Musa Yaqub: “İnsan etdiklərinə
görə əvəz gözləməyəndə, təmənnasız
yaşayanda xoşbəxt olur”
Bəlkə də borcundan
çıxmadım, Vətən,
Ömür bahar deyil - bir də
qayıtsın.
Ölsəm də qoynunda
qoy ölüm ki, mən,
Çürüyüm,
bir ovuc torpağın artsın!
Musa Yaqub
O, çağdaş
poeziyamızın ustadlarındandır. Onun qələmindən
çıxan misralar arı pətəyindən süzülən
bal kimi şirin, ətirli və ürəyəyatımlıdır.
Çünki Musa Yaqub poeziyası səmimiyyətlə
yoğrulub, təbiətin nəfəsindən güc alıb,
boy atdığı torpaqdan pöhrələnib,
xalqının dərd-sərindən qidalanıb. O
şeirlər pafosdan uzaq, hər bir insanın qəlbini
ovudacaq sakit yaşantılardır. Onun əsərlərində
Haqqa sevgi, gələcəyə ümid və insanı təmizliyə,
ilkinliyə, saflaşmağa sövq edən notlar güclüdür.
Buna görə də Musa Yaqubun şeirləri
dillər əzbəridir.
O, yaradıcılığı ilə
şəxsiyyəti eyniyyət, bütövlük təşkil
edən nadir sənətkarlardandır. Onu xalqa
sevdirən amillərdən biri də budur.
Musa Yaqub xoşbəxt şairdir. Çünki onun əsərləri xalqın
yaddaşında, ruhunda daim yaşayacaq.
Beləliklə,
redaksiyamızın növbəti şənbə
qonağı ustad şairimiz, gözəl insan Musa Yaqubdur.
- Musa müəllim, insan hansı
yaşda olsa, hansı vəzifəni tutsa, tez-tez
uşaqlığına qayıdır. Çünki
uşaqlıq ömrün təməl, təmizlik
çağıdır. İnsanın gələcək
həyat yolu da çox zaman onun uşaqlığının
necə keçməsindən asılı olur. Sizin
uşaqlıq illəriniz necə keçib?
- Mən
İsmayıllının Buynuz kəndində dünyaya gəlmişəm.
Uşaqlığım alman faşizminə
qarşı müharibə dövrünə düşüb.
Aclıq dövrü idi o illər. Doqquz yaşım olanda atam dünyasını dəyişdi.
Evin böyük kişisi mən oldum. On yaşım olanda başladım kolxozda işləməyə.
Xış çəkən öküzlərin
boynunda otururdum. Ağır, əzablı iş idi. Ən böyük arzum xışın dəstəyindən
tutanlardan biri olmaq idi. Günlər də
olub ki, şaxtada, qarda bir tağar dən belimdə,
ayaqyalın qonşu kəndin dəyirmana getmişəm.
Dəni üyütdükdən sonra da unu
kürəyimə alıb, evimizə qayıtmışam.
Sözün qısası, belə ağır
günlərim çox olub.
İbtidai məktəbi
kəndimizdə bitirmişəm. O məktəb, oradakı müəllimlər
mənim üçün həmişə əziz və
unudulmazdır. Sonra üç il qonşu
Topçu kəndində oxumuşam. Dəhşətli
illər olsa da, o dövrün ən böyük bir işi
vardı - ümid. Xalqı ümid
yaşadırdı. Aclıq illərində
hamı bir-birinə əl tuturdu. Birinin
gözü o birinin süfrəsində deyildi. Çünki insan yoxsul olanda fikir, duyğu və mərhəmət
baxımından daha dövlətli olur. “Un
işığı” adlı poemamda həmin illərin
ağırlığı ilə yanaşı, insanlar
arasındakı birlik duyğusunu oxuculara
çatdırmağa çalışmışam.
Yeddillik məktəbi
bitirdikdən sonra Göyçay Pedaqoji Məktəbinə
getdim. Orada dörd il təhsil
aldıqdan sonra yenidən rayonumuza qayıtdım və Tircan kəndinə
sinif müəllimi göndərildim. Sonralar 17 il
öz kəndimizdə müəllim və məktəb
direktoru işlədim.
“Ən böyük əzabım ilk poemam çap
olunandan sonra başladı”
- Bəs necə oldu ki,
şeir yazmağa başladınız?
- Heç, düzü, bilmədim
bu şairlik sevdası haradan gəldi başıma. Ancaq o yadımdadır ki, Topçuda oxuyanda yeddinci
sinifdə Sabir adlı bir oğlan Stalinə, partiyaya şeirlər
yazırdı. Onda mən şairlik nə
olan şeydi bilmirdim. Ancaq o çağlarda, nədənsə, ürəyimdə
qəribə hisslər baş qaldırırdı.
Başladım ədəbiyyatdan keçdiyimiz mövzulara
uyğun şeirlər yazmağa. Sonra xırda məqalələr
yazıb, “Azərbaycan pioneri” qəzetinə göndərməyə
başladım. Çox vaxt o
yazıları dərc eləmir, mənə məktub
yazırdılar. O məktublar özü də məni
çox sevindirirdi...
Mən
doğma kəndimdə müəllim işləyə-işləyə
şeirlər də yazırdım. 1959-cu ilin martında “Azərbaycan gəncləri”
qəzetinin dörd sayında “ İki qəlb,
iki dünya” adlı poemam çap olundu. İlk
dəfə idi ki, respublika mətbuatında şeirim çap
olunmadan, poemamı çap etmişdilər. Bu mənə böyük sevinc gətirdi. Ancaq sənət yolunda ən ağır əzab və
həyəcanlarım ondan sonra başladı.
Çünki çap edilən poema bir az
ritorik və pafoslu əsər idi. Altmışıncı
illər poeziyasının tələbləri isə başqa
idi. Təxminən ikiillik
yaradıcılıq axtarışlarım, əzablarım məni
yeni poeziya yoluna çıxardı. Digər tərəfdən,
artıq mən üzümü təbiətə tutmuşdum
və belə demək olarsa, təbiət mənə necə
yazmağı öyrətdi.
- Musa müəllim, eşitmişik
ki, gözəl şairimiz Məmməd Arazla yaxın
münasibətləriniz olub. İndi Məmməd
Araz üçün darıxmırsınız ki?
- Məmməd
Arazla əvvəlcə Bakıda
görüşmüşdük. Sonra Məmməd
Buynuza gəlib-gedirdi. O, “Ulduz” jurnalında məsul katib
işləyəndə mən o redaksiyaya “Mənim tərcümanım
siz olun, dağlar” adlı şeir göndərmişdim. Onu da deyim ki, onda hərə çap və tərcümə
olunmaq üçün bir arxa, vasitə tapırdı. Mən isə kənddə yaşayırdım.
Buna görə də mən o şeiri
dağlara müraciətlə yazmışdım ki, mənim
arxam, dayağım siz olun. Elə həmin
şeirdən təsirlənərək Məmməd Araz da mənə
“Dağlara çağırış” adlı şeir ithaf eləmişdi.
Məmməd də kənd adamı idi, həmişə
kəndə qayıtmaq arzusu ilə yaşayırdı. Buna görə də o şeirdə mənə
müraciətlə yazmışdı ki, mənim də arzumu
sən yaşat, ən böyük şöhrəti də elə
dağların qoynunda axtar. Həqiqətən də elə
imiş... Allah Məmməd Araza rəhmət eləsin.
Onu bir şair, bir dost kimi heç vaxt unuda bilmərəm.
- Siz uzun illər rayonda
yaşamısınız. Söz adamı rayonda
darıxmır ki?
- O sualı mənə
çox verirlər. Həmin anda
yazıçı Süleyman Rəhimovun bir sözünü
xatırlayıram. Bir dəfə
Süleyman müəllim qəzetə müsahibəsində
bildirmişdi ki, əgər söz adamı daim ədəbiyyat
ab-havası ilə, şeirlə yaşayırsa, rayonda da
heç vaxt darıxmaz. Ona görə də
mən də kənddə darıxmırdım. Ancaq şeir çap etdirmək, gəlib-getmək, əlaqə
yaratmaq çətinliyi vardı. Birinci və
ikinci kitabım çap olunanda da mən kənddə
yaşayırdım.
“Vallah, rayonda məni
çox istəyiblər”
- Musa müəllim yazır
ki, “həmişə adıma növbə çatanda, bir
söz eşitmişəm: “...və başqaları”. Amma Musa Yaqub məktəb direktoru da olub, qəzet
redaktoru da, millət vəkili də. Sizcə,
bu fikirlərdə təzad yoxdur ki?
- Mən heç vaxt nə ədəbiyyatda,
nə də həyatda inadkar, birinci olmaq fikrinə
düşmüşəm. Millət vəkili
olmaq da ağlıma gəlməyib. Lakin o mübarizə
illərində həm kənddə, həm də rayonda bir
ağsaqqal kimi millətin qarşısında danışqan,
söz deyən adam olmuşam. Vallah, rayonda məni çox istəyiblər. Elə o mənada dedilər ki, millət vəkilliyinə
sənin namizədliyini irəli sürəcəyik.
- Ötən yanvar ayı
yaddaşımızda Fələstin ağrıları ilə
yaşayacaq. Çünki Fələstində
törədilən qırğınlar çox dəhşətli
idi. O günləri siz necə yaşadınız?
- Zaman o qədər qəddardır
ki, insanı yavaş-yavaş nəyəsə öyrədir. Fələstin faciəsinə görə, həqiqətən,
mən böyük ağrılar yaşamışam. Amma məni həm də o göynədir ki, axı,
heç olmasa, fələstinlilər birləşsinlər,
bir olsunlar da. Çünki birlik xalqa
çox şey verir.
- Dostlarınız kimlərdir?
Kimlərlə oturub-durursunuz?
- Mən kənddə
yaşayanda çoxlu dostlarım olub. Bəziləri
artıq rəhmətə gedib. Qalanlarının
çoxu ilə yenə də dostluq edirəm. Çoxlu yazıçı, şair dostlarım da
var. Onlarla da oturub-dururam. Amma bir şey var ey:
Biz əvvəl həsrəti
necə bilmişik-
Kimi səsləyirsən
gəlmir haraya.
Araz həsrətini keçə
bilmişik,
İndi başqa Araz
düşüb araya...
Dediyim odur ki, indi dost
arasından, qohum-qardaş arasından, kənd arasından,
şəhər arasından, partiya arasından yeni Araz axıb
gedir. Bu isə insani münasibətləri pozur.
Buna görə də adam qalır ki, bu nə
işdi görəsən? İndi də hərdən
İsmayıllıya gedirəm. Düzdür,
dost-tanış yenə yığılır başıma,
amma baxırsan ki, bəziləri əvvəlki kimi deyil. Bu da adamın ürəyinə təsir edir. Mən o adamların baxışına borclu deyiləm.
Mən heç vaxt vəzifəyə, can
atmamışam. Mən həmişə ona can
atmışam ki, vətəndaş olaq, bir olaq.
“Daşlar mənim üçün taledi,
ömürdü”
- Sizin daşla bağlı
iki məşhur şeiriniz var - “Bu dünyanın qara
daşı göyərməz” və “İlahi, mən bu
daşı götürüm, götürməyim?” Sizin
daşla bu qədər nə alış-verişiniz var
axı?
- Doğrusu, mən bilmirəm,
niyə haranı qurdalayıram, orada daşa rast gəlirəm.
Bəlkə, ona görə ki, daşı bir
varlıq kimi çox sevirəm. İllah
da ki çaylaqdakı, qayadakı ildırım vurub xına
qoyan daşları. Çünki o
daşlar mənim üçün taledi, ömürdü.
Sizə bir söhbət də
danışım. Əvvəllər mən
Əhmədlidə yaşamışam. Orada
daşdan əhəng bişirən bir soba vardı. O
sobada daşlar yananda, ilahi, necə əzab çəkirdilər.
Mən o daşların yanmasına böyük
ağrı ilə baxırdım. Daş da
yanarmış...
- Musa müəllim, qələm
əhli, nədənsə, həmişə unudulmaq qorxusu ilə
yaşayıb. Siz bu hissi
yaşamırsınız ki?
- Mənim fikrimcə, insan iddiasız və
təmənnasız yaşayanda xoşbəxt olur. Yəni, gərək, etdiyin yaxşılığa
görə təmənna gözləməyəsən. Mən özümü elə tərbiyə etmişəm
ki, heç vaxt etdiklərimə görə əvəz
gözləməmişəm. Heç nədə
iddiam olmadığına görə də unudulmaqdan qorxmuram.
Unudularam, unudulmaram, onu el bilər.
- Həyatınızda cəmiyyətlə
bağlı heç unuda bilmədiyiniz hadisələr olubmu?
- Çox olub. Bu ondan
doğub ki, mən çox sadəlövh, hər şeyə
tez inanan adam olmuşam. Mən
hər şeydə səmimiyyət, inam axtarmışam.
Təəssüf ki, bu düşüncədə
olmağım çox vaxt mənə baha başa gəlib.
Mən o vaxtlar nə Stalinə, nə də
Kommunist Partiyasına, nə ona, nə buna şeir
yazmışam. Daha doğrusu, yaza bilməmişəm.
Onu da deyim ki, heç deyən də olmayıb
ki, onu yazma, bunu yaz.
- O zamankı həsrətlə,
bu zamankı vüsal necədir?
- Doğrusu, qələm əhlinə
sovetin qayğısı daha böyük idi. İndi
azadlıqdır. Nə istəsən
yazırsan, çap etdirirsən, ancaq qayğı yoxdur.
Bu saat bizdə yazıçı-şair əməyi
qədər ucuz heç nə yoxdur.
“Özüm üçün qurduğum o aura ilə mən
çox xoşbəxt oluram”
- Sizin şeirlərinizi
oxuyanda sözdən başqa, onun özü ilə
daşıdığı nəyisə hiss edirsən. Bu şeirlər adama təkcə söz kimi deyil, ruh
kimi gəlib çatır. Siz təbiətə
ruhən qovuşa bilirsinizmi?
- Açıb demək
çətindir ki, mən daşdan, yaxud ağacdan yazanda təbiətə
qovuşuram. Amma mən həmin anda, həqiqətən,
ağaca ağac kimi, daşa daş kimi baxmıram. Yəni onlar elə bil ki, mənim
tay-tuşlarımdı, mənim
ömür-günümdü, ömrün yollarını
onlarla birgə gedirik. Onu da deyim ki, Azərbaycan
dili qədər mənimçün zəngin dil yoxdur. Niyə? Ona görə ki, hər
şeyi necə fikirləşirəmsə, bu dildə rahat
ifadə edə bilirəm. Yəni dilim
imkan verir ki, kövrəkliklə o daşı, o ağacı
danışdırıb, oxucuya hissimi, duyğularımı
çatdıra bilim. Mən öz dilimə
minnətdaram.
- Bəs poetik məqamları
yaşayıb, yenidən cəmiyyətə qayıdıb təzadlarla
üzləşmək daxilən sizi ağrıtmır ki?
- Bu sual mənə çox
doğmadır. Doğrudan da, o auranı mən özüm üçün yarada bilirəm.
Onda mən heç nəyi görmürəm- nə dost vəfasızlığını,
nə həyatdakı eybəcərlikləri, nədə ailəni.
Özüm üçün qurduğum o aura ilə
mən çox xoşbəxt oluram. Elə
ki, şeirimi yazıb qurtarıram, o aura dağılır, belə
demək olarsa, o xoşbəxt anlarım da bitir, yenə
qayıdıram qayğılı həyata.
-
Sizcə, sözün də bazara
çıxarılması normal haldırmı?
- Çox qəribədir ki,
mən əvvəlcədən bu mövzunu yazmışam.
“Hadinin şeir bazarı” adlı bir şeirim var. Orada
yazmışdım ki, adam da şeir
satarmı? Belə də iş olarmı? Sən
demə, 7-8 ildən sonra bu bizə də qismət
olacaqmış. Amma mənim fikrimcə, mənəviyyatı
bazara çıxarmaq olmaz. Çünki mənəviyyat
böyük şeydir. Onun cəmiyyətə
gətirdiyi gəlir ölçüyəgəlməzdir.
- Əvvəl budaq-budaq suda
uyuyan,
Sonra çarxı
dönüb, arxı quruyan
Bir yağışa həsrət
söyüdlər kimi
Eləmədiklərim
yandırar məni.
Özümə verdiyim
öyüdlər kimi
Eləmədiklərim
yandırar məni.
Musa müəllim,
hansı hadisələr, hansı olmuşlar yandırıb
sizi? Bu nəyin peşmançılığıdı?
- Yox, daha ömrümdə
açılmaz o yaz,
Bir qanadım
yorğun, birisi pərvaz.
Elədiklərimdən yaxam
qurtarmaz,
Elmədiklərim
yandırar məni.
Bağışla,
daha o barədə heç bir izahat verməyəcəyəm.
“Mənim ruhum daim Uca Yaradanla
bağlıdır.”
- “Bu dünyanın qara
daşı göyərməz” kitabınızın
arxasında belə bir bənd var:
Dünyanın zəmisi
heç imiş demə,
Dünyanın gəmisi
köç imiş demə,
Heçimi,
köçümü indi bilmişəm
İndi bilməyim
də gec imiş demə.
Bu şeirinizdə
də, “Ilahi, mən bu daşı götürüm,
götürməyim?” adlı şeirinizdə də oxucunun
üzərinə güclü dini ovqatla, cənnət-cəhənnəm
qorxusu ilə, inanclarla gəlmisiniz. Bilmək istəyirik
ki, Musa Yaqub Allahına nə qədər bağlıdır?
Yaradanını nə qədər sevir?
- Bilirsiniz, mən sırf
Allahsevənəm. Mənim ruhum daim Uca Yaradanla
bağlıdır. Ürəyimdə həmişə
belə inam olub ki, haradansa, məni idarə edən var, mənə
ruh göndərir, söz göndərir və mən o
sözü yazıram. “Saxlamışıq”
adlı bir şeirim var. İnanın, mən o şeiri tamamilə
yuxuda yazmışam. ...Gördüm ki, ağ
atın belində gedirəm... Bu misralar axdı ürəyimə:
Qaçarı atları biz
Yollara
saxlamışıq.
Uçarı
durnamızı
Çöllərə
saxlamışıq.
Adamlar yıxhayıxda,
Canımız
çıxhaçıxda,
Ruhumuz alabaxta
Çöllərə
saxlamışıq.
Könlümün
mahnısı döz,
Sussa da gecə-gündüz,
Qəfəsdə
bülbülümüz
Güllərə
saxlamışıq.
Allahdan paydı gələn,
Bu payı kimdi
bölən?!
Bölgünü haqqı
bilən
Əllərə saxlamışıq və
sair.
Həmişə
fikirləşirəm ki, haqq-ədalət nə vaxt gələcək
və o payı bərabər böləcək?
- Ad gününüzü
keçirirsinizmi?
- Keçən il, o biri il keçirdim. Uşaqlar,
dostlar yığışdılar Buynuza. Çox adam gəldi. Çoxlarını
da dəvət etməmişdim.
-
Dolanışığınız necədir?
- Nəyim varsa, ona qaneyəm.
Qismətimlə dolanıram. Mən həm də Söz Azadlığının
Müdafiə Fondunda işləyirəm. Oradan
da məvacib alıram. Oğlum Şəhriyar
da Fövqəladə Hallar Nazirliyində baş
hüquqşünas işləyir.
- Ailədə neçə
nəfərsiniz?
- Bir oğlum, iki
qızım, altı nəvəm var. İki qız nəvəm,
dörd oğul nəvəm.
- Musa müəllim, xoşbəxt
ailənin, sizcə, təməli nədir?
- Xoşbəxt ailənin təməli
odur ki, hər
dəqiqəbaşı nəsihət verməyəsən. Ərlə arvadın bir baxışında min qanun
yatır. Qarşılıqlı hörmət-izzət
olan ailənin təməli həmişə möhkəm olar.
Şükür Allaha ki ailə tərəfdən
özümü xoşbəxt hiss edirəm.
- Sizcə, möhkəm cəmiyyətin
təməli nədir?
- Hər vətəndaşını
xoşbəxt insan eləmək. Ona əsl vətəndaş
kimi qayğı göstərmək.
- Bəs xoşbəxt
dövlətin rəmzi nədir?
- Əgər
dövlət öz vətəndaşını xoşbəxt
edə bilirsə, onu sevirsə, o dövlətin təməli
sağlamdır.
- Bəs xoşbəxt bir
liderin rəmzi nədir?
- İndiyədək
dediklərimi yerinə yetirən, daim xalqını
düşünən, millətin ağsaqqallarına, alimlərinə,
loğmanlarına qulaq asan.
“Biz çətin gündə
Türkiyədən, Təbrizdən başqa
üzümüzü hara tuta bilərik ki?”
- Azərbaycandan
Türkiyə sizin üçün necə görünür?
- Türkiyə ilə
bağlı böyük həsrətlərimiz olub. Mən yeniyetmə və cavan çağlarımda
yaylağa özümlə radio aparırdım ki, orada
türk şərqilərinə qulaq asım. Onda mən özümü çox xoşbəxt
sayırdım. Fikirləşirdim ki,
görəsən, Türkiyəyə gedib, İstanbulda istədiyim
kimi gəzib-dolaşmaq mənə qismət olacaqmı. Bir də Təbriz üçün belə dəhşətli
həsrəti yaşamışıq. Şükür
Allaha ki, biz qovuşduq. Münasibətlər
başladı, bəzən aramızda hətta incikliklər də
oldu. Amma, mənim fikrimcə, ən
böyük arxa və dayağımız elə Türkiyədir.
Axı biz çətin gündə Türkiyədən,
Təbrizdən başqa üzümüzü hara tuta bilərik
ki?
- Sizcə, Azərbaycan əhalisinin
neçə faizi bu fikirdədir?
- Elə bilirəm ki, əksəri.
Bəzən özünü göstərmək
istəyən adamlar başqa cür fikir söyləyə bilərlər.
Bu günlərdə Türkiyənin Baş
naziri Rəcəb Rayyip Ərdoğanın Davosdakı
çıxışı ürəyimdən tikan
çıxardı, qəlbimi qürurla doldurdu. Əsl türk oğlu kimi hərəkət elədi.
Çox qürurlandım.
- Musa müəllim,
arzularınızın hamısı həyata keçibmi?
- Eh, bizdə hardaydı o bəxtəvərlik.
Elə bilirəm ki, əksər insanların ümidlərinin,
arzularının çoxu yarımçıq, yaralı
qalır...
- Musa müəllim, sizin məhəbbət
şeirlərinizi oxuyanda bəzən adam
başqa şeylər hiss edir. Heç evdə sizə deməyiblər
ki, bu nədir yazmısan, kimə yazmısan?
- Bizim əlimizdə
böyük vasitə, azadlıq var. Deyiblər ki, əlbəttə,
şair sözü yalandır. Yəqin ki, həmin
şeirlərin hamısının istinadgahı, söykənəcəyi
var. Qaldı ki, o şeirlərlə bağlı evdə elə
bir narahatlıq olmayıb. Bəlkə də,
içəridə giley olub, ancaq dilə gətirib, üzə
vurmayıblar.
- Mənəvi dəyərlərimizdə,
ailə münasibətlərimizdə bir dağılma,
aşınma hiss etmirsiz ki?
- Bəzən şoumen
aparıcılar ekrana çıxıb xalqa nəsihət
verirlər. Belə olmaz. Telekanallar
o ixtiyarı onlara verməməlidirlər ki, hər yetən
xalqa əxlaq dərsi keçsin. Bu gün
mənəvi dəyərlərimizi saxlayan bir qüvvə
yoxdur. Onu da bazara salmışıq. Çünki şou qazanc gətirir. Amma min qazanc gətirirsə, milyon
abrımızı, adət-ənənəmizi, dəyərlərimizi,
əxlaqımızı aparır. Adət-ənənə
də qiymətdən düşəndə,
çaşqın bir həyat yaşanır.
- Ailədə ata-babalardan
qalma mühafizəkar qanunlar var. O qanunlar sizin ailədə də
yaşayırmı?
- Mən o mühafizəkar
qanunları sevirəm. Hər birinin öz yeri
var. Meyvə budaqda bitir, yoxsa gövdədə?
Əlbəttə ki, budaqda.
Amma bütün budaqlar gövdə üzərində
dayanır. Ailə də belədir -
böyüyün öz yeri var, kiçiyin öz yeri.
- Evdə sizə necə
müraciət edirlər?
- Oğlum, qızlarım, nəvələrim
mənə dədə deyirlər, kürəkənlərim
isə Musa müəllim deyə çağırırlar.
- Ovçuluqla aranız necədir?
- Ova çox getmişəm.
Ancaq hələ ki qan tökməmişəm,
bir güllə də atmamışam.
- Musa
müəllim, gözəl şeirlərinizə və
söhbətə görə qəzetimizin əməkdaşları,
çoxsaylı oxucuları adından sizə təşəkkür
edir və cansağlığı arzulayırıq.
Səməd Məlikzadə.
Zaman.-2009.-7-9 fevral.- S.12-13.