“Atabəylər” bölgələri
gəzir, “Nadir şah” isə səfərə hazırlaşır
Ötən il 125 illiyini qeyd etmiş Cəlil Məmmədquluzadə
adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrı aprelin
19-dan 26-dək respublikamızın müxtəlif rayonlarında
qastrol səfərində
olub. Kollektiv bu səfər
çərçivəsində teatrsevərlərə “Atabəylər”
tamaşasını təqdim
edib. Maraqlı səhnə tərtibatı
olan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim
Fərzəlibəyov, rejissoru
isə Naxçıvan
Dövlət Musiqili
Dram Teatrının direktoru
və baş rejissoru, xalq artisti Kamran Quliyevdir.
Kamran Quliyevin qəzetimizə
verdiyi məlumata görə, bu, kollektivin cari ildə bölgələrə
ilk qastrol səfəri olub. Qəbələ, Yevlax, Masallı,
Lənkəran, Cəlilabad rayonlarında nümayiş
etdirdikləri “Atabəylər”in maraqla
qarşılandığını vurğulayan Kamran müəllim
ölkəmizin digər bölgələrinə də səfər
edəcəklərini bildirdi. Onun sözlərinə görə,
Naxçıvan Muxtar Respublikasının 85 illiyi ilə
bağlı ölkənin rayonlarına təşkil edilən
qastrol səfərlərində əsas məqsəd son illər
inkişaf edən Naxçıvanın teatr sənəti
nümunələri ilə də geniş tamaşaçı
auditoriyasını tanış etməkdir: “Maraqlı səhnə
tərtibatı olan ”Atabəylər“də əsas rolları
xalq artistləri - Həsən Ağasoy (Nizami Gəncəvi),
Kamran Quliyev (Qızıl Arslan), Rza Xudiyev (Toğrul), əməkdar
artistlər - Xəlil Hüseynov (Əcəmi), Elmira Kərimova
(İnanc Xatın) tamaşaçılara təqdim ediblər.
Əsər Azərbaycanın keçmişinə həsr
olunsa da, aktyorların oyunu tamaşaçılara zaman fərqini
unutdurur”. O həmçinin müşahidələrinə əsasən
tarixi tamaşaların daha maraqla izlənildiyini
vurğuladı. Kamran müəllim bu səfər çərçivəsində
Hüseyn Cavidin “İblis” (quruluşçu rejissoru Kamran
Quliyevdir) tamaşasının da nümayişinin nəzərdə
tutulduğunu dedi: “Lakin çıxış etdiyimiz mədəniyyət
ocaqlarında müəyyən texniki imkanların olmaması ucbatından
onu tamaşaçılara təqdim edə bilmədik”.
Qeyd edək ki, zəngin repertuara
malik Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu
yaxınlarda Türkiyənin Kayseri şəhərinə də
səfər edəcək. Bu səfərin Kayseri bələdiyyəsinin
dəvəti ilə reallaşacağını qeyd edən Kamran
müəllim türkiyəli sənətsevərlərə
Elçin Mirzəbəylinin quruluşunda “Nadir şah”ı təqdim
edəcəklərini bildirdi. “Bəs kollektiv hazırda
hansı yeni tamaşa üzərində işləyir?”
sualına isə həmsöhbətimiz belə cavab verdi:
“Hazırda mənim quruluşumda xalq yazıçısı
Elçinin ”Ah, Paris, Paris“ əsərinin son məşqləri
gedir. Bu tamaşanı mayın üçüncü
ongünlüyündə tamaşaçılara təqdim edəcəyik”.
Qvami Məhəbbətoğlu
Zaman.-2009.-30
aprel-1 may.-S.8.