Türkiyə Dağlıq Qarabağla bağlı
diplomatiyasını intensivləşdirir
Türkiyənin baş
diplomatı Əli Babacan qardaş ölkənin Dağlıq
Qarabağla bağlı mövqeyini bir daha təkrarlayaraq,
münaqişəsinin yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinin
mümkün olduğunu deyib.
Türkiyənin xarici
işlər naziri Əli Babacan Münxendə Ermənistan
Prezidenti Serj Sarkisyan və erməni həmkarı Edvard
Nalbandyanla görüşdükdən dərhal sonra Azərbaycana
qısamüddətli səfərə gəlib. İşgüzar
xarakter daşıyan səfər çərçivəsində
o, dünən Prezident İlham Əliyev və xarici işlər
naziri Elmar Məmmədyarovla görüşdükdən sonra
mətbuata hər hansı açıqlama vermədən həmin
gün Türkiyəyə qayıdıb.
Görüşlərdə
Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, bir
sıra regional və ikitərəfli məsələlər
müzakirə olunub. Əvvəlcə, Məmmədyarovla bir
araya gələn Babacan azərbaycanlı həmkarı ilə
Qafqazda Əməkdaşlıq və Sabitlik Platforması (QƏSP)
barədə fikir mübadiləsi aparıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat
xidmətindən verilən məlumata görə, Babacan
görüşdə: “Dağlıq Qarabağ münaqişəsinin
həlli yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
mümkündür”, - deyib. O, həmçinin regionda
sülhün bərqərar olunmasının zəruriliyini
qeyd edərək, bölgədəki münaqişələrin
tez bir zamanda həllinin vacibliyini də vurğulayıb:
“Regiondakı münaqişələr tezliklə həll
olunmalıdır”.
Nazir E. Məmmədyarov
görüşdə Türkiyənin QƏSP təklifini
yüksək qiymətləndirib, niyyətin region
üçün vacibliyini və onun gələcəkdə
reallaşması üçün müzakirələrin davam
etdirilməsinin gərəkliyini vurgulayıb.
Türkiyə Xarici
İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Burak Özügərgin də qardaş ölkənin mətbuatına
verdiyi açıqlamada deyib ki, Babacan bölgədə
sülhə nail olmaq üçün regional
anlaşılmazlıqların tez bir zamanda aradan
qaldırılmasının vacibliyini vurğulayıb.
Ölkə
başçısı İlham Əliyevlə
görüşdə də eyni məsələlərin
müzakirə edildiyi bildirlir.
Ə. Babacanın son səfərinə
diqqətləri yönəldən fakt onun üç gün əvvəl
Münxendə Sarkisyan və Nalbandyan ilə görüşdən
dərhal sonra gerçəkləşdirilməsi ilə
bağlıdır. 45-ci Təhlükəsizlik Konfransı
çərçivəsində bir avropalı deputatın
“Türkiyə ilə Ermənistan arasında sərhədlərin
açılması üçün nə etmək
lazımdır” sualına cavab olaraq Babacan deyib ki: “Bizim Ermənistanla
başlayan görüşlərimizin hədəfi bölgədə
münasibətləri normallaşdırmaqdır. Ermənistanla
Azərbaycan və Türkiyə ilə Ermənistan
arasındakı münasibətlərin bütünlüklə
normallaşmasına nail ola bilsək, bölgədə vəziyyət
çox dəyişəcək. Bu dəyişikliyə nail
olsaq, bu, bütün tərəflər üçün
avantajlı olacaq. Əsas odur ki, indilik bir-birimizə söyləmək
istədiklərimizi bağlı qapılar arxasında söyləyək
və sadəcə, açıqlamaq istədiyimiz məsələləri
açıqlayaq”.
Xatırladaq ki, Davos zirvəsində
də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
da Ermənistan rəhbəri Sarkisyanla bir araya gəlmişdi.
Siyasi müşahidəçilər bütün bu
görüşləri Türkiyənin Qarabağla
bağlı diplomatiyasını intensivləşdirməsiylə
izah edirlər.
Babacanın Azərbaycana
səfərinin yalnız regional deyil, həm də beynəlxalq
əhəmiyyət daşıdığını söyləyən
politoloq Leyla Əliyeva: “Hazırda regionda yeni siyasi vəziyyət
əmələ gəlib və bu amil Türkiyənin bölgədəki
hərbi strateji, iqtisadi və tranzit ölkə kimi əhəmiyyətini
daha da artırıb.
Qərb bu amildən
istifadə edərək regionda Rusiyanı
neytrallaşdırmaq və öz maraqlarını qorumaq
üçün Türkiyə amilindən istifadə etməyə
çalışır. Onlar bu məqsədlə Türkiyə-Ermənistan
münasibətlərini normallaşdırmaq və iki ölkə
arasında diplomatik əlaqələrin bərpa edilməsi məsələsinin
Dağlıq Qarabağ probleminin həlli şərtindən
ayıraraq başqa müstəviyə keçirmək istəyirlər.
Eyni zamanda başda ABŞ olmaqla Qərb ölkələri
“Nabukko”nun reallaşdırılması üçün
Türkiyənin Azərbaycan və Türkmənistanla olan
sıx əlaqələrindən də yararlanmaq istəyirlər.
Ona görə də Babacanın Azərbaycana bu səfərinin
həm də beynəlxalq əhəmiyyət
daşıdığı şübhə doğurmur”, - deyib.
Politoloq Rasim Musabəyov
isə Babacanın Azərbaycana qısa müddətli səfərinin
Cümhurbaşqanı Abdullah Gülün Moskvaya gözlənilən
səfəri ilə əlaqədar ola biləcəyini söyləyib:
“Gülün Moskvaya səfəri ərəfəsində həm
regiondakı münaqişələrin həlli, həm QƏSP,
həm də “Nabukko” layihəsi, o cümlədən Türkiyə-Ermənistan
münasibətləri və Ankara-Moskva əlaqələrinin
yeni müstəviyə keçirilməsi yolları əsas
müzakirə mövzusu olacaq. Ona görə də Babacan bu məsələlərin
Azərbaycan üçün xüsusi önəm
daşıdığını nəzərə alaraq, bu barədə
Bakının mövqeyini bir daha öyrənmək
üçün Bakıya işgüzar səfərə gəlmişdi”,
- deyib.
Zaman.- 2009.- 10-11 fevral.- S. 1,3.