“Məqsədimiz
İsmayıllını turizm
mərkəzinə çevirməkdir”
Son 4 ilədək
İsmayıllı respublikamızın
ümumi inkişaf sürəti ilə, demək olar ki, ayaqlaşa bilmirdi. Çox gözəl təbiəti
olan bu diyarda
hətta adi abadlıq belə, yada düşmürdü.
Sanki, regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
bu rayona əsla dəxli yox idi... Lakin 3 il öncə rayona başçı təyin olunmuş Nizami Ələkbərov öz işgüzarlığı
ilə az vaxt ərzində bu boşluğu, sözün həqiqi mənasında, doldura bildi.
Bəli, son illər təbiətin İsmayıllıya verdiyi gözəlliyə insan əlinin zəhməti də əlavə olunub. Yeni tikililər, abadlıq-quruculuq işləri rayona gələn hər kəsin ilk baxışdanca diqqətini cəlb edir. Belə ki, İsmayıllı şəhərinin mərkəzində Heydər Əliyev Muzeyi, inzibati binalar, əlillər və şəhid ailələri üçün 52 mənzilli 2 yaşayış binası tikilib istifadəyə verilib. Rayonda müasir mədəniyyət və istirahət kompleksi yaradılıb. Bir sözlə, illərdən bəri yığılıb qalan, rayon əhalisini narahat edən problemlərin həlli istiqamətində görülən işlər rayonun simasını tamamilə dəyişib. Bu mənada son üç il bu rayonun tarixinə abadlıq, quruculuq illəri kimi düşüb.
Quruculuq davam edir...
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rövşən Ağayev rayon miqyasında görüləcək işlərdən söz açaraq bildirdi ki, gələn il rayonda 3 emal müəssisəsinin (çörək, süd, ət emalı) tikilməsi planlaşdırılıb. Şəhərdə iki ədəd yeddimərtəbəli, bir doqquz-mərtəbəli və üçmərtəbəli yaşayış binalarının inşası davam etdirilir. Onu da deyim ki, bu binalar müstəqillik illərində İsmayıllıda inşa olunacaq ilk çoxmərtəbəli binalar olacaq. Mərkəzi Xəstəxana əsaslı təmir olunacaq, bir neçə məktəb tikiləcək. Hazırda rayonda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Bu obyektin bu ilin sentyabrında istifadəyə verilməsi gözlənilir. Texniki Peşə Məktəbinin inşasına başlanılıb. Bu il şəhərin su və kanalizasiya sisteminin yenidən qurulmasına da start veriləcək. Əlillər və şəhid ailələri üçün 52 mənzildən ibarət iki bina istifadəyə verilib. Hazırda daha bir belə bina inşa olunur.
Lahıca diqqət artırılıb
Daha sonra hər bir
turistin diqqət mərkəzində olan Lahıcdan söz
açan Rövşən müəllim bu məkanın onun
özü boyda muzey olduğunu dilə gətirdi. Qeyd edək
ki, cəmi 80 hektar ərazidə yerləşən Lahıcda
yüzə yaxın tarixi abidə var. Odur ki,
İsmayıllıya gələn hər kəs ora baş
çəkməyə cəhd edir. Rövşən müəllimin
sözlərinə görə, sel sularından mühafizə
məqsədilə Lahıcda bəndin tikintisi başa
çatdırılıb. Eyni zamanda bu qəsəbəni ətraf
kəndlərlə birləşdirən körpü də inşa
olunub: “BMT-nin İnkişaf Fondunun “Gözəl Azərbaycan”
layihəsi əsasında Lahıcın tarixi görkəminin
bərpası sahəsində çox işlər
görülüb. Belə ki, müasir standartlar əsasında
salınmış darvaza, qapı və pəncərələr
evləri öz keçmişlərinə qaytarıb. Yaponiyanın
ölkəmizdəki səfirliyinin vəsaiti ilə Lahıcda
500 tonluq su anbarı da inşa olunub. Yeri gəlmişkən,
onu da deyim ki, qəsəbədə ən müasir tələblərə
cavab verən “Lahıc-Tur” turizm-informasiya mərkəzi də
fəaliyyət göstərir. Çalışacağıq
ki, Lahıc ilin bütün fəsillərində ən tələbkar
turistin belə, zövqünü oxşasın”. Bütövlükdə
isə son illər İsmayıllıda 10-dan artıq istirahət
mərkəzi istifadəyə verilib. Hazırda Talıstan kəndi
ərazisində 502 yerlik Turizm İstirahət Kompleksi də
inşa olunur. “Şirinsu” turizm kompleksinin biznes planı isə
nazirliyə təqdim edilib. Həmsöhbətimiz bununla
bağlı söhbətini bu sözlərlə tamamladı:
“Məqsədimiz İsmayıllını Azərbaycanın
turizm mərkəzinə çevirməkdir”. Rövşən
müəllimin sözlərinə görə,
İsmayıllı, Qobustan, Şamaxı rayonlarındakı
meşə zolaqları da daxil olmaqla təşkil olunacaq Milli
park bu rayonun da təbii ehtiyatlarının qorunmasına öz
töhfəsini verəcək.
Üzümçülüyə yaşıl
işıq...
İsmayıllı
yollarında
“Üzümçülüyü bərpa edək”
şüarına tez-tez rast gəlmək mümkündür. Bununla
əlaqədar ünvanladığımız sualı
cavablandıran Rövşən müəllim dedi ki, sovetlər
dönəminin son illərində Kürdəmir
üzümçülüyü, sözün həqiqi mənasında,
yerlə yeksan edildi. Bununla da əhali əsas gəlir mənbəyindən
məhrum oldu. “İndi bu sahəni dirçəltməklə
də camaatın rifahını
yaxşılaşdırmağa çalışırıq. Artıq
proqramın qəbulundan ötən dövr ərzində 700
hektara yaxın sahədə üzüm bağları
salınıb. Hazırda bu istiqamətdə işlər davam
etdirilir. Bir məsələni də qeyd edim ki, Tircan kəndində
fəaliyyət göstərən arıçılıq təsərrüfatı
da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
damazlıq təsərrüfat kimi təsdiq olunub”.
Kəndlərə qaz verilişi bərpa olunur
Hazırda rayonda
8022 qaz abonenti var. Rayonun 101 kəndi var ki, indiyədək
onlardan 15-i mavi yanacaqla təmin olunub. Bu ilin
mayında daha 10 kənd qazla təmin olunacaq. Onun sözlərinə görə, ötən il istifadəyə
verilmiş yeni 5 saylı qazpaylayıcı
stansiya kəndlərin
qazla təchiz olunmasına real şərait
yaradır. Qeyd edək ki, sovet dönəmində İsmayıllının 38 kəndi
qazlaşdırılmışdı.
Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, qaz təminatı
ilə əlaqədar
bir çox kəndlərdə təmir-bərpa
işləri görülsə
də, əksər yerlərdə qazın təzyiqi aşağıdır.
Babək Əsgər,
Qvami Məhəbbətoğlu
Zaman.-2009.-7-9 fevral.-S.10.