Yazıçı və
zaman
XX
əsr uzaq qədimlərdən başlanan ümumazərbaycan
tarixinin və mədəniyyətinin məhz Azərbaycan
mahiyyətini müəyyənləşdirən çox
mühüm və möhtəşəm bir dövrdür. Tarixən
humanist ideallarla zəngin olan Azərbaycan ədəbiyyatı
XX əsrin əvvəllərindən yeni təkamül mərhələsinə
qədəm qoydu. 1900-1920-ci illər Azərbaycan
xalqının həyatında sözün əsl mənasında
milli intibah dövrü kimi səciyyələndirilir. Elə bu zaman böyük milli idealların bədii
təcəssümünə və ümumən mədəniyyətin
vüsətli inkişafına münbit zəmin yarandı.
Ədəbiyyat, musiqi, teatr, publisistika, naşirlik, cəmi
15-20 il ərzində zənginlik
baxımından bir əsrə bərabər inkişaf yolunu
keçdi. Bu inkişaf ictimai-tarixi, siyasi,
psixoloji, sosial-mədəni təzadlar və dəyişikliklər
üzərində yarandı. Avropadan və Rusiyadan gələn,
sənətə və ədəbiyyata təkanverici qüvvə
kimi müəyyənləşən mədəni yeniliklər,
maarifçilik ideyaları, həmçinin neft sənayesinin
uğurları ilə bağlı olan iqtisadi dirçəliş
də XX əsr Azərbaycan mədəniyyətinin
bütün sahələrində böyük
sıçrayışa, inkişafa şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə
Azərbaycan ədəbiyyatı və mədəniyyəti
dünya ədəbiyyatı və mədəniyyəti
sırasında layiqli yerini tapmağa tam qadir idi. Lakin məlum səbəblərdən Azərbaycan
Xalq Cümhuriyyəti süqut etdi. Yeni
sosial-iqtisadi quruluş, yeni ictimai münasibətlər
formalaşdı və sosializm diktaturası "mədəni
inqilab" proqramı elan etdi. Məhz bu
dövrdə sonralar Azərbaycan sovet ədəbiyyatının
baniləri sayılan cavan yazıçılar və şairlər
nəsli yetişirdi. Bu böyük nəslə
mənsub olanlardan biri də Mir Cəlal Əli oğlu
Paşayev idi.
M.Paşayev 1908-ci ildə Cənubi Azərbaycanda
doğulmuşdu. O, Əndəbil kəndinin ən möhtərəm və
hörmətli sakini olan Mir Paşa bəyin nəvəsi idi. Atası Mir Əli Mir Əşrəfi - çoxlu
mülkiyyət sahibi olduğundan böyük
oğullarına, Mir Cəlalın özündən
böyük dörd qardaşına Əndəbil kəndinin
işlərini idarə etməyi tapşırardı. O, ən
kiçik, beşinci oğlu Mir Cəlalı isə bu işlərdən
uzaqlaşdırıb təhsil dalınca Şimali Azərbaycana,
Gəncəyə gətirir. Burada acı tale
kiçik yaşlı Mir Cəlalı erkən atasız qoyur.
Vəfat etməmişdən bir qədər əvvəl Mir Əli
böyük oğullarına kiçik Mir Cəlalı
tapşıraraq deyir: "Bu uşağı oxudun, onun mükəmməl
təhsili olsun". Beləliklə, Mir Cəlal
Gəncə şəhərində qalıb təhsilini davam etdirir,
uşaqlıq və gənclik illərini burada keçirir.
Çoxəsrlik
ədəbi ənənələri olan Gəncədə o
zaman beynəlmiləl tərkibli seminariya, şəhər
teatrı, sənət texnikumu, sanballı kitabxana, gözəl
mətbəə, "Qızıl qələmlər" Cəmiyyətinin
Gəncə filialı fəaliyyət göstərir,
"Qızıl Gəncə" jurnalı çap olunurdu. S.Vurğun,
H.Araslı, N.Rəfibəyli, Əli Razi, Əli Məhzun,
Mikayıl Rzaquluzadə kimi gələcəyin görkəmli
şəxsiyyətləri orada keçirilən ədəbiyyat
tədbirlərinin təşkilatçıları və fəal
iştirakçıları idilər. Uşaqlıq
və gənclik illərini belə bir mühitdə keçirən
Mir Cəlalın yazıçı taleyi onu lazımi vaxtda
lazımi yerə gətirmişdi.
Görünür, Mir Əlinin öz oğlunu məhz Gəncə
şəhərinə gətirməyi təsadüfi deyildi. Aydındır
ki, İranda mülkiyyət sahibi olan Mir Əli Paşayev o
taydan bu taya qazanc və çörək dalınca yox, Mir Cəlala
doğma dilində təhsil vermək arzusu ilə gəlmişdir.
O, bilmirdi ki, oğlu - balaca Mir Cəlal onun bu son arzusunu, istəyini
həyata keçirməklə kifayətlənməyəcək,
artıq dərəcədə ümidləri doğruldaraq mənsub
olduğu xalqın mənəvi dəyərlərinin
daşıyıcısına və qoruyucusuna çevriləcək,
böyük yazıçı, alim və böyük insan
adını qazanacaqdır. Gəncə
mühiti həm də müəllimlik peşəsinin müstəsna
rolunu Mir Cəlalın gələcək həyatında və
yaradıcılığında bu zamandan etibarən sona qədər
müəyyən etdi. Beləliklə, bu mərhələdə
zaman və məkan amilləri öz işini görmüş
oldu.
Bədii sənətin inkişafında zaman faktoru və
mövcud mühit çox mühüm rol oynayır. Sovet hökuməti
qurulduqdan sonra "fəhlə-kəndli-əməkçi"
birliyi o dövr ədəbiyyatının başlıca
mövzularından birinə çevrilir. Azərbaycan
yazıçıları da ideoloji sifariş olan bu
mövzuları bu və ya digər dərəcədə
öz yaradıcılıqlarında əks etdirməli idilər.
Bunun nəticəsi olaraq bədii əsərlərdə
mövzunun aktuallığı birinci dərəcəli, məzmun
rəngarəngliyi, sənətkarlıq, bədiilik kimi
mühüm estetik meyarlar isə bir növ ikinci dərəcəli
məsələlər sayılır, insan şəxsiyyətinin
əsl mahiyyəti və onun bədii ifadəsi çox vaxt
arxa planda qalırdı. Professor Mir Cəlal hələ o
zaman diqqəti bu məsələyə cəlb edərək
yazırdı: "Bir çox əsərlərimizdə təsvir
olunan adamlar real, təbii çıxmır. Nə
üçün? Ona görə ki,
yazıçı onları maraqlı, mürəkkəb həyatı
olan canlı adamlar kimi yox, ancaq bir peşə sahibi kimi, sədr,
katib, traktorçu, buruq ustası, müəllim və sair kimi
təsvir edir. Meşin pencəyi əynindən
çıxaran raykom katibi öz obrazını itirmiş
olur".
Bu
dövrdə içində anlamaq dərdi yaşayan
S.Vurğun, Mir Cəlal, S.Rüstəm, Mehdi Hüseyn,
Süleyman Rəhimov, Rəsul Rza kimi sənətkarlar kor-koranə
ideoloji tabeçiliyi insan təbiətinə, azad və həqiqi
sənət qanunlarına tamamilə zidd olan qaçılmaz
ağır zərurət kimi qiymətləndirirdilər. Nə yaxşı ki, bu tabeçiliklə
yanaşı onlar həm də öz dünya duyumuna, təxəyyülünə,
istedadına, vətəndaş mövqeyinə, fikirlərinin
və qənaətlərinin bilavasitəliyinə tabe idilər.
Çünki onlar əsl sənət
adamları idi. Sosializm realizmi metodunun banisi
sayılan Maksim Qorki yüksək sənəti hətta despotik
rejimdə belə istedadın gücü ilə yaranan gözəllik
adlandırırdı. Qorkinin bu fikri ən
azından ədəbi-estetik düşüncənin,
mövcud ideologiyanın nəsihət və dərslərindən
boyun qaçırmaq cəhdlərindən xəbər verirdi.
Lakin dözmək və susmaq gərək idi.
Ötən əsrin 30-cu illərinin
repressiyaları, o amansız və dəhşətli illər ədəbi
və çox vaxt insani prinsiplərin ancaq insan və həyatı
bahasına mümkünlüyünü həmişəlik o
nəslin hafizəsinə və beyninə həkk etmişdi.
Belə ki, Mir Cəlal hekayələrinin birində yazır:
"Qışqırıram ki, xəyal uzaqlaşsın,
unudum, bəlkə özümə gəlim.
Heyhat!
Unutmaq nə böyük nemət, nə yüksək
istedad imiş. Tale məni bundan məhrum
etmişdir".
"Kölgədə bitən ağacın kölgəsi
olmaz" fikrini sənət devizi seçən Mir Cəlal
böyük fikirlərin lakonik bədii təcəssümünə
meydan açan hekayə janrına xüsusi maraq göstərir. Bu hekayələrdə
ədibin şəxsi müşahidələri, tükənməz
vətənsevərlik, psixoloji hal-vəziyyət, dərin
lirizm çox qabarıq şəikldə nəzərə
çarpır. "Gölgəsiz
ağac" dedikdə isə bu hekayələrdə qələmə
aldığı bir çox yazıq, həm də çox
hiyləgər və riyakar təbiətli insan
obrazlarını nəzərdə tuturdu.
Məlumdur ki, Mir Cəlal böyük gülüş
ustadları C.Məmmədquluzadə və Ə.Haqverdiyevin
layiqli davamçısı olaraq Azərbaycan ədəbiyyatında
satirik nəsrin görkəmli nümayəndələrindən
biri kimi böyük şöhrət qazanmışdır. Lakin Mir Cəlalın, necə
deyərlər, öz gülüşü vardır. Bu gülüş ilk növbədə Mir Cəlalın
bənzərsiz fərdi təbiəti, şəxsi xarakteri ilə
əlaqədardır, onun təzahürüdür. Bu gülüşdə Mir Cəlalın ədibliyi
də, alimliyi də, müəllimliyi də "iştirak
edir". Yəni, o, bəzən bir yazıçı
kimi oxucularını həyatın qüsurlarından, eybəcərliklərindən
uzaq olmağa çağırır, bəzən alim
müdrikliyi ilə həyatın həqiqət yolunu nişan verir, bəzən də müəllim
təmkini ilə nəsihətlərini
çatdırmış olur. Təsadüfi
deyildir ki, Mir Cəlal yaradıcılığında son dərəcədə
səmimi, müdrik yumor aparıcıdır, əsasdır.
Yumorlu kinayələrinin isə misli yoxdur! Əsərlərdəki
ideyanın, əsas mətləbin məğzi, mahiyyəti
çox vaxt elə bu kinayələrdə açılır,
aşkar olur. 1964-cü ildə qələmə
aldığı "Hərənin öz işi var" hekayəsindən
bir parçaya diqqət edək:
"Günah bizim rayon ispolkumunda oldu. Elə ki, Əhmədovun hər
yerdə adı hörmətlə çəkildi, ispolkom da hər
işi onunla, ancaq onunla məsləhətləşəmyə
başladı…
… Şair füzuliyə rayon mərkəzində heykəl
qoyulurdu. Bizim rayonda bu layihənin müzakirəsi
keçəndə ispolkom birinci Mədəd Əhmədovu
çağırdı:
- Yoldaş Mədəd, nə deyirsən, füzulinin
başında papaq olsa yaxşıdır, ya olmasa? Heykəltəraşlara
göstərin, qoy işləsinlər…
Mədəd
Əhmədov da o yan-bu yana baxıb dedi:
-
İstidir, papaqsız yaxşı olar…"
Başqa bir hekayəsində ədib
yazıçılığı asan bilib özünə
mütləq peşə kimi seçən istedadsız müəllifdən
və o dövr ədəbi tənqidinin gülüş
doğuran xüsusiyyətlərindən danışır. "Keçiyev
dramanı çətin, tənqidi xatalı, şairləri
çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu.
Eşidənlər yorulsa da, o yorulmadı… Birinci
yazısı aşpazdan şikayət oldu. Görünür aşpaz onun iştahasının tələblərini
ödəyə bilmir, yaradıcılığına mane
olurdu. Bu gənc nasirin şikayətini nəzərə
alıb aşpazın məsələsinə baxanda,
yazıçının özünün aşpazlıq
işindəki məharəti meydana çıxdı… O
gündən bəri sanatoriyanın xörəkləri Həpirin
zövqündən, Həpirin hekayələri də mətbəx
səliqəsindən kamilləşirdi.
Bütün bunların nəticəsində mətbəx
işləri ilə ədəbiyyat işlərinin vəhdəti
möhkəmləndi. Həpirin təcrübəsindən bəziləri
istifadə etməyə, ədəbiyyatı zənginləşdirməyə
başladılar".
Lakin onu da qeyd etməliyik ki, Mir Cəlal lirik-romantik,
lirik-psixoloji, lirik-dramatik hekayənin də böyük
ustası idi.
Buna misal olaraq "Niyə ovdan ayaq çəkdim",
"Radio qabağında", "Baldan əvvəl",
"Ata", "Gülbəsləyən qız",
"Çıraqlar yandı", "Titrək bir səs"
və başqa hekayələrin adını çəkə
bilərik.
40-cı illər nəsrində başlıca mövzular
Böyük Vətən müharibəsi ilə əlaqədar
idi. Mir Cəlalın 1942-ci ildə yazdığı
"Odlu mahnılar" hekayəsi Azərbaycan ədəbiyyatında
müharibənin dəhşətlərini əks etdirən ən
dəyərli əsərlərdən biri kimi qiymətləndirilə
bilər.
Yazıçı bütün
yaradıcılığı boyu 300-ə yaxın hekayə qələmə
almışdır. Bu hekayələrdə o, 20-ci illərin
axırlarında rayondan köçüb Bakıda, Kiçik
Qala küçəsi 16 nömrəli evdə
yaşadığı vaxtdan ömrünün sonuna qədər
həyatının müxtəlif mərhələlərində
rast gəldiyi insan xarakterlərinin, üzləşdiyi həyat
hadisələrinin, təzadlı və mürəkkəb
gerçəkliyin dolğun bədii təsvirini vermişdir.
Bu əsərlərdə zaman və məkan obrazı
aydın nəzərə çarpır. Bakı şəhəri və
onun saiknləri, şəhər ab-havası, insani münasibətlər,
bu münasibətlərdə zamanın tələbindən,
obyektiv şəraitdən gələn həm mənfi, həm
müsbət olan çalarlar, dünəni bu günə
bağlayan həyat sürəti, siyasi-ictimai quruluşun
olduğundan daha gözəl və üstün görünmək
təşnəsi və cəhdləri özünəməxsus,
maraqlı detalları ilə Mir Cəlal nəsrində
yüksək bədiiliklə ifadə olunmuşdur. Bu isə bir epoxanın, bir dövrün bədii
portreti idi.
Bədii ədəbiyyatın ən mükəmməl və
mürəkkəb janrlarından olan roman janrında da Mir Cəlal
böyük uğurlar qazanmışdır. Mir Cəlal altı
romanın müəllifidir. Bunlar "Dirilən adam ,
"Bir gəncin manifesti", "Açıq kitab",
"Yaşıdlar", "Təzə şəhər",
"Yolumuz hayanadır" əsərləridir. Gənc ikən
qələmə aldığı ilk "Dirilən adam" romanı yazıçının təkcə
hekayələr deyil, həmçinin roman yaratmaq qabiliyyətini
və məharətini də sübut etdi. Dediyimiz
kimi sənətin inkişafında zaman faktoru mühüm rol
oynayır. Lakin sənətin özünün də
tarixin hər hansı bir məqamında zamanla nə dərəcədə
səsləşib-səsləşməyəcəyi zərurəti
var. "Dirilən adam"ın yazıldığı
dövr ədəbiyyatı üçün (unutmayaq ki,
söhbət 30-cu illərdən gedir) tənqidolunmaz, toxunulmaz
mövzular, obrazlar və bunun əksi olaraq mütləq təbliğ
və təsdiq edilən mövzular və obrazlar sistemi
mövcud idi. Sovet ədəbiyyatının bir
çox dövrləri üçün klişe olaraq
şablon vahid qəhrəman tipi müəyyən
edilmişdi. Bu sosializmin təntənəsini
ifadə edən müsbət qəhrəman obrazı idi.
Ümumittifaq sosialist ruhlu, partiyalı ədəbiyyata
qovuşmaq Azərbaycan yazıçılarının mənəvi
və professional borcu kimi təqdim olunurdu. Azərbaycan
ədəbiyyatı da SSRİ civarlarında baş verən
"gözəl və müasir" həyatı tərənnüm
etməli, müasir mövzuları əsas götürməli
idi. Lakin o dövr sovet ədəbiyyatını
və həmçinin Azərbaycan ədəbiyyatını
bütövlükdə ancaq bu tipli ədəbiyyatdan ibarət
hesab etmək heç də düzgün olmazdı. Çünki o vaxt əsl ədəbiyyatı və
sənəti yaratmaq və yaşatmaq istedadına malik olan
yazıçılar, şairlər Azərbaycan ədəbiyyatı
tarixini zənginləşdirən bədii əsərlər
yaradırdılar. Mir Cəlalın da elə
ilk romanında sevdiyi mövzu, toxunduğu problem, ifadə
etdiyi bədii-estetik fikir və qənaətləri konyunkturaya
yox, əsl ədəbiyyata köklənmişdi. İndiki zaman prizmasından adi və təbii
görünən bu mövqe o dövr ədəbiyyatı
üçün heç də adi və ən
başlıcası isə təqdir olunan hal deyildi. Mir Cəlal yazdığı bütün romanlarda bu
prinsipə sadiq qalmışdır.
Sovet
dövrü ədəbiyyatımızın bir çox əsərlərində
zaman və məkan konteksti müxtəlif taleli xoşbəxt
və bədbəxt insanların qüdrətli, canlı, cazibədar
obrazlarını yaratmaq üçün, onların psixoloji təbəddülatlarını,
səadət və faciə yaşantılarını təhlil
etmək üçün əslində bir növ bədii zəmin,
şərti fon, vasitə mövqeyində
görünə bilər. Dünya
klassikasının ən məşhur bədii qəhrəmanları
göstərildiyi ictimai mühitin, tarixin, hətta zəmanələrinin
ən güclü ideologiyalarını belə adlayaraq
ümumbəşəri, ümumtarixi "status"
qazanmışlar. Bu əsərləri
yaşadan nə oradakı həmin vaxtların
"qabaqcıl" ideologiyasıdır, nə mühitin diktə
etdiyi metod və metodologiyadır, nə də etnoqrafik təfərrüatlardır.
Onları yaşadan və yaşadacaq əsas amil oradakı əsl
sənət qüdrətilə canlandırılmış
insan xarakterləri və taleləridir! Bu gün
Mir Cəlal əsərlərini müasir oxucular
üçün müasir edən də elə budur.
Tək ədəbiyyatın deyil, elmin də elə sahələri
var ki, orada ictimai məzmun və bu məzmunun bilavasitə
zamanla bağlılığı çox aşkar və
inkaredilməz olur. Mir Cəlalın sözləri ilə desək
"zamana boyun əymək" meyli ədəbiyyatşünaslıq
elminə də yad olmamış və sovet ədəbiyyatşünaslığını
bütövlükdə götürsək, bu cəhətin mənfi
təsirini etiraf etmək məcburiyyətindəyik. Lakin elə elmi əsərlər də
yaranmışdır ki, onların uğurlu taleyi ilk gündən
müəyyənləşmişdir. Buna ən
başlıca səbəb o idi ki, dövründən və
zamanından asılı olmayaraq müəllif sözü,
fikri, nəzəri qənaətləri, elmi nəticələri
yarandığı vaxtdan bu günə kimi
orijinallığını, elmi dürüstlüyünü
və dəyərini qoruyub saxlaya bilmişdir.
Mir
Cəlalın yüksək professionallığa malik alim qələminin
məhsulu olan "Azərbaycanda ədəbi məktəblər"
monoqrafiyası XX əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatı tarixi, mədəniyyəti, elmi, ictimai həyatı
haqqında ən sanballı elmi əsərdir. Bu
kitab o dövrün ədəbiyyatının tək faktoloji
icmalı yox, həm də bədii-estetik, ideya-estetik ictimai
prinsiplərinin və ideallarının sistemli şəkildə
elmi-nəzəri təhlili kimi çox qiymətlidir.
Mir Cəlal firidun bəy Köçərlidən sonra
Azərbaycan ədəbiyyatı tarixini yazanlardan biri,
professional Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin
ilk yaradıcısıdır. O, ədəbiyyat nəzəriyyəsinin
əsaslarının və mühüm mərhələlərinin
elmi izahını və təsnifatını verən ilk ədəbiyyatşünas
alimdir. Mir Cəlalın elmi əsərləri təsviri
məzmun daşımır. Onlar dərin,
mükəmməl, nəzəri təhlil xarakterlidir, həm də
lakonik, aydın və sadə üslubda
yazılmışdır. Qəliz izahlar,
ağır, pafoslu cümlələr, dolaşıq mülahizələr
Mir Cəlal elminə yaddır. Bu isə
gözəl bir ədəbi nümunə, sadəlik və
müdrikliyin vəhdəti demək idi. fikrimizcə,
bugünkü ədəbiyyatşünaslıq
üçün bu cəhət də bir örnək ola bilər.
Altı elmi monoqrafiyanın müəllifi olan Mir Cəlalın
alim kimi əvəzsiz xidmətlərindən bəhs etdikdə
iki əsas məqamı qeyd etməliyik. Məhz Mir Cəlal
1940-cı ildə füzulişünaslığın təməlini
qoydu, ilk dəfə füzuli
yaradıcılığının elmi-nəzəri şərhini
verdi. Bu əsəri ədibin
böyük ustada - Hüseyn Cavidə olan ithafı da
adlandırmaq olar. Maraqlıdır ki, Mir Cəlalın
ilk elmi yazısı da məhz romantizmdən bəhs edir.
İiknci məqam Mirzə Cəlil
yaradıcılığı ilə bağlıdır. "Sizi deyib gəlmişəm, ey müsəlman
qardaşlarım” - çağıran Mirzə Cəlili
Yaxın Şərqə tanıtmağı Mir Cəlal
özünə borc bilirdi. Mirzə Cəlil
yaradıcılığından bəhrələnmək isə
onda daxili bir tələb idi. O, ömrünün son
günlərinə qədər, ümumiyyətlə, ədəbiyyatdan
söz düşəndə qarşısındakına ancaq
bir sual verirdi: Mirzə Cəlili oxumusan, ya yox?
Məlumdur ki, böyük və qızıl dövrləri
bir hadisə və yaxud bir insan deyil, məhz kompleks şəkildə
yaranan mədəni hadisələr və böyük şəxsiyyətlər
toplusu meydana gətirir. Mir Cəlal Paşayev də XX əsr Azərbaycan
tarixinin böyük və zirvə şəxsiyyətlərindən
biridir.
100 il bundan əvvəl dünyaya göz
açmış Mir Cəlalın bütün ömrü
boyu gizlətməyə məcbur olduğu əsli onun nəcabətindən
görünürdü. Bu gün yazıçı, alim,
müəllim, böyük insan qarşısında mənəvi
borc kimi etiraf edəcəyimiz bir acı həqiqət də
ondan ibarətdir ki, Mir Cəlal müəllim
sağlığında öz haqqını almamış, bir
çox məqamlarda və şəraitlərdə öz
prinsipiallığı və dönməz əqidəsi
bahasına tam layiq olduğu adlardan, titullardan qəsdən məhrum
edilmişdir. Amma o dövrdə bunu edənlərin, Mir Cəlalı
kiçiltmək istəyənlərin və ömürlərində
rəsmi partiya sənədlərindən savayı bir şey
oxumayan yüksək rütbəli məmurların heç xəbəri
belə yox idi ki, Mir Cəlal əsərlərinin birinə belə
bir epiqraf yazmışdı: "Bəzi ulduzlar kiçik
olduqları üçün yox, yüksəkdə
olduqları üçün görünmürlər".
Mir Cəlal heç vaxt olduğu yüksəklikdən
enib, haqqı da olsa, heç kəsdən heç nəyi tələb
etmədi. Çünki o, yaxşı bilirdi ki, əsl yüksəklik
kağızların, sənədlərin, möhürlərin,
qərarların, iclasların hökmü ilə deyil, ləyaqətli
insan ömrü və bu ömrün zamandan-zamana təsdiqi və
təntənəsi ilə ölçülür. O da
sirr deyil ki, daxilində bir ilahi qığılcım
yaşayan hər bir yazıçı, alim, ümumiyyətlə,
hər bir istedad zaman çərçivəsini yararaq əbədiyyətə
qovuşur. Beləliklə, yazıçı və
zaman qarşıdurması həmişə olduğu kimi, bu dəfə
də yazıçı qalibiyyəti ilə nəticələnir.
Bu qalibiyyətin mənəvi tutumu bu gün 100 illiyini qeyd
etdiyimiz Mir Cəlalın həyatı və
yaradıcılığı, fiziki inikası isə onun
qohumları, tələbələri, saysız-hesabsız
oxucuları və nəvələrindən ən gözəli,
ən yaraşıqlısı olan Mir Cəlal Aqil oğlu
Paşayevdir.
Paşayeva Nərgiz
Ədəbiyyat qəzeti.-2009.-13
fevral.-S.1, 2.