“Mənə “İblis”
deyən olmayıb”
20 il öncə
teatr məkanımızda Vaqif İbrahimoğlunun rəhbərliyi ilə “Yuğ”
teatrı fəaliyyətə başladı
- Artıq
iyirmi ildir ki, “Yuğ”da çalışırsınız. Bu məkan sizə
darlıq etmir ki?
- Sənət aləmində, belə demək mümkünsə,
teatrımızla həmyaşıdam.
O ki qaldı konkret sualınıza, doğrudur, “Yuğ”a kənardan baxanda dar görünür. Əslində isə o, olduqca
geniş məkandır.
Bu kiçik məkanda
elə böyük sənət dünyası
yaranır ki... Bu mənada, bir
neçə kvadrat metrlik səhnə mənə böyük meydan kimi görünür.
Onu da deyim ki,
böyük səhnələrdən
fərqli olaraq, bu teatrda aktyor
daha təbii oynamağa məhkumdur.
Mənə elə gəlir
ki, bəlkə də, böyük səhnədə olsaydım,
bu sənəti daha dərindən duya bilməzdim.
- Heç “Yuğ”dan ayrılmaq
fikrinə düşmüsünüz?
- Əsla
yox. Bilirsinizmi, “Yuğ” elə
bir teatrdır ki, burada hər
bir aktyoru qane edən mühit var. Belə mühiti formalaşdıran
isə Vaqif İbrahimoğludur.
- Hazırda hansı rol üzərində işləyirsiniz?
- Kollektivimiz hazırda Anton Pavloviç
Çexovun “Albalı
bağı” əsəri
əsasında “Birinci
akt” tamaşasının
məşqlərini davam
etdirir. Vaqif İbrahimoğlunun quruluş verdiyi həmin səhnə əsərinin bu yaxınlarda təqdimatı
olacaq.
- Səhv etmirəmsə, bu əsər bizim teatrlarda səhnələşdirilib.
- Bu əsərin hansı teatrda tamaşaya qoyulduğunu dəqiq deyə bilmərəm. Amma tanınmış rejissorumuz
həmin əsəri başqa bir quruluşda tamaşaçılara
təqdim edəcək.
- Bu teatrda çalışdığınız
illərdə siz peşəkarlıq baxımından
çox şey qazanmısınız. Deyə bilərsinizmi,
maddi baxımından nəyə sahib olmusunuz?
- Mən heç zaman şikayətlənməmişəm. Bu mənada maddiyyat
da məni heç vaxt sıxmayıb, sənətimi
atmağı, ondan uzaqlaşmağı əsla
düşünməmişəm. Çünki mən öz
sənətini sevən
aktyoram.
- Nə
əcəb indiyədək
rejissor kimi fəaliyyət göstərmək
fikrinə düşməmisiniz?
- Tamaşa hazırlamaq, quruluş vermək mənim işim deyil. Zənnimcə, hər kəs
öz işi ilə məşğul olanda daha effektli
olur. Mən aktyoram və
elə aktyor kimi də səhnə
fəaliyyətimi davam
etdirməkdə qərarlıyam.
- Hansısa rolu oynamaq fikrinə düşmüsünüz?
- Heç vaxt hansısa rolu oynamaq barədə düşünməmişəm. Belə iddialar mənim təbiətimə ziddir.
Onu da deyim ki,
hələ indiyədək
ürəyimcə olmayan
rol oynamamışam.
- Yəni rejissorun sizə təqdim etdiyi hər rola qane olmusunuz?
- Mənə elə rollar təklif olunub ki, yox deməyimə
heç bir ehtiyac qalmayıb.
“Köpək” ekranlara çıxmayıb
- Siz həm də kino aktyoru kimi
tanınırsınız? Bəs bu
sahədə yeni rolunuz hansıdır?
- Hələlik kinoda son işim “Nərimanfilm”
studiyasının çəkdiyi “Sahə” filmidir. Hazırda
film montaj olunur. Türk, rus aktyorlarının da yer
aldığı bu filmin rejissoru İlqar Safatdır.
- Yeri gəlmişkən, indiyədək
ondan artıq filmə çəkilmiş Məmməd Səfa
kinoda ilk dəfə nə vaxt çəkilib?
-
Rejissor Şamil Nəcəfzadənin 1994-cü ildə çəkdiyi
“Pirə qayıdan yol” sənədli filmində aparıcı
olmuşam. Bu mənada, deyə bilərəm ki, kinoya gəlişim
Şamil Nəcəfzadə ilə bağlı olub. Sonradan
onun və Nazim Abbasın birgə çəkdikləri “Leyli və
Məcnun” filmində Nofəli canlandırmışam.
- Səhv etmirəmsə, siz Tofiq
Tağızadənin də filmlərində çəkilmisiniz?
- Elədir. Özü də
“Köpək” filmində baş rolda. Amma həmin film indiyədək
ekranlara çıxmayıb.
- “Köpək”
filminin kölgədə qalmasının özəl bir səbəbi
varmı?
- Bu barədə bir söz deyə
bilmərəm.
- Müxtəlif rejissorlarla işləmisiniz.
Onlardan hansı ilə işləmək sizin üçün
daha rahat olub?
- Mənim
yaradıcılığımda hər rejissorun öz yeri
var.
“Mənə
“İblis” deyən olmayıb”
- Məmməd müəllim,
Anarın ssenarisi əsasında çəkilmiş “Cavid
ömrü”ndə siz bir neçə rol ifa edirsiniz...
- O filmdə mənə düz 9
rol həvalə olunmuşdu. Həmin obrazların
ayrı-ayrılıqda adları yoxdur. Həmin filmdə, demək
olar ki, əsas bir obraz var ki, onun da adı İblisdir. Digər obrazlar isə həmin İblisin müxtəlif formalarda təzahürülŠridir.
- Elə isə bu obraz
üzərində işləyərkən
nədən, kimdən
bəhrələnmisiniz? Axı aktyor
bu və ya digər rol
üzərində işləyərkən
müəyyən müşahidələr
aparır.
- Sadəcə, mən onu duyduğum,
anladığım şəkildə
təqdim etməyə
çalışmışam.
- “Cavid ömrü”ndəki
bu rollar, xüsusilə İblis kifayət qədər maraqlı alınıb. Sizə, heç “İblis”
deyə müraciət
edən olubmu?
- Yox... Mənə “İblis” deyə müraciət edən olmayıb. Sadəcə, bu rola görə təşəkkür
edənlər olub.
- Yeri gəlmişkən, sizdə
mənfi rollar olduqca uğurlu alınır. Bu sözləri
Oqtay Mirqasımovun “Ovsunçu” filmində yaratdığınız obraz
barədə də demək olar.
- Bəri başdan deyim ki, mənim leksikonumda mənfi, müsbət obraz anlayışları yoxdur.
Rol roldur da... Onun nə
mənfisi, nə müsbəti... Odur ki, mənə
bu və ya digər rol
həvalə olunanda onların mənfi-müsbətliyi
ilə maraqlanmıram.
Sadəcə, o rolları necə
təqdim edəcəyimi,
oynayacağımı düşünürəm.
- Hansı rolda özünüzü oynamısınız?
- Mən bütün rollarımda elə özümü oynayıram.
“Qismət Allahdandır”
- İndiyədək adınızın
qarşısında rəsmi
titul yoxdur...
- Qismət Allahdandır.
- Qismətə, alın yazısına inanansınız?
- Onsuz mümkün deyil ki... Elə mənim bu sənətə gəlişim
də alın yazımdır.
-
Elə isə Məmməd
müəllim özünü bu sənətdə bəxti gətirmiş
aktyor hesab edirmi?
- Konkret deyə bilmərəm ki, bu
sənətdə bəxtim gətirib, ya yox. Amma bir şey deyə bilərəm: buna da min şükür.
- Sizi
bu vaxta qədər heç reklam çarxlarında da görməmişik...
- Mən reklama çəkilmirəm.
- Niyə?
-
Sadəcə, istəmirəm.
- Bir
məsələyə diqqətinizi çəkmək istərdim.
Bu gün telekanallarda elə aktyorlar peyda olublar ki... İnsafən, həmin aktyorlar bu gün sizdən
də çox tanınırlar. Onların belə
populyarlığı sizin
kimi aktyorları narahat etmir?
-
Heç vaxt... Yalnız onu deyə bilərəm ki, onlar
öz bacarıqları ilə bu səviyyəyə yüksəliblər.
- Hər halda ortada bir reallıq
da var. O da ondan ibarətdir ki, tamaşaçılar öz repertuarında daha çox komik əsərlərə
yer verən aktyorların fanatına çevriliblər.
- Məncə, bu,
tamaşaçıların istəkləri ilə
bağlı amildir. Odur ki, gəlin burada başqa bir şey axtarmayaq.
- Artıq
bu ildən bütün xarici filmlər dilimizə tərcümə
olunaraq yayımlanır. Hətta Türkiyədə istehsal
olunan filmlər də... Bu məsələ ilə
bağlı sizin fikrinizi bilmək maraqlı olardı.
- Mənim fikrimcə, bu proses qanunla
nizamlanıb. Özü də
mən bunu normal qarşılayıram. Yəni hər
verilişin onu seyr edən millətin öz dilində təqdim olunması təbiidir.
Ona görə də bu barədə uzun-uzadı danışmaq
istəməzdim. O ki
qaldı türk filmlərinə... Doğrudur,
dilimiz birdir, amma müəyyən fərqlər var... Bu mənada həmin
filmlərin də dilimizə uyğunlaşdırılaraq
tamaşaçılara təqdim
olunmasında heç
bir qəbahət görmürəm.
- Yeri
gəlmişkən, etiraf edək ki, dublyaj olunan filmlər
tamaşaçılara o qədər də ləzzət
vermir. Çoxu da bu amili həmin işlə peşəkar
aktyorların məşğul olmaması ilə izah edir. Bir
sözlə, bu barədə giley-güzar kifayət qədərdir.
Bəs bir aktyor kimi, bu barədə nə deyə bilərsiniz?
-
Mən bu məsələni onları səsləndirən
aktyorlarla bağlamazdım. Unutmayaq ki, kütləvi şəkildə
bu yaxınlarda başlanılıb. Digər tərəfdən,
bu proses bizdə yeni olduğu üçün hələ
tamaşaçılarımız buna öyrəşməyiblər.
Amma mənə elə gəlir ki, az vaxtdan sonra
dublyajlarımız da tamaşaçılarımızın
ürəyincə olacaq.
- Bir
aktyorun bir neçə rolu səsləndirməsi isə...
- Hər halda hər rolu bir aktyor səsləndirsə,
daha effektli olar.
-
Bəlkə, bu prosesdə vahid
dublyaj studiyasının olmaması da müəyyən rol
oynayır?
- Bilirsinizmi, indi
hər bir telekanalın öz iş prinsipləri var. Yəqin ki, nə vaxtsa mərkəzləşdirilmiş bir dublyaj mərkəzi
də təşkil olunar.
- Məmməd müəllim,
bəzilərinə elə gəlir ki, daha bizdə
güclü aktyor nəsli yetişmir. Siz həm də Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində dərs deyən müəllim kimi bu barədə
nə deyə bilərsiniz?
- Mən bu sənətin sabahına
çox nikbin baxıram. Ona görə ki, bu gün gənclərimizin
bir aktyor kimi yetişmələrində birbaşa rol oynayan Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti fəaliyyət göstərir və burada yetərincə
istedadlı tələbələrimiz var. Bu mənada bizim sənət
hələ çox istedadlı aktyorların şahidi olacaq.
Q.Məhəbbətoğlu
Zaman.-2009.-21-22
aprel.-S.13.