“İslam ölkələri daha da yaxınlaşmalı, dünyada sülhə xidmət etməlidirlər”
Azərbaycan Prezidenti İlham
Əliyev deyib ki, İslam ölkələri bütün
sahələrdə əməkdaşlıqlarını
sıxlaşdırmalı və
öz iqtisadi potensiallarını bir-birlərinin
xidmətinə təklif
etməlidirlər.
“Azərbaycan İslam həmrəyliyinin daha da möhkəmlənməsi üçün səylərini davam etdirəcək. İslam qardaşlıq və tolerantlıq dinidir. İslam dünyası çox zəngin tarixi irsə, mədəniyyətə malikdir. Bu mədəniyyət də dünya birliyinə olduğu kimi təqdim olunmalıdır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dünən “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimində çıxış edərkən söyləyib. Ölkə başçısı İslam ölkələrinin daha da yaxınlaşmasına böyük ehtiyac olduğunu vurğulayıb. “Biz bir-birimizi dəstəkləməli, həm iqtisadi, həm siyasi sahədə daha da sıx əməkdaşlıq etməliyik. Biz öz iqtisadi potensialımızı bir-birimizin xidmətinə təklif etməliyik. Daha çox İslam ölkələri arasında qarşılıqlı ticarət aparılmalıdır”, - deyən Prezident qeyd edib: “Xüsusən siyasi müstəvidə, BMT-də İslam ölkələrinin həmrəyliyi və birliyi çox böyük əhəmiyyət daşıyır. Bizim bəzi hallarda birgə təşəbbüslərimiz uğurlu olub.
Bu təşəbbüslər bir məqsəd daşıyıb: dünyada təhlükəsizlik, əmin-amanlıq təmin edilsin, müharibələr olmasın, sivilizasiyalararası dialoq daha da möhkəmlənsin”. Bakının 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına münasibət bildirən İlham Əliyev bunu çox yüksək qiymətləndirib: “Bu, böyük tarixi hadisə, Azərbaycan üçün şərəfdir”. Dövlət başçısı açılış mərasiminin və bundan sonrakı tədbirlərin uğurla keçəcəyinə və İslam mədəniyyətinin daha da yaxınlaşmasında müsbət rol oynayacağına əminliyini ifadə edib: “Biz müstəqilliyimizi cəmi 17 ildir yaşayırıq. Buna görə də var gücümüzlə çalışırıq ki, İslam ölkələrinin birliyi və həmrəyliyi üçün öz töhfəmizi verək. Bu məqsədlə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir”.
Açılış mərasimində çıxış edən İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri də tədbirin əhəmiyyətindən danışıb, belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu vurğulayıb. Daha sonra o, “Bakı-İslam Mədəniyyətinin Paytaxtı” mədəniyyət ilinin emblemini Azərbaycan Prezidentinə təqdim edib. Açılış tədbiri xüsusi hazırlanmış konsert proqramı ilə davam etdirilib.
Dünən həmçinin Muzey Mərkəzində “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin açılışı münasibətilə foto və rəsm sərgisi də təşkil olunub.
Xatırladaq ki, İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin ötən il keçirilən toplantısında Bakının 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması barədə qərar qəbul edilmişdi.
Natiq Pənahlı.
Zaman.- 2009.- 19-20 fevral.- S.1,3.