Marqaret Tetçer - 1925

 

O vaxt Avropada və dünyanın əksər ölkələrində zərərlə işləyən şirkətlər Tetçerin islahatlarına müəyyən qədər şübhə ilə yanaşırdılar. Lakin Tetçerin dövlətin nəzarəti altında olan şirkətləri özəlləşdirmə siyasətinin uğur gətirməsini görəndən sonra onlar da analoji təcrübədən istifadə etməyə başladılar. 50-dən artıq ölkə Tetçerin adıçəkilən sahədəki islahatlarından və bununla bağlı əldə edilən təcrübədən istifadə edərək iqtisadi tərəqqi yoluna qədəm qoydular. Tetçerin İngiltərədə keçirdiyi islahatlar tanınmış iqtisadçı,  “Ölkələrin zənginliyi” (“The  Vealth of Nations”) kitabının müəllifi olan Adam Smit və iqtisadi inkişaf üçün Keynesianizm modelini təklif edərək böyük şöhrət qazanan J.M. Keynesin qazandıqları uğurları belə kölgədə qoydu. Amma Tetçer, sadəcə olaraq, mahir bir iqtisadi islahatlar ustası deyildi, həm də bacarıqlı siyasi strateq, savaş ustası idi.

 

Gözlərini belə qırpmadan savaşa girdi

 

Ötən əsrin 80-ci illərinin əvvəllərində İngiltərədən minlərlə kilometr uzaqda olan Argentinada hərbi xunta hakimiyyətdə idi. Ölkədə baş verən iqtisadi böhran Argentinanın hərbi rəhbərliyini vəziyyətdən çıxış yolu axtarmağa məcbur etdi.  Bunun üçün onlar hədəf də tapdılar. Bu, 19-cu yüzilliyin əvvəllərindən bəri İngiltərə tərəfindən işğal edilən və ölkənin sahil sularında yerləşən Folklend (Malvin) adalarının geri alınması idi. Hərəkətə keçən Argentina hərbi qüvvələri qısa sürən döyüşlərdən sonra adanı ingilislərdən təmizləyərək Malvin üzərində nəzarəti bərpa etdilər. Bu, İkinci Dünya müharibəsindən sonra İngiltərənin nəzarəti altında olan keçmiş müstəmləkə ərazisinə qarşı edilən ilk hərbi hücum idi. Həmin dövrdə İngiltərə iqtisadi islahatların birinci mərhələsində idi və bu, ölkədəki maddi vəziyyəti daha da ağırlaşdırmışdı. Argentinanın Folklend (Malvin) adaları üzərində nəzarəti bərpa etməsi və bu məqsədlə ingilislərlə savaşa girməsi Tetçerin də xeyrinə işləyən fakt oldu. Hamı Tetçerin bu məsələdə qətiyyətsiz hərəkət edəcəyini və adanın yenidən İngiltərənin nəzarəti altına qaytarılması üçün hərbi savaşa girməyəcəyini düşünürdü. Lakin Tetçer dərhal İngiltərə hərbi dəniz və hərbi hava qüvvələrini hərəkətə gətirdi. O, hərbçilərlə görüşündə adanın yenidən ələ keçirilməsi barədə onların qarşısında vəzifə qoydu. Lakin o, ada üzərində yenidən nəzarəti həyata keçirmək üçün sərbəst şəkildə qərarların qəbul edilməsini hərbçilərin özlərinə həvalə etdi. Folklend uğrunda gedən döyüşlərdə İngiltərə İkinci Dünya müharibəsindən sonra ən böyük itkilərini verdi. Baş verən itkilər isə Tetçeri çox məyus etmişdi. O bununla bağlı narazılığını bildirəndə generallar: “Hörmətli baş nazir, əgər bizim daha az itki verməyimizi istəyirsinizsə, onda bizə daha çox təyyarə və hərbi gəmi verin”,   - demişdilər. Yəni hərbçilər bununla da Tetçerə hərbi xərclərin artırılmasının vacibliyini bildirmişdilər. Amma  böyük itkilər hesabına da olsa, ingilislər ada üzərində nəzarəti ələ keçirə və oradan Argentina əsgərlərini sıxışdırıb çıxara bildilər. Bunun ardınca dənizdə digər hərbi qələbələr də qazanıldı və Argentina sülh anlaşması imzalamaq üçün İngiltərəyə müraciət etmək məcburiyyətində qaldı. Bu müharibədə əldə edilən böyük uğur Tetçerin dünyadakı şöhrətini daha da artırdı. Baş nazirin cəsarətli qərarlar qəbul etməsi Avropada və dünyanın hər yerində rəğbətlə qarşılanırdı. Tetçer həm də o dövrdə Avropadakı qadın siyasətçilər üçün bir modelə çevrilmişdi. Folklend adalarının geri qaytarılması uğrunda gedən savaşlarda İngiltərənin qələbə çalması və bu zəfərdə Tetçerin adının hallandırılması ona növbəti seçkilərdə də qələbə çalmaq imkanı verdi.

 

Amerikanı da o idarə edirdi

 

Marqaretin iqtisadi, siyasi və hərbi uğurlarına heyran qalan kişi siyasətçilər o dövrdə kifayət qədər idi. Onlardan biri də Tetçerdən 18 ay sonra ABŞ-da prezident seçilən Ronald Reyqan idi. O, Tetçerdən nümunə götürərək onun yolu ilə getməyə başladı. Reyqan da prezident seçiləndə ABŞ-da iqtisadi sahədə bir durğunluq yaşanırdı. Ona görə də ölkə iqtisadiyyatını inkişaf etdirmək və iqtisadi durğunluğu aradan qaldırmaq məqsədi ilə Reyqan Tetçerin təcrübəsindən istifadə etdi. O, özəlləşdirmə və sərbəst bazar iqtisadiyyatının daha azad şəkildə inkişaf etdirilməsi üçün İngiltərə təcrübəsi əsasında bəzi islahatlar həyata keçirdi. Reyqan eyni zamanda bu sahədə Tetçerlə tez-tez məsləhətləşir və onun verdiyi tövsiyələrə can-başla əməl edirdi. Amma Tetçerlə Ronald Reyqanı yalnız iqtsadi sahədə olan işbirliyi birləşdirmirdi. Onların hər ikisini bir-birilərinə daha sıx yaxınlaşdıran bir mühüm amil vardı: SSRİ-yə qarşı barışmaz düşmənçilik. Qərbdə şeytan imperatorluğu adlanan SSRİ-yə qarşı aparılan mübarizədə Tetçer və Reyqanın birgə hərəkət etmələri və bununla bağlı qüvvələrini birləşdirmələri isə SSRİ-nin sonunu yaxınlaşdırdı.

 

Tetçer “Dəmir Ledi” olur

 

Həmin illərdə qazandığı uğurlar onun “Dəmir Ledi” adlanması ilə nəitcələndi. Amma nə qədər qəribə olsa da Tetçerə “Dəmir Ledi” ləqəbini onu sevənlər deyil, düşməni olan SSRİ verdi. Tetçer həmin dövrdə ruslar haqqında belə demişdi: “Ruslar dünyaya hakim olmaq və tarixdə ən məşhur dövlət kimi qalmaq istəyirlər. İctimaiyyətin bu barədə nə düşündüyü və əhalinin necə yaşadığı onları maraqlandırmır. Onlar üçün silahlar kərə yağından əvvəl gəlir. Bizim üçünsə, əksinə, öncə insanların maddi vəziyyəti gəlir”. Tetçerin bu sözlərinə cavab olaraq, “Krasnaya Zvezda” (“Qızıl ulduz”) qəzeti onu təhqiramz şəkildə “Dəmir Ledi” adlandıraraq, baş nazirin ünvanına ağlasığmaz təhqirlər yağdırdı. Moskva radiosu adıçəkilən qəzetin Tetçerə yapışdırdığı bu “təhqiramiz” ləqəb barədə bütün dünyaya məlumat yaydı. Lakin ruslar tərəfindən ünvanına deyilən bu “təhqiramiz” ifadə Tetçerin xoşuna gəldi və o, qürurla ona verilən bu ləqəbi daşımağa başladı. Amma Tetçerin rəhbərliyi dövründə İngiltərə də sürətlə silahlanmağa başlamışdı.

 

“SSRİ nə qədər tez dağılsa...”

 

İngiltərə və ABŞ-ın ötən əsrin sonunda SSRİ-nin dağılması üçün birgə qəti addımlar atması şər imperiyasının çökməsi prosesinə yeni bir sürət verdi. Tetçer Reyqana bildirmişdi ki, silahlanmaya nə qədər çox pul ayırsalar, o qədər də SSRİ-nin iqtisadi yöndən çökməsini sürətləndirmiş olacaqlar. O, Reyqana: “SSRİ nə qədər tez dağılsa, o qədər də bütün dünya üçün yaxşı olacaq”,- demişdi. Reyqan və Tetçer  bununla kifayətlənməyərək SSRİ-nin o dövrdəki rəhbəri Mixail Qorbaçova təsir edərək, onu Qərbdəki kimi iqtisadi sahədə islahatlar keçirməyə sövq etdilər və bu yolda sona kimi getməsini məsləhət gördülər. Tetçer Qorbaçova: “Biz birgə işləyə və fəaliyyət göstərə bilərik”,-deyərək ona iqtisadi islahatlardan geri çəkilməməyi məsləhət görmüşdü. Dəmir Ledi SSRİ-yə qarşı digər bir cəbhəni ABŞ-la birlikdə Əfqanıstanda açdı. Əfqanıstanı işğal edən ruslara qarşı döyüşmək üçün əfqan mücahidlərinə təlimlər keçən və onlara silah və maliyyə yardımı göstərən Tetçer sonda istəyinə nail oldu. SSRİ Əfqanıstanda böyük itkilər verərək oranı tərk etmək məcburiyyəti qarşısında qaldı. Bu proses imperiyanın çökməsini daha da sürətləndirdi.

 

Honkonqdan Körfəz savaşına

kimi hər yerdə öndə idi

 

Baş nazirliyi dövründə xarici siyasətini “üzərində günəş batmayan imperatorluq” çərçivəsində həyata keçirdi. Beynəlxalq səviyyədə harada bir hadisə baş verirdisə, orada ölkəsinin maraqlarını önə çıxarırdı. Tetçer 1984-cü ildə Çinə səfəri zamanı bu ölkə rəsmiləri ilə müəyyən şərtlərlə ölkəsinin müstəmləkəsi olan Honkonqun Çinə qaytarılması üçün anlaşma imzaladı. Bu anlaşmaya əsasən, 1997-ci il, iyun ayının1-dən Honkonq Çinə verildi. Lakin  bu ərazidə 50 il daha liberal iqtisadi rejim davam edəcək. 1990-cı ildə Səddam Küveyti işğal edərkən Tetçer ingilis hərbi-dəniz qüvvələrini bölgəyə göndərdi. Eyni zamanda o, Vaşinqtona ABŞ hərbi qüvvələrinin İraqa qarşı hərbi əməliyyata başlaması üçün təzyiqlər göstərdi. Nəticədə, ABŞ və İngiltərənin birgə hərbi əməliyyatları ilə Səddam Küveytdən qovuldu və İraq ərazisinin bir hissəsi adıçəkilən ölkələrin hərbi qüvvələrinin nəzarəti altına keçdi.

 

Avropa Birliyini heç sevmədi

 

Tetçer heç vaxt Avropa Birliyini sevmədi. O, 1979-cu ildə bu birlik  haqqında demişdi ki, bizim ona verdiklərimiz aldıqlarımızdan daha çoxdur. Ona görə də Tetçer AB-dən ölkəsinə dəyən zərərin ödənilməsini tələb etdi və buna nail oldu. O, AB-nin iqtisadi birlikdən siyasi birliyə çevrilməsinin də əleyhinə idi. AB-nin fəaliyyətinin iqtisadi yöndən mövcud sərhədlər daxilində qalmasını istəyirdi  və uzaqgörən siyasətçi kimi AB-nin vahid mərkəzdən idarə edilməsinin, onun vahid dövlətə çevrliməsinin əleyhinə çıxırdı. Tetçer: “İngiltərəni AB qanunlarına tabe edilməsi, AB-nin vahid mərkəzi tərəfindən idarə edilməsi üçün qurmadıq”,- demişdi. Tetçer AB-də vahid pulun - avronun da tətbiqinin əleyhinə çıxdı. Bu gün də Tetçerin müəyyən etdiyi bu siyasətə uyğun olaraq, İngiltərədə AB-də vahid valyuta olan avro deyil, milli pul vahidi sterlinq işlədilir. Hakimiyyətdən getdikdən sonra - 2002-ci ildə o, “Dövlətin idarəedilməsinin strategiyası” adlı kitab yazdı. O, bu kitabda göstərirdi ki, lazım gələcəyi halda, İngiltərə AB-dən çıxmalı və Şimali Amerika ölkələri ilə sərbəst ticarət anlaşmasını imzalayaraq, onlarla (ABŞ, Kanada) birgə hərəkət etməlidir.

 

Seçkilərdə uduzmadığı

halda vəzifədən getdi

 

Bu dünyada hər şeyin bir sonu olur və bu yazılmamış qanunlar Tetçerdən də yan keçmədi. Amma o, seçkilərdə məğlub olmadı. Əksinə, üç dəfə dalbadal seçkilərdə qalib gələrək Mühafizəkarlar Partiyası tarixində bunu bacaran ən parlaq simalardan biri olmuşdu. Lakin Tetçerə də zərbə partiya daxilindən gəldi. Onun Avropanın birləşməsi ideyasına qarşı çıxması və AB-yə olduqca mənfi münasibət bildirməsi partiya daxilində Tetçerdən narazılığın yaranmasına səbəb olmuşdu. Bu narazılıq partiya daxilində Tetçerin ən yaxın silahdaşı hesab edilən Cefri Hovenin (Geofrey Hove) baş nazirin birinci müavini vəzifəsindən istefa verməsinə gətirib çıxardı. Bunun ardınca partiya daxilində keçirilən seçkilərdə o, rəqibinə məğlub oldu. Bunu həzm edə bilməyənTetçer partiya daxilindəki silahdaşlarına etiraz əlaməti kimi baş nazir vəzifəsindən də istefa verdi. Halbuki buna əsas yox idi. Lakin Tetçer istefasını partiya daxilindəki nizam-intizama əməl etməsi ilə əlaqələndirdi. Lakin Dəmir Ledi baş nazir postundan və paritya rəhbəri vəzifəsindən getsə də öz işini görmüş və SSRİ-nin dağılması barədəki niyyətini həyata keçirmişdi. Ona görə də onun adı tarixə SSRİ-nin məhvinin əsaslarını qoyan bir dövlət başçısı kimi düşüb.

 

 

Zaman.-2009.-7-9 fevral.-S.11.