“Kürdəmirin inkişafında hamının əməyi var”

 

Son illər Kürdəmir rayonunun iqtisadi-sosial və mədəni sahələrində hansı irəliləyişlər əldə edilib? Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Şahbazov ona ünvanladığımız suala belə cavab verdi: “Son dörd ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində  rayonumuzda da  bütün  sahələrdə inkişafa nail olunub. Rayon mərkəzi və ayrı-ayrı yaşayış məntəqələri öz simasını əsaslı surətdə dəyişib, daha gözəl və yaraşıqlı olub. Bütün bunlar, əlbəttə, insanların həyat tərzinə, mənəvi aləminə, əhvali-ruhiyyəsinə də müsbət təsirini göstərib”. Onun sözlərinə görə, 2004-2008-ci illərdə rayonda 4 sənaye müəssisəsi, 21 təhsil, 7 səhiyyə, iki 16 mənzilli yaşayış binası, 5 mədəniyyət, 18 poçt şöbəsi, rabitə xidməti və digər sosial müəssisələr olmaqla, 53 yeni obyekt istifadəyə verilib: “Onu da qeyd edim ki, rayonun sosial-iqtisadi inkişafı proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində bu illərdə 8802 iş yeri açmağa nail olmuşuq”. Həmsöhbətimizin sözlərinə görə, artıq Kürdəmirdə “Kürdəmir-Broyler” və “Kürdəmir-Taxıl” açıq səhmdar cəmiyyətləri fəaliyyətlərini genişləndirib, “Şərq” MMC işini bərpa edib. Bütün bunlar isə son illər rayonda sənaye obyektlərinin dirçəlməsi deməkdir. Bu işdə, təbii ki, Prezident İlham Əliyevin regionların inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi siyasətin mühüm rolu olub. Şəhərdə Heydər Əliyev Muzeyi istifadəyə verilib, Şəhidlər xiyabanı, 20 Yanvar, Qələbə parkları yenidən qurulub. Ötən ilin sentyabr ayında ölkə başçısı İlham Əliyevin iştirakı ilə bir sıra müəssisələrin, o cümlədən Kürdəmir Olimpiya Kompleksinin, “Gənclər evi”nin, “Qelios” firmasına məxsus şirə emalı zavodunun və Kürdəmir dairəvi yolunun açılışında iştirakını bu gün rayonun hər bir sakini fərəhlə xatırlayır.

Hazırda Kürdəmirdə bir sıra obyektlərin inşası aparılır. Onlardan biri Lift zavodudur. Qeyd edək ki, belə müəssisə respublikamızda ilk dəfədir ki, inşa edilir. Müxtəlif içkilər istehsal edəcək “Qelios” müəssisəsinin isə bu ilin sonunadək tam gücü ilə işə salınması nəzərdə tutulub. “Azersun Holding” rayonda 27 hektarlıq ərazidə regional əhəmiyyətli süd emalı zavodunun inşasını davam etdirir. Gündə 30 tondan çox məhsul emal edəcək bu müəssisədə 12 adda süd və süd məhsulları istehsal olunacaq. Adları qeyd edilən bu üç müəssisədə 6 minə yaxın işçinin çalışacağı gözlənilir. Hazırda rayonun 5 kəndində məktəb, eləcə də inzibati binaların inşası da davam etdirilir.

 

Üzümçülük önə keçir

 

 Rayonda üzümçülüyün inkişafı geniş vüsət alıb. Belə ki, artıq üzümlüklərin sahəsi 650 hektara çatdırılıb. Həmin bağların, demək olar ki, hamısı son üç ildə salınıb. Məhsul verən 370 hektar üzümlükdən ötən il 5107 ton məhsul tədarük olunub. Yaxın illərdə üzüm bağları sahəsinin 1500 hektara çatdırılması nəzərdə tutulub. Bu günŞirvanşahsortuna tələbat daha çox olduğundan  son illər 50 hektar ərazidə bu sortun çubuqları basdırılıb. Kürdəmirdə əkinçilik, o cümlədən taxılçılıq, narçılıq, əkinçilik, heyvandarlıq da, beləcə, diqqət mərkəzindədir. MövcudAqrotexservisşəbəkələrinin maddi texniki bazasının gücləndirilməsi daim gündəmdədir. Onu da qeyd edək ki, rayonda tutumu 300 ton olan yeni soyuducu anbar da inşa edilib.

 

Yollara diqqət artıb

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, rayon ərazisində magistral, rayonlararası rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması sahəsində müəyyən işlər görülüb. Qazıməmməd-Kürdəmir Kürdəmir-Ucar avtomobil yollarının rayon ərazisindən keçən hissəsinin 25 km məsafəsi iki qat asfaltlaşdırılıb. Yolun Kürdəmir şəhəri ərazisindən keçən 4,5 km hissəsində asfalt örtüyünün təmiri davam etdirilir. Girdiman çayı üzərində körpü tikilib. Yerli büdcənin vəsaiti hesabına bir sıra kəndlərə gedən yollar da bərpa olunub. Rayon əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə çəkilən II Köhünlü-Kürdəmir su xətti 2007-ci ildə istismara verilib. Rayonun Sığırlı, Köhünlü, Şüşün, Sovla, Beyi Çöhranlı kəndlərinə sutəmizləyici qurğular quraşdırılıb. Kürdəmirin digər kəndlərində bu işə başlanılıb. Kürdəmir şəhərinin çox ərazisində çirkab suların axıdılması ciddi problem yaratdığından 650 metr uzunluğunda yeni kanalizasiya xətti çəkilib.

Arzu müəllimin sözlərinə görə, əldə olunan bütün nailiyyətinlərdə hər bir kürdəmirlinin zəhməti var.

 

 

Babək Əsgərov

 

Qvami Məhəbbətoğlu

 

Zaman.-2009.-5-6 fevral.-S.9.