Vahid Əhmədov: “Qlobal maliyyə böhranı bəzi
ölkələrdə dövlət çevrilişlərinə
səbəb ola bilər”
“Nabukko” layihəsi ilə
bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Davosda səsləndirdiyi
fikirlər müxtəlif dairələr tərəfindən
birmənalı qarşılanmadı.
Hətta bəzi ekspertlər
bunu Azərbaycanın “Nabukko”ya ciddi əhəmiyyət verməməsi
kimi qiymətləndirdilər. Bu və ya digər
suallarımıza cavab almaq üçün Milli Məclisin
İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədova müraciət
etdik. Müsahibimiz söhbət zamanı dünyada yaşanan
qlobal iqtisadi böhran və onun ölkəmizə təsirləri
ilə bağlı suallarımızı da
cavablandırdı.
-Vahid müəllim,
fikirinizcə, “Nabukko” layihəsinin reallaşması yaxın
zamanlarda baş tuta bilərmi?
- Mənim fikrimcə, dünyada baş verən qlobal maliyyə böhranı ilə əlaqədar “Nabukko” layihəsinin tezliklə həyata keçirilməsi mümkün olmayacaq. Digər tərəfdən, kəmərin tez bir zamanda tikilib başa çatmasına mane olan bir neçə səbəb də var. Əsas səbəb odur ki, çəkilməsi nəzərdə tutulan kəmərə kifayət qədər təbii qazın vurulması da hazırda mümkün deyil. Kəmərin tam həcmdə doldurulması üçün Azərbaycan qazı kifayət etməyəcək. Ona görə də Avropa Azərbaycana qonşu olan digər dövlətləri də bu layihəyə cəlb etmək istəyir. Uzunluğu 3300 km olacaq bu kəmərin tikintisini 2013-cü ilə qədər başa çatdırmaq nəzərdə tutulub. Amma son məlumatlara görə, kəmərin tikintisi 2014-2015-ci illərə qədər gecikə bilər. Digər çətinlik isə maliyyə məsələsidir. Kəmərin çəkilməsi üçün təqribən 8 milyard avro vəsait tələb olunur. Dünya Bankı və bəzi beynəlxalq maliyyə qurumları bu layihəyə vəsait ayıracaqlarını bildiriblər. Amma hələ də maliyyə problemi tam həll olunmayıb.
- Yəqin ki, layihənin reallaşmasını istəməyənlər də var.
- ”Nabukko”nun reallaşmasına müqavimət göstərən qüvvələr var. Onlardan biri də Rusiyadır. Çünki “Nabukko” layihəsinin həyata keçirilməsi Avropanı Rusiya asılılığından, qismən də olsa, azad edəcək. Amma istənilən halda Avropanın təbii qaza olan tələbatı Rusiyadan asılı olacaq. Bu yaxınlarda Rusiya, İran və Qətər təbii qazla bağlı birgə əməkdaşlıq haqqında razılıq əldə ediblər. Əlavə edim ki, bu 3 dövlət dünya təbii qaz ehtiyatının 40 faizinə sahibdir.
- Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamada bildirib ki, əgər Rusiya sərfəli təklif irəli sürərsə, Azərbaycan öz qazını bu ölkəyə sata bilər. Prezidentin bu açıqlamasına sizin münasibətinizi bilmək istərdik?
- Bu gün Rusiya öz qazını Avropaya 400-430 dollara satır. Rusiyanın “Qazprom” şirkətinin prezidenti Bakıda səfərdə olarkən bəyan etdi ki, onlar Azərbaycan qazını 400-430 dollardan almağa hazırdırlar. Bu isə dünya bazarındakı qiymətlərə tamamilə uyğundur. İstənilən ölkənin başçısı, ilk növbədə, öz dövlətinin iqtisadi maraqlarını qorumalıdır. Ona görə də Azərbaycan Prezidentinin səsləndirdiyi fikri müsbət qiymətləndirirəm. Azərbaycan eyni zamanda “Nabukko” layihəsinin həyata keçirilməsində də Dövlət Neft Şirkəti vasitəsilə iştirak edir.
- Azərbaycan üçün bu layihənin əhəmiyyəti nə olacaq?
- Bizim üçün belə bir layihənin həyata keçirilməsi olduqca vacibdir. Çünki neft və qaz ixrac edən ölkələrdə nə qədər alternativ ixrac yolları olarsa, bu, həmin ölkələr üçün həm təhlükəsizlik, həm də iqtisadi baxımdan faydalı olar.
- Verilən məlumata görə, 2009-cu ilin dövlət büdcəsi Milli Məclisdə yenidən müzakirəyə çıxarılacaq. Hansı məsələlərin müzakirə olunması gözlənilir?
- 2009-cu ilin dövlət büdcəsi qəbul olunarkən bizim bir sıra iradlarımız var idi və o vaxt həmin iradları səsləndirdik. Əsas tələbimiz o idi ki, büdcədə neftin qiyməti 50-55 dollar həddində göstərilsin. Amma o vaxt hökumətin iqtisadi dairələrindən təklif etdilər ki, bəzi investisiya layihələri büdcəyə daxil edilməsin. Əgər neftin qiyməti büdcədə göstərilən səviyyəyə, yəni 70 dollara yüksələrsə, onda bu layihələr büdcəyə daxil edilər. Yox əgər qiymətlər dəyişməzsə, onda bu layihələr təxirə salınar. Ona görə də nəzərdə tutulub ki, may-iyun ayları üçün dövlət büdcəsi Milli Məclisdə yenidən müzakirəyə çıxarılsın. Bu gün dövlət büdcəsinin təqribən 30-35 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Neftin qiymətinin 50-55 dollar olması büdcəyə ciddi təsir etməsə də, qiymətlərin 70 dollar səviyyəsində göstərilməsi düzgün deyil. Büdcədə göstərilən rəqəmlər real qiymətlərə uyğun olmalıdır.
- Vahid müəllim, fikrinizcə, 2009-cu ildə neftin qiyməti hansı səviyyədə olacaq? Bu barədə ekspertlər tərəfindən fərqli fikirlər səslənir.
- 2008-ci ildə olduğu kimi, bu ildə də dünyada iqtisadi böhran davam edəcək. Əgər 2007-ci ildə dünyada iqtisadi artım 5 faiz idisə, 2008-ci ildə 2,5 faiz həddində olub. Bu il isə təqribən 1 faiz həddində olacağı gözlənilir. Belə bir vəziyyətdə neftin qiymətinin yüksələcəyi inandırıcı görünmür. Çünki iqtisadi sahədə yaşanan durğunluq neftə olan tələbatı aşağı salır. Amerikada iqtisadi böhrana qarşı həyata keçirilən tədbirlər, hələlik, yetərli səviyyədə olmadığı üçün böhranın bu il də davam edəcəyi gözləniləndir. Hətta ola bilər ki, bu il qazın da qiyməti aşağı düşsün.
- Qlobal maliyyə böhranının ölkəmizə ciddi təsirləri ola bilərmi?
- Dünyada hər 50-60 ildən bir bu cür maliyyə böhranları baş verir. Hər dəfə də bu ciddi hadisələrlə müşayiət olunur. Hətta keçən əsrin 30-cu illərində baş verən qlobal iqtisadi böhran İkinci Dünya müharibəsinin də əsas səbəblərindən biri olmuşdu. Sonuncu böhranın hansı hadisələrə səbəb olacağını isə proqnozlaşdırmaq çətindir. Ola bilsin ki, bir sıra ölkələrdə dövlət çevrilişləri baş versin. Azərbaycan da Avropanın bir hissəsidir. Baş verən maliyyə böhranı ölkəmizdən də təsirsiz ötüşməyəcək. Artıq bu böhran bank sektoruna öz təsirini göstərib. Kreditlərin verilməsində müəyyən çətinliklər yaranıb. Amma hökumət və Milli Bank tərəfindən bir sıra tədbirlər görülüb. Xüsusən, uçot faiz dərəcələrinin aşağı salınması olduqca əhəmiyyətli addımdır. Hesab edirəm ki, hazırda 5 faiz həddində olan uçot dərəcələri 2 faizə endirilməlidir. Artıq Avropanın bir sıra ölkələrində bankların milliləşdirilməsi prosesi gedir və Azərbaycanda da bu istiqamətdə addımlar atılmalıdır. Maliyyə böhranının gətirdiyi ən ciddi problem işsizlik məsələsi olacaq. Avropada və Rusiyada işsizlik sürətlə artır. Rusiyada çoxlu sayda soydaşımız işləyir və onlar hər il ölkəmizə böyük məbləğdə vəsait göndərir. Əgər bu vəsait ölkəyə daxil olmazsa, ciddi gərginlik yaşana bilər. Amma Azərbaycanın hal-hazırda 18 milyard dollar ehtiyat vəsaiti var və bundan düzgün istifadə olunarsa, maliyyə böhranının təsirini azaltmaq olar.
- Bəzi iqtisadçılar təklif edirlər ki, Azərbaycan öz valyuta ehtiyatlarını maliyyə böhranı nəticəsində ucuzlaşan qiymətli kağızların satın alınmasına yönəltməlidir. Bu təklifi nə qədər uğurlu hesab etmək olar?
- Dünya maliyyə böhranından Azərbaycanın daha az zərər görməsinin əsas səbəblərindən biri, ölkəmizin dünya qiymətli kağızlar bazarında iştirak etməməsi oldu. Əgər ölkəmiz səhm bazarında iştirak etsəydi, bu gün maliyyə böhranının daha ciddi təsirləri ola bilərdi. Hesab edirəm ki, valyuta ehtiyatlarının qiymətli kağızlar bazarına yönəldilməsi səhv addım olardı. Ən azından 2009-cu ildə bunu etmək olmaz, çünki maliyyə böhranının davam etdiyi bir zamanda bu, çox riskli olar.
- İqtisadi böhranla əlaqədar olaraq, bir çox ölkələrdə qiymətlərin ucuzlaşması müşahidə olunur. Amma, nədənsə, Azərbaycanda bu ucuzlaşma o qədər də hiss olunmur.
- Bəzi sahələrdə qiymətlərin aşağı düşməsi müşahidə olunur. Məsələn, tikinti materiallarının qiyməti təqribən 20-25 faiz həddində ucuzlaşıb. Amma digər sahələrdə bunu müşahidə etmək olmur. Bunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri, inhisarçılıqdı ki, bunu dəstəkləyən şəxslər var. Hətta hökumətdə olan şəxslərin içərisində elələri var ki, onlar qiymətlərin aşağı düşməsinə imkan vermirlər.
- Davos iqtisadi forumunda baş verən hadisəyə sizin münasibətinizi bilmək istərdik.
- Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Davos forumunda atdığı addım tamamilə doğru idi. Fələstində baş verənlərə
laqeyd qalmaq mümkün deyil. Eyni zamanda erməni
əsilli aparıcı
tərəfindən dünyanın
aparıcı dövlətlərindən
olan Türkiyənin baş nazirinə qarşı hörmətsizlik
edildi. Ona görə mən də bütün azərbaycanlılar kimi, eyni zamanda bir
millət vəkili kimi Türkiyə Baş nazirinin bu addımını alqışlayıram.
Zaman.-2009.-5-6 fevral.-S.6.