qurğu»m ayaq açıb yeriməzdi,
indi Amerikaya da yol açmazdı.
SƏS - Biz xalqın ürəyindən
olan təşəbbüslərə dəstək olmağa həmişə
hazırıq.
ƏRŞAD -
Məni sevindirən bir də odur ki, şöbəniz təkcə
asıb-kəsmir, əksər hallarda tərbiyələndirir,
maarifləndirir. Bəs dostum, istedadlı həmkarım Əhmədin
işi nə yerdə qaldı?
SƏS - Hər şey
danışdığımız kimidi. Onu bir az
sıxdıq. Başa saldıq. O da belə
zarafatların təkrar olunmayacağına söz verdi. Qurana əl basdı.
(Aləmzərlə Məleykə
qucaqlaşırlar)
İSMAYIL -
Hanı, verin də xoruzu. Heç olmasa!
FƏRƏCULLA - Xoruzlanma
çox! Çıx bayıra!
Həsənbəy Yusif
Ədəbiyyat qəzeti.-2009.-13
fevral.-S.5, 6.