Türkiyə ilə aramızdakı narahatlığa ailədaxili məsələ kimi baxmaq olar

 

Son aylar GUAM-a üzv ölkələr daxilində bir çaxnaşma baş verməkdədir

 

- Pənah bəy, postsovet məkanının həm iqtisadi, həm siyasi, həm də hərbi-strateji yöndən ən həssas nöqtələrində yerləşən və Avropanın gələcəyi üçün xüsusi önəm daşıyan Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda son aylar müəyyən bir gərginlik hiss olunur. Bu ölkələrin hamısının GUAM üzvü olduğunu nəzərə alanda belə bir sual ortaya çıxır: GUAM-a üzv ölkələrin daxilində baş verən çaxnaşmalar nə ilə əlaqədardır?

- Dünyanın müxtəlif bölgələrində gedən siyasi proseslər istənilən ölkəyə müəyyən təsir göstərməkdədir. Bu baxımdan GUAM ölkələri də istisna deyil. Məsələn, Avropanın qonşuluğunda yerləşən Moldovada son parlament seçkilərindən sonra əmələ gələn qarşıdurma müxalifəti dəstəkləyən yüzlərlə insanın küçələrə çıxmasına səbəb oldu. Oxşar hadisələr Gürcüstanda da baş verir. Burada Qərb tərəfdarı kimi tanınan Mixail Saakaşviliyə qarşı müxalifət etiraz aksiyalarına başlayıb. Hələlik dinc şəraitdə keçən etiraz aksiyalarının necə nəticələnəcəyini öncədən proqnazlaşdırmaq çətindir. Ukraynaya gəlincə, burada da müxalifətdə olan qüvvələrin fəallaşması və buna paralel olaraq iqtidar daxilində əmələ gələn parçalanma siyasi vəziyyətin gərginləşməsinə yol açıb. GUAM-ın digər üzvü olan Azərbaycanda əmələ gələn narahatlıq daha çox Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşması ilə bağlı yayılan məlumatlarla bağlıdır.

- Türkiyə Baş naziri və Prezidentinin son günlərdə bir-birinin ardınca Ermənistanla sərhədlərin açılmayacağı barədə verdikləri bəyanatlara baxmayaraq, Azərbaycanda narahatlıq davam edir. Sizcə, buna səbəb nədir?

- Mən Türkiyəni və onun indiki iqtidarını ürəkdən sevən və ona rəğbət bəsləyən bir insanam və Ərdoğan-Gül hökumətinə olan simpatiyamı heç vaxt gizlətməmişəm. Amma Türkiyənin Ermənistanla sərhədləri açması barədə yayılan məlumatlar, bütün Azərbaycan ictimaiyyəti kimi, məni də ciddi şəkildə narahat edib. Çünki ölkəmizdə belə hesab edirlər ki, əgər Türkiyə də Azərbaycanı atarsa, onda biz meydanda tək qalacağıq. Amma burada başqa bir siyasət də var. Cəmiyyətə belə bir mesaj ötürülür ki, Ermənistanda iqtisadi durum çox ağırdır və getdikcə də pisləşir. Əgər belə davam etsə, Ermənistan münaqişənin həllində geri addım atmağa və güzəştə getməyə məcbur olacaq. Belə bir vəziyyətdə Türkiyənin Dağlıq Qarabağ, qondarma soyqırımı, həmçinin ermənilər tərəfindən irəli sürülən ərazi iddialarını bir kənara qoyaraq, AB-yə üzvlük naminə və ya Obamanın “soyqırımı” ifadəsini işlətməyəcəyinə ümid edərək Ermənistanla sərhədləri açması vəziyyəti daha da pisləşdirəcək. Bu məsələdə güzəştə getməklə Türkiyə heç nə qazanmayacaq. Belə ki, bununla Türkiyənin AB-yə üzv olacağına və ermənilərin qondarma soyqırımı və ərazi iddialarından geri çəkiləcəyinə inanmaq çətindir. “Soyqırımı” iddiası ermənilərin milli ideyasıdır. Türkiyə ilə müqayisədə Azərbaycanda bu reallığı daha aydın dərk edirlər.

Azərbaycanda Türkiyəni ürəkdən sevənlər çoxdur. Amma bu hadisələr hamını üzür. Üstəlik Türkiyə rəsmiləri məsələyə tam aydınlıq gətirə biləcək bir açıqlamalar da vermir və bununla bağlı üstüörtülü danışırlar. Bu da Azərbaycanda narahatlığı artırır.

- Türkiyə ilə Azərbaycan arasında beynəlxalq layihələrin həyata keçirilməsi ilə bağlı strateji ortaqlıq mövcuddur. Qardaşlığı bir yana qoysaq, Ermənistanla sərhədlərin açılması bu strarteji ortaqlığa necə təsir edəcək?

- Türkiyə sərhədləri açacağı halda, Azərbaycan öz neft və qazını Türkiyə ərazisi ilə dünya bazarına nəql etməklə bağlı imzaladığı beynəlxalq anlaşmalardan geri çəkilə bilməz və çəkilməyəcək də. Lakin bu, ölkələrimiz arasında ciddi soyuqluğa səbəb ola və əlaqələrimizə illərlə düzəldilməsi mümkün olmayan zərbə vura bilər. Türkiyənin də bundan itirəcəyi çox şey olacaq və itirdiklərini yenidən bərpa etmək heç də asan olmayacaq. Digər tərəfdən, Türkiyənin Ermənistanla sərhədi açması Azərbaycanın təklənməsi və maraqlı qüvvələrin bundan istifadə edərək bizi zorla təslimçi sülhü imzalamağa məcbur etməsi demək ola bilər. Türkiyə bizim yanımızdan çəkilən kimi Azərbaycan cəmiyyəti ümidsizliyə qapıla bilər. Yəni belə bir məqamda bəhanə gətirilə bilər ki, biz onsuz da artıq meydanda tək qalmışıq və ərazilərimizin işğalını rəsmiləşdirən sənədi imzalamaqdan qeyri çarəmiz yoxdur. Bizi ən çox qorxudan da budur.

- Azərbaycandakı bəzi qüvvələr baş verən hadisələrdən Türkiyə əleyhinə kampaniya aparılması məqsədilə istifadə edirlər. Sizə elə gəlmirmi ki, bəzi qüvvələr Azərbaycan-Türkiyə münasibətlərini gərginləşdirməkdə maraqlıdırlar?

- Məni də narahat edən budur və istənilən halda Azərbaycanla Türkiyə arasında münasibətlərin gərginləşdirilməsini istəyən qüvvələrin cavabı verilməlidir. Türkiyə Azərbaycanın yeganə müttəfiqidir və bunu heç vaxt unutmaq olmaz.

- Azərbaycan müxalifəti Dağlıq Qarabağ məsələsində iqtidarı dəstəkləyirmi?

- Müxalifət işğal altında olan torpaqlarımızın azad edilməsi məsələsində iqtidarla birgə hərəkət etməyə hazırdır və bu yöndə hökumətin atdığı bütün addımları birmənalı şəkildə dəstəkləyəcək.

- Türkiyənin AB-yə üzvlüyü üçün Qərb tərəfindən irəli sürülən şərtlərdən biri də Ermənistanla sərhədlərin açılması ilə bağlıdır. Türkiyənin Qərbin şərtlərini yerinə yetirəcəyi halda, onun AB-yə üzvlüyünə gedən yolu açılacaqmı?

- Xeyr. Avropa Türkiyəyə Osmanlının varisi kimi baxır və onun yenidən dirçəlməsinə yol verməmək üçün bütün imkanlarını işə salıb. Türkiyədə terroru dəstəkləyən və körükləyənlərin arxasında AB-nin dayandığı da heç kimə sirr deyil. Türkiyəni etnik dövlətlərə parçalamaq, onu məhv etmək üçün AB PKK və erməni kartını işə salıb. Sabah bu məsələdə AB-nin qardaş ölkədəki digər etnik azlıqlardan da istifadə edəcəyi şübhə doğurmur. AB İslam ölkəsinə qarşı çevrilən bir xristian klubudur və bu klubda heç baxt Türkiyəyə yer olmayacaq. Bir sözlə, Avropa Türkiyəni tamamilə məhv etmədən ondan ələ çəkməyəcək. Sadəcə olaraq bu sadə həqiqəti çoxları başa düşə, ciddi qəbul edə bilmir və reallıqdan uzaq illüziyalara qapılaraq, Qərbin mərhəmətinə bel bağlamaqda davam edirlər.

- ABŞ qondarma soyqırımını tanıyacağı halda nə baş verəcək?

- Ermənistan müstəqilliyini əldə edəndən sonra bu məsələ beynəlxalq aləmdə əsas müzakirə obyektlərindən birinə çevrilib. Erməni lobbisi 2015-ci ilə, yəni həmin hadisələrin 100-cü ildönümünə kimi beynəlxalq aləm tərəfindən onun tanınmasını qarşısına əsas məqsəd qoyub və addım-addım öz məqsədinə doğru irəliləyir. Yəni Türkiyə Ermənistan qarşısında nə qədər güzəştə getsə də, ermənilər nə “soyqırımı”, nə də Türkiyəyə qarşı ərazi və təzminat iddialarından əl çəkməyəcəklər. Konkret olaraq, ABŞ-ın “soyqırımı”nı tanıması da dünyada baş verən hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq. Hazırda Türkiyə bölgədə ABŞ-ın əsas müttəfiqlərindən biridir və Ankaranın yardımı olmadan Vaşinqtonun burada uzun müddət qalması mümkün deyil. Ona görə də ABŞ Prezidenti Barak Obama bu məsələdə erməni lobbisinin təzyiqlərini azaltmaq üçün Türkiyənin Ermənistanla apardığı danışıqları dəstəkləyir və bundan bəhrələnmək istəyir. Bütün bunlara baxmayaraq, Obamanın “soyqırımı” sözünü işlədib-işlətməyəcəyini öncədən söyləmək çətindir. Əgər o, bu dəfə bu sözü işlətməsə belə, bu məsələ bir ildən sonra yenidən gündəmə gələcək. Üstəlik, erməni lobbisi ermənipərəst konqresmenlərin yardımı ilə Konqresdə də “soyqırımı” məsələsini müzakirəyə çıxarmağa hazırlaşır. Yəni bu məsələ hələ çox uzanacaq. Konkret olaraq “soyqırımı” beynəlxalq aləm tərəfindən tanınsa, Türkiyəyə qarşı təzminat, ərazi iddiaları qaldırılacaq və bu qardaş ölkənin dövlət müstəqilliyini və varlığını təhlükə altında qoyacaq. Bu təhlükəyə qarşı indidən hazırlaşmaq lazımdır. Belə hesab edirəm ki, Qərbdən gələ biləcək bu təhlükənin qarşısını Türkiyə türk dövlətlərini və İslam ölkələrini öz ətrafında yumruq kimi birləşdirməklə ala bilər.

- Pənah bəy, Türkiyə ilə Azərbaycan arasında indiki dönəmlə sızın Dövlət katibi və Baş nazir olduğunuz dönəm arasında bir fərq varmı?

- Mən özüm o vaxt işin içində idim və bu barədə daha çox informasiyaya malik idim. Amma indi bu proseslərdən kənardayam və bununla bağlı qəti bir fikir söyləmək düz olmazdı. O vaxt bizim mövqeyimiz fərqli idi. Elçibəy o vaxt Türkiyə ilə konfederasiya, birgə silahlı qüvvələrin yaradılmasının tərəfdarı idi. Biz onda “bir millət - bir dövlət” siyasətini dəstəkləyirdik. İndi də belə hesab edirik ki, bəzi məsələlərə münasibətdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “bir millət - iki dövlət” kimi deyil, “bir millət bir - dövlət” kimi çıxış etməliyik.

Biz Türkiyəyə bir qonşu dövlət, strateji müttəfiq kimi baxmırıq. Əslində indiki narahatlığa bir ailədaxili məsələ kimi də baxmaq olar. Qardaşlar arasında, ailədə də mübahisələr olur.

Rusiya ərazilərimizin işğalında Ermənistana yardım edib, İran Ermənistanla əlaqələr qurub, onlara heç nə deyə bilmirik. Çünki onlar bizə Türkiyə qədər yaxın, eyni millət deyil. Bunu, nəhayət, başa düşmək lazımdır. Biz Türkiyə ilə bir millətik və çox məsələlərdə bir dövlət kimi hərəkət etməliyik.

 

 

Əziz Mustafa

 

Zaman.-2009.-18-20 aprel.-S.10.