Regionların sosial-iqtisadi inkişafının yeni mərhələsi başlanır

 

2009-2013-cü illəri əhatə edəcək proqrama elektrik enerjisi, qazlaşdırma, içməli su təminatı, meliorasiya və s. məsələlər daxil edilib

 

Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti 5 illik Dövlət Proqramını təsdiqləyib. 2009-2013-cü illəri əhatə edəcək proqrama elektrik enerjisi, qazlaşdırma, içməli su təminatı, meliorasiya və s. məsələlər daxil edilib. Bu dövr ərzində respublikanın bütün yaşayış məntəqələrinin, hər bir kəndin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi, keyfiyyətli su xidmətləri ilə əhatə olunması, bütün məhəllədaxili yolların əsaslı şəkildə yenidən qurulması, qəsəbələrdə yeni müəssisələrin, ticarət mərkəzlərinin, xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.

2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında əksini tapan məsələlərdən biri də işğal olunmuş ərazilərdə sosial-iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, 2013-cü ilə kimi  Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosial obyektlərin tikintisi və kommunal infrastrukturanın yenidən qurulması da nəzərdə tutulur. Həmin rayonlar işğaldan azad edildikdən sonra burada sosial-iqtisadi inkişafla bağlı xüsusi proqram da hazırlanıb həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, 2003-cü ilə qədər ölkəmizdə təbii qazdan istifadə edənlər ölkə əhalisinin 62% -ni təşkil edib. Lakin 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində bu göstərici 85%-ə çatıb. Son 5 il ərzində bölgələrdə 8 min kilometrə yaxın yeni qaz xətti çəkilib. Bundan əlavə, 2004-2008-ci illər ərzində regionlarda 724 kilometr uzunluğunda su xətti, 200 kilometr uzunluğunda kanalizasiya xətti çəkilib. Paytaxtı içməli su ilə təmin edəcək  Oğuz-Qəbələ-Bakı su kəmərinin tikinisinə başlanılıb. 8 elektrik və 1 istilik stansiyası istifadəyə verilib. Ötən beş il ərzində 27,5 mindən çox yeni müəssisə yaradılıb. 2003-cü il oktyabrın 1-dən 2009-cu il yanvarın 1-dək ölkəmizdə 766 min 277 yeni iş yeri açılıb ki, onların da 547,5 mini daimidir. Yoxsulluğun səviyyəsi 13,2%-dək azalıb. Bu illər ərzində ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, o cümlədən sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2% və əhalinin gəlirləri 4 dəfə artıb.  Dövlət Proqramında nəzərdə tutulan məsələlərin 98%-i həyata keçirilib.

 

 

Zaman.- 2009.- 16-17 aprel.- S. 5.