Aynur Sofiyeva: “Daha şahmat oynamağa vaxtım yoxdur  

 

 Həm idmanda, həm təhsildə qazandığı uğurlar Aynuru, belə demək olarsa, ulduza çevirib

 

- Aynur xanım, son illər çox şey dəyişib. Respublikamız müstəqillik qazandıqdan sonra, belə demək olarsa, dünyanın qapıları üzümüzə açılıb. Az vaxtda çox şeylər görmüşük. Xüsusilə, ölkədə iqtisadiyyatın bazar qanunları üzərinə keçirilməsi insanlarımızın mənəviyyatına ciddi təsir göstərib. Bəs Azərbaycan ailəsi necə dəyişib inkişaf edib?

 - Söylədiyiniz dəyişmələr, təbii ki, Azərbaycan ailəsinə də xeyli təsir göstərib. Bu dəyişmənin tamamilə müsbət istiqamətdə olduğunu söyləyə bilmərik. Yəni baş verənlər mənəvi dəyərlərimizdə müəyyən qədər aşınmalar yaradıb. Bununla belə, Azərbaycan ailəsinin qorunması, inkişafı və problemləri daim ölkə rəhbərliyinin və hökumətin diqqət mərkəzindədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün ciddi səy göstərir.

 - Elə isə, komitə Azərbaycan ailəsinin sağlamlığı naminə hazırda nə kimi işlər görür, hansı layihələri həyata keçirir?

- Öncə qeyd edim ki, Azərbaycan ailəsinin modeli unikaldır. Bu sahəni tədqiq edən mütəxəssislər, xüsusilə, xarici ölkələrin alimləri Azərbaycan ailəsinin inkişafı yolunu öyrənərkən özəlliklərə xüsusi fikir verirlər. Lakin biz hər hansı məsələ ilə bağlı problemi araşdıranda beynəlxalq təcrübəyə və statistikaya da müraciət etməli oluruq. Bu, yeni layihələr həyata keçirərkən daha çox köməyimizə gəlir. Son illər bir sıra vacib layihələr həyata keçirmişik. Həmin tədbirlərdən biri “Azərbaycan ailəsi” adlı müsabiqə-festivaldır. Bu layihənin keçirilməsində əsas məqsəd Azərbaycan ailəsinin statusunu yüksəltmək, ictimaiyyətin diqqətini bir daha ailə məsələlərinə cəlb etməkdir. Bu il də kinonun imkanlarından istifadə etməklə ailə mövzusunda çəkilmiş qısametrajlı filmlərin müsabiqəli festivalını keçiririk. Festivala maraq böyükdür. Bundan əlavə, hər il 15 mayda “Ailə bayramı” təşkil edirik. Dekada şəklində əvvəlcə mayın 4-dən 15-dək müxtəlif rayonlarda ailə mövzusunda rəngarəng tədbirlər keçirir və yekunda dediyimiz “Ailə bayramı”nı düzənləyirik. Həmin bayramda hər rayonu təxminən bir ailə təmsil edir. 

- Yəqin ki, sizə ölkəmizin müxtəlif bölgələrində yaşayan ailələrdən və ya qadın və uşaqlardan məktublar gəlir, zənglər edilir. Müraciətlərin çoxu nə ilə bağlı olur?

- Bəli, müxtəlif bölgələrdən çoxlu məktub və teleqramlar alırıq. Təəssüf ki, həmin müraciətlər əsasən ilədaxili problemlərlə bağlı olur. Lakin biz məhkəmələrin işinə müdaxilə edə bilmirik. Müraciətləri sistemləşdirdikdə belə qənaətə gəlirik ki, bu sahədə mövcud olan qanunvericiliyin və Ailə Məcəlləsinin təkmilləşdirilməsinə xüsusi fikir verilməlidir. Bütün bunları nəzərə alaraq, komitə rəhbərliyi tərəfindən Ailə Məcəlləsində dəyişikliklər edilməsi üçün təkliflər verilib. İnanırıq ki, həmin təkliflər Milli Məclis tərəfindən tezliklə qəbul ediləcək. Dəyişikliklərdən biri erkən nikahla bağlıdır. Digər təklif isə nikah bağlanmazdan əvvəl ailə quran gənclərin bir-birinə sağlam olmaları barədə arayış təqdim etmələridir. Bəziləri mentalitetimizi əsas gətirərək, bu təkliflə razılaşmaq istəmirlər. Ancaq unutmayaq ki, hər bir ailənin sağlamlığı genefonda təsir edən məsələdir, cəmiyyətin sağlamlığı məsələsidir. Bunlardan əlavə, daşınmaz əmlakla, cehizlə bağlı təklif də irəli sürülüb. 

- Aynur xanım, bizə elə gəlir ki, Avropa standartlarına uyğun bəzi qanunların qəbulu ailələrin dağılmasına daha çox şərait yaradır. Bəs son illərin statistikası nə deyir?

- Öncə deyim ki, mətbuatda bu barədə gedən informasiyalarda fərqli rəqəmlər göstərilir. Təəssüf ki, həmin göstəricilərin çoxu həqiqəti əks etdirmir. Guya Azərbaycanda boşanmaların sayı sürətlə artır, gənc ailələr tezliklə dağılır. Əslində belə deyil. Son bir neçə ilin statistikası göstərir ki, Azərbaycanda boşanmaların sayı 10-11 faiz arasında dəyişir. Məsələn, 2008-ci ilin statistikasına görə 79 min 900 nikah olubsa, boşanmaların sayı 7 min 900 təşkil edib. Bu isə 10 faiz deməkdir. 2007-ci ildə 81.300 nikah bağlanıb, 8 min 100 boşanma olub. Ancaq bu o demək deyil ki, biz bununla razıyıq və hər şey normaldır. Yeri gəlmişkən müqayisə üçün deyim ki, bu gün Avropa ölkələrində hər il bağlanan nikahların 30 faizdən 60 faizə qədəri boşanma ilə nəticələnir. Təbii ki, hər bir ailənin dağılması mənfi haldır və cəmiyyətə öz təsirini göstərir. Məlumdur ki, ölkəmizdə sosial vəziyyət ilbəil yaxşılaşır. Bu da ailələrin rifahının yüksəlməsinə təsir göstərir.

- Çoxları boşanmalarını sosial çətinliklərlə, ya da “xasiyyətlərinin tutmaması” ilə bağlayırlar.

 - Yox, mən bu fikirlə razı deyiləm. Çünki ailə sağlam əsaslar üzərində qurulubsa, ailədaxili münasibətlər hərtərəfli tənzimlənirsə, qarşılıqlı hörmət varsa, ailə mədəniyyəti formalaşıbsa, sosial ehtiyaclar həmin ailənin dağılması üçün bəhanə ola bilər. Əslində sosial çətinliklərə dözə bilən ailələr daha sağlam olurlar.

- Siz valideynlərdən hansını ailədə aparıcı sayırsınız?

- Bilirsiniz, ailədə həm ata, həm də ana eyni dərəcədə aparıcı ola bilməz. Bu, ata və ananın bilik və bacarığından, onların dünyagörüşlərindən və sair amillərdən asılıdır. Ancaq danılmazdır ki, uşaqların tərbiyəsində ananın rolu daha böyükdür. Lakin tərbiyə işində atanın kənarda qalması yolverilməzdir. Çünki atanın ailədə nüfuzu uşaqların tərbiyəsinə xüsusilə böyük təsir göstərir. 

- Uşaqların övladlığa götürülməsi ilə bağlı qaydaların çox sərt olduğunu söyləyirlər. Bu isə deyilənlərə görə, bəzi övladsız soydaşlarımızı uşaq evlərindən körpə götürüb tərbiyə etməkdən müəyyən qədər çəkindirir?

 - Hesab edirəm ki, həmin qaydaları çox da sadələşdirmək olmaz. Çünki elə hallar olur ki, bəzən uşağı götürürlər və bir müddət onu, belə demək olarsa, evdə əşya kimi saxlayırlar, sonra da xoşlarına gəlmədiklərini bəhanə edərək geri qaytarırlar. Bu isə uşağın mənəviyyatına əlavə zərbə olur. Belə hallar baş verməsin deyə, qoy övladlığa uşaq götürmək istəyənlər əvvəlcədən, belə demək olarsa, sınaqdan çıxsınlar və sübut etsinlər ki, onlar, həqiqətən də, övlad sahibi olmağa layiqdirlər. Prosedura qaydalarından bezənlər yarı yoldan qayıtsalar, daha yaxşıdır. Əlbəttə ki, söhbət bu işin qanuni icrasından gedir, bilərəkdən uzadılmasından yox. 

Əlavə edim ki, son illər kimsəsiz uşaqların ailələrə verilməsi ilə bağlı layihə də həyata keçirilir. Bu yolla xeyli uşaq sağlam ailələrə qovuşub.

 - Aynur xanım, zarafatla da olsa deyək ki, indi gələnlərin çoxu qayınana-qayınata ilə birgə yaşamaq, onlarla yola getmək istəmir. Sizcə, bu nə ilə bağlıdır?

 - Ancaq illərin təcrübəsi göstərir ki, hansı ailədə ağsaqqal, ağbirçək varsa, orada sağlam mühit daha tez formalaşır. Çünki çox gənc yaşlarında ailə quranlar öz məsuliyyətlərini tam dərk etmirlər. Belə ki, yeni qurulan ailənin - “yeni cəmiyyətin” çox zaman köməyə, məsləhətlərə ehtiyacı olur. Bu baxımdan şəxsən mən həmişə ağsaqqal, ağbirçəklərlə birlikdə yaşamağı arzulamışam. Gəncləri də müəyyən qədər başa düşmək olar ki, onlar sərbəstlik istəyirlər. Amma daha düşüncəli gənclər heç vaxt birgə yaşayışın əleyhinə olmurlar. 

- Bəs hazırda ailə məsələsində narahatlıq doğuran hansı məsələ mövcuddur?

 - Həmin problemlərdən biri də son illər oğlan uşaqlarının çox doğulmasıdır. Qeyd edim ki, dünyada qadın və kişi nisbəti, adətən, 52 və 48 faiz arasında olur. Fərqi yoxdur, qadın 52 olsun, ya kişi. İstər qızların və istərsə də oğlanların doğulması həmin nisbəti keçirsə, gələcəkdə ölkədə demoqrafik problemlər yaranacaq. Hazırda respublikamızda oğlan uşaqlarının doğulması təqribən 54 faiz təşkil edir. Bu isə xeyli dərəcədə mentalitetdən irəli gəlir. Sirr deyil ki, bizdə oğlan uşaqlarına meyil çoxdur. Buna görə də bu istiqamətdə dövlət səviyyəsində işlərin görülməsi vacibdir. Yəni tədbirlər görülməzsə, 20-30 ildən sonra Azərbaycanda demoqrafik vəziyyət ağırlaşa bilər.

 - Aynur xanım, siz dövlət məmuru, həyat yoldaşınız Yunis bəy isə “Karvan” futbol komandasının baş məşqçisidir. Yəni siz çox zaman vəzifə stolu arxasında, o isə komanda ilə məşqdə, səfərlərdə.Bəs ailə qayğılarını necə həll edirsiniz?

- Təbii ki, ailədə hər kəsin öz vəzifəsi var. Amma kişi və qadının hər ikisi işləyəndə bu bölgü müəyyən qədər dəyişir. Bəzən olur ki, mən hansısa işi çatdırmayanda Yunis bəy köməyini əsirgəmir. Kişiyə aid yüngül işlər də var ki, onları hərdən mən etməli oluram. Lakin inamla deyə bilərəm ki, bu məsələdə mənim bəxtim gətirib. Zarafatla da olsa deyim ki, bəlkə də, bu, hər ikimizin idmançı olmağımızdan irəli gəlir. Ancaq qızlarımız artıq böyüyüblər və ev işlərinin görülməsində mənə kömək edirlər.

 - Bəs evdə “baş nazir” kimdir?

- Yunis bəy bu vəzifəni könüllü olaraq mənə həvalə edib. Təbii ki, əmək haqlarımız bir yerə gələndə həmin vəsaitin nələrə xərclənəcəyini qısaca da olsa birgə müəyyənləşdiririk.

  - Qızlarınızdan hansı idmanla məşğul olur?

- Böyük qızım Gülşənin şahmata marağı çox idi. Amma düzünü desəm, onun şahmatla məşğul olmasını istəmədim. İstədim ki, yaxşı təhsil alsın. Hər ikisi yaxşı oxuyur. Hətta böyük qızım 2007-ci ildə Xorvatiyada bürünc, keçən il isə ABÞ-da beynəlxalq fənn olimpiadasında fizika üzrə qızıl medala layiq görülüb.

 - Özünüz necə, şahmatla heç məşğul olmursunuz ki?

 - Bəzən şahmat üçün darıxıram. Amma daha şahmat oynamağa vaxtım yoxdur…

 

 

Zaman.-2009.-14-15 aprel.-S.10.