“12 min 500 nəfər Ahıska türkü Gürcüstandakı
ata-baba yurdlarına qayıtmaq üçün
ərizə verib”
Ahıska türklərinin
“Vətən” cəmiyyətinin
Azərbaycan nümayəndəliyinin
rəhbəri İbrahim
Bürhanov deyir ki, indi soydaşlarımızın
Gürcüstan ərazisindəki
doğma yurdlarına qayıda bilmələri üçün əlverişli
şərait yaranıb.
Sadəcə, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. İbrahim Bürhanovun sözlərinə
görə, təmsil
olunduğu qurum bu problemi həll
etmək üçün
millət vəkili Qənirə Paşayevanın
dəstəyi ilə birgə marafona başlayacaq. Həmin
tədbirdən əldə
olunacaq vəsait Vətənə
qayıtmaq istəyən
Ahıska türklərinin
problemlərinin həllinə
sərf olunacaq.
- İbrahim bəy, Ahıska türklərinin dədə-baba torpaqlarından sürgünündən 65 il ötür. Bu illər ərzində bununla bağlı araşdırmalar aparılıbmı, yəni müəyyən edilibmi ki, ahıskalıların sürgün edilmələrində əsl məqsəd nə olub?
- 1944-cü ildə - İkinci Dünya müharibəsinin taleyinin
bəlli olduğu bir vaxtda sovet
rəhbərliyinin tapşırığı
ilə Gürcüstanla
Türkiyənin sərhəd
rayonları olan Ahıska, Adıgül, Aspinza, Bağdanovka, Axırkələk rayonlarının
224 kəndindən, hərbi
xidmətdə olanları
da nəzərə alsaq, 130 minə yaxın insanımız Orta Asiyaya sürgün edilib. Həmin dövrdə Stalin SSRİ
Dövlət Müdafiə
Şurasının sədri
idi və onun imzası ilə sürgün olunan insanların çoxu arxa cəbhədəki dinc yaşayan insanlar, yəni qocalar, əlillər və uşaqlar idilər. Apardığımız araşdırmalar
göstərir ki, həmin dövrdə sürgün edilənlərin
70 faizi uşaq olub. Sürgün zamanı yollarda 17 minə yaxın insan həlak olub. Sürgün edilənlərin bir hissəsi Orta Asiyaya, o cümlədən
Azərbaycana yerləşdirilib.
Həmin
əməliyyatla bağlı
sənədlərdə yazılırdı
ki, Gürcüstanın cənubundakı
sərhəd rayonlarını
möhkəmlətmək məqsədilə
həmin ərazidə
türk, kürd və xemşillər müvəqqəti olaraq başqa ərazilərə
köçürülməlidirlər.
Amma bilindiyi kimi, bu, müvəqqəti
köçürülmə olmadı və biz bunun əzabını
indi də çəkirik. Əslində
məqsəd başqa
idi. Belə ki, 1944-cü ildə
artıq sovet ordusu İkinci Dünya müharibəsində
qələbə çalmaq
üzrə idi və bir az
da iştahalanmışdı.
Stalinin niyyəti Gürcüstanın cənub
sərhədlərini Türkiyə
torpaqlarını zəbt
etmək yolu ilə bir az
da genişləndirmək
idi. “Xalqlar atası” düşünürdü
ki, əgər həmin ərazilərdə
sovet ordusu bir az irəliləsə,
orada yaşayan Ahıska türkləri onlara mane ola
bilər. Lakin Türkiyəyə hücum
etmək cəhdləri
Stalinə müyəssər
olmadı, çünki
türk ordusu sərhəddə möhkəm
dayanmışdı. Ahıska
türklərinin köçürülməsi
ilə bağlı digər bir ehtimal da var.
Belə ki, həmin dövrdə Qafqazdan türkləri çıxarmaq
və onların yerinə erməniləri və gürcüləri yerləşdirmək siyasəti
hökm sürürdü
və Ahıska türklərinin sürgün
edilməsi də bu prosesin davamı
hesab oluna bilər.
- Ahıska türkləri
dədə-baba torpaqlarını tərk edərkən özləri
ilə nələri apara biliblər?
- Həmin yerlərə
əsasən ermənilər və gürcülər
köçürülüblər. Ahıskalılar doğma
yurddan çıxarkən nələri olubsa, qoyub
çıxıblar. Onların cəmi 16 kiloqramlıq yük
götürmək hüquqları olub. Əhali də soyuqdan
donmamaq üçün ancaq qalın geyimlərini
götürüb. Ahıskalıların var-dövləti isə
ordudan tərxis olunmuş gürcü və erməni ailələrinə
paylanıb.
- İbrahim bəy,
hazırda ahıskalılar əsasən haralarda
yaşayırlar?
- Bu gün
ahıskalılar dünyanın 4600 nöqtəsinə səpələniblər.
Kiçik bir toplumu bu hala salmaq, onun mədəniyyətinə,
adət-ənənəsinə, varlığına təcavüz
etmək, yollarda 17 minə yaxın insanını qırmaq əsl
genosid deyilmi? Bunun başqa adı yoxdur. Dağlıq ərazilərdə
yaşayan insanları aparıb Özbəkistanda quru, susuz
düzənliyə töküblər və əhali çox
dəhşətli gün-güzəran yaşayıb. Bu
azmış kimi, həmin insanlara qarşı düz 12 il
komendant rejimi tətbiq olunub.
- Gürcüstan
parlamenti Ahıska türklərinin geriyə qayıtmaları
ilə bağlı qərar qəbul edəndən sonra nə
dəyişdi?
- Ahıska türkləri
1956-cı ildə komendant rejimindən azad olunandan sonra özlərinə
“Vətən” cəmiyyəti qurublar və gizli şəkildə
öz hüquqlarının müdafiəsinə
başlayıblar. Bu vaxtadək ahıskalılar 181 dəfə
Moskvaya nümayəndə göndəriblər və vətənlərini
tələb ediblər. Düzdür, Moskva qayıdışla
bağlı qərar çıxarırdı, ancaq yerlərdə
həmin sənədin icrasına qəti şəkildə
imkan vermirdi. Uzun illər sonra mübarizəmizin nəticəsi
oldu və 2007-ci ildə Gürcüstan parlamenti Ahıska
türklərinin geri qayıtmalarına imkan verən qərar
qəbul etdi. Bu qanunda bəzi çatışmazlıqlar var,
ancaq istənilən halda, parlamentin belə bir qərar qəbul
etməsi müsbət haldır.
Həmin qərar qəbul
edilənədək Ahıskaya bir ailə də olsa geri
qayıda bilməmişdi. İndiyədək isə 51 ailə
oraya qayıdıb. Biz onlarla mütəmadi
görüşür və lazım olan yardımları
edirik. Ancaq orada ümumilikdə 82 kənd tamamilə məhv
edilib. Həmin yaşayış məntəqələrini bərpa
etmək, orada yenidən məskunlaşmaq təkcə
Ahıska türklərinin istəyi ilə mümkün olan
iş deyil. Bunun üçün bütün dünya
türkləri maddi dəstək göstərməlidirlər.
Artıq 12 min 500 nəfər Ahıska türkü geri
qayıtmaq üçün cəmiyyətimizə müraciət
edib. Onların əksəriyyəti ailə
başçısıdır.
- Əvvəllər
Ahıska türkləri kütləvi şəkildə
Türkiyəyə köçürdülər. Bu proses indi
də davam edirmi?
- Hazırda Türkiyədə
50 min nəfərdən çox Ahıska türkü
yaşayır. Türkiyəyə axın 1999-cu ildə
güclənmişdi. Ancaq Gürcüstan parlamenti belə bir
qərar qəbul edəndən sonra bu axın azalıb. Bunun
isə əsas səbəbi insanların geriyə
qayıdacaqları ilə bağlı ümidlərinin daha da
artmasıdır. Hər bir Ahıska türkü geriyə
qayıtmaq arzusundadır və buna etiraz edən bir nəfər
də yoxdur. Amma hər şey Gürcüstan rəhbərliyinin
bu işə münasibətindən
və orada qurulacaq şəraitdən
asılıdır.
- Sürgündən sonra həmin ərazilərə, yəni Ahıskaya yerləşdirilmiş insanların ahıskalıların geri qayıtmalarına münasibəti necədir?
- Onlar bunu normal qarşılayırlar. Çünki o insanlar da bilirlər ki, həmin yerlər ahıskalıların dədə-baba torpaqlarıdır.
- İbrahim müəllim, bildiyimizə görə, yaxın vaxtlarda Ahıska türklərinin doğma ocağa qayıdışlarına kömək məqsədilə marafona başlayacaqsınız. Ümidiniz necədir?
- Biz “Vətən” cəmiyyəti olaraq, Ahıska türklərinin geriyə qayıtmalarını təmin etmək məqsədilə hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva ilə birgə yeni bir marafona başlayırıq. Marafondan əldə edilən gəlirlər hesabına geriyə qayıdan və qayıtmaq istəyən Ahıska türklərinə maddi yardımlar olunacaq. Marafona mart ayının 20-dən sonra start verməyi planlaşdırırıq. Hər bir ahıskalı bu marafondan çox şey gözləyir. Ümid edirik ki, hər şey gözlədiyimiz kimi olacaq. Soydaslarımızın öz yurdlarına qayıtmaları uzun çəkə bilər. Bu prosesi sürətləndirmək isə bizim əsas vəzifələrimizdən biridir. Prosesi sürətləndirmək üçün isə bu işə Türkiyəni və müxtəlif beynəlxalq təşkilatları cəlb etmək lazımdır. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı, həmçinin ATƏT-in Milli Azlıqlar üzrə Komissarlığı artıq bu prosesə cəlb olunublar. Avropa Şurasının Azsaylı Əhalinin Hüquqları üzrə Mərkəzinin rəhbəri də bizimlə əməkdaşlıq edir.
İntiqam Nicat.
Zaman.- 2009.- 12-13 fevral.- S. 12.